manera.az
manera.az

Nazir: “Təhsildə bəzi dəyişikliklərin nəticəsini 30 ildən sonra görəcəyik”

📅 08.09.2026 09:56

Nazir: “Təhsildə bəzi dəyişikliklərin nəticəsini 30 ildən sonra görəcəyik”
Elm və təhsil naziri Emin Əmrullayev təhsil sistemində nəticələrin yüksəldilməsi üçün yalnız bir istiqamətdə deyil, bütövlükdə təhsil ekosistemində dəyişikliklərin aparılmasının vacib olduğunu bildirib.

Manera.az xəbər verir ki, nazir bu fikirləri PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı səsləndirib.

Emin Əmrullayevin sözlərinə görə, müəllim, məktəb, valideyn və sosial mühit daxil olmaqla bütün amillərin dəyişdirilməsi uzunmüddətli prosesdir.

“Ekosistem dəyişəndə nəticələr də artacaq. Müəllimi dəyişəcəksiniz, məktəbi dəyişəcəksiniz, valideynin baxışını dəyişəcəksiniz, təhsilin mühitini və insanların sosial mühitini dəyişəcəksiniz. Sadəcə, bunların bəziləri 5 ilin, bəziləri isə 30 ilin tələbidir”, – deyə nazir qeyd edib.

Nazir təhsil nəticələrinin yaxşılaşdırılmasında müəllim amilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, sertifikatlaşdırma və müəllimlərin işə qəbulu istiqamətində həyata keçirilən islahatların nəticələri uzunmüddətli perspektivdə daha aydın görünəcək.

“Son 5 ildə Azərbaycan məktəblərində hər 5 müəllimdən biri yenilənib. Yəni müəllimlərin 20 faizindən çoxu sistemdən çıxıb və yenisi ilə əvəzlənib. Biz sistemə yanaşdıqda bunun təsirini 10 il sonra görəcəyik. Sistem üçün bu yaxşıdır, fərd üçün isə ola bilsin ki, müəyyən mənada neqativdir”, – Emin Əmrullayev bildirib.

Nazir PISA 2029-a hazırlıq prosesi barədə də məlumat verib. Onun sözlərinə görə, növbəti qiymətləndirmədən əvvəl – 2028-ci ildə PISA test sualları təsadüfi seçim əsasında Azərbaycan məktəblərində sınaqdan keçiriləcək.

Bu mərhələdə məqsəd Azərbaycanda təqdim olunan sualların digər ölkələrdəki suallarla eyni şəkildə işləyib-işləmədiyini müəyyənləşdirməkdir. Mübahisəli hesab edilən suallar isə qiymətləndirmədən çıxarılacaq.

Emin Əmrullayev, həmçinin bildirib ki, PISA 2029 çərçivəsində media savadlılığı və süni intellektlə bağlı bacarıqların ölçülməsi də nəzərdə tutulur. Bu istiqamətdə müvafiq hazırlıq işlərinin aparılması planlaşdırılır.


Baxış sayı - 40 | Yüklənmə tarixi: 08.09.2026 09:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930