manera.az
manera.az

Cəfər Cabbarlı niyə İsgəndəri ittiham edirdi? - Rafael HÜSEYNOV yazır

📅 04.09.2026 11:31

Cəfər Cabbarlı niyə İsgəndəri ittiham edirdi? - Rafael HÜSEYNOV yazır
Bu yaşa çatanacan o, vur-tut bircə kərə prokuror oldu, 1923-cü ilin fevralında yeganə işə baxdı, ancaq həmin mühakimənin söhbəti Bakıda ziyalılar arasında, mətbuat səhifələrində iki ay səngimək bilmədi. Zahirən heç kəsin ağlına gəlməyəcək çox gözlənilməz fikirlər də söyləməmişdi.

Ancaq nə demişdisə, çox məntiqli və sərrast söyləmişdi, hətta həmin düşüncələrin hansısa məqamları ilə razılaşmayanlar belə Cəfərin mülahizələrinin yanından sakitcə ötüb-keçmir, müəyyən münasibət bildirirdilər (siftəsi uğurlu və əks-sədalı alındığından Cəfərə növbəti ildə daha bir dəfə prokurorluq etmək nəsib olacaq).

Söhbətin hədəfi "Ölülər" idi, bu pyesi Cəlil Məmmədquluzadə yazmışdı və həmin 1923-cü ildəcə nəşrə başlamış "Yeni yol" qəzetinin redakroru da Mirzə Cəlil özü idi və bu nəşrin səhifələrində həmin geniş əks-sədalı müzakirələrlə bağlı bir deyil, bir neçə yazının görünməsi təbii idi. Qəzetin şənbə günü, martın 3-də çıxan 8-ci nömrəsinin ilk səhifəsində "Ədəbi məhkəmə" adlı məqalə dərc edilmişdi və yazının müəllifi olaraq qısaca "Qur." göstərilirdi.

Ancaq bu məqalə tamamlanmamışdı, "Yeni yol"un daha iki nömrəsində də mövzu davam etdirilirdi.

Məqalənin əvvəlindəki bir qeyd Cəfər Cabbarlının prokurorluq etdiyi ədəbi məhkəmənin ictimaiyyət arasında ciddi reaksiya doğurduğunu nümayiş etdirməkdən əlavə, bir daha onu da təsdiqləyir ki, "Ölülər"in ədəbi məhkəməsi məhz Qulam Məmmədlinin "Azərbaycan teatrının salnaməsi"ndə yanlış olaraq göstərdiyi və onun ardınca bu məlumatı (və səhvi) əslində Qulam Məmmədlinin kitabından götürərək, lakin istinadı göstərməyərək, guya ilk mənbədən aldığı təəssüratı yaratmağa çalışan, nəticədə isə yanlışı tirajlayan digər müəlliflərin xətaya yol verdiyini bir daha sübut edir. Çünki məqalə başlayan kimi məhz ədəbi mühakimənin fevralın son iki həftəsi ərzində getdiyi məlum olur: "Bakı ziyalıları iki cümədir "Ölülər" qəhrəmanı Kefli İsgəndəri mühakimə edirlər. İsgəndər ziyalı olmasaydı və onun hərəkəti də ümumən ziyalılara toxunmasaydı, şübhəsiz, İsgəndər məhkəməyə cəlb edilməzdi. Əvvələn, İsgəndərin o zamanı, yaşadığı mühiti, tərbiyə aldığı dairələr (istər Azərbaycan, istər Fransa olsun) və özünün yetişdiyi, həm də dönüb yaşadığı külfəti nəzərə almalıdır. Bu gün İsgəndəri ictimai vəzifəsini, ya da ictimaiyyət borcunu yerinə yetirməyib tənbəllik və keflilik ilə gün keçirməkdə töhmətləndirirdilər. O vaxtın ziyalıları nəinki tənbəl idilər, hələ bəlkə qulluq etmələri ilə xalqa zərərli idilər. Qeyri millətin qulluqçuları ilə bunların bir fərqi görülmürdü. Fəqət İsgəndəri onların cərgəsinə aparmaq olmaz. İsgəndər aktivni (fəal) işləməmiş isə də, fəqət hər zaman xurafat və mövhumat əleyhinə getmişdir. Xalqda bir fikir və şübhə oyandırmışdır. Əgər onun adının keflilik ilə məşhur olmasına qalırsa, bunun heç əhəmiyyəti yoxdur. Avam xalq həmişə adamın adını və ya familini işlətməzlər, hər halda bir quyruq, bir süpürgə bağlayar, deyərdilər. Məsələn, Sibirə gedib qayıtmışlara "Sibir Aslan", erməni ilə dost olana "Erməni Məhəmməd", başına şapka qoyana "Rus Qədim", bir başqasına "Tiryəki Murad", "Donuz Qara", bircə stəkan çaxır içsə "Kefli İsgəndər" deyərdilər. O zaman da yalnız İsgəndəri töhmətləndirmək lazım gəlirdisə, bu gün şairlər, ədiblər, hətta bütün şəhər insanları keflidirlər. Bu gün də ali təhsilli adamlar məscidlərdə pul verib ölüsü üçün dualar oxutdurur. Fəqət İsgəndər o zaman zidd gedirdi. İsgəndərin haqqında çıxarılan qərar yersiz və nahaq oldu".

Bir daha yadımıza salırıq ki, "Yeni yol" qəzetinin redaktoru Molla Nəsrəddin - Cəlil Məmmədquluzadə idi və 1923-cü ildə bu məqalə dərc ediləndə artıq iki ay idi ki, bu qəzet nəşr edilirdi. Lap başlanğıcdan İsgəndəri müdafiə mövqeyindən çıxış edən bir məqalənin dərc edilməsi bu mənada anlaşılandır ki, Cəlil Məmmədquluzadə ədəbi məhkəmədə yürüdülən və İsgəndəri bir çox cəhətdən qüsurlu şəxs (oxu: həm də kifayət qədər uğurlu olmayan surət) kimi qiymətləndirənlərə başqa müəlliflərin dili ilə cavab verirdi.

Bu məqalə növbəti saylarda da davam edəcək iri bir məqalənin yalnız başlanğıc hissəsi idi. "Yeni yol" mart ayının 10-da çıxan növbəti - 9-cu nömrəsində bir daha həmin mövzuya qayıdır və artıq məqalənin altında başqa imza dayanır: "H.İmanov" (Bu, İmanov Həsən Həşim oğludur (1901-1937). Əslən Şuşadan olan Həsən İmanov başlanğıc təhsilini doğma şəhərində aldıqdan sonra 1920-ci ildə Bakıya gəlmiş, 1921-1926-cı illərdə Azərbaycan Dövlət Darülfünunun Şərq fakültəsinin ilk yetirmələrindən olmuşdu. Daha sonra o, 1928-1931-ci illər arası Moskvada Şərq Xalqları İnstitutunun aspiranturasında təhsil almışdı. 1920-1930-cu illərdə elmi nəşrlərdə və dövri mətbuatda araşdırma yazıları, ədəbi-mədəni mövzularda məqalələri ilə ardıcıl çıxış edən Həsən İmanov universial biliklər sahibi idi və gənc olmasına baxmayaraq çalışdığı elmi dairələrdə nüfuz qazanmışdı. Onun tarixşünaslığa, dilçiliyə, ədəbiyyata, sənətşünaslığa aid bəlli irsi anladır ki, bu istiqamətlərin hansına daha çox bağlanarsa, o sahədə yaxın gələcəkdə tanınmış alimlərdən birinə çevrilərdi. Lakin təəssüflər ki, o da 1937-ci il siyasi repressiyalarının qurbanı olmuş, 1937-ci ilin martında həbs edilərək gülllələnmişdi).

Həsən imanovun "Yeni yol"dakı məqaləsinin axırında göstərilirdi ki, yazının sonu var - yəni növbəti və ya ondan sonrakı sayda davam edəcək.

Məqalə "Ölülər qəhrəmanı İsgəndərin məhkəməsi münasibətilə" adlanır. Bu məqaləni də xeyli dərəcədə Cəfər Cabbarlının bir prokuror olaraq "Ölülər"in ədəbi məhkəməsindəki çıxışında səslənmiş bir sıra müddəalara cavab kimi qəbul etmək mümkündür.

Artıq bu məqalənin əvvəlində müzakirənin məhz fevralda keçirildiyi dəqiq göstərilir. Həm də Darülmüəllimatın binasında təşkil edilmiş ədəbi məhkəmənin təşəbbüskarı da məlum olur: "Fevralın 16-da "Sabir" kitabxanası təşəbbüsü ilə "Ölülər" qəhrəmanı İsgəndərin üzərində tərtib edilən məhkəmə bir çox ziyalılar, tələbələr və başqa vətəndaşlar cəlb etmişdi. XIX əsrin son illərində Azərbaycan yaşayışının zəmisində əmələ gələn "yeniyetmə" ziyalıların İsgəndər doğru bir tipidir. Ona görə İsgəndərin düşüncələrini öyrənmək, onun tərs hərəkətini təyin etmək yuxarıda göstərdiyimiz vaxtda ziyalıların ictimai yaşayışda tutduğu vəziyyəti nəzərdən keçirmək deməkdir. O vaxt ziyalıların bir hissəsi Sabirin axundları ilə bərabər "Millət necə tarac olur-olsun, nə işim var" deyib "plyajdan" və "Sonyalardan" başqa bir şey tanımayanlardan, o biriləri isə xalqın qaranlıqda və əsirlikdə yaşamasını nəzərə alıb mövhumat ilə ciddi mübarizəyə girişənlərdən və buna görə çarizm hökuməti tərəfindən təqib və sürgün edilənlərdən ibarət idi".

Yəni həqiqətən də, elə Cabbarlının vacib iradlarından birinə cavab kimi səslənən iddiadır. Cabbarlı - prokuror yeni zaman içərisində İsgəndərin vəzifəsini yerinə yetirməli olan bir ziyalının könüllü olaraq bu aydınlıq yükünü çəkməkdən imtina etdiyini, tamamilə passiv bir mövqe tutduğunu, hərəkətsizliyi ilə də cəmiyyətin inkişafına töhfə verməli halda zərər yetirdiyini göstərir.

Bu məqalədə isə sanki o tezisə cavab olaraq bildirilir ki, İsgəndər sadəcə keçmiş zamanın - XIX əsrin sonlarının gerçəkliyindəki bir şəxs kimi təqdim olunur. Əslində bu da doğru cavab sayılmamalıdır. Çünki İsgəndər kimi artıq gedib Avropada oxuyaraq qayıdıb gələn cavanlar daha çox XX əsrin əvvəllərinə təsadüf edən gənclərdir. Və İsgəndər də onlardan biri idi.

Məqalə davam edirdi: "Əcəba, realizm cəhətcə Qoqol "Revizor"undan geri qalmayan, ədəbiyyatımızda yüksək mövqe tutub mətbuatda dəfələrlə debatlara səbəb olan "Ölülər" qəhrəmanı göstərdiyimiz məşrut (şərtləndirilmiş, bir şərtə bağlı - R.H.) hissələrin hansına mənsub olmalıdır? Bu suala cavab vermək üçün İsgəndərin tərcüme-yi halı ilə aşina olmaq, onun səhnədəki fəaliyyətinə diqqət edib, ailəsinə və mühitinə nə kimi münasibətdə bulunmasını düşünmək lazımdır.

İsgəndər Naxçıvanın adlı-sanlı taciri Hacı Həsənin oğlu olub, ilk təhsilini sxolastik metodu ilə bir molladan alar. Atası sevgili oğlunu başqaları ilə bərabər məktəbə göndərmək istəmədiyindən ona evdə dərs verdirər. Təbii, mollanın verdiyi dərsin ən böyüyü - dərs verən molla və onun mütəəllimi anlamayan Sədi "Gülüstan"ı olacaq idi. Bu təhsil dövrəsini bitirdikdən sonra İsgəndər Bakıya göndərilir ki, orada "kafirlər" elmi oxuyub bir "adam" olsun. "Adam olmağı" Həsən əminin nə cür anlaması bizə məlumdur. Fəqət əsas üzrə qalır - İsgəndər Avropa üsulu ilə elm təhsil etməkdə müvəffəq olur. Belə cəsarətli addım atmaqla Hacı Həsən yeniləşmiş əsrinə böyük bir ərməğan vermiş olmurmu? İkinci, Hacı Həsən belə cəsarətinə görə Hacı Baxşəlilər tərəfindən təhqirlərə və lənətlərə düçar olacaqdı. Ancaq Hacı Həsən bununla da iktifa etmir. "Ətəklərlə qızıl töküb" oğlunu Firəngistana göndərir. Yenə təkrar edirəm, Hacı Həsənin oğlunu təhsilə göndərməkdə nə kimi məqsəd təqib etməsi bizi maraqlandırmaz. Çünki Firəngistan təhsilindən qayıdacaq qəhrəmanın fəaliyyəti, yəqin ki, ölülər dirilməsinə inanan Hacı Həsənlərin istək və arzularından asılı olmayacaqdır. Nə olursa-olsun, İsgəndər bir zamandan sonra təhsildən qayıdar. Əvvəllərdə gözəlcəsinə tanıdığı mühit bütün çılpaqlığı ilə bunun qarşısında durar. Mövhumatın qara buludları ətrafı bürümüş, heç yerdən nicat işığı yox. Doqquz yaşlı qızlar babaları yaşlı kişilərə verilir. Gündə bir İsfahan lotusu ölünü diriltmək bəhanəsi ilə xalqı soyar, namusuna təcavüz edər. Belə cəhalət qarşısında duran anlaqlı, Avropa təhsili görmüş İsgəndər nə edir? Bir neçə vaxt Şekspir Hamleti kimi "varlığını-yoxluğunu" hiss etməz, deyə bilməz mübarizəni hansı tərəfdən başlasın. Öyrəndiyi tarix və fəlsəfədə yollar arar. Haqlı olaraq qubernator və naçalniklər yanında jandarmalıq etməyi alçaq iş hesab edər. Başqa ictimai vəzifələri də tutmağa kəndisində cəsarət bulmaz. Çünki belə vəzifədə çalışanları hökumət sürgün edər. Bu qədər ölçü-biçimdən sonra altın gücü ilə təhsil edən "ziyalı" böyük bir inqilab yolu tapar. O da müskirat, sərxoşluq və bundan əmələ gələn fənalıq yollarıdır. Məhkəmə üzvlərindən biri İsgəndərə "Şərab içməkdə məqsədin nə idi?" deyib sual verdikdə İsgəndər cavabən: "Şərab ilə ölülər soltanlığında inqilab yapmaq istərdim", - dedi. Görəsən, tarix indiyə kimi belə bir inqilabçı yetiribdirmi?!"

Hacı Həsənlə bağlı bu məqalədə söylənənlər Cəfər Cabbarlının prokuror olaraq irəli sürdüyü ittihamlardan fərqlənmir. Cəfər Cabbarlı da təsdiq edirdi ki, bəli, Hacı Həsən əslində özü savadsız bir adam olduğuna görə cəmiyyətin savadlanması üçün faydalı bir iş görüb. Ona qarşı yönələcək qınaqlara, töhmətlərə, eyhamlara fikir vermədən oğlunu Bakıda da Rus-tatar məktəbində oxudub, ardınca onu Avropada da təhsil almağa göndərib və bunun üçün də kifayət qədər çox vəsait sərf edib. Həm də bu işi görəndə anlayıb ki, gendən baxanlar, sağda-solda olanlar onun bu hərəkətini təqdir etməyəcəklər. İstehza ilə yanaşacaqlar, təhqirlə təqib edəcəklər, bəlkə üzünə də olmasa, ardınca şəbədə qoşacaqlar. Ancaq bütün bunların ola biləcəyini göz altına ala-ala ürəyində tutduğunu etmişdi. Lakin İsgəndərin şərab içmək məsələsi, kefliliyə qurşanması və bununla da cəmiyyət işlərinə münasibətdə hərəkətsizliyinin yaranmasını məqalənin bu hissəsi, hər halda, cavablandıracaq gücdə bir arqument ortaya qoya bilmir.

Məqalənin bu hissəsinin əhəmiyyəti ondan ibarətdir ki, ədəbi məhkəmədə qızğın mübahisələr getdiyinin işartısını ortaya qoyur. Bircə fraqment var: İsgəndərə verilən sual, İsgəndərin verdiyi cavab.

Təəssüf ki, stenoqram əlimizdə yoxdur. O gecə içərisində nə qədər suallar verilib, nə qədər cavablar səslənib. Vəkillər İsgəndəri müdafiə etmək, prokurorun - Cabbarlının irəli sürdüyü ifşaedici müddəalarından qoruyaraq müdafiə etdiklərini təmizə çıxarmaq üçün hansı dəlillər gətiriblər, hansı məntiqi izahlara söykəniblər? Heyiflər ki, bunlar bizə çatmayıb. Amma ən azı bu bircə fraqmentin özü, həmin məqalədə əksini tapmış sual və cavab, təbii ki, iki həftə ərzində davam etmiş müzakirələrin yetərincə qızğın, kifayət qədər polemik olduğunu nişan verməkdədir.

"Ölülər"in ədəbi məhkəməsi ilə bağlı "Yeni yol"dakı üçüncü yazı artıq qəzetin martın 31-də çıxan 11-ci nömrəsində dərc edilir. Bundan əvvəl də "Yeni yol"un bir nömrəsi olub, ancaq orada məhkəmə ilə bağlı hər hansı soraq yoxdur.

Yenə "Yeni yol"un mart ayının son günündəki sayının elə ilk səhifəsində "Ölülər" qəhrəmanı İsgəndərin məhkəməsi münasibətilə" adlı yazı davam edir və sonda həmin H. İmanovun imzası dayanır. Məqalənin bu parçası İsgəndərin bəsit etirazçılığını az qala inqilabçılıq olaraq təqdim etməyə çalışanlara cavab kimidir: "İsgəndərin inqilab yolunda çalışması nədən ibarət olur? İllərcə bunun üstündə zəhmət çəkib qaragüruhlar təkfirinə düçar olan, bəlkə də oğluna Avropa təhsili verməklə "babı" adlanan atası İsgəndər ilə Şeyx Nəsrullah xüsusunda danışdıqda İsgəndər ona doğru yol göstərmək əvəzinə onu təhqir edər və axırda da ona "Tfü sizə!" deyib gedər. Avropa tərbiyəsi görüb "Ölülər" sultanlığında anlaqlı sayılan əfəndinin bu, birinci və etik cəhətcə alçaq çıxışı. Bəziləri deyər ki, İsgəndər Hacı Həsənlə başqa dillə danışa bilməzdi. Bəlkə də, Hüseyn Sadıq əfəndi kimiləri də atasını təhqir etməyi bir inqilab yolu sanacaqdılar".

Buradakı işarədən də belə anlaşılır ki, vəkil kimi həmin məhkəmədə iştirak edən Hüseyn Sadıq (yəni Seyid Hüseyn) İsgəndərin atasına belə ağır sözlə müraciət etməsinə nə şəkildəsə bəraət qazandırmağa cəhd edibmiş. Ona görə də məqalə müəllifi Seyid Hüseyni mahiyyətcə haqsız olan belə müdafiəçiliyə görə töhmətləndirir: "Bir dəqiqə güman edəlim ki, belə "inqilabçılar" haqlıdır. Bəs İsgəndərin Cəlala və Nazlıya göstərdiyi "inqilab yolları" hansı məntiq və pedaqoji qanunları ilə haqlı və doğru sanıla bilər? İsgəndər Nazlını, özü dediyi kimi, qaranlıqdan işığa çıxarmaq istəyirdi. Əcəba, bu işıq Naxçıvanın hansı məktəbindən, hansı maarif yurdlarından gəlirdi? Bunu gözəlcəsinə bilən İsgəndər, yəqin ki, Nazlını işığa deyil, yanğından çıxarıb yağmura salacaq idi, onu yenə qaranlıqda avara və sərgərdan qoyacaq idi. İsgəndər düşünməli idi ki, Nazlıları "çıxarmaq", onları azadlığa dəvət etməkdən qabaq "Ölülər" fanatizmini yıxmaq, məktəblər düzəltmək lazım idi. Ancaq İsgəndər bunu düşünməz, alkoqol təsiri altında dediyi sözlərin nə kimi nəticə bağışlayacağını anlamaz".

Göründüyü kimi, məqalə müəllifi xeyli dərəcədə Cəfər Cabbarlının mövqeyindədir. Əksinə, həmin məhkəmədə İsgəndərə bəraət qazandırmağa çalışanları qınayır: "İsgəndərin qardaşı Cəlala göstərdiyi "yollar" bundan da maraqlıdır. Cəlalı bir vaxt özü oxuduğu "elmlərdən" kənar edib ona doğru bir təhsil yolu göstərmək əvəzinə İsgəndər onun dərs otağına girib: "Bilirsənmi, qardaş, Sokrat nə demişdir?" - deyə sual verər. Yazıq Cəlal anlaqlı qardaşından tərbiyəsinə dair yeni bir fikir gözlədiyi halda "Sokrat demişdir ki, nə qədər oxumamışdım, elə bilirdim ki, bir şey bilirəm. Oxuyandan sonra anladım ki, heç zad bilmirəm" sözlərini eşidir. Cəlala "Oxuyan bir şey anlamaz" cümləsi nə qədər fəna təsir edəcəyi hər kəscə aşkar və aydın bir şeydir. Bu sözləri ilə İsgəndər Cəlalı doğru yola dəlalət edər deyib, bəlkə bunun sifətində Mirbağırlar və "Ölülər" sultanlığının Şeyx Nəsrullah fırıldağına uyan üzvlərini hazırlar. Avropa təhsili alıb araq şüşəsindən başqa bir şey tanımayan İsgəndəri görən Hacı Həsən, təbii, kiçik oğlunu da "piyanıska" etmək istəməyəcək və onu Avropa təhsilinə deyil, Nəcəfə, yaxud Kərbəlaya göndərəcək".

Bu nöqtədə də, əslində, məqalə müəllifi Cəfər Cabbarlı ilə tam şərik çıxır.

Prokuror da söyləmişdi axı, İsgəndərin günahının ikiqat artıqlığı ondan ibarətdir ki, özünün belə arzuolunmayan yola düşməsi bir yana, cəmiyyətdə bəlkə də ürəyindən gedib Avropada təhsil oxumaq keçənlərə, balalarını Firəngistana və ya ayrı bir Qərb ölkəsinə təhsil almağa yollamaq həvəsində olanlara çox pis örnək göstərir. Onlar, əlbəttə ki, İsgəndəri görəndən sonra "bizimki də gedib qayıdandan sonra bu kökə düşəcəksə, getməməyi məsləhətdir" qənaəti ilə ya dərin tərəddüd içərisində qalacaq, ya da balalarını gözlərindən uzaq buraxmaq fikrindən əl çəkəcəklər.

Qəzet məhkəminin gedişindən anları xatırladır: "Müdafiəçilər Şeyx Nəsrullahın hiyləsi açılmasında İsgəndəri birinci və ümdə səbəb sanırdılar. Amma əsərin gedişinə diqqət edərsək görərik ki, Şeyxin qaçmasına səbəb İsgəndər deyil, bəlkə işıqlaşmış üfüqlərdən gələn və Şeyx Nəsrullahların kim olmasını daha yaxşı anlayan xəbərçilər olmuşdur".

Yəni bu nöqtədə də məqalə müəllifinin fikri prokurorun - Cabbarlının mövqeyi ilə tən gəlir. Cəfər də məhkəmədə Şeyx Nəsrullahın qaçıb getməsində İsgəndərin heç bir bilavasitə təsirinin olmadığını söyləmişdi axı!

Və ardınca gələn sətirlərdə məqalə müəllifi prokurorların, müddəii-ümumilərin - Cəfər Cabbarlının və Əbdül Əbdülzadənin (təəssüf ki, Cəfər Cabbarlının söylədikləri, mətni ortada olsa da, həmin ədəbi müzakirələrdə digər prokurorun - Əbdül Əbdülzadənin (1898-1937) nələri dediyi haqqında əlimizdə yazılı bir sənəd yoxdur. Səbəbsiz deyil - Əbdül Əbdülzadə də siyasi repressiya zərərdidələrindən olduğundan onun da şəxsi arxivi NKVD tərəfindən yağmalanmış, əlyazma irsi əsasən itib-batmışdır. Əbdülzadə Əbdülhüseyn Kərbəlayı Abbas oğlunun əsilləri təbrizli olsa da, Bakıda tacir ailəsində doğulmuşdu, Bakı Politexnik məktəbinin mexanika bölməsində neft sənayesi ixtisası üzrə təhsil aldıqdan sonra Cəfər Cabbarlı ilə yanaşı Azərbaycan Cümhuriyyəti Məclis-i Məbusanının dəftərxanasında stenoqrafçı işləmişdi. 1920-nin yanvarında Cümhuriyyətin xaricdə oxumağa göndərdiyi tələbələr arasında o da vardı. Lakin onun İstanbul Universitetinin hüquq fakültəsində nəzərdə tutulan təhsili baş tutmamış, elə həmin ilin yayında Bakıya qayıtmış, ali təhsilini Bakı Politexnik İnstitutunda almışdı. 1927-ci ildə "Müsavat" partiyasının gizli təşkilatında iştirakına görə 8 il iş verilərək 1928-in yayında Solovki adasına sürgünə göndərilmiş, 1934-də sürgündən qayıtsa da, Bakıda qalmasına icazə verilməmişdi. Gəncədə yaşayıb-işləyən Əbdülhüseyn Əbdülzadə 1936-də yenidən gizli müsavatçı fəaliyyətdə ittiham edilərək tutulmuş, 1937-ci ilin 28 iyulunda güllələnmişdi) vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayır.

"Müddəii-ümumilər öhdələrinə götürdüyü vəzifəni gözəlcəsinə ifa etdilər. İsgəndəri dərin və ətraflı analiz etməklə onun ictimai yaşayışda nə kimi mövqe tutmasını aydın və açıq göstərdilər. Bunların nitqindən sonra İsgəndərin parazit və yaşayış səhnəsində artıq davam etməyə yaramayan bir ünsür olması hər kəscə aşkar idi".

Məqalə müəllifi bütün bu təhlillərindən sonra ədəbi məhkəmənin İsgəndərlə bağlı çıxardığı qərarla razılaşmır. Ancaq bu, cəzanın guya ağır olmasından şikayətlənmə razılaşmaması deyil. Məqalə müəllifi İsgəndərin etdiklərinin müqabilində ona verilmiş cəzanın yüngül olduğunu iddia edir: "Buna baxmayaraq, məhkəmə İsgəndərə yüngül bir cəza - hüquqi-mülkiyyətdən məhrum etmək təyin etdi. Fəqət bugünkü məhkəmənin cəzası yüngül oldusa, gələcək tarix məhkəməsi cəzasının pək ağır və şiddətli olmasına əminiz".

Kütləvi ədəbi müzakirələrin "məhkəmə" kəlməsi ilə nişanlanması və bu gedişatda elə əsl gerçək məhkəmələrə xas prokuror, hakim, vəkil, şahidlərin görünməsi bir tərəfdən başı inqilab havalı bolşevik epoxası ilə bağlı idisə, elə mətbuatda dərc edilən ən müxtəlif ədəbi rəylərdə də mütəmadi olaraq prokuror ədası, istintaqçı hikkəsi, qırmızı agent ifşaçılığı duyulsa da, tərkibi, "Ölülər"in bu mühakiməsində olduğu kimi, düzgün seçiləndə, ağıllı və abırlı şəxsiyyətlərdən ibarət olanda heç də faydasız deyilmişlər. Bu cür qaynar müzakirələr və fikir dartışmaları o yığıncaqların hüdudlarından da kənara sıçrayaraq ümumi ədəbi zövqə və düşüncəyə də müsbət təsirini göstərirmiş, insanlarda ədəbi əsərlərə daha sərrafcasına münasibət bəsləmək vərdişlərini artırırmış.

"Ölülər"də Cəfər Cabbarlının qələmə aldığı və səsləndirdiyi İsgəndərə qiymətvermə nitqi ayrılıqda qiymətli bir ədəbiyyatşünaslıq araşdırmasıdır və Cəfər Cabbarlının ədəbi-tənqidi görüşlərini əhatə edən yazıları sırasında qəbul edilməlidir.

...Tale elə gətirdi ki, Cəfərə 1924-cü ildə ikinci dəfə prokurorluq etmək nəsib oldu. 1924-cü ilin dekabrında Əli Bayramov (1889-1920) adına klubda Həbib Cəbiyevin (1899-1938) sədrliyi ilə aparılan ədəbi məhkəmədə müttəhimlər kürsüsündə əyləşən Şeyx Sənan idi və bu dəfə də müddəi-yi ümumi - prokuror Cabbarlı idi (Cəfər buna qədər bir dəfə "Şeyx Sənan" haqqında artıq təhlili məqalə yazmışdı. 1921-ci il oktyabrın 11-də "Şeyx Sənan" faciəsi növbəti dəfə müəllif tərəfindən yenidən işləndikdən sonra səhnəyə çıxmışdı və "Kommunist"in 15 noyabr tarixli 224-cü nömrəsində Cabbarlının tamaşa haqda "Cim" imzası ilə məqaləsi dərc edilmişdi. Burada pyesin "bütün vəqələri (hadisələri, əhvalatları - R.H.) arasında sıxı bir irtibat" olduğunu, "əsərdə gözəl tiplər və bir çox həyəcan-i bədiiyyə səbəbiyyətverici mənzərələr"in varlığını vurğulayan, "bunun üzərinə möhtərəm ədibimizi bu müvəffəqiyyəti üçün səmimi-qəlbdən alqışlayan" müəllif hər halda islah edilməsi gərəkli görünən bəzi tənqidi qeydlərini də bildirir. Bu bir münəqqidin tamaşa ilə bağlı rəyi, təəssüratları idi. "Şeyx Sənan" haqqında, daha dəqiqi, əsərin baş surəti barədə prokuror olaraq ittihamla çıxış etməksə artıq tamam fərqli janr idi və başqa münasibət tələb edirdi).

Əslində, Cəfər bu məhkəmədə prokuror yox, vəkil olmalıymış. Özü xəbər verir: "Bu gün müqəssirlər qəfəsində oturan Sənanın şəxsiyyəti tam mənası ilə, olduğu başqa, göründüyü isə bambaşqa olan şeylərdən biridir. Mən özüm onun göründüyünə aldanıb müdafiəsinə hazırlanırkən daha dərindən baxınca, olduğunu olduğu kimi görüncə, fikrimi dəyişdim, müddəiliyə getdim".

"Kommunist" qəzetinin 1925-ci il yanvarın 16-da cümə günü çıxmış sayında "İncə sənətlərimiz" guşəsində "Şeyx Sənan" haqqında ədəbi-ictimai mühakimənin qərarı" adlı yazı dərc edilmişdir. Qəzet yazırdı ki, "Oxucularımıza məlum oıduğu üzrə, dekabr ayında Hüseyn Cavidin "Şeyx Sənan" adlı əsərinin baş qəhrəmanı Bakı ədəbi-ictimai məhkəməsi tərəfindən mühakimə edildi. Mühakimə 2 cümə davam etmiş, fəqət qərar o gün elan edilməyərək sonra qəzetimiz vasitəsilə elan ediləcəyi bildirilmişdi. Məhkəmə heyətinin uzun-uzadı müşavirəsindən sonra Şeyx Sənan haqqında böylə bir qərar çıxarılmışdır".

Bunun ardınca qəzet Şeyx Sənanla bağlı 9 bəndlik təqsirnaməni bütöv şəkildə verir. Təqsirnamənin altında sədr olaraq Həbib Cəbiyev, onun ardınca Hənəfi Zeynallı, Ə.Şərif (güman etmirəm bu, bizim tanıdığımız sonraların tanınmış ədəbiyyatşünası Əziz Şərif (1895-1988) olsun. Çünki Əziz Şərif o vaxtlar Tiflisdə yaşayıb işləyirdi. Bu şəxsin Abbasmirzə Şərifzadə (1893-1938) olduğunu zənn edirəm), ardınca məhkəmə üzvləri Nəsrullah Əskərov və V.Məhəmmədov (adları qəzetdə göstərildiyi kimi verirəm), bir də katib Akif qeyd edilib. Cəfərin adı hansı səbəbdənsə bu sırada yer almamışdır. Halbuki həmin ədəbi məhkəmədə o, əsas simalardan biri olub və məhkəmədə etdiyi çıxışın mətni də Cabbarlının Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutundakı şəxsi arxivində saxlanmaqdadır.

Prokuror olaraq nitqinin lap əvvəlində Cəfər təəssübkeşlik etməyəcəyini, tam obyektiv mövqe tutmağa çalışacağını vəd edərək, digər mühakimə iştirakçılarını da tam ədalətli olmağa səsləmişdi: "Şeyx Sənan" mühakiməsinin böyük əhəmiyyəti olduğunu düşünərək bir dəfə də olsun mütəəssib olmamayı, məsələyə açıq bir göz, bitərəf bir mühakimə ilə yanaşmayı ilk əvvəl möhtərəm müdafiəçilərdən və başlıca olaraq möhtərəm məhkəmə heyətindən, nəhayət, möhtərəm tamaşaçılardan rica edərdim".

Şeyx Sənan haqqında onun məhkəmədə söylədikləri də müzakirələrin sonrakı gedişini müəyyənləşdirmiş, istiqamətləndirmiş, son təqsirnamənin də mətnində bənd-bənd əksini tapmışdı.

Təqsirnamənin 9-cu bəndi belə idi: "İctimai ədəbi məhkəmə Şeyx Sənanı hazırkı ictimai tərbiyə nöqte-yi nəzərindən cəmiyyət içərisinə yaramaz mənfi bir tip, yalnız özünə müvafiq xəyalat uçurumlarına layiq olduğuna qərar verdi".

Səthi yanaşarkən belə də bir düşüncə oyana bilər ki, Cəfər sovet dönəmində yazdığı bütün pyesləri, hekayələri və digər çeşidli yazılarında həmişə cəmiyyətçi bir mövqedən çıxış etməklə hər dəfə yeni quruluşa, siyasətə, hökumətə, dövlətin xəttini aparanlara növbəti dəfə anlatmaq istəyirmiş ki, sizinləyəm, eyni yolun yolçusuyuq, mən də bu günlərin tərənnümçüsüyəm, başqa sözlə, yarınmaq, özünü qorumaq istəyirmiş. Ancaq Cabbarlını daha yaxşı duyduqca və tanıdıqca mənim anladığım əsas gerçək bundan ibarətdir ki, cəmiyyət mənafeyinin keşikçisi və təbliğçisi olmaq Cəfərin təbiətindən irəli gəlirdi, bu, onun ruhu idi. İsgəndəri ittiham edəndə də, Şeyx Sənanı qınayanda və qəbul etməyəndə də tam səmimi idi. Bu surətləri hətta sovet senzurası olmayaraq o, yaradacaq olsaydı, onlara da yeni zaman quruculuğu, cəmiyyət mənafeyi baxımından yanaşardı.

İsgəndərə baxışında olduğu kimi, Sənana münasibətində də Cabbarlı onun fərd olaraq yaxşı-yamanlığını bir kənara qoyur, Şeyxi ona görə cəmiyyət üçün təhlükəli sayır ki, o, artıq özü olmaqdan qırağa çıxıb, artıq yaşadığı ictimai tale onu cəmiyyət qarşısında vəzifələndirib - demək, o, artıq nə istədiyini edəcək qədər sərbəst deyil, insanlar qarşısında riayət etməli olduğu davranış hüdudları, məsuliyyəti var. Prokuror Cəfər kürsüdə idi, Şeyx Sənanı da ötən əsrlərdən alıb yeni zamana gətirmişdi: "Yoldaşlar, bir məsələ də vardır. Bu macəralar Xumarın və Zəhranın fəlakətilə bitməmiş olsaydı, demək olurdu ki, pək eyi, Sənan qadınçıdır. Şərab da içir, sənə nə var. O da bu şərab içənlərdən, o da bu qumar oynayanlardan biri. Mən, yoldaşlar, onu deyəcəyəm ki, o, bu cəmiyyətin bir üzvüdür. Cəmiyyət onu böyüdüb tərbiyə etmiş. Hər bir fərd olduğu kimi, o da cəmiyyət qarşısında bu ictimai həyatda bir vəzifə daşımalı, bir fayda verməlidir. Yoxsa ona cəmiyyətin yaramaz övladı deyərlər. Fəqət, yoldaşlar, mən başqa bir şey demək istəyirəm. Sənan bu sadə qumarbazlardan, sərxoşlardan olsaydı, cəhənnəmə, dərd yarı idi. Fəqət mən çox işlətdiyim bir timsalı burada xatırlatmaq istəyirəm. Qanun kitablarında, gərək ki, böylə bir maddə vardır. Məsələn: Pirməmmədqulu acıqlanıb, ya keflənib öz evini yaxarsa, ona cəza verilməlidir. Ancaq bağışlamaq da olur. Fəqət həmin Məmmədqulu acıqlanıb, ya keflənib öz evini yaxarsa və bunun nəticəsi olaraq qonşu evlər də od alıb kəndin yarısı yanarsa, o zaman Məmmədqulu heç vəchlə bağışlanmaz, mütləq cəzalanmalıdır".

Şeyx Sənan zülmət səltənətində parlayan işıqdır. O, ətrafındakı digərlərinə bənzəməz, onlardan neçə boy ucadır. Cəfərin qənaətincə, məhz bu səbəbdən də Allahın seçib başqalarından daha uca etdiyi də cəmiyyətə borcludur, o da ən azı bir yedəkçi olmalı, geridə qalanları irəli çəkməyə səy göstərməli, əksinə, ruhdan salan, pərişan edən, şaşqınlıq və küskünlük yaradan nümunəsi ilə xeyir əvəzinə ziyan vurmamalıdır: "Sənanın mühiti qaranlıq, cahil bir mühitdir. Gözlər kor, fikirlər paslı, kimsə düşünməz, düşünsə də, - uzaq getmə, batarsan, - deyə ağzını yumarlar. Bu mühitdən bir nəfər Sənan çıxır. Ağlının ucilə meraca şəkk eyləyir, şəqqülqəmərə də başqa bir məna verir. Bunun üzərinə bütün mühitdə ona qarşı bir şübhə doğur. Mühit bir az inanır, bir az şübhə edir. Fəqət həmin mühit meraca şəkk etməkdən başlamış Sənanın 2 ildən sonra bir qız üçün xaç taxmaqla bitirməsini görüncə ümumən böylə yeni fikirlərə nasıl baxa bilər? Bundan sonra bir zihayat (bir canlı, bir kəs - R.H.) çıxıb merac yalandır deyə bilərmi? Uzaq getmə, sən də Sənan kimi batarsan, - deyə ağzını tıxayacaqlardır. Sənan öz hərəkətləri ilə tarixin yetişdirdiyi xalq və hikmət oğullarının - Cəlaləddinlərin və sairənin də yollarını kəsmiş, ağızlarını qapamış, qanadlarını qırmış olur. Xalqda yeni fikirlər və yeni fikirli adamlara qarşı bir nifrət, bir etimadsızlıq törədir ki, bu, xalq üçün, bu, mədəniyyətin və bəşəriyyətin tərəqqisi üçün hər şeydən zərərlidir. Böyləcə öz hərəkətləri üçün zaman və məkanla hesablaşmayan ünsürlər də xalq üçün zərərlidir. Tutalım ki, Sənanın yeni bir fikri vardır. Öz hərəkətlərini xalqın səadəti üçün yapırdı. Şərab içməyi xeyirli bilirdi. Fəqət o, bunların həpsini bir qıza qarşı yapmamalı, mühitin əhval-i ruhiyyəsini düşünməli, onun anlağı dərəcəsində hərəkət etməlidir.

Sənan həqiqi bir məslək mürəvvici (yayıcı, rəvacverici - R.H.) olsaydı, onu donuz damından söyləməzdi. Araya çıxar, xalqı onun öz dili ilə anladardı".

Hər yaradıcının bir fikir xəritəsi var. Onun ömür yolu tamamlanandan sonra yaratdıqlarının bütöv əhatəsi qarşımızda dayanarkən həmin xəritənin də cizgiləri aydınlaşır, o şəxsin düşüncə uçuşlarının tabe olduğu müəyyən ülgüləri, qanunauyğunluqları, özünəməxsusluqları aydınlığı ilə sezməyə başlayırıq. Bu baxımdan indi elə həmin meyarlarla Cəfəri də görürük və Şeyx Sənan haqqında bir əsr o yanda qalmış məhkəmədə söylədiklərini də belə düşündüyünü göstərməkçün deyil, məhz bu cür düşündüyündən dilə gətirdiyinə inanırıq.

Cəfərin bu məhkəmədəki çıxışı, onun digər ədəbiyyatşünaslıq yazıları kimi, hər bəndində dəmir məntiqə, ağıllı təhlillərə arxalanır. Bu mətnə bir prokuror ciddiyyəti, alim bəsirətliliyi ilə yanaşı, şair səmimiyyəti, cəmiyyət üçün nəzərdə tutulmuş hər yazısında yer alan vətəndaş məsuliyyəti hakimdir.

Tutalım ki, bu, bir ədəbi məhkəmə nitqi idi, bu tələblərin hamısına gərək hökmən əməl ediləydi. Amma Cəfər Cabbarlı qurulu saat, gərili ox kimi həmişə bu ovqata köklənmiş idi axı! Əlinə hər qələm götürəndə, istənilən yazını başlayanda bu keyfiyyətlərin hamısı onda cəmləşirdi.

Bəlkə elə həm də məhz buna görədir ki, bizə yadigar qoyduqlarının heç biri - iriliyindən-xırdalığından, tamamlanıb-tamamlanmamasındam asılı olmayaraq - köhnəlmir, kəsərini, təsirliliyini itirmir, həm bugünküdür, həm də gözlərini sabaha dikib?!

Rafael HÜSEYNOV
Akademik



525.az


Baxış sayı - 20 | Yüklənmə tarixi: 04.09.2026 11:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930