manera.az
manera.az

"Şuşanın daşlarına ad yox, ehtiram yazılmalıdır"

📅 04.09.2026 11:43


Şuşaya səfər edən bəzi turistlərin şəhərin qaya və daşlarının üzərinə yazılar yazması təkcə xoşagəlməz davranış deyil, milli-mənəvi dəyərlərimizə və tarixi yaddaşımıza hörmətsizlikdir.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədovanın açıqlamasından da məlum olur ki, belə hallar ilk dəfə baş vermir. Maarifləndirmə illərinə və tətbiq edilən cərimələrə baxmayaraq, bu cür məsuliyyətsiz davranışların davam etməsi ciddi narahatlıq doğurur.

Şuşa adi bir şəhər deyil. Bu şəhərin hər qarış torpağında tariximizin izi, hər qayasında xalqımızın yaddaşı, hər daşında şəhidlərimizin əmanəti var. Güllə və qan izlərinin şahidi olmuş, uğrunda canlar verilmiş Şuşanın qayasına öz adını yazmaq insanın tarix qarşısında mənəvi məsuliyyətini dərk etməməsidir.

Şuşanın daşları yazı yazmaq üçün deyil, tariximizi oxumaq üçündür.

Amma mənəvi məsuliyyətimiz yalnız Şuşa ilə məhdudlaşmamalıdır. İşğaldan azad edilmiş bütün torpaqlarımıza ayaq basarkən bu müqəddəs əmanətin fərqində olmalıyıq. Qarabağın və Şərqi Zəngəzurun hər şəhəri, hər kəndi, hər dağı, hər qayası şəhidlərimizin canı və qanı bahasına bizə qovuşub.

Bu torpaqlara sadəcə ziyarətçi və ya turist kimi deyil, şəhidlərimizin əmanətinə qədəm qoyan insanlar kimi daxil olmalıyıq. Hər şəhərə, hər kəndə ayaq basarkən şəhidlərimizi rəhmət və dualarımızla yad etmək, ruhlarına bir Fatihə oxumaq mənəvi ehtiramımızın ən gözəl ifadələrindən biridir.

Çünki bu torpaqlarda bizim ayaq izimizdən əvvəl şəhidlərimizin mübarək qan izi var.

Bu şəhərləri və kəndləri qorumaq yalnız dövlət qurumlarının deyil, hər birimizin borcudur. Şuşanın, Ağdamın, Füzulinin, Zəngilanın, Qubadlının, Cəbrayılın, Kəlbəcərin, Laçının və bütün azad edilmiş torpaqlarımızın hər daşı gələcək nəsillərə çatdırılmalı olan müqəddəs bir əmanətdir.

Bu torpaqlarda iz qoymazdan əvvəl, onların bizdə qoyduğu izi düşünməliyik.

Daşa adını yazmaq asandır. Əsl məsuliyyət isə o daşın daşıdığı tarixi, ağrını və şəhid əmanətini qorumaqdır.

Əmanətə yazı yazılmaz-sahib çıxılar, qorunar və gələcək nəsillərə olduğu kimi çatdırılar.

Əsl nümunəni isə müqəddəs şəhidlərimiz və qəhrəman qazilərimiz öz canları və qanları ilə göstərdilər.

Sevgi və dualarımla!

525.az


Baxış sayı - 15 | Yüklənmə tarixi: 04.09.2026 11:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930