manera.az
manera.az

"Missiyamız başa çatmayıb" - Ehtiyatda olan zabit | MANERA.AZ

📅 09.05.2016 14:14

"Missiyamız başa çatmayıb" -  Ehtiyatda olan zabit   | MANERA.AZ

Manera.az Nurəddin ƏDİLOĞLUnun "Sülh savaşçısı" yazısını təqdim edir:

...Çoxumuz orta məktəbdə bizə dərs deyən sevimli müəllimlərimizin adını fəxrlə çəkirik; sağ ikən özlərinə, dünyasını dəyişəndən sonra ruhlarına minnətdarlığımızı dəfələrlə dilə gətiririk. Hərbi mahnıların müəllifi həkim, bəstəkar Şahin Musaoğlunun pedaqoq atasının xatirəsini təkcə dərs dediyi şagirdləri deyil, bizim cənub bölgəsində onu tanıyanların hamısı əziz tutur. Musa müəllim çalışdığı orta məktəbdə olduğu kimi, ictimai yerlərdə də öz ziyalı borcunu yerinə yetirən, gənc nəsillərə vətən sevgisini aşılayan el-obanın hörmətli şəxsiyyətlərindən idi...

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Qızılağacda dünyaya göz açan Şahinə də ilk VƏTƏN dərsini Musa müəllim keçmişdi, YURD sevgisi, elpərvərlik hissi aşılamışdı. Şahinin 1991-1994-cü illərdə könüllü olaraq Qarabağ savaşında, Ağdam – Ağdərə döyüş bölgələrində hərbi həkim – jurnalist kimi fəaliyyət göstərməsi məhz həmin vətən dərsindən, yurd sevgisindən qaynaqlanırdı.

“İgid əsgər, möhkəm dayan” adlı ilk mahnısını da həmin illərdə yazıb. Azərbaycanın Levitanı adını qazanmış hərbi aparıcı Şəmistan Əlizamanlının ilk dəfə ifa etdiyi bu mahnını Şahin Musaoğlu Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhid ruhuna həsr edib:

Ya azad ol, ya candan keç,
İki yoldan birini seç.
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!

Onu da qeyd edək ki, Yusif Mirzəyev yaralandıqdan sonra Şahin bəyin döyüş bölgəsində işlədiyi xəstəxanada müalicə alıb. Və sağlığında bu mahnının varlığından xəbərdar idi. Həmişə Şahin ona baş çəkəndə bu mahnıdan söhbət açar və zümzümə edərmiş. Həmin xəstəxanada Şəmistan Əlizamanlının Yusif Mirzəyevi ziyarət etməsi mahnının ekrana-efirə yol tapmasına səbəb olub. Mahnının mətni sonralar Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin 4-cü sinif üçün dərs vəsaiti olan “Ana sözü” kitabına daxil edilib.

Hazırda ehtiyatda olan zabit Şahin Musaoğlu çağdaş gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayan 30-dan çox hərbi-vətənpərvərlik mahnısının musiqisinin müəllifidir. Həm də bəstələdiyi əksəriyyət mahnıların sözləri onun özünə aiddir...

Şahin Musaoğlunun vətənpərvərlik ruhunda qələmə aldığı “İgid əsgər, möhkəm dayan” adlı şeirlər kitabı 2003-cü ildə “Adiloğlu” nəşriyyatında işıq üzü görüb. İki il öncə isə Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Dostluq Cəmiyyətinin təşəbbüsü ilə həmin şeirlər kitabı ərəb dilində “Eyyuhəl cundiş şucaa qıf şəmixan!” adı ilə nəfis tərtibatla məşhur “Əl-Risalə” mətbəə evində çap edilib. Şeirləri ərəb dilinə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin əməkdaşı Babək Əhmədov tərcümə edib.

Şahin Musaoğlunun Şəmistan Əlizamanlının ifasında səslənən “Ağ ümid”, “Birinci batalyon”, “Cənab leytenant” mahnıları da böyük uğurlar qazanıb. “Cənab leytenant” dünən şərəfli döyüş yolu keçmiş, bu gün vətəni göz bəbəyi kimi qoruyan, sabah isə bu yolu keçəcək bütün Azərbaycan zabitlərinə həsr olunub. Və təkcə Azərbaycanda deyil, xarici ölkələrdə təhsil alan soydaşlarımız da onu sevə-sevə, həm də böyük şövqlə ifa edirlər.

Bir neçə il öncə Kanadada Yusif adlı tələbənin universitet şəhərciyində təşkil olunmuş konsertdə “Cənab leytenant” mahnısını həvəslə ifa etməsi və yaxud Parisdə təhsil alan bir qrup azərbaycanlı gənclərin tonqal başında bu mahnını gitaranın müşayiəti ilə xorla oxumaları xaricdə təhsil alan azərbaycanlı gənclərimizin bu mövzuda olan türkülərə marağının bariz nümunəsidir.

Hay ver, mənə, cənab leytenant!
Hay ver mənə, leytenant!
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə, leytenant!

Dörd il əvvəl "Eurovision" milli seçim mərhələsində iştirak edən Nadejda Mikayılova adlı gənc ifaçının da bu mahnı ilə çıxış etməsi və klip şəklində hazırladığı layihə də sosial şəbəkələrdə böyük populyarlıq qazandı.

Marş kimi səslənən “And içirəm”, “Yol ver türkün bayrağına”, “Vətən çağırır”, “Öncə vətəndir” və başqa mahnıların müəllifi olan Şahin bəyin fikrincə, hərbi vətənpərvərlik mövzusu ciddi mövzudur. İnsanların ruhuna, qeyrətinə, mənəviyyatına hesablanmış mövzudur. Bu mövzu Vətənə, Anaya münasibətdir... Coşqudur, ruhdur, qisasdır... Hər yeni mahnı yazmaq yeni nəfəs deməkdir... Hər yeni mahnı yeni səhifədir. Hər yeni mahnı - yeni səs, yeni söz deməkdir...

Şahin Musaoğlunun on iki əsəri Silahlı Qüvvələrin hərbi hissə və məktəblərində tədris edilir. Özünün qələmə aldığı nəzm parçalarından savayı, M. Şəhriyarın, (“Azərbaycan”), Əhməd Cavadın (“Bismillah”), Bəxtiyar Vahabzadənin (“Yurdum”), Ramiz Rövşənin (“Yalquzaq”), Hidayətin (“Torpaq”), Rüstəm Behrudinin (“Salam, dar ağacı”), Nizami Saraclının

(“Türkün bayrağına”) sözlərinə bəstələdiyi mahnılar Azərbaycan Teleradiosunun "Qızıl" fonduna daxil edilmişdir. Eyni zamanda “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri Azərbaycan və Türkiyə dinləyicilərinin ixtiyarına verilmişdir.

30 il əvvəl Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti ) müalicə-profilaktika fakültəsini bitirən Şahin Musaoğlu hazırda Bakıda “MedServis” özəl tibb mərkəzində poliklinika şöbəsinin və MedEra Hospital klinikasının dioqnostika şöbəsinin müdiri vəzifələrində çalışır. Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür, “Tibb xəbərləri” jurnalının baş yazarıdır. 2006-cı ildə Türkiyənin Başkənd Univeristetində diaqnostika mütəxəssisi kimi yüksək ixtisasartırma kursu keçmişdir. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvüdür.

Bu ilin aprel ayında Şahin Musaoğluna Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsi həvalə olunub. Xatırladım ki, bundan öncə AYB –də Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi.

SON OLARAQ qeyd edim ki, aprelin əvvəlində baş verən qanlı savaşdan az sonra yenə Azərbaycanın TV məkanı çal-çağıra, şou-biznes adamlarının lüzümsuz dartışmalarına, bayağı mahnılarının meydanına döndü. Şahin bəyin öz dili ilə desək, telekanallar hərbi-vətənpərvərlik mahnılarını ilboyu yalnız müəyyən tarixi günlərdə, bayramlarda verməklə vəzifələrini bitmiş hesab etməməlidirlər. “Biz bir dəqiqə də unutmamalıyıq ki, barış istəyən gərək savaşa hazır olsun. Eynşteyn deyib ki, "Mən yalnız sülhsevər deyil, bir sülh savaşçısıyam. İnsanlar savaşa savaş açmadıqları müddətdə heç bir şey savaşları ortadan qaldırmayacaq". Ərazi bütövlüyümüzün sülh yolu ilə bərpasına ümid bağlamaq o qədər də inandırıcı deyil. Ona görə missiyamız hələ başa çatmayıb... Mən isə bu missiyanı yerinə yetirmək üçün nə bacarıramsa, onu da edəcəm!..”

Öz vətəndaşlıq missiyasını yerinə yetirmək amalı ilə yaşayan Şahin Musaoğluna böyük uğurlar diləyirəm. Və ən böyük arzum budur ki, Şahin bəy hamımızın səbirsizliklə gözlədiyi “Qələbə” marşının müəllifi olsun!


MANERA.AZ



Baxış sayı - 2 730 | Yüklənmə tarixi: 09.05.2016 14:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031