VƏHŞİLİK - Şəhla Aslan yazır |MANERA.AZ
Vəhşiliyin tarixi o qədər də yeni deyil. Tarixin də vəhşiliyi çox qədimlərdən boy verir. Hər iki qənaətin mərkəzində İNSAN durur. Bu o deməkdir ki, vəhşiliyi insan törədir? Zənnimcə, İnsan sözünün mənası müqəddəs anlamda yozulur. Belə olan tərzdə, vəhşilik sindromu bu prosedura ilə heç cür eyniləşə bilməz. Yəni, İnsan vəhşi ola bilməz. Bəs onda vəhşiliyi kim törədir?
Tarixdə çox vəhşiliklərin şahidi olmuşuq. Ən yeni tariximizdə hətta bunu gözümüzlə görmüşük; erməni vəhşiliyi, erməni terroru...
Babalarımız vəhşilik törədənlərə İnsan deməyiblər. Vəhşiliyi heyvan, onun qismində adam törədər. Görünür, adam heyvandan da vəhşidir. Belə olmasaydı, qana susamaq onun ehtiras yanğısı olmazdı. Bir şey də çox maraqlı və düşündürücüdür: heyvan qan içmir, adam içir.
Adam məqamı gələndə heyvandan artıq vəhşilik edir. İstəsək də, istəməsək də, bu tendensiyanı qəbul etmək zorundayıq.
Vəhşilik azğınlığın yeni tərzli amplitudasıdır. Terror vəhşiliyin ayrı bir şəklidir. Cəmiyyətdə tarazlığı pozmağa çalışan adamlar vəhşilik etmək, terror yaratmaq məqsədi güdürlər.
Adamlar xəstə təxəyyüllü olanda onların radikal mövqeləri aşkara çıxır. Azğınlıq girdabı belə adamları öz kürkünün içində boğur. Nəticədə, qan tökülür, ölkə silkələnir.
Adam İnsan olmağa cəhd etsə, vəhşilik eləməkdən əl çəkər.
...Erməni bizim düşmənimizdir. Ölkədə vəhşilik etmək erməniyə xal qazandırmaq anlamına gəlir. Ən dəhşətlisi də budur ki, erməni özü vəhşi olduğu halda, bizə vəhşi deyir. Buna kim səbəb yaradıb? Əlbəttə, içimizdəki vəhşilər...
Ölkədə mümkün tarazlığın sonadək qorunub saxlanılması hamılıqla İnsan ola bilməkdən çox asılıdır. Xəstə təxəyyül insani hissləri pərdələyir. Belə məqamda cəmiyyətin möhkəmliyi şübhə doğurur. Cəmiyyətdə xəstə təxəyyül faciə yaradan vasitə kimi xarakterizə olunur.
Əlahəzrət tarix çox vəhşiliklərin şahididir. İctimaiyyətdə xəstə təxəyyül tüğyan eləyəndə tarix vəhşiliyin acı girdabında boğulur. Ümumiyyətlə, vəhşilik bir sindrom olaraq vətəndaş qarşıdurması yaradır, bu da kütləvi qırğınlara gətirib çıxarır. Vəhşilik daxili ehtirasın sön nöqtəsidir. Adam son məqamda bu vasitəyə əl atır. Bir də ayılıb görür ki, dişindən deyil, əllərindən qan axır...
Vəhşiliyin səbəblərini saymağa lüzum yoxdur. Çünki “Allahu-Əkbər” deyərək vəhşilik etməyin Haqq yanında nə dərəcədə doğru olduğu adamı əməlli-başlı düşündürür...
Tarix faktları itirmir. İlk vəhşiliyi Adəmin oğlu Qabil törədib. Bu vəhşiliyə səbəb paxıllıq olub. Şübhəsiz, bu gün törənən vəhşiliklərin müxtəlif səbəbləri var. Maraqlıdır, vəhşi adam bu yolla hara gedir?
Şəhla Aslan,
MANERA.AZ