Sonu arzulamaq... - Şəhla Aslan yazır | MANERA.AZ
Manera.az Şəhla Aslanın essesini təqdim edir:
_____________________________________________
Güllü-çiçəkli yaz günü... Gənc qız nənəsini yoluxmaq üçün cığırla gedir... Yox, getmir, sanki göylə uçur, çiçəkdən-çiçəyə qonan kəpənək kimi oynayırdı... Yolda dərdiyi çiçəklərdən hörüb başına qoyduğu çələngmi ona yaraşıq verirdi, yoxsa qırmızı yanaqları, qara gözləri laləyə meydan oxuyurdu?
Qadir Allah sanki yaratdığı iki əsəri sərgiləndirmiş, seyrçilərin özlərini münsif qərar vermişdi.
Qız yolunu başa vurub evə çatdı. Qapını açıb “Nənəcan, mən gəldim!” deyə şaqraq səslə qışqırdı. Çarpayıda uzanmış qoca qadın ayaqlarını güclə sallayıb əsə-əsə ayağa durdu. Onun bütün üz cizgiləri sönmüş hisslərin, solmuş çiçəklərin, qurumuş budaqların, suyu çəkilmiş bulaqların xatirəsini yada salırdı. Hiss üzvlərindən ona sədaqətli qalanları da yarıtmaz xidmət edirdi. Qadın soyuq qışın mücəssəməsi idi.
Qız nənəsini qucaqladı. Sanki ilk bahar qışla qovuşdu. İndi təzad daha bariz görünürdü. İnsan gözəl qızın bir vaxtlar o qarıya dönəcəyini fikirləşəndə hər şeyə, hər şeyə nifrət edirdi. Amma gözdən başqa ağıl gözü də var. Ağıl gözü nənə və qızın danışığından nəticə çıxarır ki, qarı tez ölməyi arzu edir. Həyatdan doyub yorulmuş qarı üçün ən gözəl nemət layiqli ölümdür. Bəs o qıza ölüm kimi kabus yaraşarmı? Elə olsa, o gözəlliyin nə mənası var? Doğrudanmı, ilahi hikmət bundadır? Allah verdikləri nemətləri bir-bir geri alır, sonra ölüm mələyini göndərir ki, insanlar heyifsilənməsinlər! Bəli, bəli məhz belədir! Gənc və gözəl qızı qoca qarıya döndərib ölümü tələb etdirir, həm can sahibi, həm də ətrafdakılar artıq sonu arzulayırlar.
Şükür, min şükür ilahi ədalətə!
MANERA.AZ