manera.az
manera.az

Şair qəlbi süfrə kimidir. … MANERA.AZ


 Şair  qəlbi  süfrə  kimidir.  … MANERA.AZ

İnsan ömrünün də fəsilləri olur: uşaqlıq, yeniyetməlik, gənclik, qocalıq... Hər fəsil öz gözəllikləri və özəllikləri ilə yaddaşa hopur. Kimi yaddaşa hopan o anları şeirə, musiqiyə çevirir, kimi xatirələr danışır, kimi də sakit bir güşəyə, dəniz sahilinə çəkilib kino lenti kimi gözlərinin önündə canlandırır... Kənardan baxanda hər bir insanda şairə məxsus qəribəliklərin şaihidi olursan!... Hətta yazdığı şeirləri üzə çıxartmasa belə, bu vərdiş bəzən həyat eşqini artıran zövq mənbəyinə çevrilir. Şeirə, sənətə həvəsi olan insanlar bir-birinə tez isnişirlər.

Damətlə eyni ildə, eyni bölgədə dünyaya göz açmışıq. Ömrümüzün qayğısız uşaqlıq və qaynar gənclik fəsilləri arxada qalsa da, Bakıda başlayan dostluq münasibətimiz vur-tut üç-dörd yaşına qədəm qoyub. Ömrümüzün kamillik fəslində bizi dostlaşdıran havası ürək dərmanı sayılan Bilgəhə, mavi dənizə və bir də ruha qida veran poeziyaya eşq olsun!..

Şair qəlbi də süfrə kimidir. El arasında dost-tanışa, əziz qonağına süfrə açan şəxs bəzən: “Kasıbın olanından…” ifadəsini dilə gətirsə də, öz mərdliyi, səxavəti ilə könül oxşayır... Damət isə mənə sözün əsl mənasında, Bilgəhdə - dəniz sahilində naz-nemətlə zəngin süfrə də açıb. Amma Allahın ən gözəl neməti olan sözə - könül pıçıltılarına ilk dəfə məni “qonaq” edəndə, anladım ki, o, hər hansı bir şeirini şair olmaq, çap olunmaq xatirinə yazmır. Hərçənd ki, mənimlə Bilgəh kardioloji sanatoriyasında tanış olana qədər onun “Azad Azərbaycan” qəzetinin səhifələrində onlarca şeiri dərc olunmuşdu. Amma qalın-qalın şeir dəftərlərini görəndə, soruşdum ki, bəs yazdıqlarını niyə kitab halına salıb çap eləmirsən? Bu mövzuda dəfələrlə söhbət etdik. Bu şeirlərin mövzusundan xəbərdar olan dostumuz Rövşən bəy də Damətin Bilgəhdə “müsafiri” olan və şeirlərinə dəyər verən Azərbaycanın tanınmış şair və yazıçılarından MusaYaqubun, Səyyad Aranın , Seyran Səxavətin və başqalarının adlarını çəkdi, dedi ki, hətta Bilgəh sanotoriyasının kitabxanasında Musa Yaqubun poeziya gecəsi keçiriləndə Damət də öz şeirlərindən söyləyib. Ustad şair də Damətin ən çox “Azərbaycan” şeirini bəyənib. Deyib ki, “sən dənizə baxıb ilham alırsan, mənsə dağlara…”

…Mən özüm də dost-tanış məclislərində bir qayda olaraq Damətə məhz öz şeirlərini söyləmək üçün söz verildiyinin şahidi də olmuşam. Toyların birində xanəndə Damətin qəzəlini çox gözəl ifa etdi…
Günlərin bir günü: “Şeirlərin daha dəftərlərə sığmır, ey dost!” - dedim.
Damət də: “ Vallah, yazdıqlarımın yüksək poetik səviyyədə olduğunu iddia etmək niyyətində deyiləm... Bir halda ki, təkid edirsən, onda bu dəftərlərdəki şeirləri saf-çürük etməyi sənə həvalə edirəm…”

Beləcə Damətin “Ömrümün Bilgəh fəsli” kitabının işıq üzü görməsinə səbəbkar oldum. Doğurdan da Azərbaycan təbiətinin Bilgəh kimi dilbər güşəsi Damətin ömrünün poetik fəslini təşkil edir. O, sadə, yaddaqalan lirik şeirlərinin çoxunu məhz burada qələmə alıb. İlin bütün fəsillərində - Xəzərin qırçın sularını, ləpələrin pıçıltısını, Ayın dənizdə “çimməsini”, Günəşin qırmızı çörək tabağı kimi üfüqlərdən “doğuşunu” Damət burada seyr edib. Və çiçəkli bir Bahar günü, qızmar yay çağı, yağmurlu payız axşamı Dəmətin könül duyğuları poetik misralara dönüb…

Deyirlər ki, ilk kitab həm sevincdir, həm də məsuliyyət. Əminəm ki, Damət ikinci kitabında şair kimi daha da püxtələşəcək. Və bu sadə insanın - Damət Salmanoğlunun könül pıçıltıları oxucusunu tapacaq!..

Nurəddin ƏDİLOĞLU,
yazıçı-publisist



AZƏRBAYCANIM

Baxıram dənizə deyirəm, Allah,
Bəndənə nə gözəl nemət vermisən!
Qeyb olub qəlbimdən qüssə, kədər, ah,
Sən öz dərgahından sərvət vermisən!


Əbədi yaşasın xalqım, vətənim,
Zirvələr fəth etsin qoy oğlum, qızım,
Hissim dilə gəlir içimdə mənim,
Bir gün köç etsəm də qalacaq izim...


Dünyanın gözləri bizə zillənib,
Neft qara qızılım , pambığım bəyaz
Göydəki ulduzlar yerə ələnib,
Ürək bu sevinci deyir, qələm yaz!


Hər yerdə büsat var, şadlıq, toy - düyün,
Dillərdə əzbərdir Azərbaycanım.
Üç rəngli bayrağım nur saçır hər gün,
Uğrunda qurbandır mənim bu canım.

Damət Salmanoğlu (Bilgəh)

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031