Bəstəkarın 100 illiyinə həsr olunmuş tədbir| MANERA.AZ

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Söz pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilova verilmişdir. O, Qəmbər Hüseynlinin yaradıcılığından, Azərbaycan musiqi tarixindəki xidmətlərindən danışıb, kitabını muzeyə hədiyyə etmişdir.
Sonra T.İsmayılov adına Uşaq Yaradıcılıq Sarayının direktoru Bədayyə Ramazanova, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, Qəmbər Hüseynlinin oğlu Nəsimi Hüseynli çıxış etmişlər.
Tədbirdə muzey materialları əsasında hazırlanmış foto-sərgi nümayiş olunmuş, slayd-şou və Qəmbər Hüseynli haqqında çəkilmiş “Qəlbin ay işığında” bioqrafik-sənədli filmindən fraqmentlər təqdim olunmuşdur.
Tədbirdə T.İsmayılov ad. Uşaq Yaradıcılıq Sarayının “Cücələrim” rəqs ansamblı, muzeyin Qədim Musiqi Alətləri Dövlət Ansamblı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov, Azərbaycan Respublikasının əməkdar artisti Teyyub Aslanov, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova, Bakı Musiqi Kollecinin 3-cü kurs tələbəsi Ağəmməd Tarıverdiyevin (tar) ifalarında Qəmbər Hüseynlinin mahnılarından ibarət konsert proqramı təqdim olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, bəstəkarın oğlu, Bəstəkarlar İttifaqının, BMA-nın nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.
Turan Etibaroğlu