Səndən utanıram VƏTƏN - Günay Həsənlinin şeiri | MANERA.AZ
MANERA.AZ Günay Həsənlinin şeirini təqdim edir:
Sən o qədər gözəlsən ki, Vətənim!
Vicdanımın aynasına rəsmin çəkmək istədim.
Gözəlliyin ağır oldu,
Beli sındı fırçamın.
Heyranlıqdan kilidlənib,
Əli sındı fırçamın.
Kirpiyimi fırça edib, rəsmin onunla cızaram.
Bir az qanımdan süzərəm, Bir də göz yaşı qataram.
Kirpiyimlə " qanyaş " adlı
Mənə məxsus bu boyayla
Dərdlərindən cadarlanmış parçalanmış ürəyimə sənin adını yazaram.
Sən o qədər gözəlsən ki. ..
Vicdanımın aynasına ilmə-ilmə hörüm səni.
Gözümün üstündə dayan, Gözlərimin qapağı ol,
Həm görməyim, görüm səni.
Mənə saray lazım deyil.
Torpağından kərpic kəsim,
Həyatımın divarına hörüm səni.
Sən o qədər gözəlsən ki. ..
Vicdanımın aynasına səni çəkmək istəyirəm.
Qorxuram ki çat-çat olub
Tökülər ayağım altda.
Yumaq olar vicdanım
Bükülər ayağım altda.
O rəsmini çəkmək üçün
Həm səndən utanıram, həm də yaman qorxuram.