Xocalı faciəsi - şahidlər danışdı | MANERA
MANERA.AZ xəbər verir ki, bu gün Bakı Slavyan Universitetində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib
Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev Xocalı faciyəsi haqqında danışıb. O Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə genosidə məruz qaldığını vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Xocalı soyqırımına siyasi, hüquqi qiymət verildiyi, faciənin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühum işlər görüldüyünü vurğulayıb. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılmasına, erməni vandalizminin ifşasına xüsusi diqqət yetirdiyini qeyd edən professor Asif Hacıyev Xocalı faciəsinin dünya miqyasında tanıdılmasının hər bir Azərbaycan vətəndaşının borcu olduğunu söyləyib.
Rektor Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” kampaniyası çərçivəsində faciənin dünyaya çatdırılması ilə bağlı Bakı Slavyan Universitetində təhsil alan gənclər tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.
BSU-nun dosenti Sadir Məmmədov çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının taleyində buraxdığı dərin izlərdən danışıb.
Soyqırımın şahidlərindən olan S. Məmmədov əliyalın, dinc əhaliyə qarşı törədilən qətliamın insanlığa qarşı daha dəhşətli hadisə olduğunu vurğulayıb: “Xocalıda insanları milli mənsubiyyətinə görə qətlə yetiriblər. Bütün dünyada insanların dini, siyasi, mənəvi azadlıq hüququ var. Bu gün neçə-neçə azərbaycanlı qocanın, qadının, körpənin hüquqları ermənilər tərəfindən xaincəsinə pozulub və tapdalanıb”.
Tədbirdə Xocalı faciəsinin şahidlərindən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Qarabağ müharibəsi veteranları və şəhid ailələri və başqaları hadisə ilə bağlı çıxış ediblər.