manera.az
manera.az

HOLOKOST və XOCALI müasirlərin gözü ilə... - ANIM |MANERA.AZ

HOLOKOST və XOCALI müasirlərin gözü ilə... -  ANIM |MANERA.AZ

[b]Yanvarın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə BSU-nun konfrans zalında “Holokost və Xocalı -müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.


Öncə Holokost və Xocalı faciələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri BSU-nun rektoru Asif Hacıyev açaraq hər il yanvar ayının 27-si BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş 60/7 saylı qətnaməyə əsasən Beynəlxalq Holokost qurbanlarının Anım Günü kimi qeyd edildiyini bildirib. Rektor Azərbaycan və yəhudi xalqının oxşar taleyindən söz açıb, hər iki xalqın etnik mənsubiyyətinə görə soyqırıma məruz qaldığını bildirib.

ABŞ-dakı Simon Vizental Mərkəzinin sədr müavini, ravvin Abraham Kuper bildirib ki, baş vermiş faciələri unutmaq yeni fəlakətlərə səbəb ola bilər, ona görə də xatırlayaraq irəliləmək lazımdır. Ravvin Azərbaycanın dünyaya ixrac etdiyi tolerantlıq ənənəsinin vacibliyini vurğulayaraq bunun alternativinin olmadığını söyləyib. A.Kuper Holokst faciəsindən söz açaraq adıçəkilən soyqırım nəticəsində sadəcə etnik mənsubiyyətinə görə 6 milyondan artıq yəhudinin müxtəlif işgəncələrlə qaz kameralarında, ölüm düşərgələrində məhv edildiyini xatırladıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev tədbir iştirakçılarını salamlayaraq onlara mərasimə qatılan Xocalı sakinlərini-faciənin şahidlərini təqdim edib: “Keçən əsrin 40-cı illərinin sonunda Holokostun nəticəsində hərbi düşərgədən azad edilmiş biçarə, ümidsiz yəhudiləri gözümüz önünə gətirək. Burada iştirak edən bizim həmvətənlərimiz də həmin cür konslagerdən çıxan, Xocalı adlı bir dəhşəti yaşamış insanlardır. Onlar bu tədbirə Holokost hadisəsini bugün beyinlərində, qəlblərində yaşadan insanlara öz hörmətlərini çatdırmaq və öz səslərini onların səsinin yanında ucaltmaq üçün gəliblər. Azərbaycanlı təsəvvüründə Holokost və Xocalı qəribə bir şəkildə eyniləşir. Xocalıda da insanları məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriblər. Xocalıda da o insanların əlində silah yox idi. Bu gün dünyada insanların dini, siyasi, mənəvi azadlıq hüququ var. Amma ləyaqətli insanların bir hüququ da var: Xatırlamaq hüququ. Xocalını və Holokostu daim xatırlamaq və qəlbimizdə, beynimizdə yaşatmaq hüququ bizim gələcəyə gedən yolumuzu şəfqət, mərhəmət və bir-birimizə olan loyal, dözümlü münasibətə səsləyir. Biz Holokost haqqında eşitmişik. Xocalını bizim bəzilərimiz gözüylə görüb, bəzilərimiz barəsində eşidib. Azərbaycanlı olaraq biz arzu edirik ki, belə hadisələr bir də təkrarlanmasın.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalzim ili” elan etməsi özü də Holokost və Xocalı kimi hadisələrə olan münasibət və bundan çıxış edərək dünyaya mərhəmət, şəfqət və tolerant mesajların göndərilməsidir. Bu gün Azərbaycan vətəndaşı Xocalı, Holokost kimi hadisələri özünün dünyagörüşünün bir komponenti etməklə haqqın, ədalətin, mərhəmətin, şəfqətin, dözümlülüyün yanında olduğunu bir daha sübut edir. Xatırlamaq hüququmuzu unutmayaq.”

İsrailin Azərbaycandakı səfirinin müavini Amir Rom Holokost faciəsi zamanı milyonlarla insanın məhz yəhudi olduqları üçün genosid qurbanı olduqlarını qeyd edərək tolerant birgəyaşayışın alternativi olmadığını deyib. A. Rom bildirib ki, irqçiliyə görə törədilən belə cinayətlər təkcə bir xalq üçün deyil, bütün bəşəriyyət üçün təhlükədir: “Bu təhlükəni bir daha yaşamamaq, bundan yayınmaq üçün keçmişi unutmamaq və gələcəyimizi bu keşmişə nəzərən qurmaq lazımdır” .

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov tariximizi dəyərləndirməyin və keçmiş faciələrimizdən dərs götürməyin vacibliyini vurğulayıb. Sədr müavini Azərbaycanın bu gün dünyaya özünün ali dəyəri olan multikulturalizm və tolerantlıq ixrac etdiyini bildirərək builki “Multikulturalizm ili” çərçivəsində geniş miqyaslı və çoxsaylı tədbirlərin keçiriləcəyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb. S. Heydərov bu cür anım tədbirlərinin insanların keçmişə nəzərən gələcəyini qurmaqda yardımçı olacağına inandığını bildirib.

İsrailli politoloq Arye Qut tədbirin təşçkilatçılarına təşəkkür edərək Holokost faciəsinin yəhudi xalqının ağrı, işgəncə və alçaldılma tarixi olduğunu qeyd edib: “ Mənim ailəm də Holokost faciəsindən mənfi mənada “nəsibini alıb”- babamın 40-a yaxın qohumu bu faciənin qurbanı olub, canını qurtaran digər əqrəbalarım isə məhz Azərbaycanda həyatlarına davam ediblər”.

A. Qut yəhudilərin neçə yüzillərdir Azərbaycanda dostluq və qardaşlıq şəraitində yanaşı yaşadığını, onların heç vaxt bu ölkədə özlərini yad hiss etmədiklərini deyib. Holokost faciəsinin yəhudi xalqına qarşı düşünülmüş şəkildə həyata keçirilmiş siyasət olduğunu vurğulayan A. Qut Xocalıda da insanların məhz etnik mənsubiyyətinə görə erməni hərbçiləri tərəfindən genosidə məruz qaldığını söyləyib.

Millət vəkili Asim Mollazadə Azərbaycan xalqının və dövlətinin hər zaman yəhudi xalqı ilə Holokost ağrısını bölüşdüyünü diqqətə çatdırıb: “Mən qisasa çağırmıram, amma ədalətin bərpası mütləq olmalıdır”.

Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Məhsəti Əliyeva Xocalı faciəsinin dəhşətlərindən bəhs edib: “Qarlı, şaxtalı qış gecəsində Xocalı sakinləri əllərində körpələrlə vəhşi heyvanlara dolu olan meşəyə qaçmaqdan çəkinmədilər, çünki meşədəki vəhşilərdən daha vəhşi olan erməni quldurları onları məhz azərbaycanlı olduqlarına görə öldürmək üçün arxalarınca gəlirdilər”. PA rəsmisi artıq dünyanın 11 ölkəsində, ABŞ-ın 16 ştatında Xocalı soyqırımının tanındığını, yaxınlarda Sloveniyada da bu məsələyə baxılacağını bildirib: “Los-Ancelesdə yaşayan yəhudi icmasına da Xocalı faciəsi ilə bağlı həmişə yanımızda olduqlarına görə təşəkkür edirik. İnanırıq ki, dost ölkə İsrail də bu yaxınlarda Xocalı soyqırımını tanıyacaq”. Azərbaycandakı multikultural durumdan danışan M. Əliyeva ölkəmizdə müxtəlif xalqların və fərqli din daşıyıcılarının dinc şəkildə yanaşı yaşadığını, burada bütün xalqların bərabərhüquqlu olduğunu diqqətə çatdırıb: “Azərbaycanın tolerantlıq modeli bütün dünyaya yayılsa Holokost və Xocalı kimi faciələr bir daha baş verməz”.

Xocalı rabitə qovşağının rəisi Cavid Əliyev hər dəfə Xocalı faciəsini danışanda bu dəhşəti yenidən yaşadığını dilə gətirib. C. Əliyev müasir dünyada sülhün bərqərar olması üçün Azərbaycanın tolerantlıq modelinin tətbiq olunmasının vacibliyini vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov bu cür tədbirlərin keçirilməsinin önəmli nəticələri ola biləcəyini deyib: “Birincisi, ədalətin bərpası üçün tribunallar qurula bilər ki, hərbi cinayətkarlar cəzalandırılsınlar və bundan sonra potensial cinayətkarlar da bundan çəkinsinlər. İkincisi isə, hər kəs bu faciələrdən ibrət dərsi alsın”.

Dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam edib.

HOLOKOST və XOCALI müasirlərin gözü ilə... -  ANIM |MANERA.AZ
HOLOKOST və XOCALI müasirlərin gözü ilə... -  ANIM |MANERA.AZ
HOLOKOST və XOCALI müasirlərin gözü ilə... -  ANIM |MANERA.AZ
HOLOKOST və XOCALI müasirlərin gözü ilə... -  ANIM |MANERA.AZ

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829