Təhsil siyasəti - Hansı proqramlar təhsilimizi inkişaf etdirə bilər? - ŞƏRH
“Dünyanın varı-yoxu elm adamlarının gözündə əhəmiyyətsiz və dəyərsizdir.”
“Elm adamları dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, insan bir arzuya çatdımı, başqa arzu eşqinə düşər... Mən rahat ölürəm, çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin xeyrinə həsr etmişəm... Xeyrə həsr edilməmiş həyatı hədərə getmiş hesab et”.
Dahi alim və mütəfəkkir Nəsrəddin Tusinin bu kəlamı elmlə bağlı deyilmiş hikmətli sözlər ünvanından götürülmüş sadəcə bir damladır. Təsadüfi deyil ki, özümüzü və könlümüzün muradını kəşf etməyimizdə, ziyalı bir şəxsiyyət kimi yetişməyimizdə məktəb və universitetlərin rolu olduqca böyükdür. Çünki bilik və bacarıqlarımızın rüşeymi məhz burada formalaşır və həyatımız boyunca bizə mayak olur.
Bəs elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları dedikdə nələr nəzərdə tutulur? Təhsilimizin inkişafı üçün hansı beynəlxalq proqramlardan istifadə edə bilərik və hansı proqramlardan istifadə etsək, Azərbaycan təhsilində tərəqqi görə bilərik?
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis, Türkiyənin Qazi Universitetinin doktorantı Şəhla Aslan ilk olaraq təhsilin cəmiyyətdəki önəmini vurğulayıb.
“Təhsil gələcək nəsillərin mənəvi-intellektual dünyasının formalaşmasında, mədəniyyətin ötürülməsində mühüm rol oynayır. Cəmiyyət və onun gələcəyi üçün həyati əhəmiyyət kəsb edən təhsil, şübhəsiz ki, müəyyən siyasətlər çərçivəsində formalaşır. Təhsil fərddə arzu olunan istiqamətdə davranışın formalaşdırılması prosesidir. Burada mühüm məqam “arzu olunan istiqamətdə” fikridir. Bu da şübhəsiz ki, təhsil siyasəti ilə müəyyən olunur. İkinci məqam “proses” sözüdür. Bu o deməkdir ki, təhsil qısamüddətli bir iş və ya fəaliyyət deyil, uzunmüddətli və gələcəyə yönəlmiş bir hadisədir.
Hər bir ölkə özünün iqtisadi və sosial reallığını nəzərə alaraq hədəfə uyğun təhsil sistemi yaradır. Bu sistemin əsasını nizamın davamlılığını təmin etmək təşkil edir. Ona görə də təhsil sistemində bu məqsədi ön plana çıxararaq insanlara qavrayış, düşüncə və davranış xüsusiyyətlərini vermək əsas hədəfdir. Bu, nizamın sağ qalması üçün qaçılmazdır.
Bununla belə, bugünkü qloballaşan dünyanın təhsil sistemini bu ümumi çərçivəyə yerləşdirdikdə və ya çərçivəni günümüzə uyğunlaşdırarkən nələri kənarda buraxmalı, nələri dəyişməli, yenidən müəyyən etməli, bax bunu dəqiq bilməliyik”.
“Müzakirəni Azərbaycan təhsil sistemi üzərində aparsaq, əvvəlcə mövcud problemlərə nəzər yetirməliyik” – deyə Ş.Aslan, fikirlərinə davam edib:
“Məsələn... Bu gün Azərbaycan təhsil sisteminin ən böyük problemlərindən biri imtahanlardır. İndi orta məktəblər bilik verməklə yanaşı, həyati bacarıqlar da verən mühüm qurum olmaqdan çıxıb, sadəcə universitet imtahanlarına girmək üçün lazım olan sənədin – Atestatın alınacağı yerə çevrilib.
İmtahanlar təhsil prosesinin kiçik bir hissəsi olmaqdan kənara çıxıb, təhsil sisteminin mərkəzində dayanıb. Bütün təhsil sistemi yarış marafonuna çevrilib. Yəni “imtahan üçün təhsil” anlayışı bütün sistemi ələ keçirib. Buna görə də, bu gün şagirdlər məktəbə getməyə vaxt itirmək istəmirlər, onları qarşıda gözləyən imtahanlara hazırlaşmaq qayğısı çəkirlər. Kurslar, özəl müəllim hazırlıqları, yüksək miqdar ödənişlər və s. Bu imtahanlar sistemi ailələr üçün də böyük maddi və mənəvi yükə çevrilib. Buna görə də, orta məktəbi dəyərli etmədən təhsil sistemindən səmərəlilik gözləmək doğru deyil.
Biz imkan bərabərliyini ədalətli təhsildə axtarmalıyıq. Ancaq Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə gələcəyi imtahanlardan asılı olan uşaqlar üçün ədalətli təhsil prosesindən danışmaq mümkün deyil. Gəlin, beynəlxalq qiymətləndirmə imtahanlarına baxaq; Burada da ən çox müvəffəqiyyət qazanan şagirdlər məhz sosial-iqtisadi cəhətdən imkanlı ailələrin uşaqlarıdır”.
Mütəxəssis Azərbaycan təhsil sisteminin kəmiyyət epidemiyasına tutulduğunu söyləyib:
“Kəmiyyət məsələsi... O təhsil sistemində ki kəmiyyətlə keyfiyyət arasında zidiyyət var, orada ciddi inkişafdan bəhs edilə bilməz. İllərdir Azərbaycan təhsil sistemi kəmiyyət epidemiyasına tutulub. Bu virusun qarşısını almaq üçün peyvəndlər aparılsa da, ciddi nəticə əldə olunduğunu söyləmək olmaz. Təhsil sistemindəki kəmiyyətlə keyfiyyət arasındakı məna fərqi aradan qaldırıldıqda bu sahədə lazımi səviyyədə irəliləyiş əldə oluna bilər.
Heç müsbət irəliləyiş yoxdur? - Əlbəttə ki, var. Son illərdə bölgələrdə müəllim sayı, məktəb sayı, sinif sayı və s. kimi məsələlərdə kəmiyyət baxımından əhəmiyyətli irəliləyişlər əldə edilib. Təəssüf ki, keyfiyyət üçün eyni şeyi söyləmək mümkün deyil”.
Ş.Aslan Sinqapur, Koreya, Yaponiya və Avstriya kimi ölkələrin təhsilindən də söz açıb:
“Bildiyiniz kimi bu gün Azərbaycanda ibtidai təhsilini başa vurmasına baxmayaraq sagirdlərin əhəmiyyətli hissəsi oxuduqlarını başa düşmürlər və ya sadə riyazi əməliyyatları yerinə yetirə bilmirlər. Gəlin, son illərdə beynəlxalq qiymətləndirmə işlərində uğurları ilə diqqət çəkən Sinqapur, Koreya, Yaponiya və Avstriya kimi ölkələrin şagirdlərinə baxaq. Demək olar ki, hamısı təməl bilik səviyyəsindən çox yüksəkdə nəticələr göstərirlər. Uğurun səbəbləri araşdırılmalıdır.
Ekspert həmçinin təhsilimizin əsas fiqurlarından olan müəllimlərdən söz açıb:
“Digər faktor - müəllimlik peşəsi! Bu peşəsinin statusunu və reputasiyasını bərpa etməyə şiddətli ehtiyac var! Bu gün müəllimlik peşəsi texniki imtahan hazırlığına və mexaniki biliklərin ötürülməsi səviyyəsinə endirilib. Müəllimlər qısa müddət ərzində daha çox məzmun ötürə bilən tədris metodlarına üz tutmağa məcbur edilib. Bununla da şagirdlərin məlumatı anlama və ya öyrənmədən həzz alma imkanları arxa plana keçib.
Azərbaycanda “21-ci əsr müəllimini necə yetişdirmək istəyirik?” sualının cavabı aydın deyil. Bu da effektiv müəllim hazırlığı modelinin yaradılmasına böyük maneədir.
Nə etməli? - Universitetlərdə milli ehtiyaclar nəzərə alınmaqla ehtiyaca görə gələcəyə uyğun müəllim hazırlığı proqramları hazırlanmalıdır”.
Azərbaycanda hər il dövlət büdcəsindən ciddi bir miqdar təhsilə ayrıldığını qeyd edən Ş.Aslan resurslardan səmərəli istifadə edilməməsindən gileylənib:
-Təhsilə ayrılan xərclərin müsbət iqtisadi nəticələr verməsi təhsilin ixtisaslı insan potensialını artırmaq gücündən və resurslardan səmərəli istifadə etməsindən asılıdır. Görünür, bizdə resurslardan səmərəli istifadə olunmur:
“Texnoloji inkişafın inanılmaz həddə çatdığı dünyamızda bu inkişaflar sayəsində təhsil sahəsində yeniləşmə qaçılmaz olub. Biz təhsili texnologiyadan ayrı düşünə bilmərik. Təhsil texnologiya ilə birlikdə düşünülməli çox mühüm anlayışdır. Təhsilin inkişafı texnologiyadan, texnologiyanın inkişafı isə təhsildən asılıdır. Ona görə də inkişaf edən texnologiya fonunda təhsil sahəsində köklü dəyişikliklərin edilməsi dövrün tələbatlarından birinə çevrilib.
Azərbaycan təhsil sistemində klassik təhsil yanaşmasından imtina edilməməsi, təhsildə imkan bərabərliyi (kənd və şəhər məktəbləri arasındakı fərq, təhsildə fiziki infrastrukturun və avadanlıqların kifayət qədər olmaması), təhsil sahəsində elmi-tədqiqat işlərinin qeyri-kafi olması, təlim proqramının intensivliyi və onun qeyri-adekvatlığı, təhsilin mərkəzləşdirilmiş strukturu, müəllim hazırlığı (və ya ehtiyacdan artıq müəllimlərin olması), müəllimlərin məvacibi məsələsi, peşə təhsili, sistemin dəyişikliklərlə ayaqlaşa bilməməsi və s. kimi problemlər mövcuddur.”
Eskpert son olaraq təhsildə islahatlara ehtiyac olduğunu deyib və öz təkliflərini irəli sürüb:
"Bu gün ölkəmizdə yeniləşmiş, həm də milli təhsil siyasətinə ciddi ehtiyac var. Bu siyasət təhsil sistemində milli xarakterli innovativ meyllərin dövrün tələbləri nəzərə alınmaqla hazırlanmasında və tətbiq olunmasında özünü göstərməlidir"
Təhsil – onun idarə olunması, məzmunu, məqsəd və strategiyaları tamamilə yenidən nəzərdən keçirilməlidir. Yeni təhsil meyarları inkişaf edən texnologiya ilə paralel olmalı, tədris, fiziki şərait, sosial-mədəni və idman fəaliyyəti bu prosesində inkişaf edən dünyadan geri qalmamalıdır.
Digər tərəfdən, müəllim hazırlayan fakültələrin giriş ballarının tutmuş, universitetdə verilən təhsilin adekvatlığına qədər, müəllimlərin işə qəbulundakı proseslərdən namizədlərin hazırlıq səviyyəsinə qədər, imtahan sistemindən tutmuş kurrikuluma, dərsliklərdən tutmuş onların məzmununa qədər və s. yenidən təşkil olunmalıdır”.
Ayşən İsmayılova,
1news.az