TƏHSİLİN İDARƏ OLUNMASI: ELMİ ƏSASLAR VƏ STRATEJİ YANAŞMALAR

Təhsilin idarə olunması sahəsi müasir elmi diskursda özünü müstəqil və strateji əhəmiyyətli bir disiplin kimi təsdiqləyib. XX əsrin ortalarından başlayaraq, əsasən ABŞ və Avropada formalaşan bu sahə, universitet proqramlarına sistemli şəkildə inteqrasiya olunmuş və təhsil müəssisələrinin effektiv idarə olunması üçün nəzəri əsasların işlənməsinə imkan yaratmışdır. Təhsil menecmenti yalnız idarəetmə prinsiplərinin tətbiqi ilə məhdudlaşmır; eyni zamanda təhsil siyasəti, resursların optimallaşdırılması, təhsil keyfiyyətinin qiymətləndirilməsi və strateji planlaşdırma kimi kompleks sahələri əhatə edən elmi tədqiqatlar vasitəsilə inkişaf edir. Bu sahədə aparılan tədqiqatlar təhsil sistemlərinin səmərəliliyinin artırılmasına, innovativ idarəetmə yanaşmalarının tətbiqinə və elmi əsaslı qərarvermənin gücləndirilməsinə xidmət edir, həmçinin təhsilin sosial və iqtisadi dəyərinin yüksəldilməsində əvəzsiz rol oynayır.
İnkişaf etmiş ölkələrdə təhsilin idarə olunması yalnız institusional qaydalarla məhdudlaşmır, eyni zamanda elmi əsaslarla qurulur. Bu sahədəki tədqiqatlar təhsil siyasətinin formalaşdırılması, resursların optimal idarə olunması, təhsil keyfiyyətinin yüksəldilməsi, məktəb və universitetlərin strateji inkişafının təmin olunması üçün vacibdir. Effektiv təhsil menecmenti həm dövlət səviyyəsində qərarvermə proseslərinə, həm də təhsil müəssisələrinin səmərəli fəaliyyətinə birbaşa təsir göstərir. Dünya təcrübəsi göstərir ki, təhsilin idarə olunmasında innovativ yanaşmalar və məlumat əsaslı qərarvermə təhsil sistemlərinin inkişafını sürətləndirir.
Türkiyədə isə təhsilin idarə olunması sahəsi son onilliklərdə sürətlə inkişaf edir. Bu sahədə çox sayda professorlar fəaliyyət göstərir və ixti-saslaşmış tədris proqramları mövcuddur. Burada akademik kadrların hazırlanması, elmitədqiqat işlərinin aparılması və peşəkar standartların tətbiqi sistemli və davamlı şəkildə həyata keçirilir.
Lakin Azərbaycanda təhsilin idarə olunması elm sahəsi demək olar ki, formalaşmayıb. Sahədə fəlsəfə doktoru elmi adını almış mütəxəssis çox azdır. Bu vəziyyət burada sahənin elmi və praktik inkişafı üçün ciddi çətinlik yaradır və ixtisaslaşmış kadrların hazırlanmasının sürətləndirilməsini vacib edir. Bəzi universitetlərdə təhsilin idarə olunması üzrə tədris aparılsa da, tələbələr üçün ədəbiyyata çıxış məhduddur. Bu sahədə əsas ədəbiyyat xarici dillərdədir. Bu baxımdan, universitetlərin pedaqoji fakültələrində Təhsil Menecmenti kafedralarının yaradılması və sahəyə aid dərs vəsaitlərinin hazırlanması ölkəmizdə təhsilin idarə olunması elminin inkişafı üçün strateji addım hesab olunur.
Azərbaycan Dövlət Pedaqoji Universitetində 9 iyul 2021ci il tarixli AD-PU Elmi Şurasının qərarına əsasən Təhsil Menecmenti kafedrası yaradılmışdır. Bu kafedra ali təhsilin magistratura səviyyəsi üzrə MBA – Biznesin idarə edilməsi (təhsilin təşkili və idarə olunması), biznesin təşkili və idarə edilməsi (təhsil üzrə marketinqin təşkili və idarə olunması), menecment, təhsildə qiymətləndirmə və monitorinq, tədrisin təşkili və metodikası (SABAH) ixtisaslaşmaları üzrə baza kafedrasıdır.
Kafedrada idarəetmənin psixologiyası, rəqəmsal təhsil və müasir təlim texnologiyaları, təhsil və milli inkişaf, təhsil müəssisələrinin idarə olun-ması, kommunikativ və akademik xarici dil, maliyyə idarəçiliyi, inklüzivlik və bərabərlik, elmi tədqiqat metodları, liderlik və peşəkar inkişaf, layihələrin idarə olunması, strateji idarəetmə, statistik təhlil, strateji marketinq, davamlı təhsil və insan resurslarının inkişafı, məlumat əsaslı qərarvermə, beynəlxalq təhsil modelləri və digər fənlər tədris olunur.
Kafedrada fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə təhsilin təşkili və planlaşdırılması ixtisasında kadr hazırlığı həyata keçirilir. Ka-fedraya universitetin elm və innovasiyalar üzrə prorektoru, fr.e.d., professor Asəf Zamanov rəhbərlik edir. Bu təşəbbüs sahənin elmi inkişafı, magistr və doktorantura səviyyəsində ixtisaslaşmış kadrların hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Lakin mütəxəssislərlə birlikdə qurulmuş xüsusi komissiyalar vasitəsilə xarici ədəbiyyatların Azərbaycan dilinə tərcüməsi və istifadəyə verilməsi də sahə üçün son dərəcə vacibdir. Bu proses tələbələr və praktik mütəxəssislər üçün ədəbiyyata çıxışı təmin etməklə, elmi məlumatların geniş yayılmasına və pedaqoji menecmentin inkişafına xidmət edir. Sözsüz ki, dərs vəsaitlərinin hazırlanması, tərcümələr və bu sahənin mütəxəssisləri ilə əməkdaşlıq sahənin Azərbaycanda elmi və praktik inkişafı üçün strateji əhəmiyyət daşıyır.
Bu sahədə kitabların hazırlanması prosesində məhz sahə mütəxəssislərinin iştirakınə təmin etmək onların elmi bilik və praktiki təcrübələri əsərin keyfiyyətinə mühüm töhfə verəcək. Belə yanaşma həm dərs vəsaitlərinin sayı və çeşidinin artırılmasına, həm də sahənin elmi bazasının zənginləşdirilməsinə xidmət etməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu çərçivədə, yaxın günlərdə çapdan çıxan professor Asəf Zamanovun təşəbbüsü ilə hazırlanmış “Pedaqoji Menecment” dərs vəsaiti də sahə üçün faydalı və əhəmiyyətli bir resurs kimi ortaya çıxmışdır.
A.D. Zamanov və M.H. Nəzərov tərəfindən hazırlanmış “Pedaqoji Menecment” dərs vəsaiti pedaqoji idarəetmə sahəsində nəzəri bi-likləri praktik bacarıqlarla birləşdirən, elmi cəhətdən zəngin bir mənbədir. Elm Nəşriyyatı tərəfindən 2025ci ildə nəşr edilmiş bu 640 səhifəlik əsər pedaqoji menecmentin prinsiplərini, üsul və metodlarını sistemli şəkildə təqdim edərək həm tələbələr, həm də sahə mütəxəssisləri üçün faydalı bir resurs kimi nəzərdə tutulmuşdur. Kitabın elmi redaktoru professor Bəyalı Ataşov, rəyçiləri isə professor Hikmət Əlizadə, professor Rəsmiyyə Abdullayeva, pedaqogika üzrə fəlsəfə doktoru dosent Polad Mədədov və professor Rüfət Hüseynzadədir ki, onların elmi iştirakı əsərin keyfiyyətini və elmi səviyyəsini daha da yüksəldir.
Dərs vəsaiti geniş mövzu spektrini əhatə edir. Hər fəsil, pedaqoji menecmentin əsas nəzəri anlayışlarını təqdim etməklə yanaşı, onları real praktik nümunələrlə əlaqələndirir. Kitabda pedaqoji idarəetmənin məqsəd və funksiyaları, təşkilati struktur və qərarvermə mexanizmləri, habelə müəllim və rəhbərlərin fəaliyyətində idarəetmə strategiyaları ətraflı şəkildə izah edilmişdir. Bu yanaşma oxucunun mövzunu yalnız nəzəri səviyyədə öyrənməsinə deyil, həm də praktiki tətbiqinə imkan yaradır.
XV fəsildən ibarət kitabda pedaqoji menecmentin mürəkkəb və çətin aspektləri ətraflı təhlil olunur. Həm klassik idarəetmə modelləri, həm də müasir təcrübələr müqayisəli şəkildə təqdim edilir, innovativ idarəetmə yanaşmaları və müasir pedaqoji texnologiyalar oxucuya çatdırılır. Bu, həm nəzəri biliklərin dərinləşdirilməsinə, həm də praktik bacarıqların artırılmasına imkan yaradır.
Kitabın terminologiyası elmi cəhətdən dəqiq və müasir standartlara uyğundur. Müəlliflər mövzunu sadə və anlaşılan üslubda təqdim edərək oxucunun materialı rahat qavramasına şərait yaradır. Vəsaitin güclü tərəflərindən biri onun strukturu və sistematikliyidir. Mövzular məntiqli ardıcıllıqla təqdim olunur ki, oxucu mövzunu mərhələli şəkildə mənimsəsin və əldə etdiyi bilikləri praktik fəaliyyətdə tətbiq edə bilsin.
Kitabda pedaqoji menecmentin elmi və nəzəri əsasları geniş şəkildə təqdim edilmişdir. Hər fəsildə sahənin müxtəlif aspektləri ətraflı izah olunur: pedaqoji menecmentin strukturu, təhsil müəssisəsinin konsep-tual əsasları, pedaqoji menecmentin əsas istiqamətləri, pedaqoji kollektivin idarə olunması, idarəetmə etikası, innovativ idarəetmə, idarəetmə mədəniyyəti, təhsildə strateji idarəetmə, keyfiyyətin idarə olunması, qərarvermə prosesləri və insan resurslarının idarə olunması. Hər mövzu üzrə nəzəri və elmi əsaslar təqdim olunmaqla yanaşı, tətbiqi imkanlar da göstərilmişdir. Bu yanaşma oxucuya həm pedaqoji menecmentin əsas prinsiplərini dərindən anlamağa, həm də onları praktik fəaliyyətdə uğurla tətbiq etməyə imkan yaradır.
Ümumiyyətlə, “Pedaqoji Menecment” dərs vəsaiti sahədə fundamental və tətbiqi bilikləri bir araya gətirən dəyərli bir mənbədir. Kitab həm tələbələr, həm müəllimlər, həm də pedaqoji menecment sahəsində çalışan praktik mütəxəssislər üçün faydalıdır. Onun geniş mövzu əhatəsi, elmi əsaslı təqdimatı və zəngin praktiki nümunələri bu vəsaiti akademik və praktik istifadədə önəmli edir. Bu əsərin pedaqoji menecmentin tədris və tətbiqi prosesində geniş şəkildə istifadə olunması tövsiyə olunur.
Təhsilin idarə olunması üzrə fəlsəfə doktoru,
Qazi Universiteti
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.