
Hikmət Məlikzadə: “Daşdəmir mənim sənət örnəyim, Pünhan isə fəxrimdir...”
Mətbuatın köhnə adamlarından olan jurnalist Hikmət Məlikzadə həmkarı və dostu, jurnalist Pünhan Şükürün doğum günü münasibətilə duyğusal yazı qələmə alıb.
Manera.az həmin yazını təqdim edir:
Biz, üç qardaş – Daşdəmir Əjdəroğlu, Pünhan Şükür və mən (Hikmət Məlikzadə) mətbuatın köhnə adamlarıyıq. Üçümüzü də zaman-zaman jurnalistika səmasında eyni aramla bərq vuran eyni buludlar isladıb, üçümüzün də üstündən eyni küləklər keçib. Üçümüz də çörəyimizi çox vaxt dizlərimizin üstündə qazanmışıq... O çörəkdə indi də halal zəhmətimizin və göz nurumuzun izləri var...
Mən və Pünhan həmyaşıdıq, Daşdəmir bizdən beş-altı bayram böyükdür. Onu 1993-cü ildən tanıyıram. İlk gördüyüm gün mənə doğma adam təsiri bağışladı. Sağ olsun, bir böyük kimi tövsiyələrini əsirgəmədi. Bir növ, tez-tez onun zəhmət sığalı ilə qarşı-qarşıya gəldim. Mətin, halal insan kimi bərkiməyimdə onun rolu çoxdur...
İllər sonra Pünhan Şükürü tanıdım. İlk gördüyüm gün onun ləngərsiz vücudundakı surət mənə özümü xatırlatdı. “Tək səbir” qəzeti bizi doğmalaşdırdı. Onun da halal insan olduğunu sezdim. Ovuclarındakı zəhmət qabarları eyni ilə məndəki kimi idi.
Sonra Daşdəmir Əjdəroğlu Pünhan haqqında mənə sanballı fikirlər dedi. Hətta məsləhət gördü ki, bir-birimizdən muğayat olaq. İndi də onun bəzi dedikləri qulaqlarımda cingilti verir.
Bir yağışsız, dumansız payız günü Daşdəmir dedi:
– Mətbuatın duza gedən vaxtıdır. Sənə və Pünhana böyük etibarım və inamım var. Bir-birinizdən muğayat olun. İmkan verməyin yalın ağızlar, saxta təbəssümlər və boş başlar sizi ayrı-ayrı qayıqlara mindirsin. Çalışın, həmişə eyni cəbhədə “döyüşün”... Əmin olun ki, mənim də nəzərlərim həmişə üstünüzdə olacaq...
Daşdəmir Pünhana da, mənə də qardaş qədər doğma idi deyə onun bu həyat timsallı sözləri bizə həmişə örnək oldu. Biz həm onun, həm də içimizin işıqlı təpəri ilə bir-birimizə qarşı hədsiz səmimi olduq, bir-birimizin əlindən möhkəm yapışdıq.
İllər bizim üçümüzü də eyni missiyanın yorulmaz, sədaqətli əsgəri etdi. Nə xoş ki, Birinci Qarabağ müharibəsi dövründə də qələmimiz süngüyə çevrildi, Vətən müharibəsində də. Əminəm ki, bu ərəfələrdə qələmə aldıqlarımız bir əsgərin Vətən üçün qazandığı uğur qədər görkəm qazana bildi.
Çox şükür, bu gün də hər üçümüz halal yolla çörək qazanır, zəhmətimizin müqabilində həyat qayığımızı özümüzə aid dəryalarda sürə bilirik.
Daşdəmir mənim sənət örnəyim, Pünhan isə fəxrimdir...
Bu gün Pünhan qardaşımın ad günüdür. Minnətdaram ki, əvvəl necə idisə, indi də elədir. Onun səmimiyyəti mənim üçün indi də bir qazancdır...
Doğum günün mübarək, Pünhan! Sənə yalnız can sağlığı arzu edirəm. Canın sağ olsun ki, həyat qayığını içindəki arzulara sarı sürə biləsən!
Hörmətlə,
Hikmət Məlikzadə
Baxış sayı - 36 |
Yüklənmə tarixi: 02.09.2026 12:45