Həsən bəy Zərdabi: Ölümdən sonrakı ölümsüzlük - Vilayət Quliyev yazır

Azərbaycan Milli Mətbuatının banisi, görkəmli ziyalı Həsən bəy Zərdabinin anım günüdür.
MANERA.AZ bu münasibətilə professor Vilayət Quliyevin "Həsən bəy Zərdabi: Ölümdən sonrakı ölümsüzlük" yazısını təqdim edir.
Böyük şəxsiyyətlər təkcə öz həyatları və əməlləri ilə deyil, ölümləri ilə də mənsub olduqları milləti, ümumən insanları yaxınlaşdırmağı və birləşdirməyi, daha yaxşı gələcək uğrunda mübarizəyə səfərbər etməyi bacarırlar.
Azərbaycanın yaxın tarixi keçmişində itkinin yaratdığı belə ümummilli birliyin diqqətəlayiq nümunələri var. Amma tam əminliklə demək olar ki, xalqımız Böyük İnsanın ölümünün yaratdığı milli özünüdərk və birlik hissini ilk dəfə 1907-ci ilin 30 noyabrında yaşamış və nümayiş etdirmişdi.
Həmin gün Bakı Həsən bəy Zərdabi ilə vidalaşırdı. Bir az patetik səslənsə də, yazmalıyam: bəlkə də həmin gün “qara qızıl” işığına axışan, ölkənin bütün yeraltı, yerüstü sərvətlərini talayıb aparan yadellilər ilk dəfə Azərbaycan türklərinin həqiqi simasını görmüş, birliyi və yekdilliyi ilə üz-üzə gəlmişdilər. Bu torpağın həqiqi sahiblərini həqarətlə “tuzemsı”, “inorodtsı” adlandıran, onların dili, tarixi, milli və dini hissləri ilə saymazyanalıqla oynayan yadellilər xalqın laqeydlik və qəflət yuxusundan oyandığının ilk dəfə həmin gün şahidi olmuşdular. Milli kimliklərinin fərqinə varmadan saymazyana şəkildə “müsəlman” dedikləri kütlənin ümmətdən millətə çevrilmək yolunda çox ciddi addım atdığının fərqinə varmışdılar.
Yalnız həyatı boyu gördüyü faydalı, nəcib işlərlə deyil, ölümü ilə də milli birlik amalına rəvac verən, minlərlə həmvətənini bir araya gətirən “arıq, quru, arğaz qoca” - Həsən bəy Zərdabi siyasi xadim və partiya lideri kimi tanınmasa da, müstəqil Azərbaycan dövlətçiliyinə - Azərbaycan Cümhuriyyətinə aparan yolun ən mühüm bələdçilərindən, mayak isimlərindən birinə çevrilmişdi.
Xalq üçün təmənnasız çalışanların çoxunun taleyini yaşayan Həsən bəy də sağlığında həqiqi qiymətini ala bilməmişdi. “Təəssüf ki, bizim vətənimizdə həmişə olduğu kimi, bu dəfə də yada düşmək üçün mütləq ölmək lazım gəldi” - Zərdabini yaxından tanıyan dostu və həmkarı, “Kaspi” qəzetinin əməkdaşı A.Olendskinin yazdığı “qara yumora” bənzəyən bu sözlər nə qədər acı olsa da, həqiqət idi.
Zəngin yeraltı sərvətləri sayəsində Bakının cansıxıcı əyalət şəhərindən “neft və milyonlar səltənətinə” çevrilməsi Həsən bəyin gözləri önündə baş vermişdi. Xüsusən ölümündən sonra mətbuat səhifələrində dəfələrlə vurğulandığı kimi, o da istəsəydi, başqalarının yolu ilə gedər, “sarı iblisin” xidmətində dayanar, var-dövlət toplamağa qurşana bilərdi. Və təbii ki, Azərbaycan türkləri arasında Moskva Universitetini namizəd diplomu ilə birincilər sırasında bitirmiş hazırlıqlı, bacarıqlı gənc adını yaza bilməyən dünənki baqqallardan, çarvadarlardan, məşədilərdən daha uğurlu biznes qurar, qat-qat çox pul, sərvət qazanardı.
Amma Həsən bəy bütün həyatı boyu qazanmaqdan çox xərcləmişdi. Gücünü, ağlını, sağlamlığını millətinin “zindəganlıq davasında” məğlub olmaması, qonşu xalqlarla müqayisədə xar və zəlil günə düşməməsi üçün sərf etmişdi.
Əcnəbilərin meydan suladıqları Bakıda ona dəfələrlə “Müsəlman kütləsi üçün bu qədər dəridən-qabıqdan çıxmağa ehtiyac yoxdur. Çünki çəkdiyin əziyyət öz qiymətini almayacaq”, - deyə xəbərdarlıq etmiş, tutduğu yoldan, amal və inancından çəkindirməyə, bezdirib ruhdan salmağa çalışmışdılar.
Zərdabinin isə dəfələrlə üzləşdiyi bütün belə təsadüflər üçün ənənəvi cavabı vardı: “Öz zəhmətinə qiymət - yəni mükafat umma. Səni tərifləyib göylərə qaldıracaqlarını düşünmə. Xalq üçün işlə. Onda camaat ardınca gedəcək və sənin qədrini biləcək. Bunun üçün isə əvvəlcə xalqın inamını qazanmaq lazımdır”.
Prinsipcə, doğru fikirdir. Amma həyatda çox vaxt belə olmur. Gerçəkliyin oxşar təzahürü ilə həyatının sonunda Zərdabi də üzləşmişdi. Bir müddət “Kaspi” redaksiyasında birgə çalışdıqları ukraynalı jurnalist N.Bayzdrenkonun “Bakinets” qəzetinin 7 dekabr 1907-ci il tarixli sayında dərc etdirdiyi “Təzə qəbir önündə (Həsən bəy Məlikovun xatirəsinə)” adlı ibrətamiz məqaləsində yazdığı kimi, “Hər şeydən az özü haqqında düşünən, bütün həyatı boyu başqaları üçün işləyən adamı ömrünün son günlərində soyuq bir tənhalıq əhatə etmişdi”.
Həyatının son iki ili Zərdabi üçün xüsusən çətin, məşəqqətli keçmişdi. Ağır skleroz xəstəliyindən əziyyət çəkirdi. 1906-cı ilin yazında isə beyninə qan sızmış, bədəninin bir tərəfini iflic vurmuşdu. Minnətdarlıq hissinin ifadəsində həmişə xüsusi xəsisliyi ilə seçilən Azərbaycan cəmiyyətində Həsən bəy xidmətlərinin etiraf edilməsi, qiymətləndirilməsi əvəzinə laqeydlik, biganəlik və saymazyanalıqla üzləşmişdi. İş o yerə çatmışdı ki, qurucularından biri olduğu “Kaspi” redaksiyası da etibarlı, zəhmətkeş müəllifini unutmuşdu. Ailəsinin başı üzərindən redaksiyanın verdiyi mənzildən çıxarılmaq təhlükəsi asılmışdı.
“Onun qüvvəsi zəifləyir, iş qabiliyyəti azalırdı. Lakin prinsiplərinə sadiq olan qoca və xəstə Həsən bəy yenə işə can atırdı.
Amma daha onun işinə bir ehtiyac duymurdular. Həsən bəyin hər gün sakitcə redaksiyaya gəlməsinə, məzlum, fağır görkəminə, sanki məzəmmət dolu sönük baxışlarına ürək ağrısı və göz yaşı olmadan baxmaq mümkün deyildi. Ona münasibətdə müasir həyatın acı gerçəklərini hiss etmək daha çətin idi”, - deyə Zərdabinin doğma xalqı üçün kimliyini həmvətənlərinin çoxundan daha yaxşı anlayan N.Bayzdrenko yazırdı.
Bəlkə də həmvətənlərinin diqqətli, şəfqətli münasibəti həyatını sərvət toplamağa deyil, xalqa xidmətə həsr etmiş arxasız, kövrək qocanın vəziyyətini yüngülləşdirə, dərdlərinə təsəlli ola bilərdi. Əvəzində isə başqa, milli mentalitetimiz üçün o qədər də gözlənilməz olmayan şeylər baş verirdi. “Hamı məni unudub, hamı məni atıb! - deyə Həsən bəy həyatının son günlərində yaxınlarına tez-tez şikayət edirmiş. Heç kəs gəlmir, heç kəs baş çəkmir, heç kəs maraqlanmır. Bax, heç qəzet (“Kaspi” nəzərdə tutulur -V.Q.) də göndərməyiblər”.
Qiyməti bir neçə qəpik olan qəzetin əsirgəndiyi şəxs Azərbaycan mətbuatının təməlini qoymuşdu. Teatr tamaşalarına dəvət olunması unudulan şəxs Azərbaycan teatrının banisi idi. Azərbaycan müəllimlərin 1906-cı ildə keçirilən II qurultayında ehtiyatsız bir sözünə görə məsxərəyə qoyulan şəxs müasir milli təhsil sisteminin qurucularından biri, həqiqi xalq müəllimi idi.
“Daşə dersəm eşidər, sonra verər əks-səda, Daşa dönmüşlərə əks eyləmədi fəryadım!” - deyən Məhəmməd Hadinin dərdli sözləri tək özünün yox, bir sıra ünlü müasirlərinin də ağrı-acısını, faciəsini əks etdirirdi.
Yəqin ki, digər dünya ölkələri ilə müqayisədə Azərbaycanda yaradıcı insanlar şəxslərinə, sənətlərinə, talelərinə qarşı bu laqeydliyi hər zaman hiss ediblər...
Skleroza mübtəla olduğu 1905-ci ildə ailəsinin, yaxınlarının kəskin etirazına baxmayaraq namizədliyini uzun illər fəal, ən əsası isə vicdanlı, “satılmayan” qlasnılarından olduğu Bakı Duması üzvlüyünə vermişdi. Təbii ki, seçilməmişdi. Adını bütün bülletenlərdən pozmuşdular. Əslində vəziyyəti başa düşmək mümkün idi. Xəstəliyi səbəbindən fərqinə varmasa da, səhhətinin belə ağır durumunda şəhərin qanunverici orqanında fəaliyyət göstərə bilməzdi. Amma başqa həqiqət də vardı. İllər boyu Dumada azərbaycanlı əhalini ağzını açıb danışmayan, daha doğrusu buna qabiliyyəti çatmayan məşədilər, hacılar təmsil etmişdilər. Onlarla müqayisədə xəstəlik nəticəsində fikirlərini aydın, açıq deyə bilməyən Zərdabi təkcə bioqrafiyası, əməlləri və xarizması ilə Bakı Dumasına şərəf gətirə bilərdi.
Ailəsi seçkilərin nəticələrini hər vasitə ilə gizlədirdi. O isə tez-tez “Dumanın iclasına getmək lazımdır!” - deyə inadkarlıq göstərirdi. Hənifə xanımın xatırladığına görə belə məqamlarda Həsən bəyi evdə saxlamaq üçün bütün fantaziyalarını işə salmalı olurdular. Eyni zamanda özlərini onun halına göz yaşı axıtmaqdan da saxlaya bilmirdilər.
Amma tamamilə bədbinliyə qapılmağa da əsas yox idi. Taleyin bütün ağrı-acılarına baxmayaraq Həsən bəy böyük zəhmətinin barını, nəticəsini görə bilmişdi. Ömrünün son illərində həyatını həsr etdiyi idealların gerçəkləşməsinin, səpdiyi mədəniyyət və maarif toxumlarının cücərib kök atmasının şahidi olmuşdu.
“Əkinçi” və “Həyat”ı, “İrşad” və “Füyuzat”ı ərsəyə gətirmiş, zəmanə “Molla Nəsrəddin”i yetirmişdi. Milli teatr və yeni dünyəvi məktəblər şəbəkəsi yaranmışdı. Xeyriyyə cəmiyyətləri çoxalmış, kitab nəşri genişlənmiş, xalq maarifi sahəsində bəlli uğurlar qazanılmışdı. Rusiyaya və Avropaya ali təhsil ardınca gedənlərin sayı artmışdı. Milli duyğu və düşüncə hissi cəmiyyətin daha geniş hissəsini sarmışdı.
Bütün bunlar qoca və xəstə Zərdabiyə fiziki gücsüzlüyünü, özünə dərd elədiyi nisbi fəaliyyətsizliyi unutduran məlhəmlər idi. “Ömrünün qürubuna yaxınlaşdığı günlərdə atam üçün ən böyük təsəlli və yüngüllük fəaliyyətinin başlanğıcında olduğu kimi tək-tənha qalmaması idi. Onun təkbaşına başladığı işə, niyyət və vəsiyyətlərinə sadiq olan sevimli şagirdləri əhatə etmişdi. O, artıq xalqın çoxəsrlik cəhalət yuxusundan ayıldığını, öz müdafiəsinə qalxdığını görürdü” - deyən qızı Qəribsoltan Məlikovanın sözlərində həqiqət vardı.
Amma o da həqiqət idi ki, davamçılarının artdığı bir dövrdə Həsən bəy Zərdabi millət məclislərində sayılıb-seçilmək, şükran və minnətdarlıqla önə çəkilib başda oturdulmaq əvəzinə sayğısızlıqla arxa plana sıxışdırılmış, cəmiyyətin mənəvi Olimpində halal yerinə, mövqeyinə sahib çıxa bilməmişdi.
Ölümü ilə bu yanlışlığı müvəqqəti də olsa, aradan qaldırdı.
Bakının çoxəsrlik tarixində ilk dəfə rast gəlinən və milli iradənin ifadəsinə çevrilən izdihamlı dəfn mərasimi xalqın gecikmiş qədirşünaslıq aktı kimi Həsən bəyin bütün həyatını verdiyi nəcib işlərin ən böyük mükafatı idi.
Həqiqətən də tarixi hadisə sayılacaq dəfn ssenarisi əvvəlcədən hazırlanan mərasim deyildi. Əlbəttə, müəyyən təşkilatçılıq ünsürləri vardı. Qabağa düşüb yol göstərənlər, məsuliyyəti çiyninə götürənlər olmuşdu. Lakin minlərlə insan soyuq, küləkli noyabr günü Bakının mərkəzindən Şıx kəndinə qədər yolu pay-piyada kiminsə tapşırığı, nəzarəti ilə deyil, öz ürəklərinin hökmü ilə getmişdi.
Zərdabinin dəfn günü şəhərin müxtəlif yerlərində bir neçə izdihamlı matəm mitinqi keçirilmişdi. Bu, təkcə soydaşlarının Böyük Əkinçiyə gecikmiş minnətdarlığının ifadəsi deyildi. Bəlkə də izdihamlı dəfn mərasimi müəyyən mənada həm də bir güc göstərisi, milli hiss və mədəniyyət nümayişi idi. Sanki Azərbaycan türkü öz Böyük Ölüsünü simvola çevirərək gec də olsa, onun ruhu ətrafında birləşə bildiyini, ulularının xatirəsinə ehtiramda dünyanın mədəni xalqları ilə ayaqlaşdığını bəyan edirdi. Kimin səyi, öndərliyi ilə bu günə gəlib çıxdığını qədirşünaslıqla anır, haqqını ortaya qoymaqda qərarlı, israrlı olduğunu göstərirdi. Həsən bəy ölümü ilə də millətini ucaltmış, ayaqda saxlamışdı.
1907-ci il noyabrın sonu - dekabrın ilk günlərində Zərdabinin vəfatı və dəfni həm Azərbaycan, həm də rus dilində nəşr olunan Bakı qəzetlərinin əsas mövzusuna çevrilmişdi. Portreti və başsağlığı elanları ilk və son səhifələri tutmuşdu.
Zərdabinin vəfatının 100 illiyi münasibəti ilə professor Ş.Hüseynovun 2007-ci ildə “525-ci qəzet”in 24 noyabr-15 dekabr tarixli saylarında çap etdirdiyi “Tarixi bir dəfn mərasimi” adlı silsilə yazılar böyük şəxsiyyətin ölümü və yasının dövrün ana dilli mətbuatındakı əks-sədası barədə dolğun təəssürat yaradır. “İrşad” və “Tazə həyat” qəzetlərindən, “Molla Nəsrəddin” məcmuəsindən yeni, qiymətli materialları ilk dəfə elmi dövriyyəyə daxil etməklə ömrünün ixtiyar çağında da yorulmadan, gənclik eşqi ilə çalışdığını göstərən Şirməmməd müəllim həqiqətən nəcib, gərəkli iş görmüşdür. Rusdilli Bakı mətbuatı, Volqaboyundakı tatar, habelə Peterburq qəzetləri də kədərli hadisəyə laqeyd qalmamışdı. Bu yazıda Zərdabinin ehtişamlı dəfn mərasimini, ölümünün doğurduğu acı təəssüratları həm Azərbaycan, həm də rus mətbuatının timsalında nəzərdən keçirməyə çalışacağam.
Sanki yalnız Zərdabinin ölümündən sonra Azərbaycan türkü kimi itirdiyinin fərqinə varmışdı. Həmin günə kimi Həsən bəyə bəlkə də “sadəcə öz işini görən” yaxud “işini görüb qurtarmış” adam kimi baxırdılar. Yalnız fiziki itki onun böyüklüyünü, əvəzedilməzliyini bütün kəskinliyi ilə üzə çıxardı.
O zaman artıq 21 yaşı olan və Bakıdakı III rus-müsəlman qız məktəbində müəllim işləyən sonbeşik övladı Qəribsoltan Məlikova xatırlayirdi: “Şəhərin tanınmış adamları mərhuma son borclarını vermək üçün tabutunun yanında cərgə ilə dayanmışdılar. Sifətlərində nəcib kədər ifadəsi vardı. Arxada isə üzlərini dərin qırışlar basmış, gözlərindən sonsuz ehtiyac və əzab oxunan bütöv bir insan dənizi dalğalanmaqda idi. İnsan iztirabı və yanğısı bütün təbiiliyi və səmimiliyi ilə məhz onların üzlərində sezilməkdə idi. Bu zavallı adamlar yalnız indi öz sədaqətli dostu və alovlu müdafiəçisi ilə həmişəlik vidalaşdıqlarının fərqinə varmışdılar”.
Zərdabi ilə vida anlarında yalnız qızına, digər yaxın və doğmalarına deyil, kədərli mərasimin əksər iştirakçılarına aydın olmuşdu ki, mərhumun “əməlləri bəzənib-düzənmiş, bəlağətli sözlərlə danışmağı bacaran nücəbanın arxasında dayanmış sadə adamların ürəklərində həqiqi əks-sədasını tapıb. Nücəbanın çoxu isə həyatlarının hər saatı talelərinə məhrumiyyət və binəsiblik yazılanlara, sadəcə dəfn günü özlərinin necə qiymətli bir həmdərd və hami itirdiklərini anlayanlara laqeyd nəzərlərlə baxmaqdan başqa heç bir şeyə qabil deyildi...”
1896-cı ildə könüllü-məcburi Zərdab sürgünündən Bakıya dönən Həsən bəy yenidən çoxcəhətli ictimai fəaliyyət meydanına atılmışdı. Bir il sonra kürəkəni Əlimərdan bəy Topçubaşovun “Kaspi” qəzetini milyonçu H.Z.Tağıyevdən icarəyə götürərək nəşrin ilk azərbaycanlı redaktoru kimi yenidən qəzetçiliyə qayıtmasına təkan vermişdi.
Zərdabi faktiki olaraq “Kaspi”nin redaksiya müdiri və ikinci redaktoru idi. Həmkarı N.Bayzdrenkonun yazdığı kimi, “canını bu yolda qoyur, ictimai fikrin məcmusunu öz şəxsiyyəti və fəaliyyəti ilə əks etdirirdi”. Qəzetin tədricən milli mövzulara üstünlük verməsi və cəmiyyətdə “müsəlman “Kaspi”si” kimi tanınmağa başlaması da daha çox onun adı ilə bağlı idi. Ana dilli mətbuatın yoxluğu şəraitində Zərdabi “Əkinçi” ənənələrini rusdilli “Kaspi”də davam etdirməyə çalışırdı.
Bakıda heç bir əmlakı olmadığından Həsən bəy qəzet redaksiyasının kirayə etdiyi mənzildə yaşayırdı. Bina Təzəpir məscidinin yaxınlığında, Staraya Poçtovaya (indiki Süleyman Tağızadə - V.Q.) küçəsində, H.Z.Tağıyevin mülklərindən birində yerləşirdi. “Bu mənzil onun qəzetdəki işi ilə bağlı idi; necə deyərlər, əmək haqqına kiçik əlavə idi” (N.Bayzdrenko).
Lakin altı otağın altısını da Həsən bəyin və ailə üzvlərinin tutduğunu düşünmək düzgün olmazdı. “Bu otaqlar həmişə evimizdə nahar eləyən, gecəni burada keçirən kənar adamlarla dolu olurdu. Onlar ya ailəmizin saysız-hesabsız qonaqları, ya da işləri ilə bağlı Bakıya, atamın yanına gələn tanış kəndlilər idilər”, - deyə qızı Q.Məlikova “Atam haqqında xatirələr”də yazırdı. Yenə də Qəribsoltan xanımın şahidliyinə görə 1897-ci ildə Bakıya səfər edən yazıçı Maksim Qorki və məşhur müğənni Fyodr Şalyapin də bu evdə qonaq olmuş, hətta şərəflərinə verilən ziyafət zamanı sonuncu bir neçə rus romansı oxumuşdu.
Bundan başqa, Həsən bəy mənzilində pansionat düzəltmişdi. Burada xanımı Hənifə Abayeva azərbaycanlı uşaqları məktəb və gimnaziyalara imtahana hazırlaşdırırdı. Mənzil-pansionatda yaşayıb təhsil alan oğlan uşaqlarının sayının on nəfərə çatdığı vaxtlar da olmuşdu.
1907-ci il noyabrın 28-də çərşənbə günü səhər saat 11-də Həsən bəy gözünü bu mənzildə əbədi yummuşdu. Ölümündən bir gün əvvəl ailə üzvlərinin bütün etirazlarına baxmayaraq, sanki vidalaşmaq üçün sonuncu dəfə “Kaspi” redaksiyasına getmiş, gününün çox hissəsini orada keçirmişdi.
Böyük itkiyə ilk reaksiya Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan “İrşad”da verilmişdi. Qəzetin 29 noyabr tarixli 121-ci sayında Zərdabinin müxtəsər tərcümeyi-halı çap olunmuşdu. E.S-zadə adlı müəllifin yazdığı kiçik nekroloqda Həsən bəy “cümlə Qafqaz cəmaətinə və Rusiya müsəlmanlarına məşhur olan şəxsiyyət” və “əbulmühərririn” (jurnalistlərin atası - V.Q.) adlandırılırdı.
“İrşad”ın həmin sayında müəllim Şeyxzadənin “Vəfat” adlı yazısı da dərc edilmişdi. “İdarədən” adlı qeyddə isə “Maarif və ürfanımızın, hissi - milliyəmizin təxtinin başı və sərkərdəsi olan və şimdi bivəfa millətimizin yadından çıxıb əziyyətli bir azardan sonra üsrət (ehtiyac - V.Q.) və fəlakətzadəlik halında mərhum olan azadeyi-dil, millətpərəst, həmiyyətpərvər Həsən bəy Məlikovun vəfatı o dərəcədə bizi qəm və ələmə düçar etmiş ki, bu gün o mərhumi-məğfurun barəsində daha bir artıq şeyi yazacaq halımız yoxdur” - deyilir, bunun ardınca da “ürəfa və danişməndlərin bir yerə cəm olub” anma mərasimini mərhumun adına layiq, bütün Qafqaz səviyyəsində təşkil etmək qərarına gəldikləri bildirilirdi.
Noyabrın 29-da səhərdən başlayaraq Həsən bəyin mənzilinə sözün həqiqi mənasında bir insan axını başlamışdı. “Dəfn mərasiminə gələn adamların çoxluğu az qala bütün şəhərin bura toplaşması təəssüratını yaradırdı” (Q.Məlikova). Mərhumun sadə, dəbdəbəsiz dəfn mərasimi barəsindəki vəsiyyətinə əməl edilməyəcəyi elə ilk saatlardan aşkara çıxdı. “Ənənələr və Həsən bəyin şəxsiyyətinə böyük ehtiram üstün gəldi. Cəmiyyət onun sakit, səssiz-küysüz, təntənəsiz dəfn istəyinə əməl edə bilmədi” - bu barədə “Kaspi” qəzeti dekabrın 1-də “Həsən bəy Məlikovun dəfni” adlı redaksiya məqaləsində yazmışdı.
“Otağa bir ucdan əklillər gətirirdilər, - deyə Qəribsoltan xanım xatırlayırdı. - Onlar üzərində təsəlli sözləri yazılmış enli lentlərlə çevrələnmişdi. O qədər çox əklil vardı ki, yığıb-yığışdırmaq mümkün deyildi”.
Həsən bəyin vəfatı ilə böyük qızı Pəri xanımın əri Əlimərdan bəy tək öz sülaləsinin deyil, həm də Məlikovlar nəslinin ağsaqqalına çevrilmişdi. Lakin həmin günlərdə o, III Dövlət Duması Müsəlman fraksiyası bürosunun rəhbəri kimi Peterburqda olduğundan dəfnin təşkili Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Haşım bəy Vəzirov və b. tanınmış ziyalılar, milli mətbuat nümayəndələrinin üzərinə düşmüşdü. Bakı Duması, “Nicat” maarif cəmiyyəti, “Kaspi” redaksiyası, habelə rus və Azərbaycan dillərində nəşr olunan digər qəzet və məcmuələrin nümayəndələri, müəllimlər və tələbələr, mətbəə fəhlələri bu işdə onların yaxın köməkçiləri idilər.
Müsəlman ənənəsinə görə mərhum adətən vəfat etdiyi gün torpağa tapşırılsa da, Həsən bəylə vidalaşmaq istəyənlərin kütləviliyini və tədbirlərin çoxluğunu nəzərə alaraq dəfn mərasimi noyabrın 30-na, islam aləmində xüsusilə önəmli sayılan cümə gününə təyin edilmişdi. Həmin gün səhərdən Zərdabi ailəsinin yaşadığı Staraya Poçtovaya (indiki Süleyman Tağızadə küçəsi - V.Q.) və ətrafda küçələr, dalanlar, meydanlar adamlarla dolu idi. İzdiham çoxmillətli idi. Çoxluğu Azərbaycan türkləri təşkil edirdilər. Amma çoxmillətli Bakıdakı digər xalqların və dinlərin təmsilçiləri arasında da Həsən bəyə son borclarını verməyə gələnlər az deyildilər.
Zərdabinin ölü namazı Qasım bəy məscidində qılınmalı idi. 1896-cı ildə azərbaycanlı memar Məşədi Mirzə Qafar İsmayılovun layihəsi əsasında keçmiş Karantinnaya (indiki Həzi Aslanov - V.Q.) küçəsində inşa edilmiş məscidin şəhərin əsas magistrallarından olan Bazarnaya (indiki Azərbaycan prospekti - V.Q.) küçəsinə çıxışı vardı. Zərdabilərin mənzilindən başlayaraq Qasım bəy məscidinə qədər, habelə Bazar küçəsi ilə “Kaspi” redaksiyasına (indiki Sabir bağı - V.Q.) qədər Bakıdakı bütün rus-müsəlman məktəblərinin (o dövrdə şəhərdə əsasını Həsən bəyin qoyduğu 11 belə məktəb vardı -V.Q.) şagirdləri yolun hər iki tərəfində sıra ilə düzülmüşdülər. Direktor İ.V.Depreverin rəhbərliyi altında Bakı real məktəbinin “müsəlman” şagirdləri də onlara qoşulmuşdu.
Bu yaxşı düşünülmüş simvolik aksiya idi. Adətən böyük şəxsiyyətlərin dəfni zamanı əsgər və zabitlər fəxri qarovulda dayanırlar. O zaman Azərbaycanın ünlü generalları olsa da, ordusu yox idi. Amma Həsən bəyi tam əsasla maarif ordumuzun komandanı saymaq olardı. Müəllim və şagirdlər onun son məzar evinə yola salındığı küçələrdə fəxri qarovulda dayanmağı özlərinə şərəf bilirdilər.
Mənzilə gətirilən çoxsaylı əklillər divar boyu düzülmüşdü. Tabutun üzərinə bahalı şallar və matəm lentləri salınmışdı. Təzə-tər çiçəklərdən hazırlanan əklil lentlərində ayrı-ayrı şəxslərin, ictimai təşkilatların, tədris müəssisələrinin və s. adları, mərhuma ünvanlanmış vida sözləri yazılmışdı.
“Kaspi”dəki məqalədən “müsəlman müəllimlərin dəfn mərasiminə mərhumun tərcümeyi-halı həkk olunmuş gümüş büvuar, müsəlman dram truppasının gümüş lira, “İrşad” qəzeti redaksiyasının Qafqazda ilk türk qəzeti “Əkinçi”nin güllərlə çevrələnmiş və qızılı çərçivəyə salınmış ilk sayını, müsəlman gimnazistlərin Həsən bəyin qara haşiyəli böyük portretini gətirdiklərini” öyrənirik.
Şübhəsiz, daha çox Qərbə xas olan bu atributlar dövrün ənənəvi müsəlman dəfn mərasimləri üçün qeyri-səciyyəvi və gözlənilməz idi. Azərbaycanın mədəni-ictimai həyatına çoxlu yeniliklər gətirmiş Həsən bəyin son mənzilə yola salınmasının məhz belə müasir formada təşkili onun şəxsiyyətinə və əməllərinə bəslənən minnətdarlıq, şükran duyğularının ifadəsi sayıla bilərdi.
Saat 10-da ziyalıların və yüksək rütbəli din xadimlərinin müşayiəti ilə Zərdabinin cənazəsi Qasım bəy məscidinə gətirildi. İzdiham yalnız məscidin içərisini və həyətini deyil, ətraf küçələri də doldurmuşdu. Burada Bakı quberniya qazısı, Qurani-Kərimin Azərbaycan türkcəsinə ilk təfsirçisi Mir Məhəmməd Kərim ağanın rəhbərliyi və şəhərin ən tanınmış ilahiyyatçılarının iştirakı ilə ölü namazı qılındı, mərhumun ruhuna dualar oxundu.
İlk izdihamlı mitinq məscidin həyətində keçirildi. Qeyri-rəsmi “dəfn komissiyasının” rəhbəri kimi mitinqi açan “İrşad” redaktoru Ə.Ağayev Azərbaycan türkcəsi, tanınmış həkim və ictimai xadim Q.Qarabəyov isə rus dilində nitq söylədilər. Daha sonra Bakı şəhər bələdiyyəsinin rəisi N.V.Rayevski, “Füyuzat” məcmuəsinin redaktoru Ə.Hüseynzadə, “Nicat” xeyriyyə cəmiyyəti adından M.Ə.Rəsulzadə, din xadimləri adından Axund Molla Ağa Qazızadə, müəllimlər adından M.H.Əfəndiyev, “Nəşri-Maarif” cəmiyyəti adından İ.Məlikov (məşhur fransız şərqşünası İren Melikoffun atası - V.Q.), Bakıdakı gürcü icması adından M.A.Nasadze çıxış etdilər.
Gözəl natiqlik məharəti ilə tanınan Ə.Ağayev nitqində Həsən bəy Zərdabinin millət qarşısındakı xidmətlərindən bəhs edərək demişdi: “Tam 50 il bundan əvvəl, yəni o vaxtlar ki, Qafqaz dairəsində elm və fənn nə olduğuna etina belə olunmuyordu, Həsən bəy mərhum Moskva şəhərinə gedib orada Darülfünunda təhsil etməyə bəzli-himmət etmiş, sonra öz vilayəti olan Badikubəyə mühacirət etmişdi. Badikubəyə qayıdıb da bu mərhum nəyə məşğul olmuş? Yerlər qəsb etməyə? Dövlət qazanmağa? İsmi-rəsm, şöhrət və pul qazanmağa? Xeyr! Xeyr! Müəllimlik edib öz həmcinsi və qövmü olan taifəni düçar olduğu cəhalətdən, zülmətdən xilas etməyə!”
Təmənnasız xidməti müqabilində Həsən bəy nə qazanmışdı? Əhməd bəy izdihamın təəssüf nidaları və göz yaşları ilə dinlənilən matəm nitqində bu suala da cavab vermişdi: “Ən əvvəlinci tən və sərzəniş idi ki, ona edirdik, onun kasıblığı və biçizliyi (yoxsulluğu - V.Q.) idi! Ağzını açıb danışanda biz ona deyirdik: Kəs səsüvü! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə, biz millətə müftə qulluq etməyə sərf edirdi. Lakin bu mücahid, bu millətpərəst bizim heç bir cövrü cəfamızdan geri durmayıb öz tutduğu yolunda qəribə bir səbat ilə davam edib milləti ayıltmaq işi ilə, taifəsinə xidmət etmək üçün cümlə səyi-bəzl edirdi”.
Q.Qarabəyovun daha çox rus məmurları və dəfndə iştirak edən digər millətlərin nümayəndələri üçün nəzərdə tutulmuş rusca nitqində fəaliyyətinin bütün genişliyi və çoxcəhətliliyi ilə Zərdabinin görümlü portreti yaradılmışdı. Natiq Puşkinin Lomonosov haqqında dediyi “O, ilk rus universitetini yaratdı. O, əslində bizim ilk universitetimiz oldu” sözlərini Həsən bəyə şamil edərək mərhumu sadəcə ilk azərbaycanlı universitet məzunu deyil, bütünlükdə Azərbaycan xalqının ilk universiteti kimi səciyyələndirmişdi.
“Elə bir müsəlman ziyalısı tapılmaz ki, bizim ən qocaman müsəlman ziyalımız və həqiqi universitetimiz olan Həsən bəyə müraciət etməsin, ondan məsləhət almasın. O, qəflət yuxusuna dalmış müsəlmanların ilk oyadıcısı idi. O, ilk qəzeti yaratmışdı. O, ilk müsəlman teatr truppasını təşkil etmişdi. O, ilk rus-müsəlman məktəblərinin açılmasına səy göstərmişdi. O, ilk dəfə müsəlman gəncliyini məktəblərə, maarifə səsləmişdi”, - deyə doktor Q.Qarabəyov Zərdabinin milli ictimai-siyasi və mədəniyyət tarixindəki yerini aydınlaşdırmağa çalışmışdı.
“İctimai fəaliyyətin dar senzura çərçivəsinə salındığı bir şəraitdə Həsən bəyin müsəlmanlar üçün gördüyü işlərin hamısını sadalamaq imkan xaricindədir – sözləri ilə çıxışına davam edən natiq az öncə ağsaqqal ədiblərini itirmiş gürcülərlə oxşar vəziyyətə düşən Azərbaycan türkləri arasında maraqlı analogiya da aparmışdı. Qara bəy “Lap bu yaxınlarda bütün Gürcüstan qocaman publisist və ictimai xadim knyaz Çavçavadzeni itirdiyinə görə yasa qərq olmuşdu. Biz müsəlmanlar həmin dərdə şərik çıxmışdıq. İndi eyni müsibət bizim - təcrübəli və müdrik ağsaqqalını itirmiş müsəlmanların da başına gəldi”, - deyə iki qonşu xalqın çox mühüm bir dövrdəki bənzər taleyindən və kədərindən danışmışdı.
Natiq həyatının son illərində milli simvola çevrilmiş Çavçavadzedən fərqli olaraq Zərdabinin unudulmasını, layiq olduğu ucalıqda tutulmamasını cəmiyyətin və milli ziyalıların ən böyük üz qarası hesab edirdi: “Qocaman ədibimizi əlimizdən aldığına görə Allahdan şikayətçi deyilik. Bəlkə də vaxtı çatmışdı. Onun yoxsulluq içərisində vəfat etməsi də bizi kədərləndirmir. Bizi ən çox qüssə və ələmə qərq edən Həsən bəy xəstəliyi ucbatından ictimai fəaliyyət sahəsindən uzaqlaşdığı zaman onu unutmağımızdır. Heç birimiz ona baş çəkməyə getmədik. Şəhər nümayəndələri də sayğısızlıq göstərdilər”. Doktor Q.Qarabəyov çıxışının sonunda millətin gələcək tərəqqisi naminə hər bir ziyalının Həsən bəy kimi özünü, şəxsi həyatını, rahatlığını unudaraq bütünlüklə xalqın qayğı və dərdləri ilə yaşamasının zəruriliyini vurğulayır, yolunun davam etdiriləcəyinə əminliyini bildirirdi.
Bakıdakı gürcü icmasının nümayəndəsi M.A.Nasadzenin ana dilində söylədiyi “ehtiraslı və coşqun” (epitetlər “Kaspi” müəllifinə məxsusdur - V.Q.) matəm nitqinin əsas qayəsini də iki qonşu xalqın - Azərbaycan türkləri ilə gürcülərin həm xoş gündə, həm də fəlakət anında birlikdə olmaları ideyası təşkil edirdi.
Bakı şəhər bələdiyyəsinin rəisi M.Rayevski çıxışında bildirmişdi ki, “burada təzə adam olmasına və mərhumu heç vaxt görməməsinə baxmayaraq” onun haqqında çox oxuyub, çox eşidib. Həmişə də Həsən bəyin düzlüyünə, sabitliyinə, tükənməz enerjisinə heyran qalıb. “Həsən bəyin Duma iclaslarındakı nitqləri və replikaları olmasaydı, Bakının özünüidarə məsələlərindən baş çıxarmaq imkan xaricində qalan bir məsələyə çevrilərdi”, - deyə səmimi etirafını bildirən dövlət rəsmisi nitqinə belə yekun vurmuşdu: “Onun nəyi vardısa hamısını cəmiyyətə verdi. Həsən bəyin prinsipi belə idi: özüm üçün heç nə, cəmiyyət üçün hər şey!”
Ə.Hüseynzadə qaranlıq milli mühitdə parlaq məşələ bənzətdiyi Zərdabinin dəfnini doqquz yüz il əvvəl dünya ilə vidalaşan fars şairi Firdovsinin son mənzilə yola salınması ilə müqayisə etmişdi. Firdovsinin cənazəsini Tusun qərb səmtindəki darvazadan çıxarıb qəbiristanlığa aparanda şəhərin şərq darvazasından qüdrətli türk hökmdarı Sultan Mahmud Qəznəvinin şairə bəxşiş göndərdiyi qızıl yüklü dəvə karvanı daxil olmuşdu. “İştə Həsən bəy də meydani-mühibb həyatın məqrib qapısından çıxır. Əcəba məşriqdən gələn nədir? Bu məşriqdən gələn cövhərat karvanı deyildir. Ziyayi-mədəniyyətdir gəlir! İştə Həsən bəyin qəlbpərvərdəsi olan mədəniyyət ziyası budur həyatımıza daxil oluyor!”
“Əli bəyin bu şairanə nitqindən cəmaət artıq mütəəssir olub bir çoxlarında ağlamaq müşahidə olundu” - deyə “İrşad”ın dəfn mərasimini işıqlandıran müxbiri səmimi təəccüb və heyrətini gizlətməmişdi.
M.Ə.Rəsulzadənin matəm mitinqindəki çıxışı daha çox siyasi notlar üzərində köklənmişdi. O, Zərdabinin onilliklər boyu təkbaşına apardığı mübarizəni yüksək qiymətləndirməklə yanaşı Azərbaycan cəmiyyətinin öz layiqli gələcəyini təmin etmək baxımından artıq xahişdən tələbə, maarifçilik fəaliyyəti və siyasi mübarizəyə keçmək zərurəti üzərində daha geniş dayanmışdı. “İştə cəmaəti bu dərəcəyə çatdırmaq, öz həqqini alacaq mərtəbəyə yetirmək üçün onun gözlərini açmaq, haqqı və batili ona bildirmək lazımdır. Dəyər ki, cəmaət öz həqq və ixtiyarını, öz bacarıq və gücünü bilsin, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz. Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər. İştə bu yolda da təşyisinə (dəfninə - V.Q.) yığışdığımız bu mərhum işləyib ömrünü keçirmişdir. İştə bu qoca ədib də haman cəmaətin hər dərdinə dərman olan ürfan toxumları səpmişdir” -sözləri ilə nitqinə yekun vurmuşdu.
“Nəşri-maarif” adından çıxış edən İskəndər bəy Məlikov cəmiyyətin “Həsən bəyin namına olaraq üç nəfər şagird oxudacağını” bəyan etmişdi.
Cənazə törəni Bazar küçəsi ilə Nikolay (indiki İstiqlaliyyət - V.Q.) küçəsinə doğru irəliləmişdi. İkinci matəm mitinqi Sabir bağında, mərhumun uzun illər çalışdığı və 1918-ci ilin Mart soyqırımında daşnakların yandırdığı redaksiya binasının önündə keçirilmişdi. Burada “Kaspi”nin əməkdaşı A.Olendski, “Tazə həyat” qəzetinin redaktoru H.Vəzirov, mürəttib S.Kuinci çıxış etmişdilər.
A.Olendski səmimi və təsirli nitqində qocaman qələm dostunun həyat yoluna nəzər salaraq demişdi: “O, ilk dəfə Bakıya gələndə bura şəhərdən çox kəndi xatırladırdı. Yeraltı milyonların mövcudluğu hələ heç kəsin ağlına gəlmirdi.
Əgər həmin vaxt Həsən bəy bilik və bacarığını pul qazanmağa sərf etsəydi, indi onu həyatının son illərini yaşadığı sadə mənzildən deyil, neftin son vaxtlarda səxavətlə Bakı küçələrinə səpələdiyi sarayların ən şahanəsindən götürərdilər.
Yəqin ki, belə olsaydı mərhumun dəfninə çox, bəlkə indikindən daha çox adam gələrdi. Lakin biz onların içərisində xalqa nəfəs çəkməyə imkan verilmədiyi dövrdə belə həqiqi xeyirxahlarının kim olduğunu yaxşı başa düşən bu yüzlərlə kədərli uşaq çöhrəsini görə bilməzdik”.
Zərdabinin dəfni günü A.Olendskinin Azərbaycan ziyalılarına, milli və dini mənsubiyyətindən asılı olmayaraq Bakı ictimaiyyətinə ünvanladığı cavabsız suallar da yetərincə kəskin və aktual idi:
“Niyə o, qırx il əvvəl ana dilində yazmaq və çap olunmaq, insanlara işıq və xeyirxahlıq gətirmək fikrinə düşəndən bəri tək qalmışdı?
Niyə o yalnız indi şəhərimizin hər tərəfinə yayılan, cavan nəsillərin qəlbini isidən, ürəklərinə təpər verən günəş şüalarının mövcudluğu uğrunda uzun müddət təkbaşına mübarizə aparmalı olmuşdu?
Niyə o uzun illər şəhər idarəsindəki özbaşınalıqlara, şəhərin talan edilməsinə, vicdanın kompromislərə qurban verilməsinə qarşı təkbaşına çarpışmalı idi?”
Lakin polyak əsilli jurnalist kədərli mərasimdəki çıxışına nikbin notlarla yekun vurmağa da əsas tapmışdı:
“Öz hüdudsuz fəaliyyəti ilə Həsən bəy zəiflərin müdrikliyindən doğan “Tək əldən səs çıxmaz” aforizminin həqiqət olmadığını sübut etdi.
Yox, ruhən güclü olanlar təklikdə də qüvvədirlər!”
Haşım bəy Vəzirov ana dilində söylədiyi nitqdə Zərdabinin “müsəlman cəmiyyəti qarşısındakı xidmətlərindən” və mərhumun yüksək insani keyfiyyətlərindən, mürəttib S.Kuinci isə onun “Kaspi” redaksiyasının yaradıcı heyəti və mətbəə fəhlələri arasındakı qeyd-şərtsiz nüfuzundan danışmışdılar.
Nikolay küçəsi ilə üzü yuxarı hərəkət edən çoxminli matəm mərasimi Bakı Dumasının - günümüzdə Baksovet adı ilə tanınan möhtəşəm binanın qarşısında bir daha ayaq saxlamışdı. Həsən bəy uzun illər Dumanın qlasnısı olduğundan burada da mitinq keçirmək, onun xatirəsini anmaq qərara alınmışdı. Uniformalı məktəb şagirdləri və müəllimlər bu dəfə Nikolay küçəsindən indiki Azneft meydanına qədər yolun hər iki tərəfinə düzülmüşdülər.
Şəhər Duması qarşısındakı mitinqdə azərbaycanlı qlasnılardan İsa bəy Aşurbəyov, Bakı real məktəbinin tələbəsi, gələcək komissar Mirhəsən Vəzirov, adı nədənsə mətbuata düşməyən Dağıstan nümayəndəsi, “İrşad” qəzetinin əməkdaşı M.S.Axundov, “Kaspi”nin müxbiri Q.Cinoridze çıxış etmişdilər.
İsa bəy Aşurbəyov öz nitqində Dumadakı çoxillik fəaliyyəti dövründə Həsən bəyin şəhərin və onun yerli sakinlərinin taleyi ilə bağlı məsələlərdə həmişə son dərəcə böyük fədakarlıq, prinsipiallıq göstərdiyini, bu yolda ünvanına söylənən nalayiq sözlərlə, hədə və təhqirlərlə üzləşsə də, heç zaman tutduğu mövqedən çəkilmədiyini vurğulamışdı. Onu işinin öhdəsindən layiqincə gələn “yeganə müsəlman qlasnı” adlandırmışdı. Mirhəsən Vəzirov real məktəbin “müsəlman” şagirdlərinin öz qazancları hesabına iki nəfər həmvətənlərinə təqaüd təmin edəcəklərinə və bununla da milləti maarifə səsləyən Zərdabinin ruhu qarşısında insanlıq və vətəndaşlıq borclarını az da olsa yerinə yetirəcəklərinə söz vermişdi.
Xalqın gec də olsa Həsən bəy qarşısında borcunu başa düşdüyünə diqqəti çəkən M.S.Axundov Duma önündəki çıxışını aşağıdakı sözlərlə tamamlamışdı: “Bu vaxta kimi bizim şəhərdə nə qədər qocalar, dövlətlilər, rəislər, əyanlar ölüblərsə də bunların heç birinə boylə mərhəmət olmamışdır. Çünki o gedənlər dünyaya gəlib-gediblərsə də, bunların ömürləri fəqət qəsdsiz bir səyahət olub, nəticəsiz bir ölüm olmuşdur. Lakin bu gün qabağımızda olan mərhum atamız Həsən bəy ölübsə də, amma xeyr, Həsən bəy ölməmişdir. Həsən bəyin adı illərlə aramızda qalıb həmişə sağ olacaqdır! İştə bu Həsən bəyin burada duran bihiss meyiti bizim ürəfamıza, vükəlamıza, əyanlarımıza ibrət olmalıdır”.
Matəm mərasimində sonuncu çıxış edən “Kaspi”nin gürcü əsilli əməkdaşı, jurnalist Qriqori Cinoridze olmuşdu. O, Bakıya, Həsən bəy Zərdabinin yanına 1998-ci il, məşhur maarifçisi və ictimai xadim Niko Nikoladzenin (1854-1928) zəmanət məktubu ilə gəlmişdi. Gürcü “altmışıncılarının” sınanmış lideri N.Nikoladzeni hələ XIX əsrin 70-ci illərindən, Tiflisdən yaxşı tanıyan Həsən bəy onun redaktorluğu ilə çıxan “Obzor” qəzetinin fəal müəlliflərindən idi.
“Mən mərhumla yeddi il eyni redaksiya masası arxasında işləmişəm, yeddi il onun geniş ictimai fəaliyyətinin şahidi olmuşam” - deyə sözə başlayan Q.Cinoridze mətbuat işi üçün zəruri olan bütün məsələləri Zərdabidən öyrəndiyini və bu sahədə onu ilk müəllimi saydığını etiraf etmişdi: “Həsən bəy özü üçün yaşamırdı. O, hər şeyi başqaları üçün edirdi. O, bütün ömrünü də başqaları üçün işləyərək yaşamışdı. Mən Həsən bəyin cəmiyyət, xüsusən də müsəlman cəmiyyəti qarşısındakı xidmətlərini saymaq niyyətində deyiləm və əslində saya da bilmərəm. Müsəlmanlar arasında belə adamlar azdır. Demək olar ki, yoxdur”.
Zərdabini yaxından tanımasını, onunla ünsiyyəti Bakı həyatının yaddaqalan səhifəsi adlandıran gürcü jurnalist nitqinə bu sözlərlə yekun vurmuşdu: “Böyük ürək ağrısı ilə Həsən bəyi son mənzilə yola saldığımız və əsəblərimizin itkidən hədsiz dərəcədə gərildiyi vaxtda hər şeyi xırdalıqlarına qədər gözdən keçirməyə, onun xidmətlərini layiqincə qiymətləndirməyə qadir deyilik. Həsən bəyin xidmətləri artıq bəhrəsini verir, əkdiyi fidanlar günü-gündən kök atıb möhkəmlənir. Onun əsl qiymətini gələcək nəsillər verəcək. Əlvida, əziz dostumuz Həsən bəy! Sən bu dünyanı tərk etdin, amma bil ki, ürəyin, ruhun həmişə bizimlədir”.
Mərhumu torpağa tapşırmaq üçün Bakının çıxacağındakı Şıx qəbiristanlığına yollanan mərasim iştirakçıları sonuncu dəfə indiki Azneft meydanında bir neçə dəqiqəliyinə ayaq saxlamışdılar. Əhməd bəy Ağayev Zərdabi ailəsi adından camaata təşəkkürünü bildirmiş, havanın soyuq, yolun uzaq olduğunu nəzərə alaraq Bibiheybət məzarlığına getməyə imkanı olmayanların mərhumla burada vidalaşa biləcəklərini xatırlatmışdı. Lakin mərasimə qatılanların əksəriyyəti Həsən bəyi son mənzilə qədər yola salmaq üçün piyada təxminən 5 kilometrə yaxın məsafə qət etmək əziyyətindən çəkinməmişdi.
“Kaspi” qəzetinin yazdığına görə “dəfndə şəhər bələdiyyə rəisi N.Rayevski başda olmaqla şəhər idarəsinin bütün üzvləri və tam tərkibdə Dumanın qlasnıları, erməni ruhaniləri, Bakıdakı İran konsulu, həkimlər, hüquqşünaslar, məmurlar, tacirlər və başqaları iştirak edirdilər. Çeşidli millətlərdən olan müxtəlif yaşlı, müxtəlif ictimai mənsubiyyətə malik adamlar unudulmaz Həsən bəyə son borclarını vermək üçün qəbiristanlığa gəlmişdilər”.
Dəfn yeri kimi Şıx kəndi yaxınlığındakı məzarlığın seçilməsi iki amillə əlaqələndirilə bilər. İlk növbədə bu çox ehtimal ki, məşhur Bibiheybət ziyarətgahına görə həmin ərazinin müqəddəs sayılması və Bakının xeyli tanınmış sakinlərinin məzarının burada olması ilə bağlı idi. O biri tərəfdən, Axund Molla Ağa Qazızadənin xatrladığı kimi, “müsəlmanların yalnız dirilərinin deyil, ölülərinin də qeydinə qalan” Həsən bəy üləma ilə söhbətlərində dəfələrlə şəhərin genişlənməsi ilə əlaqədar artıq “müsəlman ölülərinin sümüklərinin ayaq altından yığışdırılması”, qəbristanlıqların şəhər kənarında köçürülməsi zərurətindən danışmışdı. Özünə son mənzil seçərkən də bu amildən çıxış etməsi mümkün idi.
***
Zərdabinin vəfatı yalnız Bakıda deyil, Rusiyanın tatarlar və başqırdlar, habelə Mərkəzi Asiya, Dağıstan və Şimali Qafqaz müsəlmanlarının sıx məskunlaşdıqları Kazan, Orenburq, Ufa, Daşkənd, Teymurxanşura (indiki Vladiqafqaz - V.Q,), Həştərxan və s. şəhərlərində, eləcə də paytaxt Sankt-Peterburqda da böyük əks-səda doğurmuşdu. “Kaspi”də “Musulmanin” təxəllüsü ilə çap olunan müəllif qəzetin 11 dekabr 1907-ci il sayındakı məqaləsində bu münasibətlə yazırdı: “Görkəmli müsəlman ictimai xadimi, pedaqoq və publisist Həsən bəy Məlikov - Zərdabinin vəfatı haqqında qəmli xəbər Peterburqda yaşayan müsəlmanları son dərəcə kədərləndirmişdir. Xəbər Peterburq müsəlmanlarının ziyalı hissəsinin, xüsusən də tələbə gənclərin ürəyində daha ağrılı hisslər yaratmışdır”.
Yuxarıda da qeyd etdiyim kimi, Zərdabi ailəsinin kürəkəni Ə.Topçubaşovun dəfn günündə Peterburqda olması burada Bakıdan sonra ikinci böyük miqyaslı yas və anma törənlərinin keçirilməsinə imkan yaratmışdı. Noyabrın 29-da səhər ideya dostu və qayınatasının vəfat xəbərini alan Əlimərdan bəy bütün gün ərzində yaşadığı mənzildə başsağlığı vermək üçün gələnləri qəbul etmişdi. Birincilər sırasında III Dövlət Dumasının Müsəlman fraksiyasının üzvləri tam tərkibdə Ə.Topçubaşovun yanında olmuş, sonra isə Bakıya, mərhumun dul xanımı H.Abayeva-Məlikovaya başsağlığı teleqramı göndərmişdilər.
III Dövlət Dumasının “müsəlman üzvlərindən” Xasməmmədov, Sırtlanov, Tevkelov, Tuqayev, Bayurin, Minikeyev, Maqsudov, Müftizadə və Mahmudovun imzaladıqları teleqramda deyilirdi: “Müsəlmanların işi uğrunda məşhur mübariz, möhtərəm əriniz Həsən bəy Məlikovun vəfat xəbəri bizi son dərəcə kədərləndirdi. Bütün müsəlmanlarla birlikdə Sizin dərdinizə və kədərinizə şərik olur, ən səmimi hisslərlə başsağlığı veririk”.
Bakıda izdihamlı dəfn mərasiminin keçirildiyi 30 noyabr günü Peterburqun Liqovka, Moyka, Qlazovskaya küçələrində və Demidov döngəsində yerləşən məscidlərin dördündə də ənənəvi cümə namazından sonra xeyli möminin iştirakı ilə Həsən bəyin ruhuna dualar oxunmuşdu. Həm də “Musulmanin”in yazdığına görə bu zaman ruhanilər “mərhumun müsəlmanlar qarşısındakı xidmətlərinə və çoxcəhətli fəaliyyətinə dair nitqlər” söyləmişdilər.
Müəllif daha sonra böyük itkinin paytaxtın müsəlman sakinləri arasında doğurduğu təəssüf hissindən bəhs edərək yazırdı: “Təcrübə və biliyinə dindaşlarının indi həmişəkindən daha çox ehtiyac duyduqları görkəmli bir şəxsiyyətin itkisindən doğan dərin təəssüfü və acı kədəri üzlərdən oxumaq o qədər də çətin deyildi. “Biz namuslu və mətin ictimai xadimi itirdik”, “İslam camaatının mənafeyinə sədaqətlə xidmət edən təmənnasız bir insanı qeyb etdik” – bu səmimi təəssüf sözlərini iştirakçıların hamısının dilindən eşitmək olardı”.
Dekabrın 2-də, bazar günü Peterburq Müsəlman xeyriyyə cəmiyyətinin Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş xüsusi yığıncağı keçirilmişdi. Camaat namazı ilə müşayiət olunan yığıncaqda Dövlət Dumasının üzvləri, professor Mirzə Kazım Abdinov (əslən bakılı olan M.K.Abdinov (1828-1910) Rusiya Xarici İşlər Nazirliyi Şərq Dilləri İnstitutunun professoru, fars filologiyası sahəsində tanınmış mütəxəssis idi. Həsən bəy Zərdabinin Azərbaycan MEA Füzuli adına Əlyazmalar İnstitutundakı arxivində M.K.Abdinovun ona 1875-ci il dekabrın 15-də Peterburqdan göndərdiyi məktub saxlanır. Həmin məktubda “Əkinçi”nin nəşrə başlamasını Həsən bəyin “vətəndaşlıq və vətənpərvərlik hünəri” adlandıran alim yazırdı: “Allah eləsin ki, hər yerdə, ələlxüsus da bizim Qafqazda hər bir yeni işin ayrılmaz yol yoldaşı olan maddi və qeyri-maddi çətinliklər qüvvə və enerjinizi üstələyə bilməsin, gənc “Əkinçi” Sizin özünüzün və vətənimizin rifahı naminə müdriklik və yetkinlik yaşına çatsın”), universitet tələbələri, xeyriyyə cəmiyyəti idarə heyətinin üzvləri, cəmiyyət yanındakı məktəbin şagirdləri, şəhər vətəndaşları və başqaları iştirak etmişdilər.
Quran qiraətindən və mərhumun ruhuna dualar oxunmasından sonra Peterburq cümə məscidinin axundu Lütfi İshakov söz alıb bütün dindaşlarını, ilk növbədə isə müsəlman gəncliyini Həsən bəy Zərdabinin çətin, lakin xalq mənafeyinə xidmət kimi nəcib məqsəd güdən yolunu davam etdirməyə çağırmışdı.
III Dövlət Dumasına Ufa quberniyasından üzv seçilmiş Şakir Əfəndi Tukayev Quran ayələrindən sıx-sıx misal gətirdiyi nitqində Həsən bəyi yalnız Azərbaycan türklərinin deyil, bütün “müsəlmanların ən böyük müəllimi və müdafiəçisi, savadsız kütlələri maarif işığına səsləyən mübariz şəxsiyyət” kimi səciyyələndirmişdi.
Mərhumun həmvətəni, Dövlət Duması üzvü Xəlil bəy Xasməmmədov toplaşanlara Zərdabinin həyat və fəaliyyəti haqqında geniş məlumat vermişdi. O, səmimi, hərarətli nitqinin sonunda bildirmişdi ki, “indi mədəni-ictimai fəaliyyətin müxtəlif sahələrində baş qaldıran Qafqaz müsəlman gəncliyi Həsən bəy Məlikovu qürurla müəllim adlandırırlar. Onun kimi qətiyyət, namus və cəsarətlə özlərini xalqın mənafeyinə xidmət kimi müqəddəs işə həsr etmək istəyirlər”.
Zərdabinin xatirəsinə böyük diqqət və ehtirama görə bütün yığıncaq iştirakçılarına minnətdarlığını bildirən Əlimərdan bəy Topçubaşov Rusiya paytaxtında keçirilən bu mərasimin “həm şəxsən özü, həm də unudulmaz Həsən bəyin ailəsi üçün son dərəcə qiymətli” olduğunu vurğulamışdı.
“Həsən bəy Məlikovun indiyə qədər görünməmiş dəfn mərasimi və Bakı gənclərinin bu ümummüsəlman itkisinə münasibəti barəsində Bakıdan alınmış teleqramlar toplaşanlara böyük təsir bağışladı” - deyə “Musulmanin” Peterburqdakı anım mərasiminin Zərdabi şəxsiyyətinə və əməllərinə onun ana vətənindən başlanan sayğının davamı kimi qiymətləndirirdi.
Noyabrın 29-da paytaxtda çıxan “Seqodnya”, dekabrın 1-də isə “Reç” qəzetləri Zərdabi haqqında qısa nekroloqlar dərc etmişdi. Ə.Topçubaçov Peterburqda müvəqqəti yaşadığı mənzildə mərhumun yeddi mərasiminə qədər təziyə məclisinə gələnləri qəbul etmişdi. Onların arasında müsəlman icmasının nümayəndələri ilə bir sırada digər millətlərin nümayəndələri, Həsən bəyin universitet yoldaşları, hətta əlli il əvvəl birlikdə Şamaxı şəhər məktəbində oxuduğu keçmiş uşaqlıq dostu da vardı...
***
Göründüyü kimi, ötən əsrin əvvəllərində kommunikasiya vasitələrinin bəsitliyi şəraitində də Zərdabinin ölümü və dəfni Rusiya imperiyası xalqlarının diqqətini çəkmiş, ruslar, ukraynalılar, gürcülər, tatarlar, başqırdlar, dağıstanlılar və digər millətlərin nümayəndələri Azərbaycan türklərinin kədərinə şərik çıxmışdılar. Erməni ruhanilərinin dəfn mərasimindəki simvolik iştirakı istisna olunarsa o zaman Bakının və ümumən Azərbaycan əhalisinin bəlli hissəsini təşkil edən qonşularımızın ziyalılarının, ictimai və xeyriyyə təşkilatlarının, eləcə də erməni mətbuatının böyük itkiyə laqeyd, seyrçi münasibəti diqqətdən yayına bilməz.
Səbəbi çox sadədir: öz millətinin təəssübünü çəkən, onun mənəvi və maddi sərvətlərinin keşiyində dayanan azərbaycanlı ictimai xadimlərin çoxu kimi Zərdabi də onların “qara siyahısında” idi. Erməni millətçilərindən fərqli olaraq Həsən bəy fəaliyyəti boyu eyni coğrafi ərazidə yaşayan, mental cəhətdən bənzər xüsusiyyətlərə malik olan iki qonşu xalq arasında nifaq və ədavət toxumlarının səpilməsinə qarşı çıxmış, erməniləri daim səadətlərini başqalarının, ilk növbədə isə Azərbaycan türklərinin bədbəxtlik və fəlakəti üzərində qurmamağa çağırmışdı. Bu nəcib və humanist münasibət hələ 1876-cı ildə “Əkinçi”nin səhifələrində “Mşak” qəzetinin redaktoru, şovinist Arsruniyə ünvanlanan mətbu müraciətdə əksini tapmışdı.
XIX əsrin 70-ci illərindən etibarən Bakının dünyanın mühüm neft sənayesi mərkəzinə çevrilməsi bu qlobal dəyişikliyə siyasi, hüquqi, iqtisadi və intellektual cəhətdən hazır olmayan yerli xalqı - azərbaycanlıları həlli çətin məsələlərlə üzbəüz qoymuşdu. Sərvətin həqiqi sahibləri olsalar da, onlarla hesablaşan yox idi. Bunun kökündə isə maarifsizlik, hüquqi savadsızlıq, öz haqlarını müdafiə edə bilməmək dayanırdı. Belə şəraitdə Zərdabi kəndlilərin, şəhərlilərin, ilk rüşeymləri ortaya çıxmaqda olan milli burjuaziyanın maraq və mənafelərinin müdafiəçisi kimi təkbaşına mübarizə aparmağa məcbur idi. Qarşısında isə çox vaxt Azərbaycanın sərvət və hakimiyyətə asanlıqla yiyələnməyi bacaran erməniləri görürdü.
Hənifə xanım əri haqqındakı xatirələrini sovet hakimiyyəti illərində qələmə alsa da, Bakıda Azərbaycan türklərinə savaş açan erməni-rus (ümumi götürsək, xristian) alyansının fəaliyyətini bir sıra səciyyəvi epizodlarla işıqlandıra bilmişdi. Doğrudur, daha çox yaddaşına əsaslandığından təsvirlərində bir sıra yanlışlıqlar, qeyri-dəqiq faktlar da özünə yer tapmışdı. Bu xüsusilə Həsən bəyin Bakı şəhər Dumasında fəaliyyətinin işıqlandırıldığı səhifələrdə daha aydın üzə çıxır.
Məsələn, 1870-ci illərin ortalarında Bakıda şəhər əsasnaməsi qəbul olunmuşdu. Əsasnaməyə görə idarəçilik inzibati dairələrdən alınıb səsvermə yolu ilə seçilmiş sakinlərin - qlasnı adlanan Duma üzvlərinin ixtiyarına verilirdi. Lakin əhalinin üçdə ikisinin Azərbaycan türklərindən ibarət olmasına baxmayaraq mövcud qaydalara görə onlar Dumanın tərkibinin yalnız beşdə birini təşkil edə bilərdilər. Qlasnıların 80 faizi şəhər əhalisinin təxminən 30 faizini təşkil edən erməni, rus, yəhudi, alman və b. millətlərin nümayəndələrindən ibarət idi. Sayca Azərbaycan türklərindən dəfələrlə az olsalar da ermənilər Dumaya yerli xalqın təmsilçilərindən iki dəfə çox qlasnı göndərmək hüququ qazanmışdılar.
Bu ədalətsizliyə ilk dəfə diqqəti cəlb edən Həsən bəy olmuşdu. Onun təkidli tələblərindən sonra Qafqaz canişini imperiyanın daxili işlər nazirliyi qarşısında məsələ qaldırmış və nəticədə Bakı Dumasına qlasnıların üçdə birinin “müsəlman”, üçdə birinin erməni, üçdə birinin isə rus və digər millətlərin nümayəndələrindən seçilməsi ilə bağlı nisbətən ədalətli qərar verilmişdi.
Lakin 1880-cı ildə Həsən bəy Zərdaba köçmək məcburiyyəti qarşısında qalanda ermənilər yenidən köhnə sistemin tətbiqinə nail oldular. Hənifə xanım Məlikova xatirələrində yazırdı: “Şəhər Dumasına seçkilər bu qayda ilə keçirildi və yenə də yalnız hər beş qlasnıdan biri müsəlman oldu. Beləliklə, əhalisinin dörddə üçü müsəlmanlar olan şəhərin Dumasında cəmi 5-6 müsəlman qlasnı vardı ki, onların da demək olar ki, heç biri müzakirələrin aparıldığı rus dilini bilmirdi.
Yenə də Hənifə xanımın xatırladığına görə 1885-ci ildə “müsəlman qlasnılardan” biri Zərdaba gəlib göz yaşları içərisində Həsən bəyə həmdinlərinin şəhər Dumasında necə miskin və oyundankənar vəziyyətə salındıqlarını danışaraq açınacaqlı vəziyyətdən çıxış yolu tapmağa kömək istəmişdi. “Həsən bəy vəziyyətlə yerində tanış olmaq üçün Bakıya gəldi. İclas zalında şəhər Dumasına seçilmiş beş müsəlman qlasnıdan yalnız üç nəfərini gördü. Onlar da sakitcə bir tərəfdə bardaş qurub mürgü döyürdülər...”
Həsən bəyin yaxalarını ictimai işlərdən kənara çəkən “müsəlman” zənginlərini utandırması, Peterburqa biri-birinin ardınca ərizələr göndərməsi, Bakı qubernatoru Roqe və şəhər bələdiyyəsinin sədri Pretski ilə apardığı danışıqlar nəticəsində vəziyyəti düzəltmək mümkün olmuşdu. 1886-cı ildə Duma seçkilərinə dair əsasnaməyə edilən dəyişikliyə görə qlasnıların yarısının müsəlman, yarısının isə xristian əhalinin təmsilçilərindən seçilməsi qərara alınmışdı.
Təbii ki, Həsən bəy Zərdabinin doğma xalqının hüquqlarını bu cür cani-dildən müdafiə etməsi şəhər idarəçilərinin, ilk növbədə isə Dumada hakim mövqelərini hər vasitə ilə qoruyub saxlamağa çalışan ermənilərin xoşuna gəlmirdi. Onlardan biri hətta nifrət hissini gizlətmədən açıq şəkildə demişdi: “Həsən bəy, məmnuniyyətlə sizin üstünüzə neft töküb yandırardıq. Axı müsəlman deyilən kimdir?! Bir heçlik! Sadəcə siz bizə mane olursunuz!”
Özü qlasnı seçiləndən sonra Həsən bəyin şəhərdə istədiklərini etməyə çalışan erməni “xadimləri” ilə mübarizəsi daha təsirli və konkret forma almışdı. 1902-1903-cü illərdə Dumada Bakıya içməli su çəkilməsi məsələsi ətrafında qızğın müzakirələr keçirilirdi. Qlasnılardan Ambarsum Melikov hər vasitə ilə suyu Zaqulbadakı malikanəsindən çəkdirmək istəyirdi. Lakin həmin su içməyə yararlı deyildi. Bunu kim bilməsə də, gigiyena haqqında bir sıra dəyərli araşdırmaların müəllifi olan təbiətşünas-alim Həsən bəy Zərdabi hamıdan yaxşı bilirdi. Ona görə də şəhərin su təchizatında vəziyyətin həqiqətən də son dərəcə ağır olmasına baxmayaraq hər vasitə ilə erməni işbazın irəli sürdüyü layihənin əleyhinə çıxmışdı.
Hər şeyi öz arşını ilə ölçən Ambarsum Melikov Həsən bəyi ələ almaq qərarına gəlmiş və adamları vasitəsi ilə susması müqabilində ona 8 min manat təklif etmişdi. Həyasız təklifdən bütün varlığı ilə təhqir olunan Həsən bəy minnətçiləri qapısından qovmuşdu. Bununla da kifayətlənməyərək Dumanın növbəti iclasında hamının gözü qabağında Ambarsum Melikovu “şərəfsiz” adlandırmışdı. Doğrudur, Hənifə xanımın xatirələrində yazdığına görə, sonda Ambarsum istəyinə nail olmuşdu. Lakin şəhərin mənafeyini öz şəxsi rifahından üstün tutan, bu yolda mübarizə aparan Azərbaycan türkünün olduğunu və bundan sonra hər şeyi əvvəlki kimi asanlıqla əldə edə bilməyəcəyini də yaxşı anlamışdı.
Həyatının böyük bir hissəsini xalq maarifinə həsr edən Həsən bəy erməni və rus qlasnıların Dumanın iclaslarında Tiflisdə açılması nəzərdə tutulan Politexnikumun maliyyələşdirilməsi ilə bağlı verdikləri təklifə qarşı çıxmışdı. Fikrini isə belə əsaslandırmışdı: “Qoy şəhər idarəsi əhalinin yoxsul təbəqələri üçün daha çox ibtidai təhsil ocaqları, kənd təsərrüfatı və peşə yönümlü məktəblər açsın. Tiflisdəki Politexnikum üçün tələb olunan yüz minləri isə qoy Neft Sahibkarları İttifaqı, Qukasovlar, Xatisovlar, Mantaşevlər (Bakı nefti hesabına böyük sərvət qazanan erməni milyonçuları - V.Q.) versinlər. Politexnikumda dəmirçi İvanın, yaxud dartayçı Abdullanın yox, onların öz uşaqları oxuyacaqlar”.
Şəhərdən keçən neft borularına vergi qoyulması, konkanın tramvayla əvəz edilməsi kimi məsələlərdə erməni zənginlərinin sifarişlərini yerinə yetirən Dumadakı həmdin və həmmillətləri Zərdabini susdurmaq üçün ən çirkin vasitələrə əl atmaqdan çəkinməmişdilər. Yeri gəlmişkən bu məsələdə bəzi azərbaycanlı sərvət sahibləri də Həsən bəyə ermənilərdən fərqli münasibət bəsləməmişdi.
Erməni burjuaziyası ilə şovinist erməni ziyalılarının maraqları bir çox hallarda üst-üstə düşdüyü üçün ikincilər də Leninin məşhur ifadəsi ilə desək, kapitalistlərin pul kisəsindən asılılıqlarını nümayiş etdirərək Zərdabinin vəfatı münasibəti ilə azərbaycanlıların kədərinə şərik olmağa hər hansı bir təşəbbüs göstərməmişdilər. Qoca və xəstə Həsən bəyin 1905-1907-ci illər erməni-müsəlman qarşıdurması zamanı münasibətləri nizama salmaq, iki qonşu xalqı sülh və əmin-amanlıq şəraitində yaşamağa çağırmaq istiqamətindəki səyləri, sürəkli vasitəçilik missiyası da qarşı tərəfdə müsbət reaksiya doğurmamışdı.
***
Şübhəsiz, hər millətin öz böyük övladları ilə layiqincə vidalaşmağı bacarması da bir imtahandır. 1907-ci ildə Azərbaycan türkləri bu imtahandan şərəflə çıxdılar. Məlikovlar ailəsi də xalqın diqqət və şükranlığını yüksək qiymətləndirdi. Dekabrın 8-də “İrşad” qəzetində “Həsən bəyin zövcəsi Hənifə xanım Məlikova və Həsən bəyin böyük oğlu Midhət bəy Məlikovun” imzası ilə ailənin kədərinə şərik çıxanlara ünvanlanmış minnətdarlıq məktubu çap olunmuşdu. “Bakı üləma, ürəfa və əhalisinin və ümumcəmaətin bizə Həsən bəyin vəfatı münasibəti ilə üz verən müsibət və ələmə şərik olmaları hər şəhərdən, hər qəsəbədən, hər cəmiyyətdən və hər bir sinif əhalidən gələn şüküvarlıq teleqrafları ilə bildirildi”, - deyə məktub müəllifləri üzləşdikləri kədərli hadisənin bir ailənin faciəsindən daha çox bütöv millətin itkisi olması fikrinə diqqəti çəkərək yazırdılar: “Həsən bəy ömrünün axırına qədər çox-çox müşkülata və müzlümlərə baxmayaraq, özünü, öz ailəsini yaddan çıxarıb ələddəvam (davamlı şəkildə - V.Q.) cümlə vaxt zorunu millətə xidmətə sərf etməsi bizə bir böyük fəxr və mühabatdan başqa ümuməhalimizin də Həsən bəyi təqdir edib bizim yas və qəmimizə şərik olması bizə böyük bir təskinlikdir”.
Məktubda daha sonra deyilirdi: “Hər bir şəhrə, cəmiyyətlərə, tək-tək əşxasa ayrı-ayrı təşəkkürnamə göndərmək mümkün olmadığından “İrşad” vasitəsi ilə izhari-imtinan (minnətdarlıq ifadəsi - V.Q.) və təşəkkür edib də xudavəndi-baridən arzu və dua eləriz ki, Həsən bəyin əkdiyi toxumlar getdikcə böyük-böyük səmərələr verib cəmaətimizə bir xilas və nicat yolu açılsın”.
Həsən bəy Zərdabinin dəfn zamanı edilən çıxışlarda, yazılan məqalələrdə, göndərilən teleqramlarda onun xidmətlərinə qiymət verilməsi ilə bir sırada əgər belə demək mümkünsə, daha iki əsas məqam üstünlük təşkil edirdi. Onlardan biri xalqın böyük oğluna münasibətdə göstərilən laqeydliyə görə peşmançılıq, digəri isə onun fikir və ideyalarının dönmədən həyata keçiriləcəyi, xatirəsinin əbədiləşdiriləcəyi ilə bağlı isti-isti verilən vədlər idi. Bu vədlər özü də ikili xarakter daşıyırdı. Onu sadəcə kütlənin xoşuna gəlmək üçün söz kimi deyənlər də vardı, bütün ağırlığını, məsuliyyətini dərk edib səmimiyyətlə dilə gətirənlər də...
Yuxarıda dəfələrlə istinad etdiyim A.Olendski dəfnin ertəsi günü “Kaspi”də çap olunan “Köhnə dostun xatirəsi” məqaləsində yazırdı:
“Dünən ürək ağrısı ilə dostumuzu, yoldaşımızı dəfn etdik. Bəs sabah?
Doğrudanmı sabah biz onu unudacağıq?
Doğrudanmı dünən dostumuzun cənazəsi üzərində dediklərimizin hamısı yalnız kütlə üçün nəzərdə tutulmuş quru, boş sözlər idi?
Yox, mən buna inanmıram! Mən dünən güclü adamların gözlərində yaş gördüm. Əminəm ki, riqqət anları keçib gedəcək və həmin adamlar öz qüvvələrini göstərəcəklər!”
Həsən bəyi XIX əsr rus ictimai-siyasi fikrinin qabaqcıl nümayəndələrini öz ətrafında birləşdirən ideya cərəyanının-”şestidesyatniklərin” görkəmli nümayəndəsi adlandıran və Çernışevskinin “Nə etməli?” romanının qəhrəmanı Raxmetovla bir sıraya qoyan N.Bayzdrenko yazırdı: “Bağışla, vətəndaş! Bağışla, sənət qardaşım! Bizim laqeydliyimizi bağışla!
Qoy xalq qarşısında sona qədər, bütün zəka və qüdrətinlə, heç nəyini əsirgəmədən ödənilmiş borc hissi sənin təsəllinə çevrilsin.
Sənin ölümün isə bizə qoy necə işləmək, öz xalqını necə sevmək baxımından əbədi nümunə olsun!”
“Kaspi” qəzeti vasitəsi ilə Həsən bəyə vida sözlərini çatdıran başqa bir müəllif isə yazırdı:
“Onun işini davam etdirəcəyik. Onun kimi cürətlə, hünərlə, qorxub-çəkinmədən doğmalarımızın rifahı üçün çalışacağıq. Lakin bu işləri görməklə bir sırada mərhumun unutduğu bəzi vəzifələrin ağırlığını da çiynimizə götürəcəyik.
Bəli, Həsən bəy özünün başqalarına məhəbbəti arxasında ən yaxın adamlarını, təmin olunmamış ailəsini, bilik badəsini sona qədər içməyə imkan tapmamış övladlarını unutmuşdu.
Doğrudanmı biz, dünən Qasım bəy məscidində olanlar və olmayanlar bu ailənin çətinlik çəkməsinə, bizə doğma olan uşaqların öz qüdrətli atalarının başladığı maarif yolunu yarımçıq qoymalarına imkan verəcəyik?”
Eyni motivlərə bu və ya başqa şəkildə matəm çıxışları və yazılarının demək olar ki, böyük əksəriyyətində təsadüf etmək mümkündür.
Təbii ki, bu, təqdirəlayiq hal idi. Lakin təəssüflər olsun ki, eyforiya dövrü arxada qalandan sonra yalnız kədərli ehtimallar özünü doğrultdu.
Xalq sevgisinin zirvəsi olan qeyri-adi dəfn mərasiminin ardınca Azərbaycan cəmiyyətində bir Zərdabi kultu yaranacağını, sağlığında millət atasına göstərilmiş soyuq, ögey münasibətin aradan qalxacağını düşünməyə hər cür əsas vardı.
Amma belə olmadı. Bir tərəfdən hələ cəmiyyətin özünün birlik hissi və mədəni potensialı kifayət qədər yüksək deyildi. O biri tərəfdən isə milli mentalitetimiz üçün səciyyəvi olan vədlə əməl arasındakı uçurum buna imkan vermədi. Dahiyanə uzaqgörənliklə “Söz veririk indi, bir ay gəlməmiş, Asta qaçıb dürtülürük xəlvətə, Kim nə deyər bizdə olan qeyrətə!” - yazan Sabir də bir neçə il sonra eyni acı taleni yaşamalı olmuşdu. Zərdabinin qəbrinin üstünü götürmək üçün vəsait tapılmadığı kimi neft və milyonlar şəhərində “Hophopnamə”nin ilk nəşrinin mətbəə xərclərinə tələb olunan bir neçə yüz manatı toplamaqdan ötrü də üç il gözləmək lazım gəlmişdi.
Böyük Əkinçinin məzarı başında içilən andlar, verilən vədlərlə görülən işlər arasında necə böyük fərq olduğunu söyləməyə lüzum yoxdur. Doğrudur, Həsən bəyin vəfatından iki ay sonra, 1908-ci il yanvarın 14-də Bakı şəhər Duması keçmiş üzvünün xatirəsini əbədiləşdirmək məqsədi ilə İkinci rus-müsəlman məktəbinə Həsən bəyin adını vermək, habelə Moskva Universitetinin azərbaycanlı tələbələri üçün Zərdabi adına təqaüd təsis etmək məsələsini nəzərdən keçirmişdi. Duma iclasının ilk dəfə Zərdabi irsinin görkəmli tədqiqatçısı professor Z.Göyüşov tərəfindən aşkara çıxarılmış protokolunda bu barədə deyilirdi:
“Ötən il noyabrın 28-də İkinci rus-müsəlman məktəbinin fəxri himayəçisi, Şəhər Dumasının qlasnısı və uzun illər Dumanın Təhsil komissiyasının üzvü olmuş Həsən bəy Məlikov vəfat etmişdir. Mərhumun bütün həyatı doğma xalqına və Bakı şəhərinə xidmətdə keçmişdi; o, rus-müsəlman məktəblərinin təşkilində və müsəlman gəncliyinin maarif yoluna çıxarılmasında birinci olmuşdu. Hamı mərhumu nümunəvi ictimai xadim kimi tanıyır, cəmiyyət qarşısındakı xidmətlərindən yaxşı xəbərdardır.
Mərhumun xatirəsini layiqli şəkildə əbədiləşdirmək üçün Təhsil komissiyası 7 dekabr 1907-ci il tarixli iclasında qərara almışdır: açıldığı gündən fəxri himayəçisi olduğu İkinci rus-müsəlman məktəbinə Həsən bəy Məlikovun adı verilsin, portretləri həmin məktəbdə və ikisinifli şəhər məktəbində asılsın. Mərhumun bitirdiyi Moskva Universitetində Bakı təhsil müəssisələrinin məzunu olan kasıb müsəlman tələbələr üçün onun adına bir təqaüd ayrılsın. Əgər gələcəkdə Qafqazda ali təhsil ocağı təsis edilsə, həmin təqaüd ora köçürülsün”.
Təhsil komissiyasının qərarı ilə razılaşan Şəhər Duması bu məqsədlə 350 manat ayırmışdı. Beləliklə, 1908-1917-ci illərdə bir azərbaycanlı tələbə Zərdabi təqaüdü hesabına ali təhsil almaq imkanı qazanmışdı.
Bu təqaüd həm də Zərdabinin son iradəsinin yerinə yetirilməsi faktı kimi diqqətəlayiqdir. Həsən bəy ölümündən bir neçə gün əvvəl yaxınlarına və doğmalarına vəsiyyətini çatdıraraq demişdi: “Sizdən çox xahiş edirəm: təntənəli mərasim düzəltməyin. Məni sadə qaydada dəfn edin. Dəfn üçün nəzərdə tutulan vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətin hesabına keçirin. Bu məhrumiyyətlərlə üzləşən insanlar üçün daha faydalı olar”.
Zərdabinin xatirəsini əbədiləşdirmək istiqamətində ikinci addımı isə azərbaycanlı tələbələr özləri atmışdılar. Onların Kiyevdə təsis etdikləri nəşriyyat 1912-ci ildə Böyük Əkinçinin “Torpaq. Su. Hava” və “Bədəni səlamət saxlamaq düsturül-əməli” kitablarını çap etmişdi.
Ötən əsrin əvvəllərindəki Azərbaycan cəmiyyətinin Zərdabinin ruhu qarşısında öz borcunu vermək üçün etdiyi, yaxud bacardığı yalnız bunlar olmuşdu. Bu çox idi, yoxsa az? Əlbəttə, verilən vədlərin müqabilində az idi. Amma önəmli olan insanların sükut buzunu sındırmaq, nə isə bir görmək cəhdləri idi. Həm də təşəbbüs daha çox aşağılardan gəlirdi. Rəsmi dairələr, Bakı zənginləri milli şüur və mədəniyyətlə bağlı mühüm təşəbbüslərin beşiyi başında dayanan Zərdabinin tez-tez xatırlanmasından daha çox birdəfəlik unudulmasında maraqlı idilər. Ən azı laqeyd, seyrçi mövqeləri ilə belə bir imkan yaradırdılar.
Ziyalılar, ilk növbədə isə Həsən bəyin Azərbaycanda banisi olduğu mətbuat mühiti buna hər vasitə ilə müqavimət göstərirdi. Lakin onların etirazları əksər hallarda səmərəsiz şikayət və özünütənqiddən uzağa getmirdi. “Kaspi” qəzetindəki yer almış bir məqalə həmin mənada səciyyəvidir. Zərdabinin vəfatının üçüncü ildönümünün tamam olduğu günlərdə qəzet yazırdı:
“Həsən bəy Məlikovun xatirəsi kimin üçün əziz deyil? Kim xalqın bu böyük dostunun adını yaddaşlardan silə bilər? Kim özünü bütün varlığı ilə millətinə həsr edən, son nəfəsdə ailəsini yardımsız, vəsaitsiz qoyub yoxsul insan kimi məzar evinə köçən bu şəxsiyyəti unuda bilər?
Mən sizdən soruşuram: doğrudanmı hamının gözünün içinə həqiqəti deyən, göründüyü hər yerdə borc və vicdan hissini insanlara xatırladan bir şəxsi unutmaq mümkündür? Elə isə görəsən, Həsən bəyin nəşi torpağa tapşırılmamış onun qəbirüstü abidəsinin hazırlanması məqsədi ilə komissiya yaratmaq haqqında çığır-bağır salan ziyalılar indi haradadır?
Bu gün Həsən bəyin ölümündən düz üç il ötür. Bu üç ildə kim nə edib? Heç kim heç bir iş görməyib. Soruşmaq istəyirəm: bəs şəhər nə edib? Axı o bu şəhər üçün canını qoymuşdu! Cənazəsinin hələ mafədə olduğu vaxt hamı atəşin nitqlər söyləyirdi. Meyit qəbirə endirilən kimi bu sözlər də yerli-dibli unuduldu”.
Başçısını itirmiş Məlikovlar ailəsi cəmiyyətdən təsəlli sözlərindən başqa heç bir şey ala bilməmişdi. Matəm günlərinin eyforiyası arxada qaldıqdan sonra ailə ortaya çıxan çətinliklərin öhdəsindən yalnız özünün gəlməli olduğunu anlamışdı. Aradan illər keçəndən sonra nəinki Zərdabiyə abidə ucaldılmışdı, hətta qəbrinin sahmana salınmasında, məzarı üzərində adi baş daşı baş daşı qoyulmasında da mərhumun dul xanımına yardım göstərən kimsə tapılmamışdı.
1914-cü ilin noyabrın 28-də yenə də “Kaspi”də çap edilmiş “Yeddi il” adlı növbəti yazıda artıq Zərdabi ilə bağlı laqeydlik və unutqanlığın daha uzunmüddətli dövrünə yekun vurulurdu. Müəllif yazırdı: “Bu gün mədəni-maarifçilik işi sahəsində müsəlman öncülü Həsən bəy Məlikovun vəfatının yeddinci ildönümü tamam olur. Bakı müsəlmanlarının bəlağətli nitqlər və təntənəli törənlə görkəmli xadimlərini dəfn etdikləri vaxtdan yeddi il keçir.
Nə dəyişdi? Bəlağətli nitqlərdən ortada qalan nə oldu? Yəqin ki, onların elə həmin gün Bakı küləyinə qarışıb havaya sovrulduğunu düşünmək daha doğru olardı. Həsən bəy təntənəli şəraitdə dəfn edildi. Haqqında daha iki-üç gün danışdılar. Qəzetlər mərhumun tərcümeyi-halını və portretlərini çap etdilər. Vəssalam. Bundan sonra müsəlman cəmiyyəti onu yerli-dibli unutdu.
Biz nəinki Həsən bəyə abidə ucaltdıq, hətta onun qəbri üzərində adi bir baş daşı qoyulmasında xanımına yardımçı olmaq istəmədik. Biz nəinki Həsən bəyin adını və xatirəsini əbədiləşdirdik, əksinə, hər vasitə ilə onu unutmağa çalışdıq. Biz nəinki ailəsinin qayğısına qaldıq, əksinə, yardım göstərmək əvəzinə pislik etməyi, dərd və kədər gətirməyi prinsipə çevirdik. Hətta vəhşilər də öz başçılarının məzarını bəzəyib-süsləyirlər. Biz vəhşilik dövrünü arxada qoymuşuq, amma görünür hələ mədəniyyət dövrünə gəlib çıxmamışıq”.
***
Azərbaycanda sovet hakimiyyətinin bərqərar olması da Həsən bəy Zərdabinin adına və irsinə bəslənən münasibəti əsaslı şəkildə dəyişdirə bilmədi. Doğrudur, siyasi iqlimin hələ sakit, fırtınasız göründüyü 1925-ci ildə “Əkinçi”nin ilk sayının meydana çıxmasının (başqa sözlə desək, milli mətbuat tariximizin!) 50 illiyi mütəvazi şəkildə də olsa qeyd edildi. Fərhad Ağazadənin və digər vətənpərvər ziyalıların təkidli xahiş və təşviqləri nəticəsində Hənifə xanım “Həsən bəy Məlikov-Zərdabinin bioqrafiyası” adlı qiymətli memuarlarını yazdı.
Lakin tezliklə Böyük Əkinçinin şəxsiyyəti və yaradıcılıq irsi üzərində yenidən qara buludlar görünməyə başladı. Bu artıq sadəcə unutqanlıq deyildi. Daha çox siyasi xarakterli qadağa idi. Və sovet rejiminin baxış açısından həmin qadağanı labüd edən ciddi səbəblər vardı. Çünki Həsən bəyin kürəkəni Ə.Topçubaşov Cümhuriyyət Parlamentinin ilk sədri və Paris Sülh konfransındakı Azərbaycan Nümayəndə heyətinin rəhbəri kimi Qərbdə geniş siyasi fəaliyyət aparır, Avropa dövlətlərini və ictimaiyyətini vətəninin, müstəqil dövlətinin məruz qaldığı qırmızı işğalın nəticələrini tanımamağa çağırırdı.
Həsən bəyin kiçik oğlu, Azərbaycan Cümhuriyyətinin ilk diplomatlarından olan Səvfət bəy Məlikov sovet hökumətinin izni ilə ali təhsilini tamamlamaq üçün xaricə getsə də, geri dönməməyi bolşeviklərin xidmətində dayanmaqdan daha üstün tutmuş, bütün sonrakı həyatını Türkiyə Cümhuriyyətində yaşamışdı. Nəvələri - Ələkbər və Rəşid Topçubaşovlar gənc yaşlarından atalarının rəhbərliyi altında milli dövlətçiliyə töhfələrini verməyə çalışmışdılar. Təbii ki, yalnız sadalanan səbəblər bolşevik rejimi şəraitində Zərdabinin adı üzərinə kölgə salınmasına, onun şəxsiyyət və əməllərinin düşünülmüş şəkildə unutdurulmasına yetərli idi.
1937-ci ildə o zaman daha dəqiq sayılan təvəllüd tarixinə görə Həsən bəyin anadan olmasının 100 illiyi tamam olurdu. Amma yubiley tədbirləri bir yana qalsın, həmin il Zərdabinin qəbir evini də viran qoymuşdular. Salyan şosesinin çəkilməsi ilə əlaqədar Bibiheybət qəbiristanlığındakı bir sıra məzarlar kimi Həsən bəyin qəbiri də “plana düşmüşdü”. Azərbaycanın XIX-XX əsrlər mədəniyyət tarixində silinməz iz qoyan bir şəxsiyyətin məzar yerinin dəyişilməsi üçün nə komissiya yaradılmış, nə ruhanilər və digər mütəxəssislər dəvət edilmiş, nə foto - xronika çəkilişi aparılmışdı. Hətta qəzetlərdə bir neçə sətirlik məlumatda da lüzum görülməmişdi. Sadəcə Zərdabinin yaxınlarına 24 saat müddətində mərhumun qalıqlarını çıxarıb başqa yerdə basdırmaqla bağlı xəbərdarlıq edilmişdi. Əks-təqdirdə sahibsiz qəbirlərlə birlikdə yerlə-yeksan olunacağı bildirilmişdi.
Dəfninə minlərlə insanın toplaşdığı Həsən bəyin sümüklərini qızı Qəribsoltan xanımın pulla tutduğu iki-üç nəfər təsadüfi adam taxta qutuya yığıb tramvayla (!) şəhər qəbiristanlığına gətirmişdi. Zərdabi haqq dünyasındakı həyatının növbəti 20 ilini burada, Hənifə xanımın məzarı yanındakı adsız, nəmsiz-nişansız qəbirdə keçirmişdi. Yalnız 1957-ci ildə, ilıq rejimin başlanğıcında Abbas Zamanov və Şıxəli Qurbanov kimi milli ruhlu ziyalıların səyi nəticəsində çox böyük çətinliklə (Qəribsoltan xanım əsəb xəstəliyindən əziyyət çəkirdi və atasının qəbrinin yerini öyrənmək istəyənlərin məzarı yenidən dağıtmaq niyyətində olduqlarını düşünürdü - V.Q.) “gizli” qəbrin yerini aşkarlamaq və cənazəsinin qalıqlarını son istinadgahında - Fəxri xiyabanda torpağa tapşırmaq mümkün olmuşdu. Yəqin ki, yalnız bundan sonra Böyük Əkinçinin narahat, dərbədər ruhu sakitlik tapa bilmişdi.
***
Zərdabinin ehtiyac içərisində qalan ailəsinə, “bilik badəsini sona qədər içməyə imkan tapmayan” övladlarına qayğı və diqqət haqqında dəfn günlərində verilən vədlər də sadəcə söz olaraq qalmışdı. Biri-birini əvəz edən üç hakimiyyət (çarizm, qısa müddətli müstəqillik və sovet rejimi) dövründə bu istiqamətdə hansısa mühüm, yaddaqalan addımın atıldığını söyləmək çətindir. Yalnız ölümündən yarım əsr sonra, sovet rejiminin müəyyən qədər liberallaşdığı 1950-ci illərin ikinci yarısında Zərdabi adı üzərindəki qeyri-rəsmi yasaq aradan götürüldü. Əsərləri çap olundu, haqqında tədqiqatlar meydana çıxdı. Onların qiymət və əhəmiyyətini əsla azaltmadan professor Rəhman Bədəlovun fikri ilə razılaşmaq lazımdır ki, Həsən bəyin gördüyü (və görmədiyi) işlərin müasir Azərbaycana təsiri bundan sonra uzun illər milli humanitar elmin ciddi tədqiqat obyekti olaraq qalmalıdır.
Həsən bəy 1872-ci ildə Tiflis Nücəba Qızlar İnstitutunun ilk “müsəlman” məzunlarından balkar əsilli Hənifə xanım Abayeva (1856-1928) ilə ailə qurmuşdu. Nəticədə ictimai fikir və milli mədəniyyət tariximizdə yalnız Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Cavanşirlə müqayisə oluna biləcək bu mərd, vətənpərvər qadının simasında özünə əməl və əqidə dostu, həmfikir tapmışdı.
Bu nikahdan dörd övladları doğulmuşdu. Böyük qızları Pəri xanım Məlikova (1873-1948) əvvəldə qeyd edildiyi, 1894-cü ildə Ə.Topçubaşovla ailə həyatı qurmuşdu. Pəri xanım 1919-cu ildə Parisə, ərinin yanına getmiş, Cümhuriyyətin süqutundan sonra isə mühacirət həyatının bütün ağrı-acılarını Əlimərdan bəylə bölüşmüşdü. O, 1948-ci ildə Parisdə vəfat etmişdi.
Zərdabinin böyük oğlu Midhət bəy Məlikov (1879-1938) Bakı real gimnaziyasını bitirdikdən sonra Almaniyanın Köln şəhərində ali təhsil alıb elektrik mühəndisliyi ixtisasına yiyələnmişdi. On ildən çox Bakıda müxtəlif neft mədənləri və elektrik şirkətlərində çalışdığı bəllidir. Həyatının 1915-1925-ci illər arasındakı dövrü Qazan şəhəri ilə bağlı olub. Azərbaycan döndükdən sonra Midhət bəy bir müddət Bakıda yaşayıb, anasının ölümündən sonra (1928) Gəncəyə köçərək burada şəhər kommunal təsərrüfatı idarəsində sıravi mühəndis kimi işləmişdi.
Milli ruhlu ziyalılara və övladlarına düşmən kəsilən sovet rejimi Zərdabinin oğluna münasibətdə də hər hansı istisnaya yol verməmişdi. Midhət bəy ilk dəfə 1931-ci ildə həbs edilib doqquz ay məhbəsdə saxlanmışdı. Xalq düşmənlərinin qohumu olduğuna görə ikinci dəfə 1935-ci ilin fevral ayında üç illik həbs cəzasına məhkum edilmişdi. Bundan sonra haqqında hər hansı məlumata rast gəlinməməsi Zərdabinin böyük oğlunun da 1937-ci ilin qurbanlarından saymağa əsas verir.
Ailənin üçüncü övladı, yuxarıda adını bir neçə dəfə çəkdiyim Qəribsoltan Məlikova (1886-1967) Zərdabi nəslinin Azərbaycanda qalan yeganə nümayəndəsi idi. Azərbaycan qadın adları içərisində nadir istisna olan Qəribsoltan adını ona anası Hənifə xanım vermişdi. Çünki böyük qardaşı Soltan bəy Abayev Balkariyada yaşamış və nisbətən gənc yaşda vəfat etmişdi. Qızı isə Hənifə xanımın nəzərində qəriblikdə doğulmuş Soltan, yaxud Sultan idi və ona daim doğma vətənini, ailəsini xatırladırdı. Q.Məlikova Hacı Zeynalabdin Tağıyevin Qız məktəbini bitirdikdən sonra Bakıda, Gəncə və Zərdabda müəllimlik etmiş, atası haqqında həssas, səmimi müşahidələrin məhsulu olan, fərdi cizgilərlə zəngin xatirələrini qələmə almışdı. Yeznəsinin, bacısının, bacısı uşaqlarının və kiçik qardaşının xaricdə yaşamalarına baxmayaraq Qəribsoltan xanım sovet repressiya maşının dişlərindən salamat qurtara bilmiş, hətta 1949-cu ildə Azərbaycanın əməkdar müəllimi adına, sonra isə keçmiş Sovet İttifaqının ali mükafatına - Lenin ordeninə layiq görülmüşdü.
Lakin düşdüyü ağır maddi və mənəvi çətinliklər, üzləşdiyi təqib və sıxıntılar həyatında izsiz-soraqsız ötüşməmişdi. Ailə həyatı qura bilməyən, yoxsul və tənha şəraitdə yaşayan Qəribsoltan xanımın psixikası pozulmuş, uzun müddət müxtəlif ruhi xəstəliklərdən müalicə olunmuşdu. Görkəmli bəstəkar, SSRİ və Azərbaycan SSR xalq artisti, 1965-1971-ci illərdə respublika mədəniyyət naziri olmuş Rauf Hacıyev (1922-1995) kiçik yaşlarından Qəribsoltan Məlikovanın himayəsində böyümüş, onun təlim tərbiyəsini görmüşdü.
Həsən bəyin kiçik oğlu Səfvət bəy Məlikov (1891-1975) atasını itirəndə 16 yaşında idi. 1914-cü ildə orta təhsilini başa vurub Riqa Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdu. Bakı şəhər Dumasının 2 aprel 1915-ci il tarixli qərarı ilə ailəsinin ağır maddi vəziyyəti nəzərə alınaraq Zərdabinin adını daşıyan təqaüd ona ayrılmışdı. Səfvət bəyin zehni inkişafında, ictimai-siyasi proseslərdə iştirakında anasının və Ə.Topçubaşovun mühüm təsiri olmuşdu.
İnstitutun 3-cü kursunu bitirdikdən sonra Rusiyada inqilabi hərəkat başlanması nəticəsində 1917-ci ilin martında Bakıya dönmüşdü. Az sonra Əlimərdan bəyin təşviqi nəticəsində ictimai fəaliyyətə qoşulmuşdu. 1918-ci il dekabrın 7-də AC Məclisi-Məbusanın qərarı ilə Paris Sülh konfransına göndərilən heyətin tərkibində Səfvət bəy Məlikov da vardı. Rus, fransız və alman dillərini bilməsini nəzərə alaraq onu texniki personala cəlb etmişdilər.
1919-cu ilin aprelinə qədər həm də Azərbaycan hökumətinin Osmanlı dövlətindəki elçisi-səlahiyyətli nazir sayılan Ə.Topçubaşov Nümayəndə heyətinin rəhbəri kimi Parisə yola düşəndə təmsilçilik vəzifəsini müvəqqəti olaraq Səfvət bəyə həvalə etmişdi. Lakin hökumətdən zəruri dəstək ala bilməyən S.Məlikov üzərinə qoyulan vəzifənin icrasında ciddi çətinliklərlə üzləşmişdi.
Ə.Topçubaşov Parisdən Nazirlər Şurasının sədrinə göndərdiyi 8-9 iyul 1919-cu il tarixli məktubunda məsələyə toxunaraq yazırdı: “Bizim Konstantinopoldakı təmsilçiliyimizlə bağlı Səfvət bəy Məlikovdan məktub almışam. Bildirir ki, onun sorğularına cavab vermirsiniz. Əgər Səfvət bəyə orada ehtiyac yoxdursa, bu haqda özünə məlumat vermək lazımdır. Əgər yerinə başqa şəxs təyin edilməsi nəzərdə tutulubsa, həmin şəxsi dərhal göndərmək lazımdır. Mən Konstantinopoldan çıxarkən Səvfət bəyi təmsilçiliyə müvəqqəti təyin etmişdim və ona yalnız üç aylıq maliyyə vəsaiti vermişdim. İyulun 22-də həmin vaxt başa çatır. O, maddi cəhətdən çox böyük ehtiyac içərisində olduğunu yazır. Ən əsası isə Bakıdan, Sizdən bir xəbər alacağına ümid bəsləmir. Məsələnin aydınlaşdırılması hər cəhətdən faydalı olardı. Bu işlə maraqlanmağınızı xahiş edirəm”.
Bir müddət sonra Y.V.Çəmənzəminlinin İstanbula diplomatik nümayəndə təyin olunması Səfvət bəyin gələcəklə bağlı planlarını dəyişmişdi. Hökumətinin xaricə tələbə göndərmək niyyətindən xəbər tutandan sonra o, mənsəb sevdasına düşmək əvəzinə yarımçıq qalmış təhsilini başa vurmaq qərarına gəlmişdi. Anası da eyni fikrə tərəfdar idi. Oğlunun adından rəsmi dairələr qarşısında binagüzarlıq edən Hənifə xanım 1919-cu il avqustun 16-da xalq maarifi nazirinə yazırdı: “Oğlum Səfvət bəy Məlikzadə-Zərdabi (mətndə belədir - V.Q.) Riqa Politexnik İnstitutunun dördüncü kurs tələbəsidir. Yaranmış vəziyyətlə əlaqədar təhsilini davam etdirə bilmir. Siz 100 nəfər gəncin ali təhsil üçün xaricə göndəriləcəyini bəyan etmiş və bununla əlaqədar yazılı müraciətin zərurliyini bildirmisiniz. Səvfət bəy hazırda Konstantinopolda, Xarici İşlər Nazirliyində xidməti fəaliyyətdədir və tezliklə Sizə yazılı müraciət yollamaq imkanından məhrumdur. Ona görə də oğlumun əvəzinə onun xaricə təhsil almağa göndərilməsini mən Sizdən rica edirəm”.
Hənifə xanım daha sonra Səfvət bəyin hansı ailədə böyüdüyünü, hansı ənənələr əsasında yetişdiyini diqqətə çatdırırdı: “Bütün varlığımla əminəm ki, oğlum da ali təhsil aldıqdan sonra atası Həsən bəy Məlikov kimi bütün ömrü boyu Azərbaycana ləyaqətlə xidmət edəcəkdir” (kursiv mənimdir - V.Q.)
Lakin naməlum səbəblər üzündən Səfvət bəy Məlikov ali təhsil almaq, yaxud natamam təhsilini başa çatdırmaq üçün xaricə ezam olunan 100 tələbə sırasına daxil edilməmişdi. Eyni zamanda diplomatik sahədə çalışmaq imkanından da məhrum olmuşdu. Çox güman ki, bütün bunlar gəncdə atasının ruhuna ehtiram göstərilməməsi, özünə münasibətdə isə haqsızlığa yol verilməsi təəssüratı yaratmış və milli hökumətdən müəyyən qədər incik düşməsinə gətirib çıxarmışdı.
Bunu Sovet hakimiyyətinin birinci ili özünü artıq nə “bəy”, nə də “Zərdabi” adlandıran “Səvfət Həsən oğlu Məlikovun” Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə 7 fevral 1921-ci il tarixli ərizəsi də aydın göstərir: “Müsavat hakimiyyəti dövründə xaricə göndərilən tələbələr sırasına daxil edilməklə bağlı müraciətim etinasızlıqla qarşılandı. Çünki Müsavat hökumətinin fikrincə, mən öz əqidəmə görə siyasi baxımdan “etibarsız ünsür” sayılmışdım” - deyə şikayətlənən Səfvət bəy Politexnik İnstitutunun ən yaxşı tələbələrindən biri kimi təhsilini Almaniyada davam etdirməsi haqda hələ 1917-ci ildə qərar verildiyini, lakin Rusiya inqilabı nəticəsində bunun mümkün olmadığını yazırdı. Səvfət bəy indiki şəraitdə ölkədə texniki mütəxəssislərə böyük ehtiyac yarandığını, habelə Azərbaycan sovet hökumətinin təcrübəsində xaricə tələbə göndərmək hallarının mövcudluğunu nəzərə alaraq il yarım-iki illiyə Almaniyaya ezam edilməsini istəyir və təhsilini tamamlayıb memar kimi vətəninə dönəcəyini bildirirdi.
İnsafən Maarif Komissarlığı operativlik göstərərək 1 mart 1921-ci il tarixli iclasında “dördüncü kurs dinləyicisi tələbə Məlikovun təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası üçün faydalı olacağını nəzərə alaraq onun xaricə ezam edilməsi” haqqında qərar çıxarmışdı.
Bir il sonra yenidən problemlər yaranmışdı. 1922-ci ilin iyununda Hənifə xanım XKS sədri Qəzənfər Musabəyova müraciət etmək məcburiyyətində qalmışdı. Səbəb “təhsilini başa vurmaq üçün Sovet hökuməti tərəfindən Qərbi Avropaya göndərilən oğlu Səfvət Məlikovun imkanlı ailənin övladı və Ə.Topçubaşovun qohumu sayılaraq” xaricdəki azərbaycanlı tələbələrlə işləyən komissiyanın qərarı əsasında təqaüddən məhrum edilməsi idi. Hənifə xanım yazırdı: “Sovet hökumətinə dərin hörmət bəsləyən bir müəllimə kimi bu qərarla razılaşa bilmərəm. İnanıram ki, komissiya yanlış məlumatlandırılıb və səhvə yol verib. Ona görə də xahiş edirəm, Həsən bəy Məlikovun oğlunun (kursiv mənimdir - V.Q.) təqaüdü ilə bağlı məsələ yenidən müzakirəyə qoyulsun. Hüquqi və əxlaqi əsaslara uyğun şəkildə ona təqaüd verilməsi davam etdirilsin, ya da dövlətin hesabına vətənə qayıtması təmin olunsun”.
Azərbaycan SSR XKS-nin göstərişi ilə məsələ Maarif Komissarlığının kollegiya iclasına çıxarılmış, komissar Mustafa Quliyevin imzaladığı müsbət qərar qəbul olunmuşdu. Qərarda deyilirdi: “Maarif Komissarlığı Qafqazın görkəmli ictimai xadimlərindən olan və böyük ehtiyac içində ölən atasının xidmətlərini, türk qadınları arasında birincilər sırasında mədəni-maarif meydanına atılan və bu sahədə 30 il yorulmadan çalışan anasının fəaliyyətini nəzərə alaraq tələbə Səfvət Məlikovun təqaüd hüququnun bərpa olunmasını XKS-dən xahiş etməyi yekdilliklə qərara alıb. Eyni zamanda qərara alınıb ki, Topşubaşovla qohumluq əlaqələri onun təqaüdçülər sırasından çıxarılmasına əsas sayılmasın və tələbə Məlikovun pis oxuduğuna görə yox, yalnız Topçubaşovla qohumluğa görə təqaüddən məhrum edildiyi nəzərə alınsın”.
Almaniyada ali təhsilini başa vuran Səfvət bəy Sovet Azərbaycanına dönməmək haqqında çətin, lakin prinsipial qərar qəbul etmişdi. Və ömrünün sonrakı 55 ilini Qərbi Avropa ölkələrində, habelə Türkiyədə keçirmişdi. 1970-ci ildə onunla görüşən zərdabişünas alim Z.Göyüşov yazırdı: “Türkiyədə olarkən Ankarada Azərbaycanın görkəmli mütəfəkkiri Həsən bəy Zərdabinin oğlu Səfvət bəy Zərdabi ilə görüşdüm. Atasının əsərlərini çap etdiyimə, haqqında monoqrafiya yazdığıma görə öz adından və Zərdabinin bütün qohumları adından mənə təşəkkür etdi. Atası və Azərbaycanda inqilab illəri haqqında xeyli xatirələr danışdı. Türkiyədə rast gəldiyim yaşlı azərbaycanlı mühacirlərin hamısı kimi Səfvət bəydə də əqidəsinin yanlışlığına və indi də həmin yanlış əqidədə qalmasına baxmayaraq böyük vətən həsrəti duyulurdu. Səfvət bəy anası Hənifə xanımdan da çoxlu xatirələr söylədi. Azərbaycanda ilk qız məktəblərinin təşkili zamanı anasının cəhalət üzündən çəkdiyi müsibətlərdən gözləri yaşara-yaşara danışdı”.
Təəssüflər olsun ki, bu xatirələri Səfvət bəy Məlikov özü ilə qəbir evinə aparmışdı. Və beləliklə dolayısı yolla olsa da, atasının unudulmasına, yaddaşlardan silinməsinə, yaxud fəaliyyətinin təhrif edilməsinə göz yummuşdu...
***
Həsən bəy Zərdabi həyatını proqramlaşdıran, onu sona kimi könüllü surətdə seçilmiş məqsədə tabe tutan nadir şəxsiyyətlərdən idi. Təbii ki, seçdiyi yolun sonunda təkcə məhəbbət və minnətdarlıq deyil, unutqanlıq və naşükürlük olacağını da əvvəlcədən təxmin etmişdi. Amma bundan qətiyyən qorxub-çəkinməmişdi. Böyük ictimai-mədəni missiyasının başlanğıcında müasiri və dostu, həyatının son illərində səylərinin bir fayda vermədiyini düşünərək bədbinliyə qapılan Mirzə Fətəli Axundzadəyə göndərdiyi məktubda məhz bunu nəzərdə tutaraq yazırdı: “Sizə açığını deməliyəm: təəccüblənirəm ki, nə üçün başqaları yaşları ötdükcə daha müdrik olurlar, onların əsərləri daha ciddi xarakter alır, Siz isə əksinə, özünüzün də etiraf etdiyiniz kimi, əlinizə qələm ala bilmirsiniz... Nə isə, bu öz işinizdir. Amma düşünməyin ki, xalqın maarifə qovuşması bir pyes, yaxud məqalə ilə başa gələn məsələdir. Xeyr, burada iş həddən artıq çoxdur. Bu işin layiqli şəkildə görülməsi üçünsə bir nəfərin deyil, hətta onlarla rəhbərin də fəaliyyəti azdır. Bəlkə belə bir fikir qarşınızı alır ki, niyə başqası deyil, məhz Siz, özü də heç kəsdən quru bir “sağ ol!” eşitməyə də ümid bəsləmədən bu işlə məşğul olmalısınız? Əgər belə düşünürsünüzsə, o zaman Sizə izah etməliyəm: xalqa, öz yaxınlarına, cəhalət girdabında qalan insanlara köməkdən söhbət gedərkən belə düşüncələrə ümumən yer olmamalıdır. Özünü xalq maarifinə həsr etmək istəyən şəxsi bu cür fikirlər əsla yolundan saxlamamılıdır”.
Ona görə də Həsən bəy unudulmaqdan qorxmurdu. Ümumiyyətlə bu barədə düşünmürdü. Sadəcə fikirləşirdi ki, “ucalmaq üçün hündür ağaca çıxmaq yox, körpə fidan əkmək lazımdır”... Və bu prinsiplə hərəkət edirdi. Yaşadığı zəmanədə bunu düşüncə və hərəkətinin motivlərini anlamayan, qiymət verməyən ola bilərdi və vardı. Amma bizim - indi bol pöhrə vermiş, qol-budaq atmış həmin ağacların bəhrəsini görənlərin vətən torpağına maarif, mədəniyyət, milli düşüncə fidanları basdırmış Böyük Əkinçini unutmağa heç bir mənəvi haqqımız yoxdur.
525.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.