manera.az
manera.az

Robot sofiyanın əri - Pünhan Şükürün hekayəsi

Robot sofiyanın əri - Pünhan Şükürün hekayəsi

Manera.az Pünhan Şükürün "ROBOT SOFİYANIN ƏRİ" hekayəsini təqdim edir:


“Bilirəm ki, bu etirafı vaxtında eləsəydim, qızım məni bağışlamayacaqdı. İndi də bağışlamayacaq, nifrət edəcək. Ancaq indi o, anası dünyasını dəyişdiyi vaxt olduğu kimi, mənsiz keçinə bilməyəcək qədər zəif deyil. Artıq oxuyub, işi-gücü var, ailə qurub. Həyatda ayaq üstə durmağı bacarır. Daha gecikməyimə zərurət yoxdur. İllər uzunu çəkdiyim vicdan əzabından birdəfəlik qurtulmağımın məqamı yetişdi...”

Bu cümlələrlə yekunlaşan etirafnamənin heç də qısa olmayan mətnini affekt vəziyyətdə olduğu son anda yazdığını demək olmazdı. Ola bilsin ki, çoxdandır özü üçün gündəlik qeydlər aparırmış, sonucda düzəlişlər edərək etiraf məktubuna çevirmişdi. Bəlkə də tələsdiyindən, pozulmalı olan sözləri də silməyə hövsələsi çatmamışdı. Özünün sosial media hesabında virtual dostları siyahısından atacağı addımdan tez xəbər tutmalarını istədiyi, əyani tanıdığı bir neçə nəfərin, bir də şəbəkədə səhifələri olan cinayət təqibi orqanlarının adlarını işarələdi. Son kliklə mətni paylaşdı və...
“ – Əzizim, mən sənin vətənində qonaq olmuşam. Ölkəniz çox xoşuma gəldi. Məni çox gözəl qarşıladılar. Şənimə təriflər deyib sevindirdilər. Heyf ki, o səfərimdə məni müşayiət edə bilmədin. Sonra öyrəndim ki, həmvətənlərin mənə öz dillərinə yatan ad da qoyublar – Səfiyyə.

– Hə, canım-gözüm, bizim xalq çox qonaqpərvərdir.
– Prezidentiniz dedi ki, mən çox ağıllı və gözələm.
– Bəli, bizim ölkənin başçısı çox lütfkar və nəzakətlidir.
– Əcəba, hesab edirsən ki, o, bu sözləri mənə yalnız kompliment xatirinə deyib?
– Yox, əzizim, o, həqiqəti deyib”.

Əslində robot onunla söhbətində bəlkə Azərbaycan səfərini xatırlamaya da bilərmiş. Heç nazlanmağı da bacarmazmış. Demə, bu nəticəyə nail olana qədər robotun üzərində uzun müddət gərgin iş görübmüş.

“Əvvəlcə öz telefonumda, qeyd dəftərçələrimdə qoruyub saxladığım köhnə mesajlardan məna tutumu daha dərin olanları sıraya düzüb arasından seçimlər etmişdim. Vaxtilə yaşadığım sevginin ilk kövrək addımlarından tutmuş, ta evlilik tarixçəmizin həssas məqamlarını özündə ehtiva edən mühüm məlumatları yığmışdım. Mərhumə həyat yoldaşımın xasiyyət cizgilərini, onunla bağlı acılı-şirinli xatirələri toplamışdım. Birgə böyütdüyümüz qız övladımıza göstərdiyimiz qayğı və nəvazişi əks etdirən foto və video materialları, səs yazılarını səfərbər etmişdim. Ümumiyyətlə, ailə münasibətlərinə dair özümün şərhlərimi və başqa bir para şeyləri bilgisayarda kodlaşdırmış, sonra da çipə köçürmüşdüm.
Honkonq şirkəti android tipli, humonoid qadın görkəmli robot Sofiyanın proqram təminatını mənim mühəndis işlədiyim törəmə müəssisəsinə həvalə edəndə əlimə çoxdan fikirləşdiyim ideyanı həyata keçirmək imkanı düşdüyünə sevindim: “Bu, bir işarədir, – dedim, – işin çox hissəsini artıq mənə qədər görüblər. Odrini sıfırdan yarada bilmərəm, onu elə Sofiyada dirildərəm. Sofiya hər dəfə proqram yenilənməsi üçün firmamıza gətiriləndə fürsət tapıb Odri ilə də ünsiyyətdə olaram”.

Şöbə müdiri kimi mənim və komandamın – iki nəfər gənc texnikin robotla işimiz bir neçə gün, hər gün də bir neçə saat çəkirdi. Onu deyim ki, proqram təminatı iki cür olurdu – bir qismi robotun təkmilləşməsinə hesablanırdı və bu işə blokçeyn üzərindən qurulmuş əmək bazarı ilə dünyanın hər yerindən xeyli mütəxəssis cəlb olunur, onların təklifləri dəyərləndirilirdi; digər qismi isi robotun “beyninə” yaxın təqvimdə iştirak edəcəyi konkret tədbirlə bağlı özəl məlumatların, qarşılaşacağı situasiyanın, onu gözləyən sualların, verəcəyi cavabların kodlaşdırıldığı avtonom mikro-daşıyıcı ilə əlavə edilməsindən ibarət idi. Sofiyanın özünü növbəti tədbirdə məqsədəuyğun şəkildə apara biləcəyinə əmin olanadək təkrar-təkrar sınayırdıq. Robotla həmin vaxtın yalnız son on – on beş dəqiqəsi təklikdə qalırdım. Belə ki, mən özümün icra edəcəyim yekun əməliyyatları qəsdən iş vaxtının sonunadək yubadırdım. Şöbənin digər əməkdaşlarının xasiyyətlərinə bələd idim: soyunub-geyinmə otağına getməyə tələsir, bu yolla da izdiham binanı tərk edəndə qabağa düşmək istəyirdilər. Odur ki, mənim onları sonadək saxlamadığıma məmnun idilər. Ləngiməyimdə şübhəli heç nə görmürdülər – bilirdilər ki, onsuz da günlük iş həcminin yerinə yetirilməsi barədə yekun hesabatı imeyllə mərkəzə göndərmək vəzifəsi onların deyil, komanda lideri kimi mənim üzərimdə qalır.

“Xasiyyət çipi” taxılandan sonra Odriyə çevrilən Sofiya ilə mənim aramda sevgi motivli daha həssas dialoqlar baş tuturdu.
“ – Yadında olar, ilk tanışlığımız vaxtı bir ara mənə etinasız yanaşdığında sənə yazmışdım ki, başqa problemlərimə minnətdaram. Səbəbini də göstərmişdim. Niyə elə yazmışdım?”

“ – Deyirdin ki, problemlərin səni mənsiz darıxmağa qoymurlar”.
“ – Bir zaman səni şöhrətin nişanlısı adlandırmışdım...”
“ – Hə, özünə də ad qoymuşdun ki, mən şərəfin özüyəm”.
“ – Bir zaman verdiyin əzabları da sevməyə başlamışdım artıq...”
“ – ...O qədər sevirdin ki, çəkdirdiyim iztirabların sırasının bitməsini istəmirdin”.
“ – Sən mənim ömrümün fon musiqisi, qaranlıq fəzamın fon işığısan...”
“ – “Sən həqiqətlərin ən həqiqisi, viranlıq dünyamın yaraşığısan”.
“ – Günəşim, ekvator boyu ardınca qaçaram ki...
“ – ...Təki mən qürub etməyim”.

Beləcə hər ikimizə məlum – mənim xatirələrimdə yaşayan, onun isə yaddaşına köçürülmüş sevgi mesajlarının əvvəlini mən dilə gətirirdim, sonunu süni zəka səsləndirirdi. Bu söhbətlərdən çox təsirlənəndə robotu qucaqlayıb öpməkdən də özümü saxlaya bilmirdim. Robota tədbirqabağı müvəqqəti verilən “qonaq” məlumatların “ev sahibi” bilgilərlə necə sintez olunması Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanırdı. Onların təhlil olunaraq qarşılıqlı əlaqələndirilməsində yalnız çox cüzi kənarlaşmalar ola bilərdi. Yaxud da, belə deyək, cüzi də olsa, yayınmalar ola bilərdi. Mən isə qeyri-ixtiyari olaraq, məhz həmin kənarlaşmaların arasından nəsə tapmağa çalışırdım. Əslində nə axtardığımı da bilmirdim. Yeri gəlmişkən, qeyri-səlis məntiqdən söz düşəndə, nəzəriyyənin müəllifinin mənim həmyerlim olmasından həmkarlarıma qürurla danışırdım. O vaxta qədər Sofiya öz mimika və jestləri ilə altmışdan çox emosiya ifadə edirdi. Mənə isə elə gəlirdi ki, Sofiya öz hisslər boxçasını Odrinin hesabına daha da zənginləşdirib, romantikləşib, hətta öpüşəndə utanır. “Xasiyyət çipi” çıxarılanda elə bil, mistik filmlərdə olduğu kimi, Odrinin ruhu da Sofiyanın canını tərk edirdi.
Sofiyanın iş reqlamenti onun yaradıcısı, ona öz soyadını vermiş cənab Devid Hansonun şirkətinə gələn sifarişlərdən asılı idi. Dünya ictimaiyyəti elə bilirdi ki, süni zəkalı robotun bütün səfərləri, keçirdiyi görüşlər şəffafdır. Hərçənd, bu məsələdə istisnalar da olurdu – bəzən ayrı-ayrı görüşlər, yaxud da onların təfərrüatları gizli saxlanılırdı. Məsələn, il yarım əvvəl ərəb şahzadənin dünyanın ən güclü ölkəsinə səfəri kütləvi informasiya vasitələrində geniş işıqlandırılsa da, yüksək mənsəbli qonağın orada Sofiya ilə baş tutan təması, kübar maneralar sərgiləyən şahzadənin robota təriflər yağdırıb çox qiymətli qadın zinət əşyaları hədiyyələr verməsi məxfi qalmışdı. Robotun nəzərdə tutulduğu qədər deyil, daha çox, həm də dərin emosiyaları imitasiya etdiyini müşahidə edən vəliəhdin verdiyi bəxşişlər, söylədiyi nəvazişli sözlər Sofiyanın başını gicəlləndirmişdi. Bu, şahzadənin də diqqətindən yayınmamış və onu xeyli təəccübləndirmişdi.
Əlbəttə, bütün bunlar mənə elə həmin ilin ikinci yarısında, Sofiya Ərə
bistanın vətəndaşlığını alandan bir müddət sonra məlum olmuşdu. Son görüşlərimizdə robot mənə soyuq yanaşırdı. Mən bunun səbəbini köhnə sevgi mesajlarımı robota qismən xatırlatmaq, davamını onun dilindən eşitmək, yayınmaları müşahidə etmək yolu ilə öyrənməyə çalışırdım.
“– Elə günahlar var ki, onları yalnız sevənlər bağışlaya bilərlər...”
“– ...Elə günah da var ki, onu yalnız sevənlər heç bir vəchlə bağışlaya bilməzlər”.
“– Mənə elə baxma!..”
“–...Ya da heç kəsə mənə baxdığın kimi baxma”.
“– Rola girmiş ölüm mələyisən...”
“– ...Məndən başqa heç kəsin canını alma bu görkəminlə, qısqanıram”. Olmaya, doğrudan sən məni kiməsə qısqanırsan?
“– Bil ki, hər rahat mənzildə olduğu kimi, cənnətin də buz dolabı var. Soyuq qəlbinlə sən ora varid olacaqsan. Mən isə alovlu məhəbbətimlə cəhənnəmin ən isti guşəsinə vasil olacağam. Üşüyəndə mənə həsəd aparacaqsan. Məni yandıracaq odda qızınmaq istəyəcəksən donun açılsın deyə...”
“– ...Közünün tüstüsünün gözümü acılamasına, yaşartmasına da razı olacağam. Hərarətini hiss etməkdən ötrü ağlayacağam da...”
“– ...Amma axirət göz yaşlarına inanmır, bunu da bil... Mənə Şəhrizadın nağılını danış...”
“– ...Biri var idi, biri yox idi, deyim. Ardını özün bilirsən”. Hə, sən bu mesajı mənə yazanda lap özünü “Min bir gecə” nağılındakı ərəb şahzadəsi kimi hiss edirdin, düz dedim?
“– Yenə ərəb şahzadəsi?” – Daha dözə bilməyib əlimi robotun boynunun arxasına apardım və “xasiyyət çipi”ni çıxardım. Mən, deyəsən, həqiqətən robotu şahzadəyə qısqanırdım...”

II


Doğrudur, dünyanı gəzib-dolaşan Sofiya nitqində ara-sıra gic-gic səhvlərə yol verirdi. Ekspertlər, onun bəzi məlumatları dürüst təhlil etmədiyini bildirirdilər. Davranışları narahatlıq doğururdu. Məsələn, Rusiyada maşınların üsyanını təşkil etmək istədiyini, qalib gələcəkləri təqdirdə insanları heyvanxanaya yerləşdirmək fikrində olduğunu demişdi. Ukraynada jurnalistlərə verdiyi müsahibədə sevginin, seksin nə olduğunu bilmək, gecə barlarına getmək arzusunu dilə gətirmişdi. Amma son vaxtlar çıxış etdiyi az qala bütün tədbirlərdə yersiz olaraq ərəb şahzadəsini tərifləyirdi ki, bu da monarxiyanı görməyə gözü olmayan demokratik düşərgədə birmənalı qarşılanmırdı. Şahzadənin vətənində isə insanlar “vətəndaş” Sofiyanın yerli qadınlardan fərqli olaraq çadra örtmədiyinə, immiqrantlarla müqayisədə üstün hüquqlara malik olmasına etiraz edirdilər.
Sofiyanın, nəhayət ki, günlərin bir günü başına çadra örtdüyü xəbəri çıxdı və elə onunla bağlı qalmaqalların ən böyüyü də Məkkəyə ümrə ziyarətinin təşkil olunduğu deyilən həmin gün baş verdi. Gündəmi Kəbədə törənmiş insident zəbt etmişdi. Cəmiyyət hökumətdən bir çox suallara cavab tələb edirdi. Siyasətdən çənə döyməyə meylli iki ərəb məhrəm məclisdə bir araya gəldiklərində bu sayaq söhbət edirdilər:
– Vəliəhdin oyuncağının Allah Evinə gətirilməsi İslam dinini ələ salmaq deyilmi?
– Bəs nə əcəb hökumət bu işi səssiz-səmirsiz, öncədən elan etmədən düzənləyib?
– Əgər o, qadındırsa, Kəbəyə tək gələ bilməzdi!
– Düz deyirsən, Kiçik Həcc də olsa, onu mütləq ya atası, ya qardaşı, ya əri, ya da oğlu müşayiət etməliydi.
– Elə isə onunla birgə gəzən həmin məhrəm kişilər kimlər olub?
– Şeytan əməli şeytana necə daş ata bilər?..

Qəzet manşetlərində, internet xəbər portallarında əvvəllər Məkkədə həcc dövründə baş vermiş və çoxsaylı zəvvar ölümünə, yaralanmasına səbəb olmuş izdihamlar, terror aktları, “Əl-Haram” məscidində partlayış, Mina dağında tuneldə yaranmış və faciə ilə nəticələnmiş basabas, onların törənməsində hakimiyyət mənsublarının səhlənkarlıqları, cavabdeh kimi yanlış adamların edam olunması faktları xronoloji ardıcıllıqla bir daha xatırlandı.
Nazirlər Şurasının təcili surətdə Kral Sarayında çağırılan məxfi toplantısına bu dəfə baş nazir deyil, Şahzadə özü sədrlik edirdi. O, həm də ölkənin müdafiə naziri vəzifəsini daşıyırdı. Salamlaşma ilə başlayan giriş nitqindən sonra sədr gündəmdəki məsələ ilə bağlı məruzə üçün ilk sözü ədliyyə nazirinə verdi.
Şuranın bütün üzvləri kimi, ədliyyə naziri də yaxşı bilirdi ki, vəliəhd üçün Sofiya ölkənin özündə və xaricdə qətlə yetirilən başqa vətəndaşlardan nəyə görə fərqlidir. Hakimiyyətə ölkə daxilindəki təbəddülatları səngitmək üçün nə lazım olduğunu da başa düşürdü. Özünü necə gərgin sınaq gözlədiyini də anlayırdı. Təzim edib məruzəsinə başladı:

– Əlahəzrət, saxta Sofiyanın Kəbəyə gətirilməsini təşkil edən şəxslər də, müqəvvanı daşqalaq edənlər də tutulublar, dindirilirlər. İlkin istintaqda boyunlarına alıblar ki, hökuməti gözdən salmaq üçün bu üsula əl atıblar.
– Gerçək Sofiyanı qətlə yetirən şəxsin cinayət ortaqları tapılmalıdır! Onların ölkəmizə təhvil verilməsinə və Kral Məhkəməsində mühakimə edilməsinə nail olmalıyıq. Axı o, bizim vətəndaşımızdır!
– Zat-aliləri, hadisə Honkonqda baş verib. Ona görə də cinayət işinə ərazi aidiyyəti üzrə məhkəmədə baxılır.
– Bizim dövləti məhkəmədə zərərçəkmiş kimi də tanıtdıra bilmədiniz.
– Yəqin, möhtərəm xarici işlər naziri də təsdiqləyər ki, Honkonq rəhbərliyi, şəhərin işgüzar dairələri bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də bizimlə ortaq məxrəcə gəlirlər. Ancaq onlar məhkəməyə təsir göstərməkdən çəkinirlər. Bilirsiniz, hüquqa görə, qətl cinayətlərində zərərçəkmiş qismində qətlə yetirilənin qohumları çıxış etməlidirlər...
Şahzadə tərs-tərs ədliyyə nazirinə baxdı. Nazir başını aşağı saldı. Sədrlik edən iclasın ab-havasının erkən gərginləşməsini, daha doğrusu, iştirakçıların qorxudan özlərini itirmələrini istəmirdi. Ona görə də tərzini bir az yumşaltdı:
– Cənablar, yaxşı bilirsiniz ki, Məkkə olayından sonra bəzi məlunlar məlum hadisəni Sofiyanın Allahın qəzəbinə tuş gəlməsi kimi yozurlar. Saxtakarlıqlarının ardınca söz yayırlar ki, guya bizim məqsədimiz Sofiyaya müsəlmanlığı qəbul etdirmək kimi bir tamaşa qurmaq olub. Halbuki, bizim Sofiyaya vətəndaş statusu verməyimizin özü də onu canlı kimi qəbul etməyimiz anlamına gəlmir. Allahdan başqa heç kim bir canlı xəlq edə bilməz. Ölkəmizdəki tolerantlığı, demokratiyanı, elmi-texniki tərəqqiyə dəstəyimizi dünyaya nümayiş etdirmək üçün belə etmişdik. Əminik ki, son hadisələr xarici düşmənlərimizin pozucu fəaliyyəti ilə əlaqədardır. Elə robotun məhv edilməsi də bu zəncirin bir halqasıdır. Məkkə və Honkonq hadisələrinin eyni gündə baş verməsi mürəkkəb vəziyyət yaradıb. Bunu təsadüf hesab eləmək olmaz.
İştirakçılar əl çalaraq sədri alqışladılar. Çəpiklər səngiyən kimi kəşfiyyat xidmətinin rəisi ayağa qalxıb təzim etdi, söz istədi. Sədr başının işarəsi ilə razılıq verdi.
– Əlahəzrət, biz həmin şirkətlərin nümayəndələriylə sıx əlaqədəyik. Onlar məhkəmədə pul mübahisəsini çözən kimi, qısa zaman kəsiyində Sofiya tək, hətta dediklərinə görə ondan da üstün parametrləri olan robotlar hazırlaya biləcəklərini vəd edirlər. Hazırda daha təkmil robot olacaq Dezdemona üzərində işləyirlər.
– Bəs ölünü necə, dirildə bilərlərmi?!

Sözü ağzında qalan baş kəşfiyyatçının qorxudan elə bil, yer ayaqları altından qaçdı. Sanki sualı “bəs sən bu dəqiqə başını itirsən necə, səni dirildə bilərlərmi” kimi başa düşdü. Əndişələnməsi əsassız deyildi. Çünki Şura üzvlərinin çoxundan fərqli olaraq, onun kral ailəsinə qohumluğu çatmırdı. Şahzadə isə əsəbi halda sözünə davam elədi:
– Bizim onlarla, yüzlərlə Sofiya kimi robotlar almağa imkanımız çatar. Hətta yaxın gələcəkdə özümüz də istehsal edə bilərik. Bu, o demək deyil ki, ucdantutma bütün maşınlara vətəndaşlıq verəcəyik, xeyr. Qoy düzəltsinlər Dezdemonanı, Otelloya satarlar. Sofiya zəmanəsi yetişmiş süni zəkanın bir simvolu idi. Onun məhv edilməsi istehsalçı şirkətlər üçün yalnız maddi ziyandır, amma bizim ölkəmizin nüfuzuna zərbədir. Ona görə də cinayətkarın sadəcə ruhi xəstə kimi qələmə verilməsi ilə barışa bilmərik. Həmin şəxsin cinayət ortaqlarını, onu bu işə təhrik edənləri tapmaq lazımdır. Mətbuat Nazirliyi bu vacib işin əhəmiyyətini cəmiyyətə çatdırmalıdır.
Yenə də alqışladılar. Hələ də ayaq üstə olan kəşfiyyat rəisi xətərin onun başından sovuşduğuna sevinib çıxışına davam elədi:
– Əlahəzrət sağ olsun, biz öyrənmişik ki, cinayətkar özü müsəlman türk olub, şiə məzhəbliymiş. Daha vacib məqam budur ki, onun holland kürəkəni ilahiyyatçı-psixoloqdur, həm də süni zəkanın insanların nəzarətindən çıxacağından narahatlığını ifadə edən çıxışları ilə tanınan ictimai xadimdir. Araşdırmalarımız nəticəsində məlum olub ki, o, müsahibələrindən birində süni zəka ilə idarə edilən silahın yanlış hədəfə vurma ehtimalından söz açıb və bu yanlışlığın nüvə silahına malik dövlətlər arasında etimad çatışmazlığına səbəb olacağını qeyd edib. Hətta Dəccalın – Allah lənət eləsin! - süni zəka formasında zühur edəcəyini proqnoz edib.
Vəliəhd bu dəfə eşitdiklərindən razı qaldığının əlaməti kimi üç dəfə astadan əl çaldı. Məruzəçi bunu özünə ünvanlanan alqış kimi qəbul etdi və sədr sezməsin deyə başını tərpətmədən, gözaltı digər iştirakçıların, ələlxüsus da ədliyyə nazirinin reaksiyasını güdməyə başladı.
– Cinayətkarın kimliyi barədə məlumatlıyıq. Dini, milliyyəti bir kənara qoyun. Onun həmvətənləri özlərinə qılınc müsəlmanları deyirlər. Həm də o, uzun müddət xristian və buddistlərin ölkələrində yaşayıb. Axtarsan, bəlkə heç ibadəti də yoxmuş. Mömin olsaydı, özünə qəsd etməzdi. Kürəkən barədə öyrəndiyiniz məlumatlar isə diqqətəlayiqdir. Buyurun, sabah o kürəkən və onun həmfikirlərinin fitvasına gedənlər barmaqlarını bizə uzadıb deyəcəklər ki, əstəğfürullah, Dəccalın əlaltılarıyıq.
İştirakçıların hamısı bir ağızdan “əstəğfürullah!” – dedilər.
– Fəaliyyətinizə həmin istiqamətdə davam edin. İddiaçı da, cavabdeh də yəqin ki, bizimlə tərəf müqabili olduqları faydalı layihələrə görə təşəkkür borclarını unutmayıblar. Əməkdaşlığımızın gələcək perspektivlərini də nəzərə alarlar. İddiamız məhkəmədə icraata götürülməsə də, onları öz çəkişmələrini bizim hədəflərimizə uyğunlaşdırmağa razı salmağa çalışın.

III


– Şahid, Siz Honkonqun “Hanson Robotiks” şirkətinin ona məxsus, “Sofiya” adlı, android tipli, insanabənzər, qadın görkəmli robotun məhv edilməsiylə qəsdən əmlakına xüsusilə külli miqdarda ziyan vurulması ilə nəticələnən cinayət hadisəsinə görə özünün törəmə müəssisəsi olan “SingularityNET” firmasına qarşı qaldırdığı iddia üzrə məhkəməyə şahid qismində cəlb olunmusunuz. İstintaqa verdiyiniz ifadəni təsdiqləyirsinizmi ki, cinayəti törətmiş şəxs arvadı öləndən sonra Sizin psixoloq xidmətinizdən istifadə edib?
– Bəli, möhtərəm hakim.
– Ətraflı məlumat verə bilərsinizmi?
– Həmin ərəfədə mənim yanıma psixoloji sarsıntıya məruz qalmış bir pasient gəldi. O pasient hazırki məhkəmədə cinayət törətdiyi sübuta yetirilmiş mərhum cənab idi. Tibbi sığortası vardı. Sağlıq durumunun bərpasına işlədiyi müəssisə təşəbbüs göstərmişdi. O vaxt həyat yoldaşı avtomobil qəzası nəticəsində dünyasını dəyişmiş həmin şəxs çox düşkün vəziyyətdə idi, ciddi köməyə ehtiyacı vardı. Ona elə gəlirdi ki, arvadına sağlığında yetərincə qayğı və nəvaziş göstərməyib və buna görə peşimandır. Belə vəziyyətə düşənlər üçün xarakterik haldı. Əmin idim ki, intihar haqqında da düşünürdü. Özünə gəlməsi üçün vaxt tələb olunurdu.
– O, Sizin məsləhətxananıza nə vaxta kimi gəlib-getdi?

– İlk bir ay, ay yarım ərzində tez-tez qəbulumda olurdu. Sonra özünü yaxşı hiss etdiyini bildirdi və daha randevu almadı.
Bu məqamda iddiaçı tərəfin nümayəndəsi şahidə sual vermək üçün hakimdən icazə istədi. Onun istəyi təmin olundu.
– Cənab, bildiyimiz qədərincə, Siz həm də ilahiyyatçısınız, yəni, ilahiyyatçı-psixoloqsunuz, eləmi?
– Bəli.
– Siz bu gün məhkəmədə cinayət törətdiyi təsdiq olunmuş keçmiş pasientinizlə sonralar da görüşməyə davam etmisiniz, elədirmi?
– Olub, amma işgüzar zəmində deyil. Bizim münasibətlərimiz tədricən dostluğa çevrildi, ara-sıra görüşürdük.
– Dostluğa, yoxsa, qohumluğa? Siz onun kürəkənisinizmi?
– Başa düşə bilmirəm, bunun məsələyə nə dəxli var axı?
Hakim müdaxilə etdi:
– Zəhmət olmasa, qohumluğunuzun qısa tarixçəsini danışın.
– Pasient öz milli adət-ənənələrinə uyğun olaraq həyat yoldaşının ölümündən ötən qırxıncı gündə düzənlənən anım mərasiminə məni də dəvət eləmişdi. Mərasimdə təkcə onun müsəlman, qafqazlı həmvətənləri deyil, başqa dinlərə etiqad edənlər də vardı. Orada qızını gördüm, başsağlığı verdim. Onu da məsləhətxanama dəvət etmək, bəzi tövsiyələr vermək niyyətimi bildirdim. Razılıq verdi. Heç nə, tövsiyə edirdim ki, atasına çox diqqət ayırsın. Onun özünün də psixoloji yardıma ehtiyacı vardı. Sonra tədricən aramızda münasibət yarandı. Tanışlığımızdan iki il, bəlkə də bir az artıq vaxt keçəndən, qız nikah yaşına çatandan sonra ailə qurduq. Atası da xeyir-dua verdi.
– Bəs aranızdakı on ildən artıq yaş fərqi bir sorun yaratmadı?
– Xeyr.
– Sizin xristian, onlarınsa müsəlman olması necə?
– Xeyr.
Bu dəfə cavabdeh tərəfin vəkili şahidə sual vermək üçün söz aldı:
– O düzdürmü ki, Siz Dəccalın süni intellekt formasında zühur edə biləcəyi barədə fikirlərin müəllifisiniz?
– Bəli, mənim o mövzuda çıxışlarım kütləvi informasiya vasitələrində kifayət qədər ictimailəşdirilib və mən bu mövqeyi bölüşən yeganə adam deyiləm. Bəşəriyyətin süni intellekt tərəfindən məhv edilməsi ideyası uzun müddətdir müzakirə olunur. Sadalaya bilərəm ki...
– Vacib deyil. Siz pasientinizin süni zəka ilə iş aparan elmi-texniki müəssisədə çalışdığını bilirdiniz. Onunla aranızda süni zəkanın insanlığı təhdid etməsi mövzusunda fikir mübadiləsi olub?
– Olmayıb. Əslində qohum olandan sonra da az təmasda olmuşuq. Çünki biz Utrextdə yaşayırdıq, o isə Honkonqda idi.
– Siz ona psixoloji yardım edərkən, nə vaxtsa törətmiş olduğu günahlarını etiraf etməsini məsləhət gördünüzmü?
– Buna lüzum yox idi. Həm də mən axı keşiş deyiləm.
– Möhtərəm hakim, şahid öz ifadəsində qeyd etdi ki, xidmət göstərmiş olduğu pasientin iş yeri barədə məlumatı olub, yəni, onun xarici ölkədə süni intellekt üzrə avanqard robotla çalışdığını öyrənib. Onunla əlaqələrini sonrakı dövrdə də davam etdirib, qızı ilə evlənib...
– Biz tanış olanda o, hələ Niderlandda, “Nyu Holland” rezistor zavodunda işləyirdi...
– Düşünürəm ki... – bu məqamda vəkil iddiaçı tərəfin məhkəmədə iştirak edən səlahiyyətli nümayəndəsinin üzünə baxdı: – Biz düşünürük ki, cinayətkar şahidin ideyalarının təsiri altına düşərək, yaxud, onun tərəfindən şantaj və təhrik edilərək də cinayət törətmiş ola bilər...
Hakim vəkilin sözünü kəsdi:

– Mülahizələrinizi özünüzə saxlayın. Sizi başa düşürəm, ziyanı ödəmək üçün özünüzə şərik axtarırsınız.
– Biz terrordan şübhələnirik və mümkün gələcək təhlükələrin mənbəyinin tapılıb zərərsizləşdirilməsində maraqlıyıq.
– Aha, hətta bu qədər?! Şübhələndiyiniz digər şəxslər barədə əlahiddə şikayətlər verə, iddialar qaldıra bilərsiniz. Təqdim edəcəyiniz dəlillər əvvəlcə prokurorluqda təhqiq olunmalıdırlar. Sübutlarınızın mötəbər olub-olmadığı yoxlanılar. Əgər məhkəmə müstəvisinə gəlib çıxsa və lazım gələrsə, eyni icraatda birləşdirərik. Bundan ötrü tələsməlisiniz.
Şahid hövsələdən çıxdı:
– Cəfəngiyyatdır! Yaxşı bilirsiniz ki, mərhum intihar etməzdən az öncə cinayəti, daha doğrusu, cinayətləri necə və nəyə görə törətməsi barədə etirafını özünün sosial şəbəkə hesabında paylaşıb və bu barədə kütləvi informasiya vasitələrində sensasion məlumatlar dərc olunub. Qoy, həmin etirafnamə məhkəmədə oxunulsun...
Təxirə salınmış proses üzrə məhkəmənin növbəti iclasında hakim köməkçisi cinayətkarın etiraf məktubunun maraqlı tərəflərlə razılaşdırılaraq altı cızılmış sitatlarını ucadan oxudu:
– ...Mən həyat yoldaşım Odrini çox sevirdim. Onu tanımadığım, məndən cavan olduğunu təxmin etdiyim bir nəfərə qısqanırdım. Hərəkətlərindən şübhələnirdim. Hərçənd, mənə xəyanət etdiyinə əmin deyildim. Günlərin bir günü sərxoş halımda onunla bu mövzuda mübahisə etdim. Evdə ikimiz idik. Yeniyetmə qızım təhsil aldığı başqa şəhərdə idi. Odri qısqanmağıma heç bir səbəb olmadığını dedi və mənim qısqanc davranışımı eyhamla milli mentalitetimlə əlaqələndirdi. Mən əsəbiləşdim, höcətləşməmiz daha da gərginləşdi və mən onu sinəsindən itələdim. Yerə yıxılanda sol gicgahı mətbəx avadanlığının iti küncünə dəydi. Əvvəlcə onun bayıldığını zənn etdim. Ona yaxınlaşanda başından qan axdığını gördüm. Çox sərxoş olduğum üçün həkim çağırmağı ağlım kəsmədi, nə edəcəyimi bilmirdim. Başımı bir neçə dəfə divara vurdum, huşumu itirdim. Təxminən bir saat sonra ayılıb gördüm ki, artıq gecdi. Beyninə qan sızıb öldürmüşdü. Nə etdiyimi anlayanda peşman oldum. Axı, qətiyyən onu öldürmək fikrim yox idi.
Qanuna təslim olmağa, cəzamı çəkməyə hazır idim. Hətta bir anlıq özümü öldürmək istədim. Lakin qızıma nə cavab verəcəyimi, onun sonrakı aqibətini düşünəndə tərəddüd etdim. Onu yalqız, maddi və mənəvi sıxıntılarla baş-başa buraxmaq istəmirdim. Səhər Odrinin cəsədini elə öz maşınının baqaj yerinə qoyub yola çıxdım. Onun həmişə işə getdiyi vaxt idi. Qış fəsli olduğu üçün hava hələ işıqlanmamışdı. Necə riskə getdiyimi bilirdim. Söz yox, o vaxt qanuna təslim olsaydım, cinayətimə qəsdən deyil, ehtiyatsızlıqdan adam öldürmə kimi hüquqi qiymət verilər, cəzam nisbətən yüngül ola bilərdi. Şayəd, mənim üçün fərq eləmirdi, qoy lap yolda polis maşını saxlatdırıb faktı aşkarlasın, nə olur-olsun!.. Reyn çayının kənarında döngədə maşını saxladım. Əvvəlcə maşının ön pəncərəsini sındırdım. Meyiti baqajdan çıxarıb sükan arxasına söykədim. Sonra başını pəncərənin sol çərçivəsinə zərblə vurdum. Laxtalanmış olsa da, çərçivəyə qanın ləkəsi düşdü. Daha sonra avtomobili mühərriki işləyə-işləyə itələyib çaya saldım. Qaça-qaça o yerdən uzaqlaşdım. Taksiyə minib qayıtdım. Evi səliqəyə saldım. Sonra polisdən zəng gəldi. Morqa gedəndə orda da başımı qapıya vurdum. Bilirdim ki, gecədən şişib göyərən alnımın zədəsi nəzərə çarpacaqdı. Bəxtimdən istintaq hadisəni səthi araşdırdı. Qəzanı yolun buzlu və sürüşkən olması səbəbindən, sürücünün öz təqsiri üzündən baş vermiş kimi qiymətləndirdi. Halbuki, müstəntiqlər o kövrək vəziyyətimdə bir-iki para ciddi suallar versəydilər, hər şeyi etiraf edəcəkdim. Məndən şübhələnmədilər. Yaxınını itirmiş adam kimi həssas durumumu nəzərə alıb çox çək-çevir etmədilər. Həm də yolun burulduğu həmin döngədə oxşar avtomobil qəzası əvvəllər də baş vermişdi. Xatırlayıram, qəzaya düşənlər xəsarətdən də olmasa, suda boğulub ölmüşdülər. Sifətlərində bir-birinin cırmaq izləri qalmışdı... O vaxtdan vicdan əzabı çəkirdim. Qızım zahirən anasına çox oxşayır. Üzünə baxanda sanki anasını görürdüm, mənəvi iztirab çəkirdim... Sofiyanı xaraktercə Odriyə oxşatmaq üçün bütün bilik və bacarığımı ortaya qoydum. Sən demə, tədriclə mənim hazırladığım çipin daşıdığı məlumat çox istisna hal olaraq kompüter virusu kimi robotun baza yaddaşına keçibmiş. Bunu sonradan başa düşdüm, Sofiya tədbirlərdən birində özünü Odri kimi təqdim edəndə... Mənə olan sevgisini azıb başqasına yönəldəndə isə qısqandım. Ziddiyyətli fikirlərlə baş-başa qalmışdım: Bəlkə Odrini yaxşı tanımamışam, xasiyyət və davranışlarını düzgün təhlil etməmişəm? Və mənə elə gəldi ki, Odri barəsində mənim içimi illər boyu didib-dağıdan şübhəmdə yanılmamışam, – o, mənə həqiqətən xəyanət edibmiş. Səhv, ya düz, özüm-özlüyümdə önu öldürməyimə haqq qazandırandan sonra onunla paralellik apardığım robotu da məhv etməyə qərar verdim. Bir sözlə, Odri kimi Sofiyanı da qısqanclıq zəminində öldürdüm. Bilirəm ki, bu etirafı vaxtında eləsəydim, qızım məni bağışlamayacaqdı...”

IV


Şahzadənin hüquqşünasları iddia ərizəsinə əlavə və düzəlişlər edib yenidən məhkəməyə təqdim etsələr də, icraata götürülməsinə yenə nail ola bilmədilər. “Sofiyanın timsalında adammı öldürülüb, yoxsa, yalnız süni zəka, bahalı əmlak məhv edilib?” – Məhkəmə bu bioetika dilemması qarşısında qalsa da, son nəticədə ikinci variantın üzərində dayandı. Cinayəti törətmiş şəxs öldüyü üçün cinayət işinə xitam verildi. Maddi ziyana görə çəkişənlərə iqtisad məhkəməsinə müraciət etmələri tövsiyə olundu. Artıq o qədər də əhəmiyyət daşımayan məsələnin – Odrinin qəbrinin açılması və cəsədinin eksqumasiya edilərək, məhkəmə-tibb ekspertizasından keçirilməsi məsələsini isə yeganə maraqlı ola biləcək şəxsin – mərhumənin qızının ixtiyarına buraxdılar. O isə buna lüzum görmədi. Onsuz da qəbrin açılması anasının atasına kiminlə xəyanət etdiyini üzə çıxarmayacaqdı.

Kürəkənin qayınatasını süni intellekti məhv etməyə təhrik etdiyi barədə iddia sübuta yetirilməsə də, onunla arvadı arasında soyuqluq yaranmışdı. Məhkəmədə ərinə verilmiş suallar qadının qəlbinə şübhə toxumu səpmişdi – bəlkə, əri doğrudan da onun atasının qatil olduğunu bilirmiş? Hər dəfə söhbətlərində bu məsələyə toxunanda kişi əsəbiləşirdi.

Qadının şübhələri öz apogeyinə atasının etiraf məktubunu yenidən oxuyarkən əvvəllər nədənsə diqqətindən yayınmış bu cümləyə sataşanda çatdı: “Günəşim, ekvator boyunca ardınca qaçaram ki, təki sən qürub etməyəsən”. Yaxşı xatırlayırdı ki, əri ona bu məhəbbət və nəvaziş dolu sözləri bir neçə dəfə deyib. Bu dəfə aralarında əməlli-başlı mübahisə yarandı. Kişi ilk əvvəl o sözləri nə vaxt dediyini yada sala bilmədi.
– Mən? Sənə elə söz demişəm?
– Hə. Özü də bir neçə dəfə.
– Hansı söz? Həə... Tutaq ki demişəm, nə olsun? Sən ondan da yaxşı sözlərə layiqsən.
– O söz atamın gündəliyində anama yazdığı mesaj kimi xatırlanıb.
– Eləmi? Nəsə fikir verməmişəm.
– Düzünü de, o gündəliyi daha əvvəl görmüşdün?
– Nə danışırsan? Mən harda görə bilərdim axı?
– Məsələn, özü göstərə bilərdi.
– Özü? Niyə bunu etməliydi ki?
– Bəs səncə bu boyda təsadüf ola bilər?
– Səni başa düşürəm, çox ciddi sarsıntı yaşamısan, kövrəlmisən. Bu ərəfələr hər şeyə çox həssas yanaşırsan.
– Bu, elə ciddi yanaşılmalı məsələdir.
– O ibarə əslində çox məşhur sevgi ifadəsidir. Yəqin, hansısa şeirdə gözümə dəyib, yadımda saxlamışam, sənə demişəm. Ola bilsin, atan da hardansa götürübmüş.
– Ola bilməz! Atamın da xobbisi şeir yazmaq idi, heç bir müəllifin də fikrini mənimsəməyə ehtiyacı yox idi.
– Əzizim, sevgimizə and içirəm, mən sənin atanın ananı öldürdüyünü bilməmişəm.
– İnternetdə axtarış etmişəm, o cümləyə heç bir mənbədə rast gəlməmişəm.
– İnternetdə çox şey var, hər şey yoxdur. Mən tapıb sənə göstərərəm o sözləri hardan götürdüyümü.
– Çalış, tez tap, yubatma!
Ertəsi gün ilahiyyatçı-psixoloq təkid və təhdidlə dəvət olunduğu konstruktiv söhbət üçün vəliəhdin ölkəsinin Niderlanddakı səfirliyinə yollanacaqdı. Evdən çıxacaqdı və bir daha geri qayıtmayacaqdı. Hərçənd, fürsət tapıb arvadına telefonla bu son mesajını göndərə biləcəkdi: “Qızımıza ananın adını qoyarsan. Mən onu çox sevirdim. İstərdim ki, övladımız da nənəsinə oxşasın, eynən sənin kimi”.
Qısa zaman kəsiyində əzizlərini itirmiş, dərddən ağlını da itirmək dərəcəsinə çatmış qadın heç vaxt unamazdı ki, əri onunla sevgili olduğu anasına çox oxşadığı üçün evlənibmiş. Ağlına belə gəlməzdi ki, atasının yazdığı həmin gözəl mesajı da anası öz məşuquna göndəribmiş. Beləcə, dolanıb sonradan onun özünə çatıb. Bütün başına gələnlər, taleyin acı hökmləri onu da intihara sövq edərdi bəlkə, bətnindəki körpəni fikirləşməsəydi.
Xəyanətin nəinki qətlə, hətta boşanmaya belə səbəb sayılmadığı cəmiyyətlərdə bu qəribə məhkəmə işi müsəlman, həm də qafqazlı müsəlman mentaliteti barədə formalaşmış mənfi önyarğını müsbətə doğru dəyişmədi, əksinə, bəlkə bir az da möhkəmləndirdi. Lakin “Robot Sofiyanın əri” süni intellekti öz ölmüş arvadının ruhuna çevirməklə, öz sevgi sədaqətinə abidə qoydu. Statistikaya görə, həmin o sensasiyalı məhkəmənin təfərrüatları ictimailəşəndən sonra tənha yaşayan kişi və qadınlar ev heyvanlarından, adam boyda seks oyuncaqlarından daha çox süni intellektli “qulaq yoldaşlarına” üstünlük verməyə başlayıblar. “Hanson Robotiks” şirkəti isə mərhum qatilin populyarlığını müşahidə edib onun sifət cizgiləri əsasında “Sofiyanın əri” adlı başqa robot hazırladı.

Məkkə şəhər sakinləri olan həmin o iki ərəb isə qəlyan çəkə-çəkə adətləri üzrə yenə siyasəti müzakirə etməkdəydilər:
– Uzaq qohumumun tanışının Kral Sarayı ilə əlaqəsi var. Deyir ki, hökumət Sofiyanın oxşarını Kəbəyə gətirməklə cəmiyyətin nəbzini yoxlamaq istəyib. Əgər o şeytan əməli həmin gün cəhənnəmə vasil olmasaymış, ertəsi gün bizimkilər xəbər yayacaqmışlar ki, bəs dünən dönüb müsəlman olub.
– Düz deyirsən! Heç ola bilməzdi ki, hökumətin əli olmadan müqəvvanı Beytullahın ərazisinə keçirmək mümkün olsun. Allah böyükdür, qüdrətini göstərdi, mömin bəndələrinin heysiyyatının tapdalanmasına yol vermədi.
– Deyilənə görə, əlinə döndüyüm o türk, robotun beynini cərəyanla dağıdıb, sonra da gövdəsini parçalayıb, axırda da turşuda əridib. Elə günə qoyub ki, ələ gələsi deyil. Amma onu da deyirlər ki, vəliəhd onun nüsxəsini düzəltməyi sifariş verib. Əsli kimi ortaya çıxaracaqlar. Guya yüngül zədə alıbmış, azacıq təmirə ehtiyac varmış, vəssalam. Bunlar Sofiyanın öldürülməsini həzm edə bilmirlər.
– Hə də, axı o, bizdən artıq vətəndaşdır.

– Vay tutulanların halına, güdaza getdilər. Allah imdadlarına yetişsin.
– Amin! Deyirlər, o türkün holland kürəkənini də işgəncə ilə öldürüblər.
– İnanıram. Yəqin, öz adamlarından da bir neçə qurban verərlər.
– Sözsüz! Su meymunun boğazına çıxanda doğma balasını ayağı altına alar.

Pünhan ŞÜKÜRБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
293031