manera.az
manera.az

“Bizim dərsliklərdə ciddi məzmun problemi var” - Nazir Emin Əmrullayev

📅 22.06.2026 15:17

“Bizim dərsliklərdə ciddi məzmun problemi var” - Nazir Emin Əmrullayev

Bunu jurnalıstlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Nəzərə almaq lazımdır ki, biz müxtəlif dillərdə 300-dən çox dərslik çap edirik və “səhvlər” deyəndə hansı səhvlərdən danışdığımız da vacibdir. Dərsliklər, müəyyən mənada, qısa müddətdə hazırlanır. Əvvəllər bu müddət daha qısa idi. İndi isə bu proses bəzi hallarda 2-3 il çəkir. Yəni əvvəlki dövrlərdə 6 ay ərzində kiməsə tapşırıq verilirdi ki, yüz minlərlə uşağın istifadə edəcəyi dərslik hazırlasın. O dərslikdə səhv olma ehtimalı var idimi? Əlbəttə. İndi isə proses fərqlidir. Dərslik yazılır, sonra ümumtəhsil müəssisələrinə bir illik sınaq üçün göndərilir. Daha sonra müəllimlərdən, şagirdlərdən rəylər toplanılır, dərslik yenidən işlənilir. Ondan sonra müvafiq qurumlara, yəni sahəvi müəssisələrə göndərilir. Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən də rəy verilir. Ən vacibi isə bütün dərsliklər ictimaiyyət üçün açıqdır. Yəni dərslik çap olunmamışdan əvvəl Azərbaycan vətəndaşları onu görə, oxuya və rəy bildirə bilirlər. Ona görə mənim ikinci arqumentim bundan ibarətdir ki, dərslik üçün ürəyi yanan insanlar çapdan əvvəl həmin səhvləri tapsa, bu uşaqlar üçün də, bizim üçün də faydalı olar. Amma dərslik çap olunandan sonra kimsə çay içə-içə orada bir hərf səhvi tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi təqdim edirsə, mən bunu əhəmiyyətli hesab etmirəm."

"Dərsliklərdə hərf səhvləri həmişə olub. Məncə, bundan sonra da olacaq. Həm də biz çox qeyri-müəyyən saylardan danışırıq. Səhv deyəndə neçə səhvdən söhbət gedir? Mənə görə, riyazi olaraq, çox vacibdir ki, neçə səhifə dərslik çap olunur və onun neçəsində səhv var? Amma məndən soruşsanız ki, dərsliklərdə problem varmı? Bəli, bizim dərsliklərdə ciddi problemlər var. O mənada ki, bizim əsas məzmun problemimiz var. Yəni biz oturub fizika, kimya, biologiyanın gələcək nəslə uyğun olub-olmamasının mübahisəsini edək. Burada, daşıdığım vəzifənin funksiyası olmasa da, tənqid edən tərəf də ola bilərəm. Dərslikdə hansısa mövzu ümumiyyətlə yoxdursa, bu artıq ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu da ciddi problemdir. Biz bu qədər mövzunu keçməliyikmi? Bəlkə, daha az mövzu keçməliyik? Bəlkə, fərqli mövzular keçməliyik? Bəlkə, Azərbaycan tarixi, Azərbaycan dili, kimya və ya biologiya dərsliklərinə yeni elmi nailiyyətləri daxil etməliyik? Mən nə mediada, nə də ictimai müzakirələrdə bu tip narazı mövqe görmüşəm. Görsəm, çox sevinərdim”, - nazir vurğulayıb.

Manera.az


Baxış sayı - 46 | Yüklənmə tarixi: 22.06.2026 15:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930