Xalq şairi Sabir Rüstəmxanlı ədəbi irsini Prezident Kitabxanasına hədiyyə edib

Xalq şairi, tanınmış ictimai xadim Sabir Rüstəmxanlı Prezident Kitabxanasına öz ədəbi irsini əhatə edən dəyərli nəşrlər hədiyyə edib.
Hədiyyə çərçivəsində müəllifin müxtəlif illərdə qələmə aldığı əsərlərdən ibarət 19 adda, ümumilikdə 20 nüsxə kitab Kitabxananın fonduna daxil edilib.
Prezident Kitabxanasına təqdim olunan nəşrlər Sabir Rüstəmxanlının bədii, publisistik və tarixi-fəlsəfi yaradıcılığının əsas istiqamətlərini əhatə edir. Bu əsərlərdə Azərbaycan xalqının tarixi yaddaşı, milli kimlik və dövlətçilik ideyaları, türk dünyasının mənəvi-mədəni irsi, eləcə də azadlıq və istiqlal mövzuları geniş şəkildə işıqlandırılır.
Hədiyyə olunan çoxcildlik nəşrlər müəllifin zəngin yaradıcılıq yolunun mərhələli şəkildə öyrənilməsi baxımından mühüm mənbə hesab olunur. Eyni zamanda, Sabir Rüstəmxanlının həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafik nəşr onun elmi və ədəbi irsinin araşdırılması üçün etibarlı istinad kimi dəyərləndirilir.
Bu kitab hədiyyəsi Prezident Kitabxanasının fondlarını daha da zənginləşdirir, tədqiqatçıların, ədəbiyyatşünasların və geniş oxucu auditoriyasının Sabir Rüstəmxanlının yaradıcılığına daha dolğun şəkildə müraciət etməsinə yeni imkanlar yaradır.
Prezident Kitabxanası milli ədəbiyyatın təbliğinə verdiyi bu dəyərli töhfəyə görə Xalq şairi Sabir Rüstəmxanlıya səmimi minnətdarlığını bildirib.