Sabir Rüstəmxanlı: “...bütün türk dünyası kompleks şəkildə araşdırılmalıdır”

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş bu mühüm tədbir həm dərin kədər, həm də sevinc hissi ilə müşayiət olunur. Kədər onunla bağlıdır ki, birinci qurultayın iştirakçılarının böyük əksəriyyəti təxminən 10 il sonra, 1937-ci il repressiyalarının qurbanı olmuşdur. Sevinc isə bu gün həmin ideyaların yaşaması və türk dünyasının nümayəndələrinin yenidən bir araya gələrək elmi və mədəni dialoq aparması ilə bağlıdır.
Bu fikirləri Xalq şairi və tanınmış ictimai xadim Sabir Rüstəmxanlı AMEA-da “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı səsləndirib.
Xalq şairi Sabir Rüstəmxanlı çıxışında müasir dövrdə milli-mənəvi türk birliklərinin fəaliyyətindən bəhs edib. O, akademik Ziya Bünyadovun “türkçülük milli vicdanı oyatmaqdır” fikrinə istinad edərək qeyd edib ki, türkçülük türk xalqlarının milli varlığını qorumağa və inkişaf etdirməyə yönəlmiş konseptual düşüncə sistemi kimi qiymətləndirilməlidir.
Sabir Rüstəmxanlı I Birinci Türkoloji Qurultayın gündəliyinə daxil edilmiş yüksək elmi əhəmiyyət daşıyan məsələlərin bu gün də aktuallığını qoruyub saxladığını deyib. Qeyd edib ki, həmin məsələlərin bir qismi hələ tam şəkildə araşdırılmadığından, bu sahədə sistemli tədqiqatların aparılmasına, əməkdaşlığın daha da inkişaf etdirilməsinə ehtiyac vardır.
“Müəyyən dövrlərdə türk xalqları ilə bağlı izlərin silinməsi, mühüm faktların təhrif olunması məqsədilə çoxsaylı kitablar yandırılmış, etnonim və toponimlər dəyişdirilərək başqa adlarla əvəz olunmuşdur”, - deyən Xalq şairi Sabir Rüstəmxanlı türk xalqlarının, xüsusilə, Yaxın Şərq kontekstində öyrənilməsi istiqamətində tədqiqatların dərinləşdirilməsinin zəruriliyini önə çəkib.
Onun sözlərinə görə, türkologiyanın qarşısında duran əsas vəzifələrdən biri də bütün türk dünyası ilə bağlı kompleks şəkildə araşdırmaların aparılmasıdır. Sabir Rüstəmxanlı, həmçinin ortaq elmi-mədəni platformanın formalaşdırılmasının, eləcə də simvolik məna daşıyan ortaq kitabların hazırlanması ideyasının mühüm istiqamətlərdən olduğunu qeyd edib.
Nitqinin sonunda o, türk dünyasının coğrafi və mədəni sərhədlərinin son dərəcə geniş olduğunu, dünya sivilizasiyasının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirildiyini söyləyib. Bildirib ki, türk dünyasının tarixinin sistemli şəkildə tədqiq edilməsi müvafiq elmi müəssisə və təşkilatların qarşısında duran mühüm vəzifələrdəndir. Xalq şairi Sabir Rüstəmxanlı alim və ziyalılara çağırış edərək diqqətə çatdırıb ki, müvafiq istiqamətdə bütün səyləri birləşdirməli, ortaq tədqiqatlar aparmalı, türk dünyasının elmi-mədəni irsinin qoruyub inkişaf etdirməsi istiqamətində birgə fəaliyyəti gücləndirməliyik.

