manera.az
manera.az

Samir Abbasov: Hədəfimiz milli mədəniyyətimizi Türkiyədə daha geniş ictimaiyyətə çatdırmaqdır

📅 03.04.2026 15:12

Samir Abbasov: Hədəfimiz milli mədəniyyətimizi Türkiyədə daha geniş ictimaiyyətə çatdırmaqdır

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında İstanbulun Bahçeşehir Universitetində açılan, azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə təşkil edilib. Burada nümayiş olunan əsərlərdə əsasən Vətən, qadın sevgisi və hissləri, Azərbaycan təbiəti, eləcə də milli mədəniyyətimizi tərənnüm edən mövzular yer alır. Bu sərginin silsilə tədbirlər çərçivəsində Türkiyənin digər şəhərlərində, xüsusilə İzmir, Antalya və sonda “Mədəniyyət yolu” festivalı çərçivəsində Ankarada nümayişi planlaşdırılır. Sərgi Azərbaycan milli mədəniyyətinin təbliği və qadın rəssamlarımızın Türkiyədə tanıdılmasını hədəfləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib.

O qeyd edib ki, milli mədəniyyətimizin, tariximizin, ana dilimizin təbliği və Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndələrinin əsərlərinin Türkiyədə tanıdılması Mədəniyyət Mərkəzinin əsas məqsədlərdən biridir. İki ölkənin mədəniyyət nazirlikləri arasında imzalanan yol xəritəsinə əsasən, mədəniyyətin bütün sahələrində olduğu kimi, rəssamlıq üzrə də əməkdaşlıq daha da inkişaf etdirilir. Layihə olaraq, il ərzində iki ölkənin rəssamlarının iştirakı ilə art kampların təşkili, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Bildirilib ki, Azərbaycan milli mədəniyyətinin və sənətinin tanıdılması üçün bir çox müsabiqələrin keçirilməsi də nəzərdə tutulur. Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin Türkiyədə təbliği məqsədilə “Nizami Gəncəvi əsərləri miniatürlərdə” mövzusunda bir rəsm, Türkiyə universitetlərinin tələbələri arasında isə “Nizami Gəncəviyə 100 məktub” müsabiqələri elan edilib. Bundan başqa, Türkiyənin və Azərbaycanın tanınmış rəssamlarının qarşılıqlı olaraq hər iki ölkədə ustad dərslərinin təşkili, miniatür, xəttatlıq kimi sənətlərdə təcrübə mübadiləsi həyata keçirilməsi də planlaşdırılır.

S.Abbasov Türkiyədə çox sayda azərbaycanlı incəsənət xadiminin, rəssamlarının yaşadığı və fəaliyyət göstərdiyini xatırladaraq deyib: “Bu çərçivədə azərbaycanlı rəssamlar arasında “Suverenliyimizə qovuşduran şanlı Zəfər” mövzusunda rəsm müsabiqəsi elan edilib. Yaxın günlərdə Ankaranın Rəsm və Heykəllər Muzeyində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu müsabiqə nəticəsində toplanan azərbaycanlı rəssamların əsərlərinin sərgisi təşkil olunacaq. Burada 44 günlük Vətən müharibəsi və bunun nəticəsində qazanılan şanlı Zəfərlə bağlı rəsmlər yer alacaq. Əsas hədəfimiz Azərbaycan milli mədəniyyətinin Türkiyədə daha geniş ictimaiyyətə çatdırmaqdır”.


Baxış sayı - 100 | Yüklənmə tarixi: 03.04.2026 15:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930