manera.az
manera.az

Əhməd Sami Elaydi: “Məqsədimiz mədəniyyətimizi tanıtmaqdır” MANERA.AZ

Əhməd Sami Elaydi: “Məqsədimiz mədəniyyətimizi  tanıtmaqdır”  MANERA.AZ

Müsahibimiz Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydidir. Manera.az müsahibəni təqdim edir:

- Əhməd bəy, təmsil etdiyiniz qurumun əsas məram və məqsədi nədən ibarətdir?

Məlumdur ki, Misir Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Hər iki ölkənin müştərək dini, tarix, adət ənələri vardır. Misir Azərbaycanda 16 il əvvəl, 1999-cu ildə Mədəniyyət Mərkəzini açmağa qərar verdi. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi iki ölkə arasında körpü rolunu oynayır. Mədəniyyət Mərkəzinin fəaliyyətindəki əsas məqsəd ölkələrin bir-birlərini daha yaxşı və yaxından tanımasından ibarətdir.

- Azərbaycanda Mədəniyyət sahəsində həyata keçirdiyiniz işləri necə хarakterizə edərdiniz?

Mərkəz fəaliyyət göstərdiyi 16 il ərzində bir çox işlər görmüşdür. Bir sıra sərgilər, konfranslar, Misir və Azərbaycanın görkəmli yazıçılarına həsr olunmuş ədəbi-bədii gecələr, mədəniyyət günləri keçirmişdir.

- Sizcə, bu gün Misir-Azərbaycan mədəniyyət əlaqələri lazımınca formalaşa bilibmi?

-Həqiqətən bayaq sadaladığım kimi iki ölkə arasında əlaqələrin inkişafı üçün bir çox işlər görülmüşdür və gələcəkdə əlaqələr daha da genişlənməlidir. Mədəniyyət haqqında geniş danışmaq olar. Mədəniyyət özündə çox sahələri cəmləşdirir. Ona görə də ölkələrimiz arasında mədəniyyət sahələrinin genişlənməsi üçün daha çox işlər görmək lazımdır.

- Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin digər ölkələrin mədəniyyət mərkəzləri ilə əməkdaşlığı arzuedilən səviyyədədirmi?

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir. Təbii ki, digər ölkələrin mədəniyyət mərkəzləri ilə qarşılıqlı əməkdaşlığımız var və bu bizi qane edən səviyyədədir.

- Mərkəzin fəaliyyətinin daha da aktivləşdirilməsi, qarşıya qoyulan hədəflərə nail olmaq üçün Sizcə, daha hansı addımlar atmaq zəruridir?


Məncə, müəyyən səviyyədə məqsədimizə nail ola bilmişik. Azərbaycan xalqının Misir mədəniyyətini yaxından tanıması üçün əlimizdən gələni edirik. Çalışacağıq ki, Misir Mədəniyyət Mərkəzinin rəhbəri olaraq dövlətlərimiz arasında əlaqələri maksimum genişləndirək.

-Bildiyimiz qədər tərcüməylə də məşğulsuz. Bəs Azərbaycan yazarlarından hansınınsa əsərinin tərcümə və çapına nail olmusuzmu?

Bəli. Akademik Kamal Abdullanın «Yarımçıq əlyazma» əsərini, professor Vaqif Sultanlının «İnsan dənizi» romanının ərəb dilinə tərcüməsi mənə aiddir. Başqa tərcümələrim də var. Eyni zamanda, bir sıra əsərləri ərəbcədən Azərbaycan dilinə də çevirmişəm. Məsələn, Nobel mükafatçısı Nəcib Mahfuzun «Liderin qətl günü» romanını Azərbaycan dilinə mən çevirmişəm. Əlbəttə, bu əsərlər hamısı tərcümədən sonra çap olunmuşdur.

- Azərbaycan ədəbiyyatından kimləri oxuyursuz? Azərbaycanlı yaradıcı gənclərdən kimləri tanıyırsız, münasibətiniz necədir?

Azərbaycan ədəbiyyatı çox zəngindir. Mən aspiranturada oxuduğum vaxt dissertasiya mövzum “Müstəqillik dövrü Azərbaycan romanı” olmuşdur. Bu mövzu çox geniş olduğundan mən bu işi yazıb ərsəyə gətirmək üçün çox sayda ədəbiyyat oxumuşam. Məsələn, Kamal Adbulla, Elçin Əfəndiyev, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Anar, İsa Muğanna, Afaq Məsud, Əzizə Cəfərzadə, Seyran Səxavət, Sabir Əhmədli və başqalarının əsərlərini çox oxumuşam.

-Bildiyimiz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edildi. Prezidentin bu qərarı Mədəniyyət Mərkəzi olaraq sizin fəaliyyətinizə nə kimi təsir edəcək?

Belə bir qərarın verilməsini çox alqışlayırıq. Azərbaycan multikulturalizmi dünyaya nümunədir. Misir də Azərbaycan kimi müxtəlif din mənsublarının bir arada yaşadığı bir ölkədir. Düşünürəm ki, bu barədə bizim müştərək tədbirlərimiz keçiriləcək. Bundan başqa mədəniyyət və incəsənət sahəsində bir sıra tədbirlərin keçirilməsi də planlaşdırılır.

Söhbətləşdi: Şəhla Aslan






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI