“Təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri daha da güclənməlidir”
Müsahibimiz jurnalist və yazar, Türkiyənin Qazi Universitetinin təhsil araşdırmaları üzrə doktorantı Şəhla Aslandır.
- Şəhla xanım, bilirik ki, “Təhsilin idarəedilməsi” ixtisası üzrə doktorantura təhsili alırsınız. İxtisaslaşmaq üzrə olduğunuz sahədə hazırkı vəziyyət necədir? Nə kimi yeniliklər və perspektivlər var?
- Qısaca bəhs etsəm, təhsilin idarəedilməsi bütövlükdə ölkənin təhsil sistemini analiz və sintez etmək məqsədi daşıyan fənlərarası elmdir. Elm sahəsi kimi təhsilin idarə edilməsinin əsas məqsəditəhsil müəssisələrini sosial sistem olaraq araşdırmaqdır. Təhsil idarəçiliyində elm və tədqiqatın son məqsədi isə öyrənilən mövzu ilə bağlı nəzəriyyələr hazırlamaqdır. Bu nəzəriyyələr, təhsil və məktəb həyatındakı qanunauyğunluqları bəzi anlayış və təriflərlə izah edərək, ümumiləşdirmələrə nail olmağa çalışır. Dissertasiya işimlə bağlı mən təhsilin idarəedilməsində liderlik, təşkilati kommunikasiya və kültür əlaqəsini araşdırıram.Tədqiqat sahəm çox maraqlıdır və idarəetmədə olduqca vacibdir. Ümid edirəm, araşdırmam bu sahənin gələcək tədqiqatçıları üçün faydalı mənbə olacaq.
- Türkiyədəki təhsil mühitinə dair müşahidələrinizi öyrənmək istərdik. Bu baxımdan, Azərbaycanla müqayisə etsək, hansı fərqlər diqqət çəkir?
- Məsələn,oradan başlayaq ki, Türkiyə universitetlərində “tələbə tapşırma” anlayışı yoxdur. Bu cür hal baş verərsə, ciddi problem yaranar. Bəlkə də, o tələbə müəllimi tərəfindən tədrisdən uzaqlaşdırılar. Təhsildə rüşvət məsələsindən ümumiyyətlə söz gedə bilməz. Yəni universitetlərdə bu mədəniyyət formalaşıb: çox çalışmalısan ki, uğurlu olasan. Buna görə də, Türkiyədə universitetlərə qəbul olunan çox tələbə, təbii ki, məzun ola bilmir.
Digər bir məsələ, tədris olunan materialların müasirliyi, faydalılığıdır. Tələbələrə günün tələblərinə uyğun, müasir iş dünyasının ehtiyaclarını qarşılaya biləcək yeni biliklər aşılanmağa çalışılır.Tələbələrin tədris zamanı öyrəndikləri nəzəri biliklərin praktikada tətbiqi üçün də şərait yaradılır. Bunun üçün böyük staj proqramları var. Staj zamanı isə tələbələrə maaş verilir.
Digər bir məqam budur ki, Türkiyə universitetlərində ciddi şəkildə “kampus kültürü” var. Nədir bu? Buna universitet şəhərciyi də deyə bilərik. Tələbələrin universitet daxilində vaxt keçirdikləri yer. Universitet şəhərciyində yataqxana, kitabxana, səhiyyə xidməti, kültür mərkəzləri, idman zalları, aptek, kiçik marketlər, köşk, poçt şöbələri, bankomat, laboratoriyalar və sağlamlıq mərkəzi və sair olur. Burada bəzi universitet kitabxanaları hər gün 24 saat açıqdır və tələbələrə müəyyən şəkildə qidalar da verilir. Bizim universitetin də yaxşı kampusu var.
- Bildiyim qədər Türkiyə universitetləri xarici tələbələrin çoxluğuna görə də fərqlənir...
- Bəli. Mövcud məlumatlara görə, Türkiyədə indi 198 ölkədən 300 mindən çox tələbə təhsil alır. Bu o deməkdir ki, dünyadakı xarici tələbə sayının yüzdə 3-ə yaxını Türkiyənin payına düşür. Aydındır ki, xarici tələbələr təhsil aldıqları ölkələrə həm iqtisadi gəlir, həm də insan kapitalı baxımından töhfə verirlər. Bu kontekstdə inkişaf etmiş ölkələr xarici tələbələrin say üstünlüyünə malikdir. Təhsilə ən çox üstünlük verilən ölkələrin iqtisadiyyatı araşdırıldığında bu ölkələrin xarici tələbələrdən ciddi gəlir əldə etdiyi görülür. Bu da onu göstərir ki, xarici tələbələrin təhsili məsələsinə dövlət siyasəti kimi baxılmalı və həyata keçirilməlidir.
Yeri gəlmişkən, xarici tələbə hərəkətliliyi baxımından Türkiyənin bir çox üstün xüsusiyyətlərini qeyd etmək olar.Keçmişdən bəri müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş Türkiyənin özünəməxsus təbiəti, tarixi, mədəni teksturası, dili, dini, irqi, mədəniyyəti ilə insanları heyran edəcək gözəllikləri var. Eyni zamanda, burada xarici vətəndaşları cəlb edən tolerant mühit mövcuddur. Türk insanının istər yerli, istərsə də xarici insanlara pozitiv yanaşması, qonaqpərvərlik və səmimiyyət kimi humanitar xüsusiyyətlərə malik olması xarici tələbələri heyran edən digər önəmli məsələdir.
- Azərbaycan-Türkiyə qardaşlığı tarix boyu fərqli önəmli hadisələrdə özünü göstərib. Ən müasir dövrdə isə Azərbaycanın 44 günlük Vətən müharibəsi və Türkiyədəki 6 fevral zəlzələsində yaşananlar, iki ölkənin bir-birinə dəstəyi bunu bir daha sübut etdi. Türkiyədən baxanda bu mənzərə necə görünür?
- Tarixə nəzər saldıqda görürük ki, Azərbaycan və Türkiyə dərin etnik, tarixi və mədəni bağlara malikdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra iki ölkə arasında əlaqələr daha dainkişaf etməyə başlayıb. Azərbaycanın neft və təbii qaz istehsalçısı, Türkiyənin isə bu sahə üzrə əsas istehlakçısı olması, eləcə də Azərbaycan resurslarının Qərbə daşınması üçün təhlükəsiz marşrut olması enerji sahəsində əməkdaşlığa yol açıb və iki ölkə arasında böyük layihələr meydana gəlib. Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşına çevrilib və iki ölkə arasında ticarət həcmini artırmaq üçün yeni hədəflər müəyyən edilib.
Yaxın tarixə gəlsək, bildiyiniz kimi, 2020-ci il sentyabrın 27-də Ermənistanın hücumu nəticəsində başlayan İkinci Qarabağ müharibəsi boyu Türkiyə Azərbaycana siyasi, diplomatik, texniki və ənəsası mənəvi dəstək verdi. Türkiyənin bu dəstəyi Azərbaycanın haqlı qələbəsində ciddi rol oynadı. Müharibə iki ölkə arasındakı münasibətləri fərqli bir müstəviyə çıxardı. Türkiyə beynəlxalq aləmdə Azərbaycanın əsl müttəfiqi olduğunu bir daha sübut etdi.
Bu ilin 6 fevralında Türkiyədə baş vermiş “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələ isəhər bir azərbaycanlını kədərə boğdu, bunu öz dərdi kimi qəbul etdi. Türkiyənin çətin günündə ilk yardıma yetişməyə çalışan də Azərbaycan oldu. Bu, Azərbaycan xalqının Türkiyə vəfa borcu idi və layiqincə öhdəsindən gəlindi. Qısacası, bütün bunlar göstərdi ki, Türkiyə və Azərbaycan çətin gündə də, yaxşı gündə də bir yerdədir. Ancaq mövcud səviyyə ilə kifayətlənmək düzgün deyil. Odur ki, Azərbaycan-Türkiyə əlaqələrini hər sahədə, xüsusən təhsil sahəsində daha da gücləndirməyə ehtiyac var.
- Türkiyədə təhsilinizi bitirdikdən sonra iki ölkəylə bağlı ortaq layihələr düşünürsünüzmü?
- Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı ikinci ölkə yoxdur. Bu bağlılıq bizim böyük sərvətimizdir və biz onu qoruyub möhkəmləndirməliyik. Mənim iki Vətənim var, doğulub boya başa çatdığım, dövlət və milli maraqlarına hər zaman sadiq qalacağımAna Yurdum Azərbaycan və güclü duyğularla bağlı olduğum Türkiyə!.. Gələcəkdə imkanlarım və səlahiyyətim çərçivəsində iki ölkənin dövlət maraqlarını müdafiə etmək, həyata keçirilən ortaq layihələrdə iştirak etmək fəaliyyətimin əsas istiqaməti olacaq. Türkiyənin könül elçisi olaraq ölkələrimiz arasında istər siyasi, istərsə də təhsil, mədəniyyət və digər sahələrdə münasibətlərin daha da güclənərək davam etməsi üçün əlimdən gələni edəcəyəm.
Şahanə MÜŞFİQ
"525-ci qəzet"