Yaşamaq da belə yolmuş - Bəhram Bilaloğlunun şeirləri
![]()
MANERA.AZ Bəhram Bilaloğlunun yeni şeirlərini təqdim edir.
* * *
Göy üzündə gəzdim səni,
Baxdım, izin qəlbdə qalmış.
Səhraya bənzəyən könül,
Ayrı qalmış, ayrı solmuş.
Yerlə göyün arasında,
Pak sevgilər yarısında.
Dünya adlı qarısında
Bu dünyanın barı kalmış.
İbrət alan, bəxtəvərdi,
Qoşalanmış cüt bir zərdi.
Bəxtiyardı, bəxtdə nərddi,
Hardan bilsin — ümid balmış?..
Ömrüm, yaza bənzər oldum,
Usanmadım, yaşa doldum.
Əvvəl-axır sənlə qaldım,
Yaşamaq da belə yolmuş.
* * *
Təsəllilər ovutmur
Uzun yol keçənləri.
Ümidsizləşir insan,
Qınayır biçənləri.
Ömrümün qatarına
Tamah salan çox olur.
Çəkilən əzablara
Yaxınlaşan yox olur.
Möhtəşəm əsər yazan
Baxar həyat yoluna.
Dəyişər öz həyatın
Doğruların qoluna.
Kimsəyə fayda verməz
Olmadığı nöqtələr.
İstəyir padşah olsun
Yaxud böyük qitələr.
Bəhramın nəsihəti
Olmasın bir təsəlli.
Qəbul eylə, əzizim,
Qalx ayağa cüt əlli.
* * *
Gətirmə qəlbə məfhumu,
Ayrılığa səbəbdisə.
Yetiş imdada, ey fələk,
Haqq yoluna qəzəbdisə.
Bu bir alovdu içimdə,
Saxlamışam hər seçimdə.
Pak əhliylə düz biçimdə,
Göy qoluna əcəbdisə.
Çətir altda göynəmə sən,
Ağ saçına qonacaq dən.
Kölgə verən qüssə, dərd-qəm,
Pak alına tələbdisə.
Közərsə gördüyün sevgi,
Alov olar, yanar güzgü.
Məhəbbətdən gələn cizgi,
Yananlara ədəbdisə.
* * *
Cücərir əkdiyim toxum,
Yolun üstdə bar verəcək.
Kimin varsa ehtiyacı,
Barından min eşq dərəcək.
İbrətin ən üst qatıdır,
Zamanın qol saatıdır.
Göstərənin şahmatıdır,
Yarından ün, eşq dərəcək.
Çəkmə yolun sağ, soluna,
Torpaq dəysin, vur alına.
Getdiyin atın nalına,
Şahmarından eşq dərəcək.
Bəhram eşqə düçar olur,
Yaddaşında izlər salır.
Məhəbbətdən iz, yol alır,
Baharından eşq dərəcək.
* * *
Hər ağızda bir dua,
Duaların hikməti.
Eşqə çatır dualar,
Duadadır neməti.
Şəfa dilə, ey könül,
Allah duyar səsini.
Biçarə qoymaz heç vaxt
Yaradan heç kəsini.
Bixəbər deyil əsla,
Halından xəbəri var.
Etdiyin duaların
Xoş, qəşəng səhəri var.
* * *
Ümidin ölmədiyi,
Açılmaz qatındayam.
Bihuş edən eşqimin
Ruhun qır atındayam.
Andımı pozmadan gəldim,
Keşiyində durdum, Vətən.
Bayrağını uca tutub,
Düşmən belin qırdım, Vətən.
Əbədiyyət çırağısan,
Haqq yolunun marağısan,
Naqislərə göz dağısan,
Nadan əlin qırdın, Vətən.
Məhəbbətin sönməz sənin,
Son bahara yetməz qəmin.
Dəyişməz ki eşqi mənim,
Sonluq telin qırdın, Vətən.
Qarışdı torpağa qanı,
Şəhid etdi tək pak canı.
Unutmaz insan bu anı,
Anın dilin qırdın, Vətən.
MANERA.AZ