manera.az
manera.az

Eşq yolçusunun lirik dünyası - Vaqif Osmanov yazır..

📅 21.05.2025 16:55

Eşq yolçusunun lirik dünyası - Vaqif Osmanov yazır..
MANERA.AZ yazıçı-tənqidçi Vaqif Osmanovun "Eşq yolçusunun lirik dünyası" yazısını təqdim edir.

(Gənc şair Bəhram Bilaloğlunun "İlahidən gələn Söz" kitabına ön söz)

Kökləri həyatdan su içməyən, həyatı izah etməyən, həyata, mənəvi dünyamıza işıq saçmayan bədii nümunələr yadda qala, yaşaya, öyrədə bilməz.

Bəhram Bilaloğlu gənc söz adamıdır, ilahi sözün nahamar yollarına yeni kövrək qədəmlərini atmaqdadır. Neftçalada doğulub, anası ilə bərabər mavi Xəzərin ləpələri də ona layla çalıb. Bəlkə də buna görə çox romantik gəmi sürücülüyü peşəsini seçsə də, sözün sükanından yapışıb, bu sükanı əlindən buraxmaq niyyəti də yoxdu. İnanır ki, sözlə bəşərə daha faydalı xidmət göstərəcək. Düz deyiblər, niyyətin hara, mənzilin də ora.

Bəhram ilahi eşqə könül verib. Məhz buna görə də özü kimi, lirik qəhrəmanları da “sevgi adamlar”dı, “loğman adamlar”dı, hikmətli, şəfqətli, inamlı, imanlı, mənəvi zəngin bəşər övladlarıdı. “İlahidən gələn söz” toplusundakı şeirlərin mayası ilahi eşqdən yoğrulub. Fikrimi sübut etmək məqsədi ilə bir neçə şeirin adını nəzərinizə çatdırıram: “Döndüm eşq mədəninə”, “Yaşadım eşqinlə”, “Eşq yoluma düşən dənsən”, “Eşqin açarı”, “Eşqə çatmaq arzum idi”, “Qəlbimdə bir eşq qala”, “Üzü eşq yolunda”, “Eşq suyundan içmişəm”, “Cücərən eşqindən yarandım” və s.

Bəhram özünü milli ruha, milli kimliyə, inanca, imana, özüylə mənəvi savaşa kökləyən gəncdir. “Ruhum, mübariz ol”, “Qul olmaram”, “Yıxılmaq adətim deyil” hayqırqırtıları ilə öz mənəvi mizan- tərəzisinin gözlərini əyilməyə qoymamaq onun lirik dünyasının əsas məramıdı. “Oyuna bənzəyən dünya adlı bir qatarda” yola çıxan, çox şirnikləndirici məqamlara rast gəlsə də, nəfsini, tamahını özbaşına buraxmayan, cilovunu möhkəm saxlayan, zamanın nəbzini duyan ürəyində həmişə savaş var – yaxşıları qorumaq, xeyirə qol-qanad vermək, bədxahları islah etmək, şərin nəfəsini kəsmək savaşı.

Gənc şairin Vətən sevgisi də inancı, amalı, məsləki kimi safdı, pafoslu deyil, səmimidi. Fəxr edir “qürurla, sevinclə yaşadığı” ana Vətəni ilə. Ali Baş Komandanın, ərənlərimizin, xalqımızın sarsılmaz birliyi ilə 44 gün ərzində Zəfərimizlə bitən, azad olan, bütövləşən Azərbaycanın hər qarış torpağı, dağı, daşı, qayası Bəhramın ilham mənbəyidi:

Gözəllik, səadət yağır üzündən,
Gələn hər mehmanın zövq alır, Vətən!
Məkan gözəllikdən ibarətdirsə,
Qoynunda yaşayan şövq alır, Vətən!


Adları əbədiyyətdə ən ali məqamda çəkilən Mübarizləri, Poladları, Cəbrayılları – “sınmaz qayaları sındıranlar, düşmənin mənfur canında qorxu xəstəliyi yaradanlar”, “Dəmir yumruq”la xain yağının başını əzənlər, ən yeni qəhrəmanlıq tarixi yazanlar Bəhramın söz dünyasının əbədiyyət yolçularıdır, “ruhu müqəddəs edən Vətən”in xilaskarlarıdır:

Qan görən, qanından qorxmayanlarım,
Vətənə çevrildiz, axdız qanımda.


Bəhramın mənəvi dünyası poetik dillə bəşər övladına müdrik ismarışlar ötürür, “ürəyindən sevgi axır, ruhu oruc tutur” insanlara “mənə ümid verin, həvəs də verin, boy atım dünyanın dərinliyinə” təvəqqesindədir. Onun “misraları ruhunun şah damarı”dı. Bilir ki:

Vəhdət olmayınca
Yıxılar insan,
Özü öz içindən
Yox olar insan.


Onun yolu müqəddəs yoldu – “təqvaya gedən yol”du, “aşiqlik yolu”du, “Haqqa sarı yol”du, “qəlblərdən keçən yol”du, “ruhu məbəd kimidi”. İlahi söz yolunda olanlar “haqqı demək üçün gəlib” bu dünyaya, əmindir ki, “əxlaqı ilə təməl qurub, idraka söykənib”, bu yol dostların qəlbindən keçir, güc alır sevgilərdən”, bu yol “səadətə işıq saçır”. Bəhram inanır ki, “söz” varisi quran qalır”.

Sinəmdə sevgilər böyüyür ancaq,
İlahi nəfəsli yaza bənzəyir.

Ədalət yolunda dirçəlir adım,
Haqqın zirvəsində böyüyürəm mən.
Aşiqlik yolunu seçəndən bəri,
Allaha üz tutub yüyürürəm mən.


O, Vətənin oğlu olmaqla bərabər ona həyat, nəfəs verən, mənəvi dünyasını zinətləndirən valideynlərinin başucalığıdır, iç dünyası, sözü, qayğıkeşliyi, cəfakeşliyi, qədirbilənliyi ilə sevilən övladdır. Onun zirvələri həm də atası və anasıdır. Onlar Bəhramın təxəyyülü ilə desək, Məkkədən üstündürlər. Bu, müqəddəs kitabımızın tövsiyəsidir. Onun ilahi eşqinin mənbəyi onlardır, Bəhrama görə, bu dünyanın ən gözəl varlıqları ata və anadır:

Yaşam səbəbim də sənə bağlıdır,
Səninlə dirçəlir, ucalıram mən.


Ana “müqəddəs varlıqdı, varlıqlar içində, sevgini, sevməyi öyrədəndi, varlığı torpağa şərəf gətirər” Anasının sağalması üçün “cücərdib dualar göndərən” oğul “əllərini Tanrı eşqinə açır:

Neynirəm dünyanın bar ağacını,
Can verən, yaşadan, sağalt anamı.


Bəhram həm də qayğıkeş, dünyadan nigaran gənc atadır. Arzuları bu cahana sığmayan, Vətənə oğul böyüdən ata. Oğlunun gözlərində, üzündə özünün uşaqlığını axtarır, balaca Bəhramı tapır, qürrələnir, atalıq məsuliyyəti onu bu dünyaya qırılmaz tellərlə bağlayır:

Anladım atalar nələr çəkirmiş,
Sevgilər yolunda qeyrət əkirmiş.
Oğul qarşısında düşmən çökürmüş,
Çözdüm bircə-bircə gözümdə, oğlum.


Bəhrama bir arzum var - mövzu rəngarəngliyi axtarışlarını genişləndirsin. Şeirlərini oxunaqlı etmək, sözün dəyərini artırmaq üçün bu vacibdir. Bu kiçik iradım onun poetik axtarışlarının daha da qol-qanad açmasına səbəb olacağına inanıram. Poeziya insanlara faydalı həqiqətləri çatdırmalıdır. Bəhram buna səy göstərir, ancaq özünün üzərində daha çox işləməli, mütaliə vərdişini artırmalıdır. Özünə qarşı tələbkar olmalı, birinci növbədə özü özünü redaktə etməli, cilalamalıdır. Bu, hikmətli söz yolunda uğurun təməlidir.

“Eşqin sönməsin”, Bəhram, “sözünün kəsəri” həmişə iti olsun. Özün demişkən, kim ki, Haqqı söyləyər, Haqq verər ərənlərə!


Baxış sayı - 533 | Yüklənmə tarixi: 21.05.2025 16:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031