Sinəmdə sevgilər böyüyür ancaq - Yeni İmza
MANERA.AZ "Yeni İmza" layihəsində gənc şair Bəhram Bilaloğlunun şeirlərini təqdim edir.
* * *
Yarpaq kimi tökülür,
Ömürdəki illərim.
Unudulmaz iz salır,
Bəyaz saçım, tellərim.
Xatirələr parlayır,
Danışıram, gülürəm.
Zaman boyu qüsuru,
Həya ilə silirəm.
Xəyalıma gələnlər,
Açılmayan sirr olur.
Sevgi verən kəslərim,
Torpağımda pir olur.
Ucalan ümidlərim,
Böyüyür eşq adıyla.
Solmayan məhəbbətim,
Eşqin səpir dadıyla.
Budur həyata baxış,
Bət(i)ndən məzaracan.
Yaşat məhkum eşqini,
Fənadan səttaracan.
* * *
Çəkirəm həsrətini,
Halı təcalla ilə.
Əkirəm xilqətimi,
Kulli dərd-bəla ilə.
Yasaqdı fəna eli,
Bari, cəfəngiyyatdı.
Tutduğum səna əli,
Əzəldən ehtiyatdı.
Kimi hicran yaşayar,
Axıdar göz yaşını.
Göz də var,göz daşıyar,
Ovar nəfsin daşını.
Boşuna ərz eləmə,
Pərdə sal gözlərinə.
Zamanı fərz eləmə,
İz burax dizlərinə.
* * *
Məhəbbətdən yanan şamın-
Qaranlıqda zirvəsisən.
Gündüz olur hər axşamım,
Axşamların türfəsisən.
Kama çatmaq olar,sənlə,
Təbəssümün işıq saçır.
Alma ahı, qurtar qəmlə,
Səadət də, bizdən qaçır.
Şirin həyat quran sənsən,
Aman vermə mən, xar olum.
Eşq yoluma düşən dənsən,
Vurulmasın sağım, solum.
* * *
Sinəmdə sevgilər böyüyür ancaq,
Bahara bənzəyir, yaza bənzəyir.
Qəlbimi ovudan simli alətə,
Aşıq havasına, saza bənzəyir.
Mizrabı incəlir axan damarda.
Yayır səs tellərin qoca çinar da.
Məhəbbət aldığım böyük meyarda-
Ayrı bir aləmə, naza bənzəyir.
Neçə sabahlara açıb ürəyin.
Allaha dirəyib enli kürəyin.
Sevgi toxumunu yayan küləyin-
Vurduğu notlar da, caza bənzəyir.
Bəhramın qəlbində boy atmaz kədər.
Anlayır hər kəsi,bax,budur qədər.
Təqvaya gedən yol,olmaz heç hədər.
Avazı qurandır, cıza bənzəyir.
* * *
Mənim bəşər qədər sərvətim vardır,
Alıram sərvətdən eşqin dadını.
Sirri xəzinədir, söz boxçasıdır,
Yaşadır boxçada eşq soyadını.
Xatirə qalan da, yaşadanım da,
Unutmaz tarixim söz deyilmidir?!
İnsanlar qəlbinə sözü köçürən,
Allahın imzası, iz deyilmidir?!
Ömrün yaz fəslidir, ötürdüyüm an,
Torpağı könlümün münbit qatıdır.
Mənə ümid verən, yollar tanıdan,
Zaman günəşidir, səma atıdır.
Belə imzalandı könül dəftərim,
Yazdığım misralar haqqa yol aldı.
Enişi qəlblərin küncü, bərəsi,
Qalxdığı məkanlar fəzada qaldı.
* * *
Səma çəkir cizgisin,
Torpağın üst qatında.
Yer öz oxun fırladır,
Çapa bilmir atın da.
Göydə axır ulduzu,
Quyruğun fələk kəsir.
Bitməyən diləklərin,
Ahı ürəkdə əsir.
Budanmayan ağaclar,
Özün bənzədir kola.
Tumurcuq bağlayandan,
Keçir kallanmış hala.
Səmanın öz qanunu,
Ruhu alır qoynuna.
Bəşər pozur günahla,
Rahı salır oyuna.
Eşqə çatan bəndələr,
Uca, müvəffəq olur.
Qibtə edən insanın,
Sonu əhli-həqq olur.
* * *
Ümidlər də sən demə,
Ağ kəfən geyinərmiş.
Təyyarə göy üzündən,
Torpağa can verərmiş.
Zirvə sandığın həyat,
Haqqa sarı yol imiş.
Təmiz saxla ruhunu,
Quran da bunu demiş.
Göyün yeddi qatından,
Qollar uzanır yerə.
Mübarək əməlləri,
Yazır fələk dəftərə.
Toxu ömrün hasarın,
Tərkibində söz olsun.
Alışmayan qəlbləri,
İsidən bir köz olsun.
Közü yandıranların,
Ağırdı dərdi bizə.
Dözülməyən dərdlərin,
Yolu çevrilib izə.
Tural Adışirinin təqdimatında..