manera.az
manera.az

Alın yazısından kim qaçar, kişi? - Şeirlər

Alın yazısından kim qaçar, kişi? - Şeirlər
MANERA.AZ Rəfail Həbiboğlunun şeirlərini təqdim edir.

MİNAYA GEDƏN...

Kimdi bu dünyanın qoca dərvişi,
Bir günlük mənzili min aya gedən?
Eyninə almayıb ömrü, gərdişi,
Bir "hu"dan yol alıb, min "ha¹"ya gedən?

Nədən eşitmirik daha "Cəngi"ni?
Kimsə çalacaqmı əcəl zəngini?
Bərkit yəhərini, bas üzəngini,
Dəli köhləninə min ha...Ya gedən!..

Kişilər var idi-köklü kişilər,
Əbalı, qəbalı, börklü kişilər,
Pələng dərisindən kürklü kişilər...
Min haraya çatan, min haya gedən...

Biz niyə qul olduq? Axı deyildik,
Biz ki özümüzə yağı deyildik,
"Dursaq, aşırarıq dağı!" deyirdik,
Necoldu, düşdümü minaya² gedən?

Rəfail, haqq ilə nahaq görüşdü,
Köksünü yağının gülləsi deşdi.
Harda müsəlmanın papağı düşdü?
Soruş bir Tanrıdan, Minaya³ gedən!..

¹-"Ya hu!"ya işarədir
²-partlayıcı maddə
³-Məkkədə dağ


24.02.2020

BALACA KİŞİ...

Haçan cavan idin, haçan qocaldın,
Bu qoca dünyadan qosqoca kişi...
Nəydi arzuların, nəyi bacardın,
Ömrü sirnən dolu tapmaca kişi...

Keçdi bir-birindən sərt illər, keçdi,
Basdıqca başından dərd, illər keçdi,
Bayramlar ötüşdü, tətillər keçdi,
Elə həsrət qaldı baş taca, kişi...

O saf köydən qopub hara gəlirdin?
Köksündə dağ boyda yara gəlirdin.
Cəllad kötüyünə, dara gəlirdin,
Alın yazısından kim qaçar, kişi?

Dərdlər ətəyindən tutub sürüdü,
Qatığın uyuşdu, südün çürüdü.
Güvəndiyin dağı duman bürüdü,
Şüşəsi qırılan ay baca kişi!..

Aşıqmı sazının simi gərilən?
Sevincin varmıdır göznən görülən?
Nə gedib-gəlirsən bu ləngər ilən,
Bala qarışqadan balaca kişi?..
25.02.2020

BİRCƏ MİSRA...

Başqaları necə yazır bilmirəm,
Mən şeiri bir başqa cür yazıram.
Bircə misra gəlib girir beynimə,
Saatlarla o havada gəzirəm.

O misrayla dolaşıram çölləri,
Sarmaş-dolaş, bağrıbadaş, canciyər.
Tumar çəkim, sığallayım boyunu,
Düşünürəm, birdən məndən inciyər.

Küsüb-gedər, arxasınca gətirməz,
Şirin-şəkər, dürlü-dürlü sözləri.
O misranı zikr edirəm ayətək,
Sevincindən işıldayır gözləri.

Görürəm ki, istəyimə çatmışam,
Sözlər gəlir qatar-qatar, dalbadal.
Bir şeirin doğulmağı, sən demə,
Şairi də eləyərmiş halbahal...

Sıra-sıra, düzüm-düzüm düzülür,
Aman vermir, qaçırtsa da yuxumu.
Son kəlmə ki, qatarından üzülür,
Xoş bir duyğu gizildədir ruhumu...
16.03.2022

ALNIM SAN Kİ, ŞUM YERİDİR...

Əlimdən heç bir iş gəlmir,
Şeir yazmaqdan savayı.
Kitablarım çıxanda da,
Müftə-müsəlləm, havayı,
Ona-buna paylayıram.

Ona-buna paylayıram,
Oxuyurlarmı, bilmirəm.
Mən də qəribə adamam-
Heç bir ölçüyə gəlmirəm,
Yaradanın əsəriyəm.

Yaradanın əsəriyəm,
Kəlmə-kəlmə yazıb məni.
Alnımda baxtın yazısı,
Əyri-üyrü cızıb məni,
Alnım san ki, şum yeridir.

Alnım san ki, şum yeridir,
Sözü səpib cücərdirəm.
Yoxdur özgə umacağım,
Əyriləri düzəldirəm,
Sözdür mənim varım-yoxum,
Sözdür mənim azım-çoxum!..
17.03.2022

SƏNSƏN...

(Retro şeirlərdən)

Sənsən ruhumun ən gözəl qidası,
Sənsən eşqimin ən gözəl sədası,
Sənsən qəlbimin ən gözəl duası,
Dilimin ən gözəl xitabı sənsən...

Ən gözəl çiçəyi sənsən dağların,
Ən gözəl meyvəsi sənsən bağların,
Ən gözəl suyusan saf bulaqların,
Könül sərinlədən sirabı sənsən...

Sən mənim dünyamsan-dinclik bulduğum,
Sən mənim butamsan-eşqə dolduğum,
Sənsən mey tək içib sərxoş olduğum,
Dünyanın ən gözəl şərabı sənsən...

Çəkdiyim ən gözəl fəryadsan, ahsan,
Açılan ən gözəl, ən xoş sabahsan,
Gözəl günah varsa, gözəl günahsan,
Günahın ən gözəl savabı sənsən...

Rəfail sözünə bal-şəkər qatır,
Sözdən söz götürür, sözdən söz tutur,
Ən gözəl adın da dilimə yatır,
Ömrümün ən gözəl kitabı sənsən,
Bütün sualların cavabı sənsən...
19.06.2021

GƏLSİN...

(Retro şeirlərdən)

Sənə tərəf gələn dərdi,
Mənə sarı döndər gəlsin.
Qabağına çıxanlardan,
Birinə ver, göndər gəlsin.

Kimdən istəyirsən yolla,
Anlat, dilə tut bir yolnan.
Sapanda qoy göyə tulla,
Dərdlər təki səndən gəlsin.

Vaxtın olsa, hər gün göndər,
Qoyma nöqtə-vergül, göndər.
Sonala-seç, tər gül göndər,
Gör gül dərdi, sən dər gəlsin.

Tanrım sənçün yaratmamış,
Ağırdır başı batmamış,
Rəfail hələ yatmamış,
Sel durduran bəndlər gəlsin,
Təki səndən dərdlər gəlsin...
18.11.2016

SÖZÜN BAŞINA DÖNƏRƏM...

(Retro şeirlərdən)

Sözlə doğuluruq hamımız, qardaş,
Hər daşın altından sözümüz çıxır.
Min il öncələri qurdalayanda,
Biz həmən türklərik, izimiz çıxır.

Söz deyən adamlar hər zaman olub,
Bütün dövrlərdə söz qanan olub.
Sözdən söz çəkənlər qəhrəman olub,
Orxon-Yeniseydən yazımız çıxır.

Biz sözün başına dönə bilirik,
Yüksələ bilirik Aya, Günəşə,
Yerin təkinə də enə bilirik,
Bir belə xaosda, bu vurhavurda,
Hələ nə yaxşı ki, dinə bilirik,
Hələ nə yaxşı ki, səsimiz çıxır.

Söz elə bir güc ki, misli tapılmaz,
Sözsüz dağ yarılmaz, qaya çapılmaz,
Sözsüz qəsr ucalmaz, saray yapılmaz,
Hardan daş qopursa, tozumuz çıxır.

Hər il yaş üstündən yaşımız gedir,
Torpağımız gəlir, daşımız gedir.
Haqqı danışanda başımız gedir,
Haqq sözün üstündə gözümüz çıxır...
14.09.2015

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 469 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728