manera.az
manera.az

Əcəl qapısından məktublar - Tapdıq Yolçu yazır

Əcəl qapısından məktublar - Tapdıq Yolçu yazır
MANERA.AZ Tapdıq Yolçunun "Əcəl qapısından məktublar" silsilə şeirlərini təqdim edir:

1

Canım-gözüm,
Pisdən çox pis,
Ağrıdan ağır ağrı olmur,
Şükür, bunlardan ötdük!
Gəl indi
Dişimizi dişimizə qıcayıb,
daha yaxşı yaşayaq,
Tanrıdan dilədiyim
MÖHLƏT ÖMRÜ!

2

Canım-gözüm,
Ölüm – Tanrı hüzurunda var olmaq üçün vizit kartıdır!
Kiminə tez gəlir, kiminə bir az gec..
əndişələnmə,
mənimkinin öz vaxtı var..
04.10.2022

3

Canım-gözüm,
Peşman deyiləm – ömrümü halal yaşadım,
Nə oğurluq etdim, nə əyrilik bildim.
Ölümüm də ölümcül olmaz- bilirəm!

4

Canım-gözüm,
Sən qara qəm yox,
Işıqlı qəm çək.
Bilirsən,
Hər kəsdən artıq bilirsən ki, mən
Kabus yox, nur saçan olmuşam dörd yanıma...

5

Canım-gözüm,
Gedirdim,
Durdum, qayıtdım.
Gördüm ki, orda yoxsan.
mən nəyə gərəkdim ki,
sən olmayan dünyada?!

6

Canım-gözüm,
Narahat olma,
Əlimi üzən deyiləm səndən.
Mən o qədərmi,
əfələm,
hul qalam ölüm əlində?!
05.10.2022

7

Canım-gözüm,
Başını dik tut!
Mən dünyaya
gələndə
südəmər cocukdum,
indi bax eey, getsəm
qosqoca bir kişi kimi gedəcəm
həyatdan...
05.10.2022

8

Canım-gözüm,
Mən elə gəncliyimdən
Ağrılarla yaşadım.
Kimsəyə bildirmədim,
Dumanımı,
Tüstümü.
Gülüşümlə hey örtdüm
Dərdlərimin üstünü.
Artıq öyrəncəliyəm...
Beş-on il də yaşaram,
Bu zəhrimar xərçəngin
Yonqarlayıb büstünü...
25.01 Bakı

9

Yeriyən ayağımdı
Bəs niyə başa dəydi?
Qoymadı çatam yüzə,
yapyarı yaşa dəydi.
yolçu ağ kəfən geyər,
qismətə boyun əyər.
Bir son söz Tanrım deyə -
Dəydi də, boşa dəydi!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31