İltimas eylərəm, yol ilə gedən!- Hikmət Orhunun qoşmaları

Manera.azManera.az
Hikmət Orhun
bu yerlərin baxçasından keçilməz,
səhər-səhər gül dalında şeh durar.
sərin-sərin yırğalanar yoncalar,
ta obaşdan tellərində meh durar.
gilasları yaşılmolar, almolar,
armudları şəkərmolar, balmolar,
yelləndikcə bəhsə girər almalar,
qopub düşən dillərində "ah" durar.
nə yoruldun qul hikmətin sözündən?
bəs, nə yazım bu bağların yazından?
tərpənəndə yer çatlayar nazından,
sanasan ki, yuxusundan şah durar.
nə şah ol, nə qul ol, nə qul sahibi
şahın da, qulun da öz məqamı var.
sözü qəribliyə çəkmə hayıfsan,
yaxşı bax, əlimdə eşqin camı var.
nə dayaz fikirləş, nə düşün dərin,
təkdi yaradanı bu göyün, yerin.
sir çoxdu, bəri dur, danışım birin,
qulaq ver, qarşında haqq adamı var.
qul kimdi ki, seçə yaxşı, yamanlar?
haqqı kim anlayar, kimi kəm anlar.
de, hansı məqamdır, çalar kamanlar?
ariflər yanında uca namı var.
nə gözəlmiş biz tərəfin havası,
quşlar uçar, gül dalına gül gələr.
çathaçatnan daşlar oynar yerinnən,
çaylar axar, arxı dolu sel gələr.
adam baxıb camalına vurulu,
gözəlinin pişvazında durulu.
qara saçı dal gərdəndə hörülü,
bədən şux tökülmüş, incə bel gələr.
qul hikmətim bu yerlərdə darılmaz,
bir qaydadı, şaha hesab sorulmaz.
yad əlindən mənə arxa durulmaz,
ha çağırsam, harayıma el gələr.
gülə-gülə gəldi bu qara günlər,
gülə-gülə çıxıb getmədi, gəldim.
qış yaza dönmədi, gecikdi quşlar,
dan üzü xoruzlar ötmədi, gəldim.
nə varaq göndərdin, qolladım, ağam,
bu çapar atımı çulladım, ağam,
kədəri uzağa yolladım, ağam,
dedim, itər gözdən, itmədi, gəldim.
qulam, doğulandan kötək yemişdim,
papaq yamamışdım, nimdaş geymişdim.
gün gələr güzəran dönər demişdim,
dönmədi, qara gün bitmədi, gəldim.
İltimas eylərəm, yol ilə gedən!
sözümü mənzilə yetir də, qayıt.
qarğasa bənd olma, öysə boyun əy,
salam-duasını götür də, qayıt.
özümə halısan, yoluma bələd,
olmadım atama naxələf vələd.
görsən, hansı yanda naşı, nabələd
yürüyüb yanınca, ötür də, qayıt.
olmaz ha şirə çək, göy daşdan şəkər,
durduqca sinəmə ağırlıq çökər.
aşiq hicran çəkər, əğyar kef çəkər,
gedirsən, bir xəbər gətir də, qayıt.
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.