manera.az
manera.az

Qurban olduğum - Xəlil Rzanın həyat yoldaşına yazdığı şeir

📅 23.06.2024 14:28

Qurban olduğum - Xəlil Rzanın həyat yoldaşına yazdığı şeir
MANERA.AZ Xalq şairi Xəlil Rza Ulutürkün Lefertovo həbsxanasında olarkən həyat yoldaşı Firəngiz Ulutürkə yazdığı "Qurban olduğum" şeirini təqdim edir:

Hardasan, ey mənə canımdan əziz,
Dağına, daşına qurban olduğum!
Orda nalan qalıb mənsiz Firəngiz,
Gözünün yaşına qurban olduğum!

O mənim ilk müjdəm, ilk qaranquşum,
Yuxusuz gözlərim, dağılan huşum.
Vüsalı yazımdır, hicranı qışım,
Yazına, qışına qurban olduğum!

Necə darısqaldır bu qara məhbəs,
Göyərçin əlinə əllərim yetməz.
Umduğum doğma səs, o isti nəfəs,
Bircə baxışına qurban olduğum!

Mən sənin uğrunda atıldım oda,
Dəmirdim əridim, döndüm polada.
Nakəs qarşısında, yad qabağında
Ey məğrur başına qurban olduğum!

Axmasın gözündən yaş almaz-almaz,
Məhəbbət qocalmaz, günəş qaralmaz.
Yüz illər keçsə də, gəncliyin solmaz,
On yeddi yaşına qurban olduğum!

Mən kiməm?.. Əyilməz bir kədər dağı
Sədaqət ocağı, ümid çırağı.
Sən başım üstündə haqqın bayrağı,
Ey haqq savaşına qurban olduğum!

Uzaq xatirələr toyda-düyündə,
Ömür gəldi, keçdi darda, sürgündə,
Kişilər dünyada seyrələn gündə,
Kişi duruşuna qurban olduğum!


Baxış sayı - 857 | Yüklənmə tarixi: 23.06.2024 14:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031