manera.az
manera.az

Yıxdın aramızda qalan yolları - Yeni şeirlər

📅 14.12.2025 11:18

Yıxdın  aramızda qalan  yolları - Yeni şeirlər
MANERA.AZ Rizvan Nəsiboğlunun yeni şeirlərini təqdim edir.

Vaxtın bolluğunda...

Kim bilər üzündən qəlb oxumağı,
səsindən duyulur, qəm içir adam.
Saat mürgüdəymiş səfər qabağı,
vaxtı çox olanda gecikir adam.

Çoxlu pul kimidi zaman bolluğu,
nə toplamaq olur, nə çıxmaq olur.
Yolun uçurduğu, vaxtın qovduğu,
canını tələsik qaçırmaq olur.

Ayın bəy vaxtı var göyün tağında ,
günlər ilmələnib hörulən deyil.
saatın əzabı göz qabağında,
Zamanın təkəri görunən deyil.

Yer də yerindədir, göy də yerində,
yanından ötdüyün nə var... həmənki.
Gözunlə gordüyun çıxar əlindən,
bircə itirdiyin zaman səninki.

Ha tələs, ha yüyür, baxma yaşına,
ən yaxın arzudan gen keçirik biz.
Evdən tez çıxırıq, mənzil başına,
bəs niyə çox zaman gecikirik biz?!

Vaxtın bolluğudu son mənzilimiz,
zamanın azlığı canı yeyirki...
Axşamdan səhərə "gizləndiyimiz",
böyuk tənəffüsdü, yuxu deyilki.

Hərdən unuduruq ötən zamanı,
ayağın altında yol, duya bilsən.
Dolanır başımda sual dumanı,
İlahi, günahkar mənəm görəsən ?!

Həsrət notları

Bircə səsin qalsın qulaqlarımda,
qalan nəyin varsa götür, yeri get.
Qəfil qonaq olsam, yuxularından -
izimi könülsüz ötür, yeri get.

Bu eşqin - uzunu, eni nə imiş?!
əvvəli, axırı, sonu səniymiş...
Daha xatirəmiz gileydəniymiş,
dərdini küləkdən götür, yeri get.

Qaldıq bulud kimi ...tutulaq, yağaq,
dalğalı günləri sahilə yıxaq,
İkimiz bir ortaq məxrəcə çıxaq,
özünü sürətə yetir, yeri get.

Onsuz da sonu yox bir təsəllinin,
axtarsan nakamdı yüzə əlilinin,
Adı üstündədi sevən dəlinin,
məni ürəyində itir, yeri get.

Qalır uzun gecə, bir qarış səhər,
zaman zindanıymış bir ömür qədər,
Ayaq izimizi saxlayan şəhər,
viranə könlümü didir, yeri get.

Bir az sükut içdim, bir az çən yedim,
yoluna boylanıb bir az səngidim,
Dərdindən ölməyə bir az ləngidim,
ürəyim dalınca gedir, yeri get.

Ancaq...

Həsrətin üşüdür dərəni, dağı,
nədir səsindəki bu təlaş gülüm?!
Mənim ürəyimdən qara qan axır,
sənin gözlərindən qara yaş, gülüm!

Mən sevə bilmədim səni sən kimi,
daha qoparmısan məndən məni sən.
Səni qınamıram, mənə sevgini -
yad evdə tərsinə geyinməlisən.

Əridim bir şamın qəribliyində,
bir sızqa gümandan tutdum nə qədər.
Mən elə bilirdim dərdin dibində,
bir iynə ulduzu ümid gizlənər.

Bir təzə gəlinsən ... nur otaqların...
quraqlıq keçəndə qış da yaz olur.
Gözünü bağlayıb ev quranların-
sonuncu taleyi yarıtmaz olur.

Mən elə bilirdim məhəbbət budu:
yanğılı görüşlər, tustülü ahlar.
Sənsiz günlərimin qərib buludu,
hər səhər yüyürüb üstümə ağlar.

Hardasan, üz çevir bahara sarı,
yazın " əlvida"sı payızdan qabaq.
Yıxdın aramızda qalan yolları,
bircə xəyallara yol qalır ancaq.

Tələsən adam

Vaxtın pəncəsində hər şey tələsir,
zamana qarışıb qaçıram mən də.
Elə bil əllərim yaxamı gəzir,
özümü tapmıram tələsməyəndə.

Kim idi gözləyən məni hardasa,
avtobus dayanır, ləngiyir qatar.
Cavab ver üzülən telefondusa,
məni məndən betər tələsən tapar.

Bu şəhər səslərin qaçış meydanı,
bu şəhər kölgələr rəqsinə hədəf.
Mən ki tələsəndə sevdim dünyanı,
yüyürdüm sükutdan sevgiyə tərəf.

Ərkimə, ədama, tarpıma dözən,
axşamkı adama gül gəzirəm mən.
Ömrün rahatlığı bezdirər bəzən,
narahat yollara tələsirəm mən.

Tələsir başımın üstündə göy ki,
bulud yerə enir, su göyə çıxır.
Göylər ona görə yüngül gəlir ki, -
Bir az selə çıxır, küləyə çıxır.

Unutdum yuxumu, canı unutdum,
duyğular masamı nurlandıran şam.
Arxayın olanda səsimi uddum -
gördüm tələsəndə yaşayır adam!

Dərd yedim...

Dedim yaz gətirim duyğularına,
soyuq baxışını yaza çıxarım.
Arxamca bir dəli ah göndər bizə,
məni sevdiyini üzə çıxarım.

Saçımdan adlayan işıqdı, vaxdı,
dərd yedim, soyuğu başıma çıxdı.
Bir nakam sevginin sözünə baxdım,
dedim ağrısını sözə çıxarım.

Vuruldum bəxtəvər dünənki mənə,
istədim qayıdım həmənki mənə,
Sonuncu gülüşü göndər ki mənə,
içimdən keçirim, gözə çıxarım.

Nə idi izimi yuyan bu yağış?!
dönüb qayıdacam yol soyumamış.
Xoşbəxt günümüzün tək şəkli varmış,
üzünü çəkdirim yüzə çıxarım.

Mənim taleyimdi bu sevda nə qəm,
mən onun bağrından qopub gəlmişəm.
Bu gecə yuxumda bir yol görmüşəm,
atıb ürəyimi sizə çıxarım.

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 349 | Yüklənmə tarixi: 14.12.2025 11:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031