manera.az
manera.az

Susub gedənlər qayıtmaz - Yeni şeirlər

Susub gedənlər qayıtmaz - Yeni şeirlər
MANERA.AZ Valeh Qocanın yeni şeirlərini təqdim edir.

Susub gedənlər qayıtmaz

Gözləmə şair, gözləmə,
Küsüb gedənlər qayıtmaz.
Öz eşqini kirpiyindən,
Asıb gedənlər qayıtmaz.

Göy ağlayar daş yolları,
Yağıb edər yaş yolları.
Getmək üçün boş yolları,
Pusub gedənlər qayıtmaz.

O hissi buzdan bilirəm,
Gedən payızdan bilirəm.
Mənki o qızdan bilirəm,
Susub gedənlər qayıtmaz.

Qoşma

Yaxşı oxumuşam mən öz ömrümü,
Yaxşı öyrənmişəm, beş düşür mənə.
Dünyanın ən soyuq nöqtəsindəyəm,
Hərlənir, fırlanır qış düşür mənə.

Ömür parçalanar, yaddaş bölünsə,
Fikirlər, xəyallar birbaş bölünsə.
Üstündə gül bitən bir daş bölünsə,
Gül düşür o yana, daş düşür mənə.

Hər telim bir bəyaz dən altda qalıb,
Ömrüm duman altda, çən altda qalıb.
O bulud neçə il gün altda qalıb,
Yenə də düşəndə yaş düşür mənə.

Özümü eşqimə vermişəm nəzir,
İndi də bu eşqim özümü əzir.
Qəlbimdə ömrümün qatili gəzir,
Bilmirəm neçə il iş düşür mənə.

Körpü

Sevəni sevəndən ayrı salırsan,
Küsəni küsənlə barışdırırsan.
Gecəni səhərlə, kəndi şəhərlə,
Şəkəri zəhərlə qovuşdurursan.

Düşürsən payızla qış arasına,
Bahardan başlayıb yaydan keçirsən.
Gəmilər batıran, evlər uçuran,
Ley kimi yellənən çaydan keçirsən.

Sinənin üstünə ağırlıq düşər,
Torpağın ağrımaz, daşın ağrımaz.
Ayağın bir ömür sularda qalar,
Hələ bircə dəfə başın ağrımaz.

Sənin divarını daşa döndərən,
İstidə qaynayan suyun ərpidir.
Özünü asırsan selin əlindən,
Deyirlər, bu körpü asma körpüdür.

Başının üstündə Günəş də doğur,
Ayağın altdakı buzun xətrinə.
Bəlkə, elə səni Allah saxlayır,
Üstündə dilənən qızın xətrinə.

Ana

İsmətin qızartdı yanaqlarını,
Bir dəfə üzünə boyaq çəkmədin.
Bizim ömrümüzə sığalı çəkdin,
Saçına əməlli daraq çəkmədin.

Mənə atılan daş düz sənə dəydi,
Bilmədin qəlbinə toxunan nəydi.
Allah taleyimdən nəzərin əydi,
Sən məndən yaxanı qıraq çəkmədin.

Baxanda üzündə qaralmış qana,
Az qalır canımda varlığım yana.
Ürəyin yananda bəs niyə ana,
Gözündən könlünə bulaq çəkmədin?!

O saat o qızın qolunda hələ

Qızıma oyuncaq aldığım yerdə,
O qız da oğluna saat gəzirdi.
Hələ də o mənim baxışlarımda,
Özünə gizlicə həyat gəzirdi.
O qız ürəyimə girəndə bir vaxt,
Allahdan nə zaman, nə vaxt almışdım.
Bahalı şeylərə gücüm çatmırdı,
O qıza bir ucuz saat almışdım,
O saat o qızın qolunda hələ.

Özümü gəzirəm tapa bilmirəm,
İtmişəm mən onun yolunda bəlkə.
Mənlə keçirtdiyi vaxtı, zamanı,
Yadigar saxlayıb qolunda bəlkə.
Onun əlindəki barmağın üstə,
Onun üzüyünün qaşı ölübdür.
Neçə adamların nəbzi dayanıb,
Neçə saatların daşı ölübdür.
O saat o qızın qolunda hələ.

Gözəllik taxtından düşübdür, amma,
Hələ də sevgisi taxtında qalıb.
Saatın özü də dəbdən düşübdür.
O qız o saatın vaxtında qalıb,
Onun ürəyinə yaraşmır ömrü,
Zaman boş qoyubdur o qızın solun.
Üzüyü taxdığı barmaqdan bildim,
Yarı da buraxıb o qızın qolun,
O saat o qızın qolunda hələ.

Oxunub qurtarıb həyat kitabı,
Bağlanıb ən xoşbəxt səhifələri.
Bəlkə də qolunda eləcə sayır,
Ölümə aparan dəqiqələri.
Nə bilim bəlkə də o qızın qolu,
Elə o saatın qəbri olacaq.
Mən hardan bilərdim ən ucuz saat,
Ən baha sevginin ömrü olacaq.
O saat o qızın qolunda hələ.

Bulud

Yağış olma, bir az göydə qal bulud,
Ağacların saçın yuyan vaxtı var.
Bulaşıbdı üz-gözünə kir kimi,
Günahkarın suçun yuyan vaxtı var.

Hər damlanın öz vaxtı var bu yerdə,
Kirpikləri gözdən axan nəm yuyar.
O yar gedər, ayağından toz düşər,
Sən olmasan bu yolları kim yuyar?!

Hələ tezdir, bir az dayan, vaxt gələr,
Günəş yerə od ələyər bilirsən.
Torpaq bizə ağız açmaz yansa da,
Göy üzündən su diləyər bilirsən.

Bizim yerin hər tərəfi bulaqdır,
Yananların şəhərinə yağ indi.
Bir damlaya həsrət qalan körpənin,
Sən o yanan ciyərinə yağ indi.

Yağırsansa səngərdəki qəlbə yağ,
Tir-tir əsən cana dəymə amandı.
O bayrağı göy üzündə yusan da,
Üstündəki qana dəymə amandı.

MANERA.AZ


Baxış sayı - 904 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031