Sənin həsrətinlə xoş yaşayıram - Şeirlər
MANERA.AZ Rizvan Nəsiboğlunun şeirlərini təqdim edir.
***
Yuxumdan yol saldım gecələrinə,
yanan ürəyimi gəzdirmək üçün,
Düşmüşəm şəhərin küçələrinə,
sənin şükutunu bezdirmək üçün.
Mən hara gəlmişəm, bura haradı,
hanı tanıdığım çığırın, izin?!
Yenə xatirəmi xəyal daradı,
qoxusu burnumda evlərinizin.
...Tanıdım uçundu ayaqlarım da,
sevdim işığını pəncərənizin.
Çiçəyim, bəs niyə qulaqlarımda,
yad nota bənzəyir səsimiz bizim.
Həsrətin nəfəsi saçında donub,
alnının qırışı sinəmi dəlir.
İlahi, bu adam "özünü yorub",
özgə havasıyla üstümə gəlir.
Əlini tuturam, üşüyür bədən,
soluxub o baxış, sınıxıb o səs.
Bal kimi sevgisi əlindən gedən,
təzədən o eşqə qayıda bilməz.
Nə kədər oxundu o gözdə, nə qəm,
saçını oxşadım yanmadı əlim.
Divardan asılan şəkil görürəm,
dünənki qadını görə bilmədim.
...Yuxudan ayılmaq bir ayrı zülüm,
ötən günlərimiz sarı simiymiş.
Ara bir yuxuna gəlirəm gülüm,
deyəsən bu sevgi yuxu kimiymiş
Məni unutmağa tələsmə...
Əlimin istisi əlindən çıxıb,
daha üşüyürlər dodaqlarım da.
Ara bir yuxuda adımı çəkdin,
hərdən cingildəyir qulaqlarım da.
Külək aparırmış yüngül ahları,
ağırı özünlə yatırmaq çətin.
Donmadın içində dağ günahların,
yandım sükutuna bu məhəbbətin.
Bir qarış halı yox səssiz günlərin,
qüssəsi qurtarmır qəm axşamların.
İndi bilirəmki sən gündüzlərin,
köhnə dustağıyam mən axşamların.
Nə səsim gəzilir, nə sözüm şirin,
bilmirsən dünyada belə adam var.
Sən hardan biləsən, yoxdu xəbərin,
səni qiblə bilib qəmli yatan var.
Döyür yollarımı, qəm, qəhər, aram.
saatın səsidi nizamı pozan.
Sənin həsrətinlə xoş yaşayıram,
məni unutmağa tələsmə asan.
Özümə məktub
Mən yolu getmirəm,
Yol məndən gedir.
Bir arzu sınıxır, bir kam darıxır.
Neçə görmədiyim gün ildən gedir,
Yanından keçdiyim axşam darıxır.
Səsini itirir ayaq səslərim,
Bu əlin, o əldə havası qalmır.
Gənclikdən o yana çıxıb getmişəm,
Özümün -özümlə davası qalmır.
Mən deyən talemi- itirdiyim ah?!
Nə vaxtsa şəkliynən taparam onu.
Bu yoldan ötən qız o imiş Allah,
Getsə, subaylığa aparram onu.
Qulaq kəsilirəm kölgə adama,
Adını dəyişib, daş ada gəlib.
Mən onu baharda görüb gəlmişdim -
Adlayıb gördüm ki, qışa da gəlib.
Günü ay elədim, uyudu masam,
Hər gün eyni hava, hər gün eyni səs.
Arabir özümə divan tutmuşam,
Tüstülü günlərim yerinə gəlməz!
Yox, daha səsimi hər dalğa tutmaz,
Deyəsən gözümə tanış üz dəyir.
İçimin boşluğu məni unutsun,
Alışan ürəyim məni gözləyir.
***
İki xət çəkdim üstündən,
sənsiz yaşadığım günün.
Kölgəsinin dalıncayam,
sənə oxşadığım günün.
Uyuşmur bir az özgədi,
çöpdən yıxılan kölgədi.
Adı-bir qürbət ölkədi,
təzə başladığım günün.
Bu şəhərdə yaz olmurki,
çiçəyində naz olmurki,
Həsrəti dayaz olmurki,
qalıb "qışladığım" günün.
Yol da əriyib axırmış,
üstünə qüssə yağırmış,
Buludunu yer sağırmış,
göyə daşıdığım günün
Zilə qaçar bu bəm səsim,
səs elə, qalxım, tələsim.
Ayağına quzu kəsim -
səni oxşadığım günün.
Qüssəli şeir
Dünya sirdən yoğrulmuşdu,
neynəsək də, sirri qalar.
Yüzbir arzum doğulmuşdu,
yüzü gedər, biri qalar.
Ömrü qəmə bükmək çətin,
sınıq qəlbi tikmək çətin.
Bir əlçatmaz məhəbbətin,-
ahı gedər, yeri qalar.
Yar gülə bahar yazdıra,
həsrəti tərsə yozdura.
Can alan, şirin qızlara-
oğlanların kürü qalar.
Dünya çoxdan ölüm satan,
günahsıza günah tutan,
Duz adam, yorulub yatan-
saat kimi geri qalar.
Kimdi taleyini qovan;
saçı çiçək, qəlbi cavan.
Bir nağıla dönər Rizvan,
bircə şeiri diri qalar.
***
...Axşamı
küçə işıqlarına tapşırıb,
getdik yatmağa.
Atıldıq qara dərd kimi
gecənin ağuşuna.
Divar saatının
döyüntülərini
çəkib üstümüzə,
uyuduq sükutun “çıxışına”.
Ovsunçu kimi
gecə qapadı gözlərimizi.
Dodaqlarımız
bir işıqlı əlnən “tikildi”,
Ömrümüzün bir gecəsi də
paslı bir qəpik kimi
yoxa çəkildi...
...Dan üzü
Qızıl rənglə bələndi
yer üzü.
Ağ göyərçin kimi
yuxularımızdan uçdu səhər.
Qarşıdakı axşamlar
bizi gözləyir
daralmış səbrimiz qədər...
...Həsrət canı imzaladı
Bu eşq qəlbi yağmaladı,
Həsrət canı imzaladı,
İkiyə iki caladıq
Dörd oldu, beşə çıxmadı.
Yar deyib, göyə göynədik,
Ürəyi oda söykədik,
Bir ömür boyu neynədik,
Şəklimiz qoşa çıxmadı.
Yarpaqlar əl çalar səsə,
Buludlar düşər həvəsə.
Bənövşə elçi düşməsə,
Bahar alqışa çıxmadı.
...Qırıq xətdi, hər ötən gün ,
Kimi aşiq, kimi sürgün.
Bu tərsinə ömrümüzün
Axırı başa çıxmadı.
Ölüm - adamın boş vaxtı
Hamı yolun ortasında....
Bir adam qırağa cıxmaz.
İçimizin qaranlığı
Bir işim çırağa çıxmaz.
Baş deyil, candı, əridi,
Yaş keçir, ürək diridi.
Bu eşqin yönü bəridi,
Həsrətdən uzağa çıxmaz.
Göydən gələn sözdü, səsdi,
İçimi bir haray kəsdi.
Xəyalımda bir əl gəzdi.
İstisi varağa çıxmaz.
Göylər səsimin üstüdü,
Qəlb arzulu, can istidi,
Hər gün bir dözüm dərsidi,
Gün ayrı marağa çıxmaz.
O daş, bu dərddən yumşaqdı,
Səsini udan uşaqdı.
Ölüm - adamın boş vaxtı,
Qapıya, yolağa çıxmaz.
Anama
Az qalır şəkil danışa.
O baş daşındakı şəkil.
Anamın lap özüdü ki, -
Bu göz yaşımdakı şəkil.
Hardaydı, hardan boylanıb,
Qış qışlayıb, yay yaylanıb.
Hələ növbəyə dayanıb,
Göz yaddaşımdakı şəkil.
Bu başdaşı, bu o, bu mən,
Anasından ayrı Qu mən.
Qəbrini öpdüyüm dünən
Adam-qarşımdakı şəkil.
Qorxdum əl vuram yox ola,
Dərd yumşala, qəm dağıla...
Sevindim, bəlkə sağ ola -
"Ana yaşında"kı şəkil.
***
Ürəyim toy mağarıdı,
başda misralar oynayar.
Gəlin köçən qızlar kimi,
qərib durnalar oynayar.
Əl atıb göydən gül dərən,
gülü, gülünə göndərən.
Məni Məcnuna döndərən,
Saçı xurmalar oynayar.
Dağdan adlayan səs kimi,
yarımçıq qalan dərs kimi.
Meydən gələn həvəs kimi,
köksüz zurnalar oynayar.
Qəlb üzülür qəm ağzında,
əl oynayır yarasında.
Bu tünlüyün arasında,-
təzə doğmalar oynayar.
Dərd əhlidi dərdə salan,
dərviş oldun, yollar balan!
Oyunda axıra qalan,
ömrü yağmalar oynayar.
***
bu payızın qəminə bax,
sapsarı yarpaq gətirir...
göy üzü yerin başına
buluddan papaq gətirir...
...şəklim gülmədi üzümə,
bu yol baxmadı sözümə,
ümidlərin dənizinə
hər kəs bir qarmaq gətirir...
...gül aça, çiçək gəzinə
yar gələ, yuxun bəzənə
Allah bizi yer üzünə
baxmağa qonaq gətirir.
Tural Adışirinin təqdimatında