Bu eşqə rast salma duman, çən - Şeirlər
Zaur Ərmuğanın şeirləri..
Payız
Bu payız bir eşqin sarı gəlini,
Həsrət yanğısında solur beləcə.
Daha bu yollardan üzüb əlini,
Könlü bulud olub dolur beləcə.
Gözləri bir itən ümid soraqlı,
Önündə ayrılıq əli yaraqlı.
Neyləsin bənizi solğun yanaqlı?!
Yolur, saçlarını yolur beləcə.
Baxır iz dalınca bir çağ uzunu,
Çətin ki qaytara köçən yazını.
Çəkir öz içində qəmin nazını,
Bir fikir karvanı olur beləcə.
Şəkil
Bir şəkil çəkmişəm, bir şəkil,
Sevgidə həsrəti çəkmişəm.
Yol da var şəkildə, uzun yol,
O yola gözümü dikmişəm.
Bir yerdir, iynətək itən mən,
Bir yerdir, daş olub bitən mən,
Ağrıya, acıya yetən mən,
O yerə bir ürək əkmişəm.
Qalmayıb canımın heç tabı,
Günah nə, axtaram savabı?
Bir oxu yazdığım məktubu,
Ona bir xatirə bükmüşəm.
Şəkildə bir mənəm, bir də sən,
Hər iki dünyadır, ruh və tən.
Bu eşqə rast salma duman, çən,
Könlümdən göz yaşı tökmüşəm.
Yarına yetişən sevinir,
Arzular ümidə güvənir.
Dağıtma bu eşqin evini,
Qəlbimdə bir məbəd tikmişəm.
Yuyur
Yağışdır dünyaya yağan,
Tozunu, kirini yuyur.
Su yumaz ki tək ölünü,
Su da var, dirini yuyur.
Yağışdır, yağır hey, yağır,
Buludu sağır hey, sağır,
Dünyanın günahı ağır,
Göyünü, yerini yuyur.
Ha yuyur qaranı, bozu,
Yuyulur zamanın tozu.
Yollar var yollardan uzun,
Yağıb, dərd-sərini yuyur.
Göylərə əl açır biri,
Göylərə duaçı biri,
Özündən ha qaçır biri,
Bu yağış hərəni yuyur.
Üzümüz danlaqda qalıb,
Vədimiz o çağdan qalıb.
Suyumuz bardaqda qalıb,
Yağış üz tərini yuyur.
Qoy yağsın, küçəmiz batıb,
Qoy yusun, köçümüz batıb,
Çölümüz, içimiz batıb,
Demə, dağ-dərəni yuyur.
Yuyulub paklanar dünya,
Suya de, çin olsun röyan.
Gör necə çirk tutub o yan,
Hələ ki bərini yuyur.