Şeir əyləncə deyil ki...
Sahib Əliyev
İçim doludur - şeirə, sənətə yad olan cızmaqaraçıların əlindən. Hissim, həyəcanım, ruhum təngə gəlib cızmaqara yazıları oxumaqdan. Cilovsuz sel kimi hara gəldi çırpınır bu cızmaqaraçılar, ya da gərəksiz tikana dönüb ətirli gülə oxşayan əsl şeir nümunələrinin dörd tərəfini kəsir və qoymayırlar görünsün bu gül şeirimizin qəddi-qaməti. Ona görə də yazmaq fikrinə düşdüm bu cızmaqarlar haqqında. Elə bu zaman çoxdan yazdığım bir şeirim gəlib düşdü yadıma. Həmin şeirdə yazırdım:
Şeir də bar-bəhərdir,
Yetişdirib, dərərlər...
Doğrudan da bu, belədir.
Ağac bar gətirmək istəyəndə əvvəlcə tumurcuqlanır. Sonra bu tumurcuqlar çiçəyə çevrilir. Daha sonra bu çiçəklər noxud boyda girdəciklərə dönür. Çox keçmir ki, həmin girdəciklər də böyüyüb meyvə şəklini alır. Ən nəhayət, bu meyvə yetişir, axırda insanlar onu bir-bir dərib yeyirlər. Bu vaxt ağız dada gəlir, damaqlar şipşirin olur.
Şeir də bu cürdür. Şair şeir üçün əvvəlcə mövzu tapır, sonra bu mövzunu dürlü-dürlü sözlərlə bəzəyir. Süjet xətti, deyim tərzi gərək elə olsun ki, oxucuya təsir edə bilsin.
Şeir oxucuya bədii zövq verməklə, onda yüksək ideya da aşılamalıdır. Yoxsa, boş və ötəri hisslərin qələmə alınması insanlara heç nə verə bilməz.
Şeir yazan adam mərhum şairimiz Sərdar Əsədin aşağıdakı sözlərini gərək yadında saxlasın:
Yerli-yerində hər söz
Qiymətli bir incidir.
Ürəkdən gəlməyənlər
Ürəkləri incidir.
Lakin son illərdə bütün bu deyilənlərə heç də əməl edilmir. Adını şair qoyan bir para cızmaqaraçılar ağzılarına nə gəldi, yazır və yazan kimi də çıxarırlar qəzet və jurnalların səhifələrinə. Şeiri dərc etdirən kimi də bir yerə toplayıb kitab halında çapa verirlər. Şeir adına ləkə olan bu cızmaqaraları oxuduqdan sonra oturub fikirləşirsən: Ay Allah, bu şeir axı kimə neyləyib,onu bu vəziyyətə qoyurlar? Təcrübəsiz oxucular cızmaqara şeirlərə rast gələndə, ümumiyyətlə, şeirdən zəhlələri gedir, elə bilirlər ki, bütün şeirlər elə bu vəziyyətdədir.
Əslində, onların dediklərində bir həqiqət var. Bu həqiqət içimi göynədir. Axı şeir adı ilə dərc edilən cızmaqaralar bütövlükdə sənətə, şeirə xələl gətirir, onu gözdən salır, oxucuda şeirə nifrət yaradır. Bu hallara yol vermək olmaz. Axı şeir ülvi bir sənət növüdür. Azərbaycan ədəbiyyatında onun bünövrəsini Füzuli, Nəsimi, Şah İsmayıl Xətai qoyubdur. Onu Vaqif, Vidadi, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Əli Kərim, Əlağa Kürçaylı, Məmməd Araz kimi sənətkarlar öz çiyinlərində yüksəklərə qaldırıblar. Hazırda onun yükünü Nəriman Həsənzadə, Fikrət Qoca,Sabir Rüstəmxanlı, Söhrab Tahir və bir sıra başqa istedadlı şairlər gəzdirirlər öz çiyinlərində. Bu cür sənətkarların sahib olduğu sənətə naşıların girməsi olduqca təhlükəli bir işdir.
Təəssüf ki, bəzi adamlar bu təhlükəni hiss etmir, yeri gəldi-gəlmədi, yaradı-yaramadı, özünü şeirin güllü-çiçəkli bağçasına soxur, bu bağçada gül-çiçəyin sayını artırmaq əvəzinə, tikan kolları əkirlər. Həmin tikan kolları da şeir oxumaq həvəsinə düşənlərin gözünə sancılır və beləliklə də onları şeir bağçasına girməkdən çəkindirir.
Bunu mən əvvəllər də demişəm, üzümü cızmaqaraçı şairlərə tutub bir şeirimdə yazmışam:
Dedilər, şeir yazırsan,
Dedim, nolar, vətəndaşdı.
Elə ki, oxudum səni,
Zövqüm tamam yavalaşdı.
Sözü palçığa bükürsən, -
Guya sözdən ev tikkirsən.
Durub əziyyət çəkirsən,
Bilməyirsən, qabın boşdu.
Fikir bəsit, deyim soyuq,
Misraların oyuq-oyuq, -
Elə bil ki, yeri toyuq
Eşir, yersə hələ yaşdı.
Arzu deyil bu çatdığın,
Bəsdi şerə daş atdığın!
Gözəllərdə “yaratdığın”,
Bu nə gözdü, bu nə qaşdı?
Yolun qısa, cığırın dar,
Yazmasan, de, qanmı olar?
Sənə görə, bax, adamlar
Oxumaqdan uzaqlaşdı.
Bəli, pis şeiri oxuyan adam istər-istəməz mütaliədən uzaqlaşır.
Oxucuların sənətdən uzaqlaşmasında qəzet və jurnal işçilərinin, nəşriyyat əməkdaşlarının da günahı çoxdur. Çünki mətbuatda çalışanların çoxunun şeirdən başı çıxmır. Di gəl, başları çıxmayan işdən ikiəlli yapışıblar. Yəni bəzi cızmaqaraçıların cızmaqaralarını olduğu kimi dərc etməklə çox böyük qəbahət işlədirlər. Axı, danılmaz bir həqiqətdir ki, şeiri istedad sahibi yazar, yazılmış şeiri isə şeirdən başı çıxan adam dərc edər.
Şeir yazmaq gözəl işdir. Lakin daxili narahatlıq, bilik və istedad olmadan şair olmaq çətindir. Şeirin enişli-yoxuşlu yolunu nəzərə almadan əlinə qələm götürüb söz quraşdırmaq, vaxtı öldürmək, ötəri həvəsin qurbanı olmaq deməkdir. Böyük rus tənqidçisi Belinski bu fikri aydınlaşdıraraq deyirdi: “Yaradıcılıq əyləncə, bədii əsər də boş vaxtın, bir həvəsin məhsulu deyildir; yaradıcılıq sənətkardan əmək tələb edir, sənətkar yeni əsər rüşeyminin onun qəlbinə necə kök salacağını özü də bilmir; ana uşağı öz bətnində necə bəsləyib böyüdürsə, sənətkar da poetik fikrin toxumunu öz qəlbində bu cür bəsləyib böyüdür...”
Lakin, yuxarıda dediyimiz kimi, bir çox müəlliflər sənətə bu cür yanaşmırlar! Onların şeir adı ilə dərc etdirdikləri cızmaqaraları oxuyanda görürsən ki, şeirdə şeiriyyət olduqca zəif, fikirlər dolaşıq, məqsəd isə mücərrəddir. Şeir bədiilikdən tamamilə uzaqdır. Hətta şeirin texnikası da gözlənilməyib. Qafiyə pozulub, şeirin hansı vəzndə yazıldığı bilinmir. Bir-biri ilə bağlantısı olmayan misralar var. Yanlış fikirlər, naköndəm deyimlər baş alıb gedir.
Bəzən bu barədə müəllifə və ya şeiri dərc edən mətbuat orqanının sahibinə iradlarını bildirəndə, deyirlər:
- Əşi, indi müstəqillik dövrüdür, şeir də müstəqil olmalıdır. Qafiyə - mafiyə, heca – meca keçmişdə qaldı.
Adam istər-istəməz düşünür – Mirzə Ələkbər Sabirin sözləri yada düşür: “Qəh-qəh, qəribə gülməlisən, xani-xarab”. Adi şeir texnikasının müstəqilliyə nə dəxli var?
İndi gəl müstəqillik dövrünün şeirlərinə baxaq:
Masanın üstündə ağ kağızlar bu gün,
Yaza-yaza söz dolu ürəyimə dönür.
Çünki, ürəyimdə olanlar, misra-misra
Kağızlara düzülür,
İndi kağızlarda görünür, ürəyimin qəmi kədəri
Sevinci və ilaxır.
Doğrudanmı bu şeirdir?
Ya da başqa bir şeiri götürək:
Məleykələr göydən enib baxırlar,
Sınıq könüllərə odlar yaxırlar.
İldırım tək gurlayıb çaxırlar,
Gəl bax əjdaha tək axan bir selə.
Və başqa bir sıra bu kimi parçaların izaha ehtiyacı yoxdur. Sənətdən başı çıxmayan oxucu belə, bu cür boş və mənasız söz yığımlarında heç bir şeriyyət nişanəsi olmadığını açıq-aşkar görür.
Qəribədir, görəsən, müəllif “məleykələr göydən enib baxırlar, sınıq könüllərə odlar yaxırlar” misralarında nə demək istəyir? “İldırım tək gurlayıb çaxırlar, gəl bax əjdaha tək axan bir selə” fikri nə deməkdir?
Yuxarıda “vergülünə, nöqtəsinə” sözlərini işlətdik. Bəzi şeir yazanlar və bu şeirləri dərc edən adamlar şeirdə Azərbaycan dilinin qayda-qanunlarını pozmaqla elə bil ki, həzz alırlar. Elə şeir nümunələrinə rast gəlirik ki, nə vergülü var, nə nöqtəsi, nə sualı var, nə də nidası - aşağıdakı şeir parçasında olduğu kimi:
deyirlərki yaşa kef çək
haradandır bu çəkə-çək
sağım solum bu gül çiçək
nədən axı qan qoxuyur
Göründüyü kimi, bu şeirdə Azərbaycan dilinin qayda-qanununa xidmət edən heç bir durğu işarəsi qoyulmayıbdır. Hətta bütün misraların baş hərfi kiçiklərlə yazılmıdşır. Niyə? Bəlkə qaçaqaç düşüb, ona görə də müəllif durğu işarələrini götürüb yerinə qoymaq üçün imkan tapmayıb?
Ola bilsin ki, başqa hansısa xalqın şerində durğu işarəsi qoyulmur. Bunun bizə nə dəxli? Biz dünyanın mütərəqqi cəhətlərini öyrənir və işimizə tətbiq edirik. Bəs onda bizim karımıza gəlməyənləri gətirmək nə üçündür? Bizim dünya ədəbiyyaytının inkişafına təsir göstərən hansı şairimiz bu cür edib? Bizim şeirimizin öz ənənəsi var, inkişaf da bu ənənənin üstündə olmalıdır, yenilik də. Bizim durğu işarələrimiz Azərbaycan xalqının özünə məxsusdur. Heç kimin ixtiyarı yoxdur ki, xalq üçün dərc olunmuş hər hansı şeirdən onu məhrum etsin.
II
Şeirdə məni düşündürən bir məsələ də var. Bəzi yazanlar məqsədi-məramı bir yana qoyaraq, süni obrazlılıq yaratmaq xatirinə, ədəbazlıqıla məşğul olurlar. Belələri ayrı-ayrı misralara yeri gəldi-gəlmədi obrazlı ifadələr vurur, beləliklə də oxucunu çaşdırırlar.
Obrazlılıq yaxşı şeydir, obrazlı ifadə işlətmək hünər tələb edir. Lakin bu, gərək şeirin özündən yaransın. Həm də obrazlı ifadələr şeirin xəmirinə qarışsın. Bax, onda şeir də bir mənəvi qida kimi dadlı-duzlu olur. Əks təqdirdə, şeirə süni boyalar vurmaq onu mücərrədçiliyə aparır. Oxucu mücərrəd ifadələrin mənasını tapmağa başı qarışdığı üçün şeirin ümumi mənasını, şairin nə demək istədiyini tamam yaddan çıxarır.
Süni obrazlılıq yaratmaq, bilirsinizmi, nəyə oxşayır? Ona oxşayır ki, sən yol ilə gedirsən, qarşına bir meyvə dükanı çıxır. Armud almaq istəyirsən. Görürsən ki, meyvəsatan onsuz da dolu görkəmilə diqqəti cəlb edən armuda nəsə sürtüb və ağ parça ilə dəfələrlə silib. Armud par-par parıldayır. Tamahın düşür, alırsan. Gedib evdə həmin armudun bir neçəsini boşqaba qoyub yemək istəyirsən. Lakin görürsən ki, nə dadı var, nə də tamı, elə bil qoca palıd ağacının qabığını çeynəyirsən. Verdiyin pula hayıfın gəlir. Qərara alırsan ki, bir də parıldayan armud almayasan.
Amma ürəyin yenə də armud istəyər. İştahın deyir ki, get başqa armud al. Durub gedirsən bazara. Gözün taxtanın üstünə yığılmış armuda sataşır. Lakin parıltısı yoxdur. Parıldatmaq üçün üzünə nə maye vurulub, nə də parça ilə sürtülüb. Üzünü armudsatana tutub deyirsən:
- Qardaş, armudun birini kəs, görüm dadı necədir?
Armudsatan “baş üstə”, deyib, armudun birini kəsir. Bir dilimini alıb çeynəyirsən. Gözlərin, necə deyərlər, kəllənə çıxır: - Bu ki, baldır, - deyə, sevinir və imkanın çatan miqdarda armud alıb aparırsan. Evdə də kim bu armuddan yeyirsə, ləzzətdən doymayır.
Bax, şeirdə də gərək süni parıltı yaratmaqla oxucunu aldatmayasan. Onsuz da oxucu oxuyandan sonra hər şeyi aydın başa düşəcəkdir.
III
Şeir dərc olunana qədər şairin öz ixtiyarındadır, nə qədər istəsə üzərində işləyə bilər. Elə ki, qəzetdə, jurnalda və ya kitabda dərc edildi, olur xalqın malı. Gəlin xalqa qəlp şeirlər, yöndəmsiz misralar, əhəmiyyətsiz fikirlər sırımayaq. Bunun üçün hər bir şeir yazan adam bərk düşünməli, dönə-dönə götür-qoy etməlidir. Oxucuya verilən mənəvi bir qida təmiz və sağlam olmalıdır. Sağlam olmayan qida onun zövqünü zəhərləyə bilər. Xəstə şeir yazmağın heç bir əhəmiyyəti yoxdur.
Şeirdə təlqin edilən fikir oxucuya nəsə verməlidir, onun ideyasına təsir etməlidir. Yüksək ideya aşılaya bilməyən şeirin donu zərdən-zibadan biçilsə də, heç nədir. O şeir oxunur və yadda qalır ki, o, yeri gələndə tərəf-müqabili hər hansı bir yüksək məqsədə kökləyə bilsin. Məsələn, yerli-yerində danışmaqdan, artıq söz işlətməməkdən söhbət gedəndə deyə biləsən ki, böyük Nizami bu barədə gör nə yazır:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
Şair gərək sözü boş-boşuna deməsin. Çünki əhəmiyyəti olmayan söz hədəfə dəyməyən gülləyə bənzəyir.
Həm də unutmaq olmaz ki, şeir yazmaq üçün gərək xüsusi istedadın ola, gecə-gündüz öz üzərində çalışasan, oxuyasan, şeirin mütərəqqi formalarında yazmağı bacarasan. Biləsən ki, müasir oxucunun bədii zövqünü ödəmək o qədər də asan deyil. Bundan ötrü dərin axtarışlar aparmaq lazımdır.
Manera.az