Gedənlər küçəsi, nakam adlı ev... - Şeirlər
MANERA.az gənc yazar Hümbət İsmayılovun şeirlərini təqdim edir:
İnsanıq axı
Bir qarın çörəyə şərəf satmayaq!
Biri-birimizi biz aldatmayaq!
Zalımın silahı altda yatmayaq!
Axı biz insanıq... İnsanıq axı...
İnsan sərf edirsə əgər əməyin
Haqqını almalı həmin o səyin.
Bizə əşya kimi rəftar etməyin
Bizlər də bir canıq, insanıq axı...
Bizim ürəyimiz var ki arzulu
Bizim şüurumuz var ki çox ulu!
Bəzən sevincəyik bəzən duyğulu
Bəzən də giryanıq¹, insanıq axı...
Bir iş görən zaman baxaq ardına
Gedib qoparmasın o iş fırtına.
İnsanlıq olmayan insan yurduna
Olmayaq biz tanıq², insanıq axı...
Giryan¹ - ağlamaq, ağlayan (fars)
Tanıq² - Şahid (qədim)
Rəsmi ayrılıq
Ərşədək qalxsa da fəryad fələkdən,
İstənən ayrılıq tətbiq edildi.
Gəlib eşqinizi alın ürəkdən,
Sizin müraciət təsdiq edildi!
Bağladıq biz artıq ürək qapısın,
Yaşamaq xoş olur minnət olmasa.
Nə qədər xatirə varsa hamısın,
Silin ağlınızdan zəhmət olmasa.
Tənhalıq sağ olsun, bizə dam verib,
Yalqızlıq evini biz talamışıq.
Unutmaq naminə sərəncam verib.
Yaşlı qələm ilə imzalamışıq.
Rəsmi bir məktubdur bax bu da bir növ,
Göndərin, bəlkə bu canım alacaq...
Gedənlər küçəsi, nakam adlı ev,
Gözəl, iri gözlü xanım alacaq...
Bir ömür
Əgər həbs olunsa bir bağa meyvə,
Bənzəyir o zaman dustağa meyvə.
Ağac gömüləndə torpağa meyvə
Adam gömüləndə bir ömür bitir.
Ölüm gətirməyə çatsa cürətin
Sevinmə! Nöqsandır bu məharətin!
Dağıtmaq asandır, yaratmaq çətin
Bacarsan ölüm yox, bir ömür gətir.
Verilən hər möhlət, aman şirindir
Çünki sona yaxın zaman şirindir.
Keçmişin röyası yaman şirindir
Bir də ayılırsan : bir ömür ötür...
Sözüm mənə qalmır, sizlərə qalsın.
Sizin də dərdiniz sözlərə qalsın.
Hümbətdən sizlərə xatirə qalsın
Başa düşməsəz də bir ömür sətir...
Mənə yaşamağı öyrətməyiblər
Necə danışırsız, gülürsüz axı?
Necə öhdəsindən gəlirsiz axı?
Siz necə yaşaya bilirsiz axı?
Mənə yaşamağı öyrətməyiblər.
Səbri, hövsələni, həvəs, istəyi
Qaynayıb-qarışmaq, xoş səs istəyi
Nədir həyat eşqi? Nəfəs istəyi?
... Mənə yaşamağı öyrətməyiblər.
Zəifi tapanda qəsdə durmağı,
Əzib-ayaqlayıb önə varmağı
Mənfəət naminə xətir sormağı
- Mənə yaşamağı öyrətməyiblər...
Qarşında zalımı görəndə əyil.
Ayağa dolaşma! Gəz veyil-veyil.
Belə yaşamaq da yaşamaq deyil
Mənə yaşamağı öyrətməyiblər.
Sevgidə biçindir nifrətdə əkin
Çoxalıb ömrümdə gün keçdikcə kin.
Nəyi öyrədiblər bilmirəm, lakin,
Mənə yaşamağı öyrətməyiblər.
Danışdım, yorulduz qulaq asınca.
Susdum, anlamadız yenə susunca.
Görsəz bağışlayın nifrət qusunca,
Mənə yaşamağı öyrətməyiblər.
Almırsız məzardan ibrət, örnəyi
Ələ keçirirsiz tapsaz hər nəyi.
Belə başa düşdüm : sizə ölməyi
Mənə yaşamağı öyrətməyiblər.
Qələmin verilib, rəsmi özün çək.
Xəyala cəhd qatsan olacaq gerçək...
Özün yaşa, öyrən, demə mənimtək
Mənə yaşamağı öyrətməyiblər
Tənhalara ithaf
Səni tərk edib yar? Dayan düşünüm...
Dostların olub kar? Dayan düşünüm...
Bunun bir adı var, dayan, düşünüm...
Dayan bir! Yadıma düşdü, hə, tənha...
Bəs indi kim gedər? Ya da kim gələr?
Kim səni ağladar? Onu kim silər?
Səni tək qoyaraq gedən kimsələr,
Adını qoyarlar sənin də tənha
Oldumu ömründə xeyli puç zaman?
Dayanıb dedinmi? "Buyur, keç zaman!"
Tənha qalmayıbsan axı heç zaman,
Yalnızlıq yanında olur, nə tənha?!
Vaxt gəlir dözümün, taqətin bitir
O qədər çəkirsən həsrətin bitir.
Bir gün istifadə müddətin bitir,
Bax onda qalırsan təkcə və tənha.
İnsan libası
Bəzən əzab çəksin gərəkdir bədən
Ruhunun kirləri yoxsa yuyulmur.
Necə ki paltarı yaxşı sürtmədən
Kiri, ləkəsini çıxarmaq olmur.
Ürəyin sıxılsa hikmətini sez!
Vaxtında sıxılar incitməz səni.
Nə qədər çox sıxsan o qədər də tez
Quruyar paltar da, ləngitməz səni.
Ürək yanğısına səbr edə bilsən
Düz yola gələrsən, əyrisi qalmaz.
Necə ki qırışı açmaq istəsən
Paltara istini vurmadan olmaz.
Sonra peşman olub dizini döymə.
Əvvəldən diqqət et, bu adi örnək.
Əgər səhv bağlansa birinci düymə,
Sonrası səhv ilə davam edəcək...
MANERA.AZ