Hər şeir bir ağrımdı - Şeirlər
MANERA.AZ Elxan Yurdoğlunun şeirlərini təqdim edir:
Ağrı canda sağ qalır
Çək bu çəkisiz dərdi,
Gör nə ağırdı ağrım.
Sənsizlik daşıyıram,
Yük altda çatlar bağrım.
Nar kimi dağılaram
Göyün ulduz yerinə.
Hər gecə səpilərəm,
Yuxuna duz yerinə.
Göyüm-göyüm göynərsən,
Bir ömür mənsizlikdə.
Anlarsan nə çəkirmiş,
Bu şair sənsizlikdə.
Hər şeir bir ağrımdı,
Yazdıqca qadam çıxır.
Gecə şair olanlar,
Səhərə adam çıxır.
Başlayır yeni bir gün,
Ağrı canda sağ qalır.
Ağrıları gizlədib
Ömrü yaşamaq qalır...
Yaxın və uzaqsan mənə
Azan səsləri kimisən,
Yaxın və uzaqsan mənə.
Bəzən böyük, bəzən isə
Körpəcə uşaqsan mənə.
Danış, hər dərdini danış,
Onsuz da hər dərdin tanış.
Ərk ilə əlimdən yapış, -
Əlini uzatsan mənə.
Ömrün sirrini taparsan,
Sirrin yerini taparsan.
Yaxın birini taparsan
Uzaqdan göz atsan mənə.
Dostum, min yara alsan da,
Ümid tükənmir insanda.
Hamıya həbs olunsan da,
Hər kəsdən azadsan mənə.
Azan səsləri kimisən,
Yaxın və uzaqsan mənə.
Bəzən böyük, bəzən isə
Körpəcə uşaqsan mənə.
Çıxdım yerin altına
Endim göyün üstünə,
Çıxdım yerin altına.
Endiyim ucalıqdan
Baxdım yerin altına.
Kim dedi, bu yerə çıx,
Gördüm bir məzar açıq.
Hey işləyir çıqqaçıq
Vaxtım yerin altına.
Ömür yordu büsbütün -
Bir daştək bitmək üçün
Yağışa dönüb bu gün
Axdım yerin altına.
Biri dura yuxudan
Biri dura yuxudan,
Görə ki, hamı sağdı.
Gedənlər geri gəlib,
Ölənlər də oyaqdır.
Hamını və hər şeyi,
Eşqlə sevə ürəyi.
Göy üzü bənövşəyi,
Günəş də ağappaqdır.
Sevgiylə baxır gözlər,
Xoşbəxtdir bütün qızlar,
Əlçatandır ulduzlar,
Buludlar da yataqdır.
Biri dura yuxudan
Görə yanında şair.
Ona şeir oxuyur
Gilənarlara dair.
MANERA.AZ