manera.az
manera.az

Həvva işləri korlamasaydı... - MANERA.AZ

📅 26.01.2016 15:10

Həvva işləri korlamasaydı...  - MANERA.AZ

Pərvərdigar Adəm yaradıb – İnsan yox! Həvva işləri korlamasaydı, cənnətdə rahat oturmuşduq indi. O zəkkuma dönmüş alma söhbətindən sonra Adəm xeyli yalvarıb-yaxardı – “Arvad xeylağıdı, boynu altında qalsın, qanmıyıb, bir qələtdi eliyib, keç günahımızdan...” və Xaliqi azca yumuşalda bildi, – “Rədd olun, cənnətdən! İnsan olmağı bacarsanız cənnət üzünü bir də görəcəksiniz, yoxsa, qulağınızın dibini görərsiniz!”. İblis Allahın əl-ayağına dolaşıb yalmandı ki, – “Ey Xudavənd, cəddinə qurban olum, bu düdəmələri qat mənim qabağıma, bunlardan istədiyin İnsanı düzəldim”. İblisi təpiklə vurub, – “Cəhənnəm ol, neyniyirsən elə!” – Yaradanın ağlına hardan gəlsin ki, çiy torpaq əmənlər Yolun azan olurlar. Öz şəninə sığışdırmadı yaratdığı bequrumları və üçünü də cənnətdən qovdu...

Cənublu qardaşlarımız demişkən – “rədd olub” Yerə enən gündən törəyib-küçükləyən Həvvanın övladları qulağının dalını görmək üçün min hoqqdan çıxdılar – özlərindən ayə, surə, kitab, qayda-qanun, ürf-adət, tanrı, qurban, dua, peyğəmbər, dil-təriqət, məzhəb, haram-halal, günah icad etdilər. Elə bildilər ki, qulaqlarının dibində pıçıldayan Allahdır, – “Allah bizimlədir, o bizi nicata səsləyir!” – hələ sevindilər də. Allahı qulaqlarının dibində görmək üçün o qədər dala qanrıldılar ki, beyinlərinə gedən Şah Damarları kirəc bağladı. Ta bilmədilər ki, İblis üçün ən rahat yer elə Şah Damardır – isti, ciyərdə indicə təmizlənmiş qanlı cənnətməkan! İblis bəndə sürüsünün beynini bu yolla işğal elədi. Allah qaldı bir tərəfdə, bəndə beyninə güvəndi – “ağlıyla” oturub-durdu, hökm etdi. İş o yerə çatdı ki, “Bismillah!” deyib İblisə dişlərini ağarda-ağarda din qardaşının başını kəsdi – cənnətə düşmək xatirinə! Bizdən Adam olmadı və olmayacaq da..!

Lənət şeytana, səki başqa şeydən danışasıydım – ağlımdakı qaldı bir yanda, qulağımın dibindəkiylə dərdləşdim...

Hə... Quba cənnət yerdir. Həm də almanın vətənidir. Özümüz də Nənəmizin sadiq balaları kimi almadan həzz eliyən ümmətik. “Çox yeyiləndə alma da baş ağrıdır” axı.. – alma yedikcə İblis düşdü öldüm-öldümə, – “Birdən cənnətin dadı damaqlarında qalar, Yolu taparlar!” – almanın başına o qədər oyun açdı ki, “palmet” sortu kəpəyə döndü – yeyəndə elə bil pambıq çeynəyirsən. Qubanın cənnətliyinə də pəlxəştlik qatdı məlğun!

Toqi lənət, bu da deyildi... Huş qoyub ki məndə... – gündə bir ev tapşırığı verir, – “Bunu da yaz, səni yazıçı eləmiyincə əl çəkən deyiləm!”...

Bıy, yadıma düşdü!.. Nəriman müəllim o gün deyəndə ki, – “Zakir Məmmədin 60 yaşı tamam olur, gedəkmi Qubaya?” – çiçəyim çırtdadı, – “Ölmürəmmi Qubadan yana! İllah da Yolun o başında Zakir Qağamı görmək ola...”. Sözü bayaqdan ona gətirirmişəm ki, Xudavənd bu Yeri Adəm oğlu İnsan olsun deyə sınaq üçün xəlq eliyib. Dünya nə qədər kirlənsə də, haqq-ədalət nə qədər xurd-xəşil olsa da, aramızda İnsan olmağı bacarmış ümmətimiz var – azdı, amma var. Yəqin ki, dünya dağılanadək sayları da çoxalar, İblis qoysa...

Son 3-4 ildir ki, “Sonanın uşaqlarına qoşulmadan özüm üçün yazmaq”dan bezəndə uslufca üzdə olan ədəbiyyat cameəsinə boylandım. Qələmi qulağının dibində olan o qədər yazar gördüm ki, – “Burda ala qarğa bala çıxartmaz, özün üçün yaz, bala” – bu səs qulağımın dibindən yox, içimdən gəlirdi. “Çox yox, beş nəfər oxucum olsun – az olsun, yaxşısından olsun!” – deyib oxucu ovuna çıxdım. On oxucu tapdım, beşini dişimə vurdum, çiy çıxdılar – anlamadılar, yuxarıdan apardılar özlərini – və onlardan uzaqlaşdım. Yerdə qalan beşi də çox gəldi mənə – ikisindən qaçıb üçünü saxladım. Üçlüyün biri Zakir müəllimdir – hələ 59 yaşlı Zakir Məmməd. Nədi onda məni özünə çəkən xüsusiyyət? O İnsanlığın mətəsinə əlini çoxdan vurub. Olduqca mütaliəli və fərqli dünyagörüşünə malik pərgar İnsandır. Sözün qabığı ilə qurcalanan yox, çəyirdəyini dəyərləndirən İnsandır. Sadiq İnsandır. İnsanlığı, fərq qoymadan sevən İnsandır – insanpərvər İnsandır. Göyün üzüylə, Yerin altıyla işi olan deyil – hər şeyi Öz İçində axtaran İnsandır. Çox safdır, nurlu İnsandır...

Cəmi bircə dəfə Onunla görüşmək imkanım olub və bu imkanatda Zakir müəllimin – kamil və elitar Oxucumun bu xarakterlərinə özüm bələd olmuşam, seçimimdə yanılmadığıma indi də əminəm. Allah təala mənə nə əmi verib, nə dayı; nə bibi verib, nə də xala. Amma eyzan istəmişəm ki, dayım, əmim olsun. Qarşıma ürəyiməyatan bir nurlu İnsan çıxanda könlüm çırpınır, – “Nolardı, belə bir dayım, əmim olaydı...” – deyirəm. Zakir müəllimi də əmim, dayım qədər sevirəm, böyük Qağam kimi onunla fəxr edirəm, hər dəfə məqaləsi çıxanda o məqalədən nərdivan kimi istifadə edib yazdığı adamın mətninə düşürəm. Gözəlqəlbli, açıqürəkli İnsandır Zakir müəllim. Yaş söhbəti eləmiyək, sadəcə belə İnsanların qədrini bilək deyirəm. İnsan insandır – “yaşın nə fərqi var?” – Zakir Məmməd kimi İnsanlar çətin ki altmışından, yüzündən sonra İnsanlıqdan əl üzə.

Allahın sevimli bəndəsiymişəm – qar istədim, Pərvərdigar hop deyib göndərdi. İndi peşimanam – cənnət Qubaya gedən yolumuzu qar bağladı. Yoxsa, gedib Qağamın hələ də halal almasından yeyib xeyli “günaha” batardıq... Ürəkdən-ürəyə Yol da var – Zakir müəllimin ürəyinin istisini hər gün facebookla da olsa, hiss edirəm. Xeyir işlərdə görüşək, Zakir Məmməd. Mənim 60 yaşımda da qar yağacaq – ikimiz də Yanvarlıyıq – mən “Oğlaq”, Siz “Dolça” – dolçanızdan su içməyə çox gələcəyik...

Allaha əmanət olun. Xudavəndi-aləm sevdiklərinizi, sevənlərinizi Sizsiz eləməsin. Siz yaxşı İnsansınız...
Göydən üç alma düşsün – gunahlardan arınmış,
Üçü də Zakirin olsun – 60 yaşa çatmamış...

P.S. Zakir Məmməd də mənim “Kor düyün”ümü belə təhlil etmişdi – acığımı çıxdım)):

Rəşid Bərgüşadlı
MANERA.AZ




Baxış sayı - 2 653 | Yüklənmə tarixi: 26.01.2016 15:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031