manera.az
manera.az

Göyün lənəti, Yerin sancısı... ROMAN | MANERA.AZ

Göyün lənəti, Yerin sancısı... ROMAN | MANERA.AZ
MANERA.AZ Rəşid Bərgüşadlının romanından I hissəni təqdim edir.

Kor düyün
(roman)



Biri vardı, biri...

Yox! Hamı vardı! Özü də indi necə varsa, onda da bu cür vardı! Allah da vardı, desən, hələ, yerdə çoxlu şəriki də. Bəndə də vardı, amma zayı çıxmışdı bəndənin. Gözə dəyməyən, bircə haqq-ədalət idi. Allah I Adəmi yaratdığına çox peşiman olmuşdu...

Yüz iyirmi bir mininci nəsildən olan peyğəmbərlər Allahı yalnış təbliğ etmiş və ümməti çaş-baş salmışdılar. Yerdə bütün aləm bir-birinə dəymişdi, insanlar günahı su kimi içirdilər. Hər mənasız şeydən ötrü qan tökür, qurban kəsir, qız uşaqlarını, qulları diri-diri basdırırdılar, qadınları, qocaları kəl əvəzinə cütə qoşub yer şumladırdılar. Hərə torpaq və təzəkdən bir tanrı düzəldib ona sitayiş edir, dərdini ona deyir, ondan imdad diləyirdi. Torpağın verdiyi iddia edilən müqəddəs kitabları vardı, – “Torpaq küləkdən hamilə qalıb isinəndə Göyün buludları çəkildi, buzlar əridi. Torpaq cana gəldi, bitkilər bitirdi, heyvanları diriltdi, Yer suya qərq olub şərdən qüslləndi. Və Günəş üzünü Yerə sarı çöndərdi. Əcdadlarımızın ruhu canlarına qovuşub Yer üzünə çıxdılar... Torpaqdan başqa ilah yoxdur, yalnız torpağa borcluyuq. Hər şey torpaqdan cücərir və sonda ölüb torpağa qovuşur...”.

Yerdə şər qudurub həddini aşanda, yağış yağdırması üçün təzəkdən olan tanrılara ən sevdikləri qız övladlarını qurban kəsəndə Allah da məcbur oldu ki, özünü göstərsin. Tufan, zəlzələ, daşqın, azar dalbadal gəlirdi. Di gəl ki, insan yolunu azmağından qalmırdı – torpaqdan dördəlli yapışıb “ancaq şərin gəldiyi Göy”ü lənətləyirdilər.

Elə bax bu zamanlarda İblislə söz-söhbəti çəp gəldi Xudavəndin, – “Nədi e, düşmüsən bu insanın dalınca, burax ipini, qoy bircə həmlədəcə məhv olsun hamısı, bunlardan adam olmaz, nə də sənə sədaqətli ümmət! Gül kimi mələklərinə şərik yaratmağa nə lüzum vardı axı! Özünə şərik istəmirsən, amma insanı bizə şərik qoşursan...” – Allahı insan yaratdığına peşiman etmək istəyirdi məlun. Xudavəndi-aləmin səbri tükənirdi, hirsi tutdu İblisə, ona tərs-tərs baxdı, – “Deyəsən cəhənnəm atəşi istəyir könlün..!”

Tanrı II Adəmin palçığını təzəcə yoğurub qurumağa qoymuşdu. İndi də onun üçün başqa dünya yaradırdı deyə başı çox qarışıq idi. İblis isə girəvə tapıb onun başını qarışdırmaq üçün min cür hiylə düşünüb tapırdı. Allahın rəhmi o qədər böyük idi ki, nə İblisi öldürməyə, nə də Yeri külli-yeksan etməyə əli gəlirdi. Təklik Onu bezdirmişdi. İstəyirdi ki, insan özünü tanıyan, Ona layiq, Ona şükr edən, Onu sevindirənlərdən olsun. Dünyanın əşrəfi insan özü olsun, İblisin fitnəsinə dözümlü İnsan yaratmaq idi məqsədi Xaliqin. Haqq, Xeyiri Yerdə bərqərar etmək üçün əlləşirdi. Bir tərəfdən yaratdıqlarının bir-birinə qarışmış qədər düyününü vur-hay açmaqla, bir tərfədən də təzə dünya üçün Adəmin əyər-əskiyini düzəltməklə məşğul idi.

Adəmin bədəni yetişəndə Allah onun sinəsinə üfürəndən sonra üzünə tüpürdü, – “Ol!”. Adəm gözünü açıb Rəbbini tanıdı, Ona baş əydi. Rəhim Allah Adəmin bir qabırğasını ehmalca söküb sümüyü palçılqa örtdü, I Həvvanın qəlibində yoğurdu və təzədən Yerin qeydinə qalmağa getdi.

Həvva tez yetişdi və gözünü açanda qarşısında ilk gördüyü İblis oldu. İblis, hələ təzə-tər, dilsiz-ağızsız Həvvanı üç dəfə yoldan çıxartdı və onun qızıl saçından üç tük çəkdi. Ağrıtsa da, qopan tükün zoqqultusu Həvvaya ləzzət verdi. Əvəzində isə İblis öz qasığından üç tük qoparıb Həvvadan çəkdiyi tüklərin yerinə sancdı. Sonra tələm-tələsik Yerə düşüb Qaf dağında Promoteyin odu gizlətdiyi mağarada tükləri gizlədi. Dünyaya göz gəzdirdi – Yerdə hər şey onun ürəyi istəyən kimi gedirdi, Qafqaz dağlarından hələ də zəncirlərinin izi qalmış Promoteyin qanı axırdı...

Bir gün İblis cənnət almasından gəmirib ağzını marçıldada-marçıldada Həvvayla şirin-şirin söhbət edən yerdə Aləmlərin Rəbbi xəfdən böyürdən çıxdı və İblisi xirtdəklədi, – “Səni məlun! Nə hoqqalar çıxarırsan sən! Qiyamətədək cəhənnəm əzabı çəkəcəksən, cəzanı unutdunmu?! Rəd ol gözümdən, itil cənnətdən, lənətə gəlmiş!” – alma ilişib İblisin xirtdəyində qaldı. İblisin hiyləsinin üstü açılmışdı – qabırğasının yeri hələ də zoqquldayan Adəm Rəbbinə söyləmişdi ki, İblis Həvvanı yenə yoldan çıxarmaq istəyir. İblis ilan olub yarpızlıqda gözdən itdi.

Bundan sonra İblis cihada fitva verdi. İki gün gecə-gündüz Ayın üzü bağlı qaldı. Əl-Habir də bir gecəyə bəşərdən yüz min elçi seçdi, hərəsinə vəhylər verdi, bütün mələklərini göndərdi yerə – şərin kökünü kəsməyə. Amma gec idi – Yer Şərlə bir olmuşdu. Yetmiş iki min şeytan Yerin hakimiydi. Bircə yol qalırdı – Göylə Yerin Yollarını dağıtmaq, Yerin altını üstünə çevirib hər şeyi yenidən yaratmaq... Əl-Halim İsrafili çağırıb acıqla, – “Növbə sənindir, göstər gücünü!” – dedi. “Ey aləmlərin Rəbbi, bu qədər əziyyətlə qurduğunu bir nəfəsimlə dağıtmaq istəyində qərarlımısan?” – İsrafil Əl-Əkrəmin ayaqlarına sərildi, – “İnsanlara qulluq etmək biz mələklər üçün çox əyləncəli, həm də şərəfli bir iş idi. Bəs bundan sonra bizim aqibətimiz necə olacaq?”. “Dağıt!!!” – Əs-Samədin yumruğu bərk düyünlənmişdi. Kələfi açmağın ən asan yolunu seçmişdi. İsrafil suru yaxasından çıxarıb əlləri əsə-əsə bircə kərə astadan, yarımçıq üflədi. Surun səsi Yerə çatan kimi əbabil quşları, Əzrayıl öz qoşunuyla Yerə hücum çəkdi...

Yaratdıqlarının acı halına heyrətlə baxan Rəhman üzünü yana çevirdi, İsrafil gözlərini yumub hönkürdü. Yerdəkilərin naləsi cəhənnəm əhlinin köksünü dəldi, bəbəklərini qanatdı, ərşin bütün zərrələri insan naləsinə heyrət edib yerində dondu...

* * *

İraq çöllərində bir qul karvanı yol gedirdi. Karvan iki gündür Ay yolunu itirib səhrada azmışdı. Ay görünmürdü – əllərinə girəvə düşən asi cinlər Ayı boğmuşdular. Qullar nə qədər tonqal qaladılar, dəf çalıb səs-küy saldılarsa, xeyri olmadı – cinlər Ayın, ulduzların üzünü açmadılar.

Qəfildən qaranlığın bətnindən elə bir tufan qopdu ki, yer Yerdən görünməz oldu, göy Göydən sallanıb qaldı, bütün məxluqatın iniltisi Yeri-Göyü bürüdü. Böyük Tufan qopmuşdu... Rəngi bomboz bozarmış atlar ilxı-ilxı qul karvanının üstündən keçdi. Atların üstü cinlərlə doluydu. Cinlər atın yalını, quyruğunu hörüb düyün vurmuş, qulaqlarından beyninə girimişdilər. Qorxudan zavallı atların bərəlmiş gözləri hədəqəsindən çıxmışdı. Cinlər qamçı ilə o qədər mıhmızlamışdılar ki, atların tərki al qan içindəydi. Nallarından toz qalxan atlar təzəcə ötüb keçmişdi ki, qara buludun içindən dağlar boyda qaraltılar göründü. Qaraltı dağ deyildi, quş dəstəsiydi – caynaqlarında xırda daşlar gətirən əbabil quşları. Bu daşlar alov kürəsiydi və düşdüyü yeri yandırıb-yaxırdı. Göydən cəhənnəm yağışı yağdırırdı əbabil quşları. Bir-birinin ardınca dəstə-dəstə hücum edirdilər – bir dəstə daşlarını atır, ardınca digər dəstə gəlirdi. Dağlar-daşlar, sular yerində od tutub qaynayırdı, insanlar çör-çöp kimi olduğu yerindəcə külə dönürdü. Əbabil quşları ötüb keçən kimi qara buludlar hərəkətə gəldi. Buludlar yağmağa macal tapmamış qalın buz olub ağırlığından adamboyu Yerə endi. Yerlə Göyün arası bağlandı. Adamlar, cinlər, şeytan övladları Yerdən Buluda sovruldu. Dörnala çapan atların iniltisi, əbabillərin qanadlarının səsi qulaqlardan kəsilən kimi Günəşin qovurucu şüaları Qara Buludun üstünə düşdü. Dizəcən buz buluduna pərçimlənmiş cinlərin cıvıltısı adamın qulağını dəlirdi. Səhranın susamış dodaq kimi cadar-cadar olmuş şıramları cinlərin, insanların, şeytan balalarının göz yaşıyla islandı. Xurma ağacları bir göz qırpımında boy verib çətirini təzəcə buz buluduna çatdırmışdı ki, saysız-hesabsız mələklər buludları çiyinlərində Göyə qaldırdılar. Buludlar gözdən itər-itməz Yer üzünü Yuxu basdı. Göyün yarısını Gün, yarısını da Ay öz nuruna bələdi...

* * *

Aradan nə qədər müddət keçdi, bunu, bir olan Allah bilir. Devikmiş karvanbaşı gözünü Yuxudan açanda gördü ki, az qalır ürəyi yerindən qopsun, gün çıxıb və toğluaparan qəjirlər karvanın üstündə dövrə vurur. Karvanin yarıdan çoxu qeyb olmuşdu. Dəlik-deşik, kül olmuş meyidlər tökülüb yerdə qalmışdı. Hövlnak qənşərdəki təpəyə çıxıb baxdı ki, qəjirlər vur-çatlasın insan leşi sökür, bir tərəfdə isə qara qarğalar sümük sındırıb ilik əmirlər. “Bu nə sirrdir, burda nə vaxt cəng oldu? Axşamkı tufanmı qırdı bu qədər insanı..?” – geriyə boylandı, həmin arıq qul yenə də aralığa salıb su tuluğunu başına çəkirdi, – “Ay səni, çər dəymiş, qurtarma suyu!” – yüyürüb tuluğu əlindən aldı, qulu saldı şallağın altına. Adamları saydı – 153 nəfərdən 47-si sağ qalmışdı.

Tacirin qul karvanı İraqa üz tutmuşdu. Gündüzlər isti olduğundan karvan dincəlir, yalnız gecələr irəliləyirdi. Ayın üzü tutulandan sonra yolu-rizi itirmişdi, azuqə və su da tükənmək üzrəydi. Qulların yemək normasını lap azaltmışdı. Arıq, amma kürəklərinin eni az qala boyu qədər olan bədheybət qul karvanın yeyib-içəcəyinin yarısını çırpışdırmışdı. Karvanbaşı onu nə qədər qamçılayırdısa, elə bil şallaq palana dəyir – heç tükü də qımıldamırdı. O zamanlar qul tacirləri arasında belə bir adət vardı – qırx qulu koma satanda onlardan birini müftə verərdilər. Karvanın sahibi qıpçaq tacir də Eldəniz adlı çirkin, yekəpər və kor-kobud bir qula bu yolla müftə-müsəlləm sahib olmuşdu. Yaxası-başı cırıq bu heyvərə qul yolboyu tacirin zəhləsini çox tökmüşdü. Qulun gözü yuxudan açılmırdı. Zalımın balası, yatanda div yuxusuna gedirdu. Üç dəfə yatdığı yerdə yırğalanıb arabadan düşmüşdü. Tacir hər dəfə onu axtarıb tapmış və yenidən karvana qoşmuşdu. Elə çoxusu da, karvan, Eldənizin ucbatından ləngimişdi.

Karvanbaşı məəttəl qalmışdı – azı min dəfə getdiyi yollar indi tanınmaz hala düşmüşdü. Susuz səhralar xurma meşələrinə dönmüşdü. Karvan atın, dəvənin fəhmiylə yola çıxdı. İndi nə insan leşi gözə dəyirdi, nə də leşsökən qəjirlər. Karvan geniş düzəngaha çıxanda tacir rahat nəfəs aldı – indi hər şey ona tanış gəlirdi. Doğma günəş yenə adamın təpəsini deşirdi. Hamı heydən-halətdən düşmüşdü. Su və yeyəcək tamam tükənmişdi. Ümidlərin üzüldüyü bir vaxtda karvanbaşı əlini qaşının üstündə tarazlayıb qabaqdakı qaraltıya baxdı, – “Su!”. Atlar, dəvələr səsə qulaqlarını şəklədilər, qulların gözlərinə su, dizlərinə təpər gəldi. Addımlarını yeyinlədib böyük bir gölə çatdılar. Karvanbaşının elə bil boynunun kökündən salbayla vurmuşdular, – “Hardan çıxdı bu göl..?” – islaq əlləriylə boynunu ovxaladı. Suda çimdilər, yorğunluqlarını çıxardılar, ot-ələf kökündən sümürüb guc topladılar və təzədən yola düzəldilər. Tacir bir də karvanı gözdən keçirdi, qulları saydı – biri əskik idi – “Yenə bu bədheybət Eldəniz!”. Gördü ki, aralıda bir qaraltı var. Atını geriyə – qaraltıya sarı çapdı, atdan düşüb gördü ki, Eldəniz elə yıxıldığı yerdəcə büzüşüb xorna çəkir, – “Qoy cəhənnəm olsun, kimdir buna pul verən, xuduru yerə suyumu-çörəyimi yeyir” – qarnına bir təpik ilişdirib atını geriyə səyirtdi. Eldəniz təpikdən bir az da yumağa döndü, büzüşdü, daha dərindən xorna çəkdi.

...Samirə məscidinin hündür minarəsini uzaqdan görəndə tacir özünə gəldi, – “Hər şey yuxuymuş, ac-susuzluqdanıymış...” – indi toxtadı. Birinin hay-küyünə qanrılıb baxanda gördü ki, boy.., budu, Eldəniz şüvərək özünü çatdırdı karvana. Çatan kimi də bir cürdək suyu başına çəkib səssiz-səmirsiz keçib oturdu arabadakı yerində. Sir-sifəti toz-torpağın içindəydi. Dodaqları cadar-cadar idi, boynu, sinəsi günəşdə yanıb suluq olmuşdu. Arıqlamış, qaşının sümükləri bir az da qabağa çıxıb onu lap qorxunc hala salmışdı.

Karvansaraya çatanda tacir köhnə dostlarını ha axtardı, ha soraqladısa, onları “gördüm, tanıyıram” deyən olmadı. Yolda gördüyü gölü bir nəfərdən soruşdu. Ona, – “Başına hava gəlib, Tərtər gölü yüz ildir öz yerində necə var, elə də durub...” – deyəndə gözləri devikdi yazıq tacirin. “Heç karvansaray da əvvəlki kimi deyil. Bəlkə, heç yuxu deyilmiş...” – qulları başından rədd eliyib evdəkiləri görməyə həvəsidi. Uzun sözün gödəyi, tacir, qullarını səlcuq sultanı Mahmudun vəzirinə satdı. Vəzir qulların hamısını aldı, bircə, Eldənizdən iyrəndiyi üçün onu sinəsindən dala itələdi. Eldəniz vəzirin ayağına döşəndi, ağlaya-ağlaya yalvardı ki, onu da götürsün. Xeyli vallah-billahdan sonra vəzir razılıq verdi və at tövləsini təmizləmək üçün onu da götürdü. Vəzir qulları saraya gətirib nökərlərə tapşırdı ki, onları qırxsınlar, çimizdirib təmizləsinlər.

Qulların çimməyini seyr etmək saray kənizlərinin, qaravaşların ən böyük azarları idi. Qullar çiməndə onları hamamın dəliyindən xəlvəti pusardılar. Bu dəfə kənizlərin nəzərləri çılpaq Eldənizə çatanda gözləri bərələ qaldı. Xatunun kənizi də burada idi. Kəniz də dəlikdən baxanda gördü ki, Eldənizin paçasının arasından sallanan, baldırından azca gödək olar. Və dərhal da götürüldü xanımının yanına. Ləhləyə-ləhləyə Möminə xatunun qulağına pıçıldayanda ki, – “Təzə qullardan birinin “üç baldırı” var!” – xanımın əli heyrətdən ağzında qaldı. Üç gündən sonra Möminə xatun vəzirə sifariş yolladı ki, təzə qullardan birini onun şəxsi qulluğuna versin, özü də – “Bir şahıya dəyməyən o bədheybət Eldənizi”. Xatunun bu istəyi Sultan Mahmudun qulağına çatanda Eldənizi görmək istədi. Sulatan qısır idi və zövcəsini çox qısqanırdı. Bilirdi ki, arvadı gözüdoymazın biridir. Daz qırxılmış Eldənizin iyrənc sir-sifətinə, kor-kobud buxununa baxıb, – “Buna it də yaxın durmaz” – qulun xatuna verilməsinə etiraz etmədi.

Kaş, İsrafil surunu ürəkdən çalaydı, ya da, cəhənnəm yağışı bir-iki gün də davam edəydi...

* * *

Mələklər İblisi zincirə vurmuşdular. Qadir Allah dərgahında bütün işləri səhmana salıb səki dincini alırdı. Cənnətdən qəfil gələn qoxuya yerindən dik atıldı, – “Ola bilməz!”. Həvvanın yanına çatanda gördü ki, alma ağacının dibi yeyilmiş meyvə cejəyi ilə doludur. Qarınağrısına düşmüş Həvva, nəcisi cənnətə dəyməsin deyə özünün və qarşısında mat quruyub qalmış Adəmin qoltuğunun altına, qasığına sürtüb gizləyir. Adəmin sinəsi, göbəyi, üzü nəcis içindəydi. Allahın qəzəbindən yaşlı alma ağacı havaya qalxıb təpəsiaşağı yerə girdi, əbabil quşları qorxudan elə havalandılar ki, almaz dimdiklərilə qarşıdakı qayaları bu üzdən dəlib, o biri üzdən çıxdılar. Əzrayıl və Mikayıl İblisi bircə anda əl-qolu bağlı, rəzil halda Rəbbin qaşısına itələdilər. O, diz çökdü, – “Bağışla...” – demişdi ki, – “Birbaş cəhənnəmə! Üçünü də!!!” – Allah, sən bizi öz qəzəbindən qoru...

Adəm üzüstə Allahın ayaqlarına sərildi, – “Mən günahsızam, ya Rəhman, qıyma mənə..!”. Həvva, – “Tövbə, ya Rəhim, tövbə! İblisə min lənət!” – göz yaşı yağış novdan tökülən kimi töküldü. İndi onların hər ikisinin qoltuğundan, qasığından murdar tüklər çıxırdı. Adəmin sinəsi, göbəyi, üzünü şəvə tük basırdı...

Qurbanın olub, Xudavəndi-aləm, sən necə də rəhmliymişsən, hər şeyi bağışlayansan... Rəhmi, rəngi-ruhu özünə gəldi Xaliqin, – “Bunu cəhənnəmə!” – İblisi göstərdi, – “Bunların hərəsini də Yerin bir ucuna atın! Nə bunlar insanları, nə də insanlar bunları görməsin! Övladları da olmasın! Ya da, olsa-olsa, ancaq şeytan əməliylə olsun – cəhənnəmdən çıxa bilsə...” – sadiq mələklərinə tapşırığını verib getmək istəyəndə suitinə oxşayan sifəti qapqara qaraldı İblisin, çənəsindəki uzun, kosa saqqalı dimdik dikəldi, – “Sən bunu eləməzsən...” – İblis tövbə etməmiş, məsum cildinə girməmiş Allah gözdən itdi. Qapısını açıb İblisi ora itələyənəcən cəhənnəmin odu cənnətin bütün ağaclarını qarsdı. Qapını örtən kimi İblisin bağırtısı cənnətin yeddi qatını silkələdi. Peyğəmbərlər mərtəbəsində namazlar pozuldu, Şəhidlər və Alimlər mərtəbəsində sukut çökdü, əbabillərin bağrı çatlayıb yerdə üç qarış qalınlığında leş oldu, zəlzələ dağları dümdüz elədi, cənnət şəlaləri bircə an mat-məəttəl havadan asılıb qaldı. Mələklər Yerdən gətirdikləri buz buludunu kəssək-kəssək doğrayıb cəhənnəmin sobasını gurladılar. Cəhənnəmin tavanı buxar qazanının qapağı kimi durmadan titrəyirdi...

* * *
Möminə Xatun qaravaşlara göstəriş verdi ki, Eldənizi gündə 3-4 dəfə hamama salıb çimizdirsinlər, cana gələnədək çoxlu yedirsinlər, gənc qulun tərbiyəsi ilə məşğul olsunlar. Eldəniz hamamda hər dəfə çiməndə, xatun, bir dəlikdən xəlvətcə çılpaq Eldənizi qovrula-qovrula izləyirdi. Heç qulun üzünə də baxmırdı. Eldənizi sultanın mehtərliyindən çıxarıb elm, at sürmək, ox atmağı öyrətdilər. Çox keçmədi ki, o, yeyib-içib ətə-qana gəldi, döyüşməkdə usta oldu, zərif xəttatlıq öyrəndi. Sultan bir-iki dəfə ova çıxanda Eldənizi də götürdü və onun məharətinə özü yaxından bələd oldu. Eldənizin ov ətindən bişirdiyi kabablar, basdırmalar sultanın çox xoşuna gəlmişdi.

Onu sultan mətbəxinin başçısı – “əl-xivan salar” qoydular. Eldənizin bədəni özünü tam tutandan sonra bir gecə xatun onu otağına çağırdı.

Özü yataqda uzanmışdı. Üstündən nazik ipək tülü atıb üryan bədənini qula göstərdi, – “Yanıma gəl...” – ilan kimi yataqda qıvrıldı. Eldəniz, – “Allah qorusun, xanımım, əriniz mənim əfəndimdir; o mənə çox yaxşı baxır" – söz onun ağzında qurtarmamış xatun hirslə yastığa dirsəkləndi, – Axmaq heyvərə! Yoxsa, həzrəti Yusufin Züleyxaya verdiyi əzabı vermək istəyirsən mənə, ya, Yusif kimi zindanlarda çürümək keçir könlündən, sərsəm qul!? Durma, gir qoynumu, isit məni...” – gözlərini yenidən süzdürüb qucağını açdı.

Biçarə Eldəniz utana-utana soyundu. Xəbəri yox idi ki, xatun onun çılpaq bədənini qarış-qarış tanıyır. Bir zülmlə ismətini gizlətməyə çalışaraq xatunun yatağına girdi. “Həzrəti Yusif Züleyxanın istəyinə namuslu davranmışdı, sən isə daha ağıllı tərpəndin, zindana düşməkdən canını qurtardın. Ey qul, məni qınama! Gördüyün kimi mən dövlət və dünya nemətləri içində yaşayan bir qadındım. Amma ərimin qadınlarla təması yoxdu. Allah səni çirkin yaratsa da, gördüyün kimi nəfsim mənə qalib gəldi... Yazıq Züleyxa, o vaxt nələr çəkdiyini yaxşı anlayıram..." – Möminə xatun Eldənizin “baldırını” dizinin qatdanacağı ilə sıxıb onun belinə sarıldı...

O gecədən sonra Eldəniz Möminə Xatunun ən sevimli oyuncağı, əyləncəsi oldu. Hər gecə bu dilsiz-ağızsız qulu öz gərdəyinə çağırıb içinin qorunu, sancılarını töküb boşalırdı.

“Yerin də qulağı var” deyənlər bunu hədər yerə deməyiblər. Sultanın xəfiyyələrinin yarısı, həm də Möminə xatuna xəbərçilik edirdi. Ona çatdırdılar ki, – “Sultanın qulağına şaiələr çatıb ki, guya, siz o eybəcər qulla xəlvətdə görüşürsünüz”... Bundan sonra sultanın gözünə az görünməyə çalışırdı. Bir gecə də ələk-vələk düşüb Eldənizin qucağında şirin yuxudaykən şeytan xatunun ağlına bir fikir saldı. Hər dəfə sultanı görəndə ha başını qaşıyıb şeytanı ağlından qovmaq istəsə də, bu fikri içində boğmaq mümkün olmadı. Naəlac qalıb içindəki sirri Eldənizə açdı. Onu da yoldan çıxartdı və sultanı birlikdə zəhərləyib öldürdülər...

Sultanın qardaşı Toğrul oldu yeni sultan. Toğrul qardaşı arvadının bir sözünü iki eləməzdi. Möminə xatunun istəyinə uyğun olaraq sultan Toğrul Eldənizə tezliklə əmir rütbəsi verdi, sonra da şəxsi mühafizə dəstəsinə məmlük keçirdi. Di gəl ki, bir müddətdən sonra Toğrul da eyni qayda ilə Möminə xatunun güdazına getdi – o da axirətə göndərildi. Onun taxtına sahib olan sultan Məsud tez-tələsik əmir Eldənizi Möminə xatunla evləndirib öz canını ölümdən qurtardı...
* * *

Sırsıralı bir qış gecəsi göy qurladı, yer silkələndi və Qafqaz dağlarını ildrım vurdu, dağın zirvəsinə qaya boyda meteorit düşdü. On gün aramsız yağan quşbaşı qar insanların kələyini kəsdi, – hələ o qış kimi amansız qış olmamışdı Azərbaycanda. Qafqazın ətəkləri yeddi ay keçilməz qaldı. Yerin ağ pərdəsi çəkiləndən sonra nə meteorit yada düşdü, nə də daşın düşdüyü yeri axtarmağa marağı olan oldu...

İblis cəhənnəmdən qəbzssiz qaçmışdı. Son aqibətini bilən məlun, tədbirini qabaqcadan görüb cəhənnəmdən lağım atıbmış... Yanar daş ikiyə bölünəndə yumaq kimi büzüşmüş İblis qəddini dikəldib Qafqazın təpəsindən ətrafa göz gəzdirdi. Yer üzü aydın görünürdü. İllərdir canını yaxan cəhənnəm atəşi bir nəfəslə ağzından çıxdı. Üşüdü. Ağzından buğ qalxa-qalxa yerini tək onun bildiyi mağaraya tərəf qaçdı.

Mağaranın ağzından içəri girəndə üçbaşlı it Kerberos onu görüb zingildədi. İt qorxudan sahibi Hadesin ayaqlarına qısılıb yumağa döndü. Kerberos yeraltı dünyanın girişinə keşik çəkirdi. Tanrıların qara kölgəsi də onun yanından ötüb keçə bilməzdi. Qaranlıq dünyanın tanrısı Hades diziylə çırpı sındırıb şələ düzəldirdi. Zevs yer üzündəki krallıqları paylayarkən yeraltı krallığı qardaşı Hadesə vermişdi. İndi iqtidarları əllərindən alınmış tanrıların hamısı Hadesin krallığına sığınmışdılar. Çünki, Allahın qəzəbindən ən etibarlı daldalanacaq idi. Bura bir ins-cins ayağı dəyməzdi – dağ keçilərindən, it arılarından və ilbizlərdən başqa. Hökmdarını görcək Hades diz çökdü. Yaxşı ki, yeraltı dünyanın xəfiyyəsi, şeytanın 53-cü oğlu Samvel vaxtında özünü yetirdi. Samvel İblisə təzim edib, – “Uca rəbbimizə salam olsun! Yerin və yeraltı dünyaların tanrısı İblisin cah-cəlalı qoy bir gün Göyləri də ağuşuna alsın!” – sözü bitməmiş İblis Samvelin çiynindən tutub qaldırdı və bağrına basdı. “Özlərini necə aparırlar bu cüvəllağı tanrıçalar?” – kinayə ilə Hadesi göstərdi – üç əsr idi ki bu mağaraya gəlmirdi, elə Samvellə xəbərləşirdi tanrıların halını. “Pilə kimidirlər, rəbbim, əvvəlki günlərindən ötrü yaman darıxırlar” – o da istehza ilə Hadesin üzünə güldü.

İblis və Samvel mağaranın dəhlizi boyunca sıralanmış qapıları bircə-bircə ötüb qırxıncı qapının qarşısında dayandılar. İçəridən şənlik səsi gəlirdi. Samvel boynundan topa açarı çıxarıb qapını açdı. Qapı açılan kimi içəridəkilərin bayaqkı qəhqəhələri dodaqlarında, yanaqlarında qurudu. Bunlar hamısı artıq iqtidarları əlindən alınmış qısır tanrılar idi. Qırxa yaxın olardılar və Tantalı lağa qoyub gülürdülər. Vaxtilə Tantal Zevsə xoş gəlsin deyə, onun şərəfinə böyük ziyafət təşkil etmiş, məcslisin sonuna yaxın yemək-içməyin qurtarmaq üzrə olduğunu görüncə, doğmaca oğlunu kəsib ətindən yemək bişirtdirib süfrəyə vermişdi. Bilirdi ki, ölmüş oğlunu diriltmək Zevsin əlində su içmək kimi asan işdir. Tantalın bu hərəkəti Zevsin səbrini daşıran son damla olur və əmr edir ki, Hadesin yeraltı krallığının bir küncündə cənnət guşə düzəldib Tantalı orada həbs etsinlər. “Geridə qalan cəzanı isə qoy Hades özü düşünsün” – Hades cəza verməyin ustasıydı. Hadesin cəzası isə çox ağır olur. Tantalın cənnətində bulaqlar və növbənöv meyvələr olsa da, zavallı əlini meyvəyə uzadarkən meyvə yox olur, ovcunu suya tutur ki, bir qurtum su içsin, su yox olur. Əlini geri çəkəndə isə hər şey əvvəlki kimi bol-bol öz yerinə qayıdır. Tantal naz-nemətlər içində sonsuz bir aclıq və susuzluğa məhkum edilir...

Elə Hadesin bu məharətinə görə İblisin ona böyük ehtiramı vardı, – “Bu heç mənim də ağlıma gəlməzdi” – onu yeraltı krallığın padşahı kimi saxlamışdı və bütün digər tanrıları isə, içi Zevs qarışıq onun itaətinə vermişdi. İntəhası, Hades Samvelin ən sadiq və sözəbaxan qullarından idi.

... İblisin gözlərindəki qığılcım parlayıb sönən kimi keçmiş tanrılar ikiqat əyiləndə əllərindəki şərablar üstlərinə dağıldı. İblis Dionisin başındakı tənək çələngi xışmalayıb ayağının altına atdı, – “Alçaq ədəbsizlər! Allahlıq xülyası nə vaxt beyninizdən çıxacaq sizin! Cana yığmısınız məni, qısır əyyaşlar!” – sonra yanakı dayanan “fəsillər allahı” Demetranı itələyib yerə sərdi. “Neçə illərdir yeyib-içib əylənirsiniz, əlinizdən bir iş də gəlmir! Yerin qılafını deşməyi tapşırmışdım, nəticəsi yoxdur hələ ki!” – tanrıların içində Zevsi görmədi, – “Hanı sizin şorgöz, əbləh baş allahınız?!”. Zevsin bakirə bacısı ilahə Hestiya, – “Qılafı deşmək növbəsi bu gün onundur...” – astadan mızıldadı. İblis bir neçə dəfə bakirə Hestiya ilə yatmışdı və ondan heç keçə bilmirdi. İri qabdan dağ keçisinin bir budunu götürüb dişinə çəkdi, sonra da qaba tüpürdü, – “Lənətə gəlmişlər!” – Samveli də götürüb qazma işlərinə baxmağa getdi.

Mağaranın dəhlizi getdikcə daralırdı. Əyilə-əyilə döngələrin birinə buruldular. Zevs və Aigina dalanda sevişirdilər. İblisi görcək ikisi də yerlərindən dik atıldı, – “Əlahəzrət rəbbimiz, yalvarırıq, bizi əfv edin!” – lüm-lüt Zevs təzim etdi. Aigina isə yerdən nimdaş paltarları qapıb sinəsini, qarnını örtdü.

– Ay səni, axmaq tanrıbaşı! – İblis Zevsin qasığına təpiklə elə vurdu ki, zavallı üzüquylu sərilib başı kəsilmiş ilan kimi yerdə qıvrıldı. Aiginanın saçından tutub yerdə sürüdü, Yerin göl üzü kimi titrəyən şəffaf qılafına tulladı. “Aigina!” – yerdə qıvrılan Zevsin səsi mağaranın içində əks-səda verdi. Bu həmin Aigina idi ki, Zevs onun ucbatından arvadı Heranın bitmək bilməyən dır-dırından bezib səltənətini atmalı olmuşdu. Günahsız Aiginanın bədəni qılafın titrək ozon səthinə toxunan kimi kül olub yerə səpələndi. Bu, ölümsüzlüyün vəd olunmuş sonu idi.

İblisin, Hadesdən başqa bütün keçmiş tanrılardan zəndeyi-zəhləsi gedirdi. Hələ Zevsi görməyə heç gözü yox idi. “Aigina, bu da sənin sonun...” – İblis Hadesi ona bağlayan daha bir müdhiş cəzanı xatırlayıb gülümsündü, kosa saqqalını adəti üzrə yenə burmaladı.

...Korinf kralı Sizif kiçik bir liman qəsəbəsini zəngin bir şəhərə çevirsə də şəhər içməli sudan çox korluq çəkirdi. O vaxtlar Zevs, Aiginanın hələ qönçə vaxtında başını aldadıb qaçırmışdı. Qızın atası Asop qızını heç yerdə tapa bilməyib dəli olmaq həddinə çatmışdı. Korunf kralı bundan faydalanmaq istəyir və çaylar allahı Asopa qızını Zevsin qaçırdığını xəbər verir. Zevs Sizifun öldürülməsi üçün ölüm allahı Tanatosu yeraltı dünyaya göndərir. Sizif Tanatosu sərxoş edib onu zəncirə vurdurur. Krallığında uzun müddət kimsənin ölmədiyindən şübhələnən Hades Zevsin yanına gəlir, – “Nədən ölümlülərin heç biri daha ölmür?” – soruşur. O zaman ölüm allahı sərxoş tanrıların yadına düşür və əsirlikdən xilas edilir. Sizif sonunun gəldiyini anlayır. Bu zaman İblis onun dadına yetir, – “Arvadına tapşır ki, ölümünü toy-bayram etsinlər”. Hadesin hüzuruna gətiriləndə, Sizif, – “Mən xalqıma və ailəmə əlimdən gələn bütün yaxşılıqları etmişəm. Adıma layiq yas tutmaq, üzülmək əvəzinə, xalqım, ailəm mənim ölümümü bayram edir. Mənə möhlət ver, geriyə qayıdıb bu haqsızlığı düzəltməliyəm” – deyir. Hadesin daş qəlbi yumşalmasa da Zevsin ölülər məmləkətinin sahibi ilahə Persefon da işə qarışır və Sizifə bir həftə möhlət verilir. Ancaq Sizif Hadesin krallığına geriyə dönmür. Hadesin isə yer üzünə çıxmağa ixtiyarı olmadığından, – “Bir gün əcəl səni öz ayağınla yanıma gətirəcək. O zaman, ağır bir qayanı yüksək zirvəyə qaldırmaqla cəzalandırılacaqsan. Zirvənin ucu iynə kimi iti olacaq, orda daşıdığın qayanı diyirlənməkdən saxlaya bilməyəcəksən. Dikboyu isə ayaq saxlayıb dincəlməyə bircə nöqtə də tapmayacaqsan! Ömrünün sonunadək qaya diyirləməklə əzab çəkəcəksən...” – Sizifin qarasınca deyinir. Amma indi, köhnə ədavətlər unudulmuş və tanrıların hamısı eyni aqibəti yaşayırdılar.
İblis ölümsüz tanrıların hulqumunu bir-bir ələ keçirdi, başlarını eyş-işrətlə o qədər qatdı ki, Zevs allahlıqdan məhrum edildi, krallıqları bir-bir Allahın qəzəbinə tuş gəldi. Axırda da, dölləri kəsilsin deyə özləri, cin, İblis və onun törəmələri, eləcə də, insanlarla cütləşib nəsl artırmaq imkanları əllərindən alındı. Ən sonda, Yeri qoruyan ozon qılafından yür üzünə keçməyi tanrılara qadağan etdi. İqtidarsız tanrıların əllərindən indi iki şey gəlirdi – ozon qatının arxasından Yerdəkiləri həsrətlə izləmək və əyyaşlıq...

* * *
Sabiq tanrıların və ilahələrin hamısı toplanmışdı. İblis yaman hikkəliydi:

– Əgər mən bura gəlmişəmsə, demək işlər qaydasında deyil. Sizə sirr açmağa məcburamsa, deməli, həm də sizi öldürməliyəm. İşlər düz getmir, heç getmir, – İblis kosa saqqalını barmaqlarının arasında yenə burdu, – Allah, mən bildiyim qədər də sadalövh deyilmiş. Cəhənnəm əzabından canımı güclə qurtardım... Artıq intiqam almağın vaxtıdır. Bilin ki, bu işi bacarmasaq, cəhənnəm tonqalının dilləri hamımızı yalayacaq. Küt ağlınıza gətirə bilməzsiniz Allahın bizə hazırladığı cəzanın şiddətini... Yerə düşməyimiz üçün bircə şansımız var – Adəmə qovuşmazdan qabaq Həvvanı yoldan çıxarıb bu tərəfə keçirmək! Əgər istəyirsinizsə ki, əvvəlki kimi səltənətlərinizə qovuşasınız, mənə kömək etməlisiniz...

– Sən əmr elə, biz buyruq quluyuq, – müharibə və qırğınlar allahı Ares həvəslə dilləndi.

– Əgər dediklərimi sözssüz yerinə yetirsəniz, siz dölsüzləri əvvəlki halınıza gətirə bilərəm. Yer üzündən insan deyilən məxluqu silib-süpürüb, yerində sizin həşamətli övladlarınızı yenidən kral təyin edərəm. Bu işdə kim mənə sidq ürəkdən biət edirsə, əlini qaldırsın, – İblis sözünü bitirib tanrıları bir-bir nəzərdən keçirdi.

– Bizi Allahın qəzəbindən qoruyacaq planın varmı? – bunu soruşan ov allahı, Ay ilahəsi Artemida idi.

– Əminsənmi ki, planın uğurla baş tutacaq? – döyüş planları üzrə mahir bilici Afina əlindəki zeytun budağıyla üzünü yelpiklədi.

– Plansız İblis harda görmüsünüz! Yoxsa, başqa çıxış yolunuz, planınızmı var!? – tanrılarla danışmağa səbri yox idi.

Keçmiş tanrıların hamısı bir nəfər kimi İblisə biətlərini təzələdilər, ona sədaqətlə qulluq edəcəklərinə and içdilər. İblis planını açıqladı və hər kəsin boynuna düşən işi tapşırdı.


Ardı var...
MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031