Niyə o almadan yemək olmaz?.. | MANERA.AZ
Ulucay Akif yazır...
O zamanlar Tanrı indiki qədər məşğul deyildi. Sizə danışıram neçə milyon il bundan əvvəldən.
Onda Tanrı həyatı yeni öyrənməyə başlayan uşaqlar kimi həvəsli idi. Dünyanı ovucunun içində gəzdirib diqqətlə müşahidə edir, yeni canlılar yaradıb üstünə səpələyirdi. Quşlar, böcəklər və digər canlılar onun qucağından enib yuvarlaq yer kürəsində özünə bir künc axtarırdı. Hər işi ehtiyatla görürdü. Yer üzündə cürbəcür bitkilər yetişdirir, uca dağları ard-arda düzürdü.
Başı bu işlərə qarışıq ikən Tanrının sinəsindəki cibindən birtəhər çıxan Adəm tappıltı ilə yerə düşdü. Tez ayağa qalxıb özünü qaydaya saldı. Tanrıdan qaçıb mağaralardan birində gizləndi. Tanrı Adəmi nə qədər dilə tutsa da, oradan çıxmadı. Üç gün, üç gecə keçdikdən sonra gecə yarısında Adəm mağaradan çıxıb özünə yemək axtarmağa başladı. Adəm ağac budaqlarından nizələr düzəldib, ov edərək qarnını doyururdu. Gecələr ocaq başında yeməyini yeyərkən ulduzlara boylanıb gülürdü. Tanrının onu rahat buraxdığını düşünəndə isə göy gurultusu Adəmə Onu xatırladır və qorxuya salırdı.
Tanrı qarış-qarış Adəmi axtarır, hər daşın altına baxırdı. Yeni mağaralar. Sönmüş ocağın ətrafında ceyran, maral sümükləri. Adəmin isti ayaq izləri. Artıq Adəm çox yaxın idi. Dərisi soyulmuş heyvanlar, yeni sümüklər, qırılmış nizələr, külə bələnmiş daşlar.
Tanrı Adəmi tapdığında o növbəti ovunu mədəsinə endirmiş və yuxuya getmişdi. Səssizcə yaxınlaşdıqdan sonra onun sol üst qabırğasını çıxartdı və Həvvanı yaratdı. Beləliklə Tanrı Adəmi cəzalandırmışdı. Həmin qabırğa adətən bir xəncər kimi Adəmin düz qəlbinə sancılmışdı.
Adəm səhər oyandığında heç nəyin fərqində deyildi. Səhər mağaradan çölə addımını atanda Həvvanı gördü və sol qabırğasından sancı tutdu. Həvvaya aşiq olan Adəm hər onu görəndə sol tərəfinin niyə sancıldığını anlamırdı, amma bu onu sevindirirdi. Həvvanı özünün bir hissəsi kimi sevirdi.
Həvva gəldikdən sonra Adəmin həyatı çətinləşmişdi. O daha çox ov etməli olurdu. Heyvanların dərisindən Həvvaya paltarlar, rəngli daş-qaşlardan boyunbağılar, qolbaqlar düzəldirdi.
Həvva ilə dalaşanda Adəm mağaradan çöldə yatmalı olurdu. Elə gecələrdə tərslikdən səma da bomboş olurdu. Nə Ay görünürdü, nə də ulduzlar. Göy gurultusu da çox gec-gec olurdu. Həvva isti yerində şirin yuxular görərkən Adəm boş səmaya baxıb Tanrı üçün darıxırdı. Tanrı üçün darıxmaq artıq bir sıxıntıya çevrilmişdi.
Günlərin bir günü Həvva Adəmdən niyə sıxıntılı olduğunu soruşanda Adəm dözməyib ən yaxın dostu Tanrı haqqında və aralarında baş verənləri ona danışdı. Həvva Adəmin Tanrı ilə barışmasının onlar üçün daha xeyirli olacağını düşünüb Adəmi bağışladı. Tanrının evinə gedən Adəm etdiklərinə görə üzr istədi və Tanrı Adəmi bağışladı. Elə qara günləri də evə qayıdıb Həvvaya Tanrı ilə barışdığını dedikdən sonra başladı.
- Niyə məni başa düşmürsən axı, Adəm?! Nə vaxta kimi mağarada yaşayacağıq?! Mən də yaxşı gün üzü görmək istəyirəm! Get Tanrıya de ki, bizə gözəl, bağı olan bir ev versin. Rahat yaşayaq. Bu qədər əziyyət çəkdiyimiz bəsdir!
Kaş Adəmin Həvvaya "Xoşuna gəlmir rədd ol, çıx get dədənin xarabasına!" demək şansı olardı. Amma heyif Həvvanın gedəcəyi ata evi yox idi. Daha doğrusu var idi - heç vaxt gedə bilməyəcəyi Adəmin qabırğası.
Adəm Tanrı ilə danışdıqdan sonra onlar artıq yeni evlərinə köçmüşdülər. Taxtadan kiçik bir ev. İçində min bir cür ağac, gül, çiçək olan və quşların cikkildəşdiyi bir bağ. Tanrı Adəmə yalnız bir ağacın meyvəsindən yeməməyi tapşırmışdı. Bəli, bəli. Həmin o alma ağacı.
Yeni evdə günlər çox gözəl keçirdi. Ta ki Həvva təzə ayın başında dava salana kimi.
- Axı niyə o almadan yeyə bilmərik?! Bizim bağımız deyil?! Mən o almadan yemək istəyirəm! Hamiləyəm! Sənin üçün mən vacibəm ya Tanrı?!
Üç gün, üç gecə almanın davası getdikdən sonra Adəm Tanrının xəbəri olmaz deyib gecə gizlincə bağa girib bir alma dərdi. Həvva sevinə-sevinə almadan elə ilk dişdəyi qoparmışdı ki, çox şiddətli göy gurultusu qopdu. Adəm sonuncu dəfə Tanrı ilə görüşüb məsələni ona izah etdi. Tanrı onu bağışlasa da, sözünü tutmadığı üçün Adəmi o bağdan qovdu. Adəm üçün isə cəza o bağdan qovulmaq deyildi. Adəm üçün ən böyük cəza o bağdan Həvva ilə birgə qovulmaq idi.
Adəm Həvvanın əşyaları olan çamodanları daşıyaraq məyus halda addımlayırdı. Həvva isə saçlarını daraya-daraya ondan qabaqda gedir və hələ də deyinirdi.
- Mən axmağam, sənə nə olub, niyə gedib dərdin o almanı?! Gül kimi ev idi də oturmuşduq! Alması da alma ola!
MANERA.AZ