manera.az
manera.az

Açılmayan düyün | MANERA.AZ

📅 30.12.2015 13:41

Açılmayan düyün | MANERA.AZ
manera.az
(Rəşid Bərgüşadlının "Kor düyün" romanı haqqında)


Dünya ədəbiyyatında özündən əvvəl mövcud olmuş mövzu və süjet əsasında yeni mətn yaratma təcrübəsinin tarixi çox qədim zamanlara gedib çıxır. Hələ qədim Yunanıstanda Homer, Esxil, Sofokl, Evripid və başqaları antik cəmiyyət hadisələrini mövzu seçərək yeni estetik biçimdə möhtəşəm sənət əsərləri yazıb-yaratmışlar. Nizami Gəncəvinin, Füzulinin, yeni dövr ədəbiyyatının ikinci mərhələsini təmsil edən bir çox görkəmli söz ustalarının, 20-ci yüzillikdə Hüseyn Cavidin, Səməd Vurğunun, Anarın, Elçinin və digərlərinin də yaradıcılığında dastan və əfsanələrin məzmunundan bəhrələnməklə müasir ölçüdə əsər yaratma ənənəsinə rast gəlirik. Eyni mövzu və məzmunda çoxlu “Leyli və Məcnun”lar, “Fərhadnamə”lər, “Dəhnamə”lər... yazılmışdır.

Tarixi janrda əsər yazmaqdan fərqli olaraq, bu cür yaradıcılıq işi yazarın fərdi üslubunun təkmilləşməsində daha çox əhəmiyyət daşıyır. Çağdaş ədəbi prosesin müxtəlif üslub və təmayüllərlə bəlirlənən mənzərəsində Rəşid Bərgüşadlı adlı istedadlı nasirin dəst-xətti də diqqəti cəlb edir və yazdıqları insanın(oxucunun) maraq dairəsinə daxil ola bilir. Belə ki, yazıçı indiyəcən çap etdirdiyi bir neçə roman və povesti, müasir sosial-psixoloji mühitlə səsləşən çoxsaylı hekayə və novellaları ilə ictimai ideal axtarışında, fərd və toplumla ünsiyyət qurma cəhdlərində özünü və sözünü təsdiq etməyə qərarlı görünür. Sözünü söyləməkdə cəsarətli nitqi, intonasiyası, qeyri-adi tematikası ilə oxucu ilə tez-tez təmasa can atan Rəşid bəy bu yaxınlarda “Manera.az” saytında və “Yazı” dərgisində çap etdirdiyi “Kor düyün” romanı ilə nəsrdə axtarışlarını daim yeni səmtdə davam etdirmək əzmində olduğunu bir daha isbat edir.

Öncə əsərin janrı barədə yarana biləcək suala münasibət bildirək. Zənnimcə, “Kor düyün”ün povestə xas həcmi yox, orada yer tutan fərqli dövr və toplumların müxtəlifliyi, insan xarakterlərinin paradoksallığı, çoxçeşidli obrazların varlığı üstəgəl vaxt etibarilə sürəcin genişliyi əsas götürülməlidir. Müəllif bu əsərdə həm şifahi ədəbiyyatda, mifik, dini mətnlərdə yazılanları, həm də yazılı ədəbiyyatın və tarixin müəyyən hadisələrini eyni məkan və zaman şəraitində, necə deyərlər, ədəbi montaj edərək müasir oxucuya təqdim edir. Onun “Kor düyün” romanında bir epoxal reallıq minilliklərin əhvalatı ilə tutuşdurulur və insanın mahiyyətcə heç dəyişmədiyi ideyası ortaya atılır. Bərgüşadlı bizim elə yazıçılarımızdandır ki, onlar ideyalarla işləməyi sevirlər və bacarırlar. Yazıçı mifdən mifə körpü salaraq bəşəri varlığı bir nöqtədən müşahidə edir və həm əsərin, orada baş verənlərin, həm də rəngli xəritələrdə təsvir edilmiş yer kürəsindəki həyatın, onun qanlı və qansız çəkişmələrlə, siyasət adlı hiylə və kələkbazlıqla müşayiət olunan tarixinin bir düyündən açıla bilməsi ehtimallarına diqqət yönəldir. Məşhur Qordi düyünü barədə kitablara yazılanlarla keçmiş və gələcək haqqında müəyyən proqnozlar verməyin maraq doğuran cəhəti odur ki, həmin rəvayətdə deyildiyi kimi, Makedoniyalı İsgəndər bu işi qılıncla həll etməli olubmuş. Bunun əks variantı nə ola bilərdi? Problemi diqqətdə saxlamağa adamı çəkən bir cəhət elm və tarixdən oxuduğumuz bu kimi suallardan irəli gələn güman və fərziyələrdir. “Kor düyün”də mif və gerçəklik dinamik, qalxan, enən tempdə cərəyan edən hadisələrin həlqəvari təhkiyəsində şüura təlqin edilir, yəni sızdırılır. Internetin varlığı fəaliyyətin texniki cəhətdən yeniliklə, müasirliklə əlaqələndirilməsini stimullaşdırsa da, onda qorunub mühafizə olunan və istifadəçinin ixtiyarına verilən bilginin məzmunu minillikləri çevrələyir. Bu texniki cihazın sayəsində, məsələn, aradakı zaman fərqi min, milyon illərlə ölçülən iki informasiyanı yanaşı pəncərələrdə saxlayıb təhqiq və təhlil etmək mümkündür. Dünyanın yaranışı sanki dünən olubmuş kimi tarix bütün olub-keçənləri insan şüuruna ötürməklə məşğuldur. Tarixin və ya dünyanın yaşına dair bilgilər həmişə mübahisəli olubdur. Elmin Yer kürəsinin yaranışı barədə təxmin etdiyi rəqəm ağlabatan görünsə də, insanlığın tarixinin başlanğıcı barədə rəylər müxtəlif və mübahisəlidir. Məsələn, dindar yəhudi hesab edir ki, onun beş min ildən çox bildiyi tarixi varlığı dünyanın yaranması günündən başlanır. İnsan beyni adi halda fantastik rəqəmlərlə işləməyə meyil göstərmir. Dini kitablarda o biri dünyanın(Allah dərgahında) bir gününün bu dünyanın min ilinə bərabər olduğu barədə yazılır. Belə nəticəyə gəlmək olar ki, nəyinsə yaşı, müddəti bizim düşündüyümüz qədər də rahatca qavranıla bilən bir anlayış deyildir. İnsanın az qala bir neçə günün hadisəsini cəmi bir neçə saniyə davam edən yuxugörməsində tamama çatması da buna bir sübut ola bilər. Deməli, fantastik filmlərdə təsvir edildiyi kimi, dünən baş vermiş bir olayı milyon il bundan qabakı insanın bilgisi daxilində və əksinə nəzərdən keçirmək səhv olmaz, hətta şüurda kiçik bir zaman hadisəsi kimi dək olunar. Beləliklə, yazıçının öz əsərinə gətirdiyi Dədə Qorqudu, Şəmsəddin Eldənizi, “Məlikməmmədin nağılı”nın qəhrəmanını, antik dünyanın hər hansı personajını... müasirimiz kimi qəbul etmək bizə çətin gəlmir.

Rəşid Bərgüşadlının bu əsəri internet erasında yarana bilərdi. Müasir texnoloji imkanlar sayəsində insan indi öz başına gələnlərlə özünün və başqalarının keçmişi barədə yazılanların eyni “qovluqda” yerləşdirməyin ustasıdır. Müəllif yazılı tariximizdəki erkən orta yüzilliyin hadisələrinə istinad etməklə keçmişdən gələcəyə və bu gündən keçmiş əyyamlara doğru bir körpü “inşa etməyi” planlaşdırırmış kimi, reallıqla irreallığın sərhədlərini yaxşıca diqqətdən keçirməli olur. Dəli Domrulun körpüsü ilə müasir gömrük məntəqələri bir-birinə bənzəməyə başlayır. Hazırkı dünyamızda bir-neçə dəlinin bir-neçə quyuya atdığı daşın dalınca getməyə ağıllı adamının tapılmadığı bir gerçəkliklə mifik bir dünyada baş verən “yalanlar”dan elə bir düyün bərkidilir ki, onu “açmağa cəhd etməkdənsə”, eləcə “Kor düyün”ü dönə-dönə mütaliə etmək oxucuya daha çox sərf edir. Həm də ona görə sərf edir ki, romanda təsvir edilənlər hamıya çoxdan məlumdur və ayrı-ayrı kitablar şəklində oxucuların ixtiyarındadır. Ən azı, əyləncə üçün bundan yaxşı girəvə ola bilməz. “Kor düyün” müəllifi müxtəlif zamanların bədii və bədii olmayan həqiqətlərini saf-çürük edərək, müəyyən bir üslub və təhkiyənin diktəsi ilə “olub-keçənləri” gündəmə gətirir və keçmişə, hələlik keçmişə yenidən nəzər yetirmək üçün(gələcəyə aid etməyə zamanımız daha çoxdur) bir fürsət vermiş olur.

Yazıçı özünə qədərki mətnlərdən konfliktin və dramatizmin bol olduğu nümunələrə müraciət etmişdir. Qədim yunan mifologiyası dünya ədəbiyyatı tarixində bir çox möhtəşəm əsərlərin yaranmasında bol mövzu və material olaraq xüsusi yer tutur. Oradakı sözü gedən allahlar və yarımallahlarla bağlı çoxlu sayda bədii, fəlsəfi təhlil və araşdırmalar ayrı-ayrı çağların ədəbi və əbədi yaddaşında silinməz iz qoymuşdur. Belə ki, qədim yunanlar ölkənin keçmişindən bəhs edən çoxlu əfsanələr və mahnılar yaratmışlar. Bu mahnı və əfsanələrdə uydurmalar olsa da, onlar yunanların məşğuliyyəti, əmək alətləri, hansı ölkələrdə olmaları, dini və s. barədə geniş məlumatlar verir. Alimlər əfsanələrdən hətta tarixi mənbə kimi istifadə edirlər. Yunanlar “Dedal və İkar”, “Tesey”, “Arqonavtlar”, “Herakl”, “Promotey”, “Demetra və Persofena” və s. əfsanələr yaratmışlar. Bu əfsanələrin hər biri yunanların keçmişi, insanları və onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə etməyə yön verir. Həmin mətnlərdə ölümsüz allah, yarımallahlar sırasında qadınlara da çox yer ayrılmışdır. Din və əsatirdə hər zaman qadın obrazına kifayət qədər önəm verildiyi məlumdur. Romanda da Möminə Xatun obrazı oxucunun yadında uzun müddət qalır. Atabəylər dövlətinin formalaşmasında əvvəli qul olan bir şəxsin və öz ehtirasına qul olan bir qadının rolu dəyərləndirilir. Mifik mətnlərdə hər canlının öz cinsini artırmağından və yaşatmağından çox yazılıb. Bu, bir həyat ehtirasından doğan hisdir. Möminə xatunun arzu və istəkləri əsərdə təsvir olunan digər çoxqatlı əhvalatlarla müqayisədə daha təbii və məqsədəmüvafiq görünür. Qədim yunan əfsanələrindəki Miken qadınları barədəki söz-söhbətləri, yaxud məşhur “Yusif və Züleyxa” əhvalatını yada salmaq olar. Möminə xatunun dilindən yazıçı bu hadisəni də xatırladır. On il davam edən Troya müharibəsinin kökündə də qadın amili dayanır. Ümumən tarixdə çox əlamətdar hadisələr, böyük hökmdar və sərkərdələrin tərcümeyi-halında yer tutan qeyri-adi səbəblər, o cümlədən, qeyri-normal doğuluşlar, məsələn, İsanın doğulmasında olduğu kimi və s. bu cür insan talelərindən çox danışmaq olar. Əsərdə tək olan Allahın(Tanrının) hakimiyyəti şəraitində nəfsə uğramış allahların və insan övladlarının çaşqınlığı və səbatsız durumu nağıldan və miladdan sonrakı gerçək tarixdən bildiyimiz bəzi əhvalatların təsviri ilə nəzərə çatdırılır.

Əsərdə baş mənfi obrazların biri NƏFSdir, gah İblisdən, gah insan xislətindən doğan nəfs. Yazıçı geniş bir ərazini nəzarətdə saxlayan şəhvani, təcavüzedici varlıqları Allaha sığınıb onun yardımına tapınan, həyatı şərə qarşı müqavimət göstərməyə və mübarizəyə sərf olunan qüvvələrlə baş-başa qoyaraq hadisələrin sonunu “kənardan” seyr etməyə qərar verir. Amma hər kiçik epizodda da saf, təmiz arzu və çalışmalarda gerçəkləşən İDEALyaşıl işıq kimi yanıb sönür. Müəllif düyünün mahiyyətini açmağa səy etmədən “olmuşların” təsvirinə və məlumatlandırmağa əmək sərf edir. Romandakı əhvalatlara münasibətdə, zənnimcə, yazıçının ən düzgün mövqeyi belə olmalıdır. Görünür, elə buna görə də əsər müəllifinin tarix kitablarından az-çox tanıdığımız Möminə Xatunun qeyri-adi əməllərinə “müdaxilə etməməsini” təbii sayırıq. Bizim eranın 12-ci yüzilliyinə aid olsa da, bu obrazı mif dövrünün personajlarından fərqləndirmək kiminsə ağlına gəlməz. Çünki hadisələrin inkişafı yazıçının peşəkarcasına tərtib etdiyi plan üzrə gedir. Bu əsərin uğurunu təmin edən cəhətlərindən biri ayrı-ayrı obrazların xarakteri və əməlləri barədə yazıçının da, oxucunun da konkret bilgilərə yiyələnmiş olmasıdır. Bilmək çətin deyildir ki, yaxın və uzaq tarixdən seçilib götürülmüş əhvalatların nəqli düyünü açmaq üçün(və düyünü vurmaq üçün) lazım bilinibdir. Məsələn, ölümsüz allahlarla ömür möhləti çox olan Dədə Qorqudun, ömrü yüz qırx il artırılan Dəli Domrulun, mənəvi anlamda uzun ömürlü Şəmsəddin Eldənizin, Möminə Xatunun və nağıl qəhrəmanlarımızın bir mətndə cəmlənməsi və eyni zamanda onların hər birinin ölümə məhkumluğunun təsdiqi açıla biləcək düyünün əsas həlqələrindən biri kimi götürülə bilər. Nəticə ondan ibarətdir ki, ölümsüz bəşər yoxdur. Hər kəs ölümə məhkumdur. Bu ölümlər həyatın yenidən davamına xidmət edir. Bu motiv “Dədə Qorqud kitabı”nda da, “Quran”da da aydın şəkildə ifadəsini tapıbdır. Digər tərəfdən yaxşı yazıçının hər yeni əsəri eksperimentlərin davamı kimi meydana gələcəksə, bu gəlişmələrin predmeti elə həyatın özü olmalıdır. Təəssüf ki, çox hallarda yazıçı və şairlərimiz eksperiment adı ilə dilimizin başına oyun açmağa başlayırlar. Qurulacaq, hazırlanacaq daha böyük bir cihazın xırda detallarının düzgün seçilməsi şərtdir. Bədii əsərdə bir nəticə əldə etmək üçün materialın ən yaxşısından istifadə etmək lazımdır. Rəşid Bərgüşadlının əsərinin fabulasında görmək istədiyi fakt və hadisələrin bu şəkildə seçilib işlənməsi bəyənilməyə layiqdir. Belə olduğuna görə həm indi, həm də gələcəkdə yaşayacaq bir xalqın həyatına faydalı ola bilən ideyaları insanlara ötürmək asanlaşır. Yazıçı minilliklərin ən tipik əhvalatlarını öz güclü və intellektual təhkiyəsində əritməyə nail olursa, bunun bir səbəbi də iti fəhmiylə açar-sözləri düzgün və dəqiq yazmasıdır. Şəmsəddin Eldənizin Təpəgözün bacısı ilə, İlahə Heranın Dədə Qorqudla qarşılaşdırılması, Şəmsəddinin eşşək oğlu Rdritin zəfəran tarlasında şıllaq atması, Məlikməmmədin Banuçiçəklə sevdası, yeraltı qoçların qoyun sürüsünə təpilməsi, II Həvva və İblis və s. nə qədər fantastik görünsə də, şüuraltıda hansı “həqiqətlərisə” qoruyub saxlamağa xidmət edir. Qafqaz Qaf dağlarının davamıdır, ozon qatı Yer üzünü keçmiş ölümsüz tanrılardan qorumaq üçün çəkilmiş qadağan pərdəsidir, Dədə Qorqud da yunan tanrılarından biriymiş.

Bərgüşadlının mətni öz “qoxusu” ilə də diqqət çəkir. Adəmlə Həvvanın bir-birini axtarışı zamanı onlara QOXU bələdçilik edir. Qoxu həm də nəfsi, tamahı stimullaşdıran bir duyğudur. Mətnin hər yerində qoxudan tez-tez söz açılır. Adəmlə Həvva bir-birini axtarırkən, qaranlıq dünyada divlər, ağ qoçla qara qoç, Simurq quşu, qatır Rdrit daim qoxuya sarı dartınırlar. İnsan şüurunda daşlaşmış bilgi və qənaətləri Rəşid kimi istedadlı bir “nağılçı” və təhkiyəçinin təqdimatında yeniləmək oxucunun həm keçmişə, həm gələcəyə olan giriş-çıxışlarını yaxşıca işıqlandırır.

İblis və ya şeytan obrazı ədəbi təfəkkürdə elə kök salıb ki, onun iştirakı olmadan dünyanın işlərini yola vermək çətin görünür. İnsan “lənət şeytana” deyə-deyə, əslində şeytani əməllərlə məşğul olur. Hüseyn Cavid yazır ki, “İblis nədir, cümlə xəyanətlərə bais”. Dünya ədəbiyyatından oxuduğumuz əsərlərdə xəyanəti əks etdirməyən süjetə rast gəlmirik. Yaxud İblisə aldanmayan insan tapmaq çətin məsələdir. Bu aldanışlar nə üçündür, görəsən? Başqa sözlə desək, insanın aldanmağı nədir? Ümumiyyətlə, adamın hansı nöqtədə aldanıb-aldanmamağını müəyyən etmək mümkündürmü? Bu cür sualların sayını artıra bilərik. Zənnimcə, Rəşidin “vurduğu” düyünün ən çətin yeri bəşərin aldanışı ilə bağlıdır. Əsərdəki təsvirlərdən məlum olur ki, Allah dərgahından və cənnətdən qovulmuşların aqibətində azğınlıq var. Yazıçı, görünür, bu motivi qabartmaq üçün İnsanların bir-birini axtarması epizodlarına da çox yer ayırır. Adəm Həvvanı, Həvva da Adəmi, Hera onların hər ikisini, Şəmsəddin Eldəniz almanı oğurlayan divləri, oğlunu, Məlikməmməd yeraltı dünyadakı gizlinləri və s. axtarışda bulunurlar. Bu yolunu azmışlar hətta ata-baba körpüsü ola-ola saxta, etibarsız körpülərə yan almalı olurlar. Möminə xatun öz ehtiraslarına aldandığı kimi, bir-birini əvəz edən hökmdarlar da taxt-taca, mənsəb və şöhrətə aldanırlar. Ölümsüzlüyə aldanan allahların da aqibəti göz qabağındadır. Ümumiyyətlə, Rəşidin bu yeni mətni ilə sanki dünyaya, yəni həyata ibrətlə boylanmağın yolunu, yörəsini tapıb çək-çevir etmək fürsəti tapılmış olur. Əsər həm hədis və rəvayətlərdən, həm tarixdən, həm də yazıçının şüurun alt qatında mübhəm saxladığı çağdaş həyatımızdan ibrət almağamız üçün yaddaşımızı itiləşdirir.

Bərgüşadlı epik təfəkkür sərhədlərini genişləndirərək elə bir makromühitə daxil olmaq istəyir ki, orada ona lazım olan əsas insan simalarını axtarıb tapa bilsin, o şəxslər vasitəsilə zamana və hadisələrin məntiqi ardıcıllığına göz gəzdirə bilsin. Bəşəriyyətin sahib olduğu əxlaqi, dini, siyasi, bədii təfəkkürdə hələlik ən uca məqamda yer almış ən şah əsərlərindəki ən tipik obrazlarla işləməyin məsuliyyətini də heç bir halda nəzərdən qaçırmamaq lazım. Dünya ədəbiyyatında çox işlənmiş təkcə İblis surəti yazıçıdan böyük bilik, dünyagörüş, müdriklik və mərifət tələb edir. Rəşidin İblisi olduqca maraqlı və orijinal obrazdır. Sonda Şəmsəddin Eldənizin İblisin “şəltəsinin işləmədiyi”(R. Bərgüşüdlı) diyara – vətəni Günortaca köç etməsi də yeni bir ideya olaraq maraq doğurur. Biz görürük ki, Rəşid kimi yazıçının təkcə əhvalatçı, süjetçi, təsvirçi kimi nəsrin abzas və fəsillərinə dolaşıb qalmaması əvvələn, onun narahat istedadının “işə” səriştə və peşəkarlıqla müdaxiləsi sayəsində baş verməlidir. Bunun üçün, yəni ən azı, Məlikməmmədin dalınca taleyinin sonrasının necə olacağını bilmədən “qaranlıq aləmə enməsi”, iblisin istək və həngamələrinə “səbir və dözüm” nümayiş etdirməsi baş verməz, ziddiyyətli, mübahisə və qalmaqalları bitib-tükənməyən antik əsatir qəhrəmanlarının yaşadığı cəmiyyətlərdən heç qədim yunan ədiblərinin baş çıxara bilmədiyi bir labirintə girişlər etməzdi. Rəşid Bərgüşadlının mətnini qədim və yaxın keçmişdən gətirmiş olduğu böyük bir sitata da bənzədə bilərik. Əgər bənzətsək, onun əhəmiyyətini necə qiymətləndirmək lazımdır? Bəs bu əsəri yazmaqda yazıçı qarşısına daha hansı məqsədlər qoymuşdur? Yaxud yazıçı öz əlilə vurduğu ictimai-bədii düyünü aça bilibmi? Suallar çoxdur. Mənə elə gəlir ki, düyünün möhkəmliyi həm də bu cür sualların çoxluğundadır. Ancaq əminliklə deyə bilərik ki, əsəri yazmaqda yazıçının bir əsas görəvi insanın keçmişdə də, indi də tragikomik bir həyat sürdüyünü ona xatırlatmaqdan ibarətdir. Yer üzündəki ən müdhiş və ən islah varlıqları təsvir edən yazıçının lənətlənmiş bu varlıqlara ironiya etdiyini də təsbit etmək mümkündür. Buyurun əsərin hansı yerindən istərsiniz oxumağa başlayın. “Qız geri çevriləndə Həvvanı görüb qorxudan qışqırdı, – “İblis! Ya Rəbbim, iblisin şərindən sənə sığınıram! Yaxınlaşma mənə!” – yerdən daş götürüb Həvvaya sarı tulladı. Daş Həvvanın qulağının dibindən yan keçdi. Quruduğu yerdə cana gəldi, – “Qorxma, mən İblis deyiləm, məndən sənə zərər gəlməz. “Kimsən sən?”. “Möminəyəm, Yer üzünün tək bakirə qadını. Bəs sən kimsən?” – qız əlində iki daş ehmalca Həvvaya tərəf gəldi. Bədənindən su damcıları süzüldükcə, Həvva onun qadın şəhvətindən cuşa gəlirdi, – “Yalan deyirsən! Yer üzündə məndən başqa qadın yoxdur! Sən İblissən, yenə cildini dəyişmisən!” – o da əlinə daş aldı. Hera Həvvaya 10-15 metr qalmış dayandı, – “Belə çıxır ki, Rəbbim iki qadın yaradıb..? Bu ola bilməz!”. “Mən də onu deyirəm, ola bilməz!” – Həvva daşı qaldırıb Heraya tuşladı. “Dur! Bu kələfi açmalıyıq. Əgər gördüyün kimi iki qadınıqsa, demək, Xudavənd iki qadın yaradıb. Amma niyə? Bəlkə iki Adəm var – hərəmizə biri..?”

Xülasə, müəllif oxucunu əlində tutub saxlamaq üçün nağılla başlayır, sonra qiyamətin qısa təsvirilə qorxudub tora salır, yavaş-yavaş bizim də az-çox tanıdığımız Şəmsəddin Eldəgizin tarixi obrazı və ömür yoluna bələdçilik edir – tarix fantaziyanın ucuna calanır və bu hadisə dərininə inkişaf edir. Möminə xatunla bildiyimiz icdivacına maraqlı “düzəlişlər edilir”. Cahan Pəhləvan, Qızıl Arslandan bildiklərimizi bilirik, amma qəfildən Atabəyin üçüncü övladı – Məlikməmməd dünyaya gəlir (faktik olaraq Atabəyin üçüncü övladı olub və deyilənə görə qız imiş, amma haqqında heç bir məlumat yoxdur və elə bu boşluqdan da müəllif dərhal fürsətlənib!). Bu Məlikməmməd bizi Dəli Domrulla görüşdürür, Yeraltı Dünyaya aparır, divlərlə tanış edir... Qızıl Arsalanın Şeyx Nizamiylə görüşməsi və ona Həmdünyan kəndini bağışlamağı gerçəkliyi fonunda elə yalanlar oxucuya “təklif edilir” ki, şirinliyindən imtina etmək mümkün olmur. Həm də bu kor düyünün içində dolaşıq qalarkən oxucuya Azərbaycanın ən çiçəkləndiyi Atabəylər dövrünün hakimiyyət xəyanətləri də “gün” kimi aydın olur. Yəqin ki, həm də tək Atabəylər dövrünün yox.

Əsərin sonunda Şuşada alyanaq cənnət almasından bəhs edilir. Keçmişdən bu günə qədər Yer üzünün ən məşhur oğurluğu alma ilə bağlı olubdur. Nağıllarımızda dərvişlərin əli ilə övlad dünyaya gətirmək arzusunda olanlara pay verilən bu meyvənin div, simurq quşu tərəfindən oğurlanmasından da bu əsərdə söz açılır. Fəqət nağıllarımızdan fərqli bu əsərin sonunda göydən alma düşmür. Ona görə ki, alma yeyilib, “gəmirilib”, nəsil artırılmağa işlənmişdir. Şəmsəddin Eldəniz - nəslinin, səltənətinin davamına almanın sehri ilə nail olur və əsər boyu bu “üsul”la insanlar artıb-çoxalmaqda davam edir. Bilirik ki, dində də Adəm və Həvvadan sonra nəsil artımının necə baş verməsi barədə müxtəlif mülahizələr irəli sürülür. Yazıçının bu motivi qabardıb onu Şuşa ərazisi ilə bağlaması və həyat rəmzi kimi alma ağacından, almadan söz açması, yəqin ki, indi adamsız qalmış torpaqlarımızın taleyindən narahatlığı ifadə edir. Şuşanı da həmişə cənnət deyib vəsf etmişik.

Sonda bir cümlə də əlavə edim və yazım ki, “Kor düyün”ə bu yazını əlavə etməkdə məqsədim düyünü açmaq olmadı. Çünki kor düyünü açmaq olmur.

MANERA.AZ


Baxış sayı - 3 014 | Yüklənmə tarixi: 30.12.2015 13:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031