manera.az
manera.az

Eşq bir yemdi dünya adlı tələdə - Yeni şeirlər

📅 10.10.2024 13:16

Eşq bir yemdi dünya adlı tələdə - Yeni şeirlər
MANERA.AZ Hüseyn Bağıroğlunun yeni şeirlərini təqdim edir.

Dağlar duman olsa da

İtib - batma təpələrin içində,
Gəl dağ olaq dağlar duman olsa da.
Yelkənləri qaldır çıxaq dəryaya,
Bu dəryada hər gün tufan olsa da.

Bir an kimi keçər min il eşq ilə,
Bu fanidə qeybə çəkil eşq ilə,
Bağrıbadaş olsun könül eşq ilə,
Aşiq könlü hərdən viran olsa da.

Kaş yurd olam mən də bir gün Yurd ilə.
Sözüm qala qiyamətə qurd ilə.
Sən də hərdən oturub-dur dərd ilə,
Arsız dünya dərdə gülən olsa da.

Eşq içində eşqi duyar sözlərim,
Nadan görsə gözün döyər sözlərim.
Zaman gələr dərdə dəyər sözlərim,
Mənim sözüm indi “saman” olsa da.

Daşdan keçsə oxdan iti sözümüz,
Bəlkə də ürəkdən gülər üzümüz.
“Şeirlə yazılıb alın yazımız”-
Sən də inan, bu söz yalan olsa da.

Möhtəşəm yaradıb Yaradan səni

Möhtəşəm yaradıb Yaradan səni,
Puç etmə ümidin uca göylərin.
Aparmaz tufanlar aradan səni,
Əzəl incisisən qoca göylərin.

Sən əgər istəsən, istəsən əgər
Səninlə ağlayıb - gülər bu dünya;
Durub ayağına gələr hər səhər,
Hər axşam qapında mələr bu dünya.

Yetər ki, imanla aşıb-daşasan,
Sarmaşıqtək sarmaşasan eşq ilə.
Sən ki, qoca kainatla qoşasan,
Zirvələrə dırmaşarsan eşq ilə.

Ruhunda gizlənən gücü ara sən,
Heyifsən özündən xəbərsiz olma.
Hər yerdə hər şeyin bətnini görən,
O sirli gözündən xəbərsiz olma.

Qoyma sındırsınlar qanadlarını,
Ulduzdan ulduza uçmaq üçünsən.
Qopar beynindən o qandallarını,
Göylərin sirrini açmaq üçünsən.

Çəkilib kənardan özünə bir bax,
Sahilsiz ümmansan, dəniz deyilsən.
Di qaldır başını, üzümə bir bax,
And olsun Allaha aciz deyilsən.

Eşq bir yemdi dünya adlı tələdə

Görən bu nə yoldu belə gedirsən,
Nədən heç gələn yox izinlə sənin.
Yəqin ki, özün də diri deyilsən,
Ölü dirilmirsə sözünlə sənin.

Eşq bir yemdi dünya adlı tələdə,
Yanan dönər tüstüyə də, külə də.
Demək bişməmisən, çiysən hələ də,
Davan bitməyibsə özünlə sənin.

Bu sevincin yası, bu qəmin toyu,
Hansı pıçıldayır: “fanidən soyu”.
Heç bilə bildinmi bir ömür boyu,
Kim baxır dünyaya gözünlə sənin.

Düşünür

Bir də ki, sən niyə düşünməyəsən,
Torpaq da düşünür, daş da düşünür.
Qəm-qüssədən çatılanda qaşların,
Gözlərindən axan yaş da düşünür.

Nağara kimidir boşbeyin adam,
Daşdan betər olur daşbeyin adam,
Niyə düşünməsin quşbeyin adam,
Göy üzündə uçan quş da düşünür.

Özü dağılsa da dağılmaz huşu,
Gör nələr danışır qarğı qamışı.
Yazda gül-çiçəyə qarışır başı,
Bu dünya payızda, qışda düşünür.

Ağla gəlməyənlər ağlına gələr

Ölüb dirilməyən səni nə bilər,
Ölümlərdən keçən bir yol əhlisən.
Ağla gəlməyənlər ağlına gələr,
Xəyala sığmayan xəyal əhlisən.

Yozulmayan düşlərindən bilirəm,
Axmayan göz yaşlarından bilirəm,
Düyün düşən qaşlarından bilirəm ,
Cavabı olmayan sual əhlisən.

Bəşər həddin aşıb çaşsa da belə,
Şeytanın ardınca qoşsa də belə,
Dünya haldan-hala düşsə də belə,
Sənin öz halın var, sən hal əhlisən.

Dünyaya ürəyi dolu gələnlər

Mən bilə bilmədim nədən bu sevgi
Allaha xoş gedər, sənə xoş getməz.
Göz dəydimi, düşdü gözdən bu sevgi,
Bu sevginin gözlərindən yaş getməz.

Zülmətin ovcunda can durulubdu,
Eşqin vadisində bir gül olubdu.
Könül sevə-sevə könül olubdu,
Sevməyən könüldən qara qış getməz.

Ruhumu tapşırdım əsən yellərə,
Bəlkə agah ola bir gün sirlərə.
Didərgin xəyalım gedən yerlərə,
Nə bir ins-cins, nə də ki, bir quş getməz.

Ərliyini dərk eləyən ərənlər,
Ömrünü eşq ilə yarı bölənlər,
Dünyaya ürəyi dolu gələnlər,
Dünyadan gedəndə əli boş getməz.

Eşqindən tanıyar yurd yiyəsini

Lap belə göy uçsa, dünya dağısla
İyindən tanıyar it yiyəsini.
Göz gözü görməyən gecə də olsa,
Ahından tanıyar dərd yiyəsini.

Ulu ulusumun ulu yurdu var,
Önündə yol gedər ölməz ordular.
Bu torpaq eşq ilə dönüb yurd olar,
Eşqindən tanıyar yurd yiyəsini.

Bir söz çiçəkdirsə, bir söz də oxdur,
Söz dedik deyəsən su da duruxdu.
Qurdun yer üzündə yiyəsi yoxdu,
Göylərdə axtarar qurd yiyəsini.

Dumana düşmüşəm xəyallarında

Əbədi bir qəmi kürk eləmişəm,
Bu əyri dünyanın düz yollarında.
Həyatın özünü dərk eləmişəm,
Dünyanın cavabsız suallarında.

Bu da bu taleyin talesiz günü,
Səni çaş-baş saldı saçımın dəni;
Deyəsən tanıya bilmədin məni,
Dumana düşmüşəm xəyallarında.

Ürəyi alovlu, gözü qan idim,
Bir gün qürub çağı, bir gün dan idim.
Mən onda ağ atlı bir oğlan idim,
Nənəmin sehirli nağıllarında.

MANERA.AZ


Baxış sayı - 539 | Yüklənmə tarixi: 10.10.2024 13:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031