3 şairdən 3 şeir - Rubrika
MANERA.AZ Müasir Azərbaycan poeziyasının 3 görkəmli imzasından (Cabir Novruz, Nəbi Xəzri, Məmməd Araz) şeirlər təqdim edir.
Cabir Novruz
Sağlığında qiymət verin insanlara
Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda;
Bu sözlərim düz olmasa
töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə,
aslan deyin aslanlara;
Sağlığında qiymət verin insanlara…
Hər kəs bilsin öz yerini
necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…
Bu nədəndir ölən kimi, qəlbimizdə
Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…
Xatirələr söyləyirik,
nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
bu köhnəlmiş adətlərdən,
xoşum gəlmir…
Bu sərdaba sevgilərdən,
hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ,
dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…
Nəbi Xəzri
Dəniz, göy, məhəbbət
I
– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.
– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
III
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
IV
Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.
Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.
Məmməd Araz
Dünya sənin, dünya mənim, dünya heç kimin..
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidirsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qoh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm...
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Qeyd: Fotoda soldan sağa Xalq şairləri Cabir Novruz, Nəbi Xəzri, Məmməd Araz yer alıb.
Tural Adışirinin təqdimatında..