Azərbaycan əsgəri! - Hüseyn Bağıroğlunun şeiri
Azərbaycan əsgəri
Haçan qanın qaynadı
Yer yerindən oynadı.
Sən bu Vətən uğrunda
Savaşdan heç doymadın.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Dünya türkün dünyası,
Vətən ömrün mənası,
Başda Turan sevdası,
Bağrına bas Xəzəri.
Sənsən uca Allahın
Ən sevimli əsəri,
Azərbaycan əsgəri!
İman dolu köksünə
Nə ox, nə güllə dəysin.
Uca Tanrı düşməni
Sənin əlinlə döysün.
Hünərinə sevinib
Coşsun Araz, Həkəri…
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Səni görən olmadı
Söyüş meydanlarında.
At oynatdın hər zaman
Döyüş meydanlarında.
Vətənə bahar oldun
Ömrünün baharında.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Sənin qəhrəmanlığın
Dünyanı çaş-baş salıb.
Düşmənlərin başına
Daşdan ağır daş salıb.
Önündə dayanmağa
Yox dünyanın təpəri.
Ey tarixin ilk əri,
Azəraycan əsgəri
Sənin alın yazında
Öldü var, döndü yoxdu.
Bu millətin yolunda
Yandı var, söndü yoxdu.
Sən gözümün qarası,
Sən gözümün ağısan.
Anam Azərbaycanın
Sönməyən çırağısan.
Adın dillər əzbəri,
Özün düşmən çəpəri.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Sən vüqarlı Haçadağ,
Sən yenilməz Əlincə.
Meydanlardan çıxmadın,
Yağı düşmən ölüncə.
Sənsən ana yurdumun
Açılan hər səhəri.
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Hüseyn Bağıroğlu