manera.az
manera.az

Bir gün dönəcəyik biz o yurdlara - Şeirlər

Bir gün dönəcəyik biz o yurdlara - Şeirlər
Hüseyn Bağıroğlunun şeirləri

Azərbaycanım

Fani zülmətləri yarıb keçməyə,
Əbədi bir nursan, Azərbaycanım!
Düşmən qan-qan desə, qanın tökməyə
Meydanlarda varsan, Azərbaycanım!

Qanadısan göydə uçan quşların,
Bağrım çatlar çatılanda qaşların,
Başı batsın nankor taxtabaşların,
Sən daşı ağırsan, Azərbaycanım!

Torpaq daşa dönər, daş suya dönər,
Zəfər alnımızda yazıya dönər,
Üstünə hürənlər tazıya dönər,
Sən ayağa dursan, Azərbaycanım!

İnan hər dərdinə çarə bularıq,
Bil yeddi cahanda meydan sularıq,
Min dəfə yolunda candan olarıq,
Bir dəfə çağırsan, Azərbaycanım!

Gətirdik eşq adlı din bu dünyaya,
Gəlməsin nə duman, çən bu dünyaya,
Düşmənin qəhr olur, sən bu dünyaya
Günəştək doğursan, Azərbaycanım!

Zaman əvvəl-axır söz eylər səni

Yerdə yaşasan da, Yerdən uzaq dur,
Bələyib tozuna toz eylər səni.
Düşmənin əlacsız dərdinə dərman,
Dostun yarasına duz eylər səni.

Dərd-qəm görməsən də, gör dərdi-qəmi,
Ömrünün çölünə sər dərdi-qəmi,
Boynuna mindirmə hər dərdi-qəmi,
Qəmlər çala-çala saz eylər səni.

Ürəklər tapınan pir kəlmə söylə,
Dünyanı çaşdıran sirr kəlmə söylə,
San ağla gəlməyən bir kəlmə söylə,
Zaman əvvəl-axır söz eylər səni.

Bir də gördün qanad oldu qolumuz

Yetirməz avaza hər avaz bizi,
Dünyanı sevənlər anlamaz bizi,
Sən necə istəsən, elə yaz bizi,
Kimliyimiz üzümüzdən bəllidi.

Tanrı nuru göylərin hər qatında,
Nə gizlənib bu dünyanın zatında?
Necə yandıq biz bu eşqin odunda?
Ocaqdakı közümüzdən bəllidi.

Heç olubmu qara daşın dindiyi,
Haqdan yanan çıraqların söndüyü,
Ruhumuzun göydən yerə endiyi,
Vəhyə bənzər sözümüzdən bəllidi.

Hər yetənə tanış gəlməz halımız,
Bir də gördün qanad oldu qolumuz,
Hardan gəlib, hara gedir yolumuz,
Tanrı verən ruzimizdən bəllidi.

Bir gün dönəcəyik biz o yurdlara

İnan, silə bilməz fələklər belə,
Alın yazımızdı o yurdlar bizim.
Əssə də xatalı küləklər belə,
Yaşadar ölməyən ümidlər bizi.
Qoşulub qoşun-qoşun ağ buludlara,
Bir gün dönəcəyik biz o yurdlara.

Dünya - külüm, Günəş - közümdü mənim.
O tarix dediyin izimdi mənim.
Bu, hədəm deyil, haqq sözümdü mənim:
Atmasın özünü düşmən odlara,
Bir gün dönəcəyik biz o yurdlara.

O göylərin mələkləri çağırır,
Havalanmış küləkləri çağırır,
İgidləri yata bilmir gorunda,
Torpaq olmuş sümükləri çağırır
Ata yurdum vətən olmaz yadlara.
Bir gün dönəcəyik biz o yurdlara.

Oğullar diz çöküb səcdəyə gəlsin,
Azəri torpağı ilk butamızdı.
Yer bilir, göy bilir, düşmən də bilsin,
Bu, bizim tarixdə son xatamızdı.
Çox da güvənməsin kafir, “bütlərə”,
Bir gün dönəcəyik biz o yurdlara.

Az belə özündən çıxsın bu dünya,
Dönüb keçmişinə baxsın bu dünya,
Ağlını başına yığsın bu dünya,
Əldə qılınc süvar olub atlara,
Bir gün dönəcəyik biz o yurdlara.

Hər millət eşitsin, hər bəndə bilsin,
Qan içib məst olan düşmən də bilsin,
Düşmənə dost olan düşmən də bilsin,
Qəzəb dolur qəlbimizdə çatlara,
Bir gün dönəcəyik biz o yurdlara.

Dəyişib taleyin ağır hökmünü,
Oyadıb qəfildən nifrəti, kini,
Pələng yuvasına qayıdan kimi,
Bir gün dönəcəyik biz o yurdlara.
Mütləq dönəcəyik biz o yurdlara.
Bizimlə dönəcək yaz, o yurdlara.

Dur çəkək dünyanı gün dəyən yerə

Atını dörd nala çapa bilmədin,
Haldan hala saldı bu halın səni.
Özün də bir cavab tapa bilmədin,
Gör necə çaşdırdı sualın səni.

Az belə özünü başdan çıxar sən,
Eşq ilə hər cürə qışdan çıxarsan;
Bərk halınla bərkdən-boşdan çıxarsan,
Keçirməz Arazdan su halın səni.

Dur çəkək dünyanı gün dəyən yerə,
Bir az ümid əkək mən deyən yerə.
Özü uçub gedə bilməyən yerə
De, necə aparsın xəyalın səni?

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031