manera.az
manera.az

Sənin sevgin ilə uzanar ömrüm - Yeni şeirlər

Sənin sevgin ilə uzanar ömrüm - Yeni şeirlər
MANERA.AZ Elməddin Nicatın yeni şeirlərini təqdim edir:

Getdim demə...

Getdim demə, getməyin
Düşər düşməzi olur…
Döydüyü bir öz başı,
Bir də, öz dizi olur.

Getdim demə ha… qəti,
Bitər ömrün taqəti.
Ayrılığın niyyəti-
Həsrətin gözü olur.

Ağrısı çox göynəyin,
Qan qoxuyar köynəyin.
Əkdiyin dərd ürəyin
Laləli düzü olur.

Rəngi qaçır gül üzün,
İçim qəbir, gül düzün.
Kirpik altda hər gözün
Dəli dənizi olur…

Sönər nuru odamın,
Dövrü başlar edamın.
Canı gedən adamın
Gecə-gündüzü olur?!!!
10.07.2023…

Baxışların yol çəkir

Bulud kimi baxışların var
Dindirsəm ələyər
Gözlərin on yerindən…
Saçlarından bir əlçim
Elçi düşüb yanaqlarına
Keçə bilmir gözlərindən.

Baxışların yol çəkir
Bir qərib iztirabın uzaqlığından.
Mən də sənə yol gəlirəm
Min illərdir uşaqlığımdan.

Ürəyimdən gözlərinə
Min işıq ili yol var…
Bir az ürəyini dinlə
Bir az da gözlərinə yalvar.

Tanrı EŞQə saldığı
Ürəyi şəkil bilir.
Vurulan ürək də,
Nə dur, nə çəkil bilir…

Bu sevgi bildiyimiz
bir ilahi könül işi,
Həsrətinə məhkum etmə
Axı mən necə çəkərəm
Həsrətinin kəsdiyi min il işi?!…
01.05.2023.

Pianoçu

Toxundur barmaqlarını
Pianonun ağ-qara dillərinə.
Dəyişim könlümün səcdəsin,
Qiblə kimi boylanım əllərinə.
Ruhuma sakitlik çöksün,
Getsin uzaqlara xəyallarım...
Yollara səpilim duyğular kimi.

Yubanma Pianoçu...
İçim çölümə daşır.
Bəyaz, incə barmaqların,
Pianonun sinəsinə necə gözəl yaraşır...

Yaxşı ki, saçlarımda
gəzişmir şümşad əllərin,
Saçlarımın canı nə gəzir,
qaldıra bu boyda EŞQi ürəyim kimi.

Pianoçu, könlümü çaldın axı
Nə idi ki, bu şairin günahı...
Pianoçu, nə idi axı?!!...
06.03.23

Bir az uzun çəkdi

Bir az uzun çəkdi bu həsrət bir az,
Solundan bərk sancır ürəyim nəsə…
Belə ayrılıqlar məni ovutmaz,
Ömür yarım qalır, arzular kəsə…

Adın dilim üstə tumurcuq tutar,
Dindirsən ağzımda dil çiçəkləyər.
Gülümsə, könlümü borandan qurtar,
Haçandı həsrətəm gül çiçəkliyə.

Mən ömrü al qoydum ürəyin üstə,
Beləsi ağlına gəlməyib bəlkə…
Bir mübhəm duayam lələyin üstə,
Gəzərəm arxanca ölkəbəölkə.

Sənin sevgin ilə uzanar ömrüm,
Ömrüm əlindədir sev ta bitməsin.
Hissi dəlisovum, taleyi kürüm,
Təki içimizdə sevda bitməsin…
19.11.2022

***
Məni sevməyə vaxtın -
Zamanın olsa, denən.
Allahdan mənə andın,
Amanın olsa, denən.

Sənə qədər kim idim?!
Qəzəb idim, kin idim.
Mənə bir yol ümidin,
Gümanın olsa, denən.

Yaxına gəl ay gəmi,
Ləpə döyməz bu qəmi.
Lövbərin tut sinəmin,
Limanın olsa, denən.

Eşq oxşar gül köyünə
Gül əldə gül öyünər.
Mən adda ürəyinə,
Damanın olsa, denən.

Tural Adışirinin təqdimatında






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31