Türkiyə Vikipedisində Şirvanşahlar dövləti: Yeni bölmə istifadəyə verildi
Azərbaycan tarixi, milli mədəniyyətinin təbliği məqsədilə Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə türkcəsində “Wikipedia” Beynəlxalq Elektron Ensiklopediyasında “Şirvanşahlar Devleti” adlı bölmə istifadəyə verib.
Manera.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi yanında vikipediya könüllüləri tərəfindən hazırlanan bölmədə Azərbaycan dövlətçilik tarixində ən uzunömürlü hakimiyyətə malik Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) keçdiyi tarixi yol, dövlət quruluşu, Şirvanşahlar sülaləsi, iqtisadiyyatı, memarlığı, arxeologiyası, etnoqrafiyası, ədəbiyyatı, miniatür sənəti geniş işıqlandırılmışdır.
Qeyd olunur ki, qədim sivilizasiyanın mərkəzlərindən biri olan Azərbaycan zəngin dövlətçilik ənənələrinə malikdir.
Şirvanşahlar dövləti yeddi əsrdən artıq müddət ərzində özünün ərazi bütövlüyünü müdafiə etmiş və qorumuş, hökmdarların, sərkərdələrin, dahi şairlərin və alimlərin yaşadığı siyasi və mədəni mərkəz rolunu oynayaraq, özünün dövlətçilik ənənələri ilə tanınmışdır.
Yeni yaradılmış bölmədə Şirvanşahların dövründə Bakı, Şamaxı və Dərbənddə yüksək mədəniyyət nümunələrinin yaradıldığı, Azərbaycan mədəniyyətinin zənginləşdiyi, Həbibi, Əbülüla Gəncəvi, Nizami Gəncəvi, Xəqani Şirvani, Nəimi, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi kimi Azərbaycan ədəbiyyatının klassik adları yaşamış və möhtəşəm əsərlər yaratmışlar.
Bölmədə Şirvanşahlar dövründən Azərbaycan memarlığının inkişafına nəzər salınmış, Şirvanşahlar sarayı, Qıa qalası, Divanxana, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay Xanəgahı və s. kimi bir çox qiymətli tarixi-memarlıq əsərlərinin günümüzə qədər gəlib çatdığı qeyd olunur.
Məqalədə Şirvanşahlar irsinin Azərbaycanda geniş öyrənildiyi, tədqiq və təbliğ edildiyi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şirvanşahlar Sarayının yenidən qurulmasın və restavrasının həyata keçirildiyi, Şirvanşahlar sarayının YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edildiyi vurgulanır.
Məqalədə Şirvanşahlar irsinin bir hissəsinin Londonda Viktoriya və Albert Muzeyində, İstanbulun “Hərbi Muzeyi” və Topkapı Saray-Muzeyində, Nyu Yorkdakı məşhur “Metropoliten” Muzeyində, Berlindəki İslam Sivilizasiyası Muzeyində, Rusiyadakı Dövlət Ermitaj Muzeyində, habelə ölkəmizdə Azərbaycan Milli Tarix Muzeyində saxlanıldığı qeyd olunur.
Türk dilli istifadəçiləri “Wikipedia” Beynəlxalq Elektron Ensiklopediyasında “Şirvanşahlar Devleti” adlı bölmə ilə https://tr.wikipedia.org/wiki/%C5%9Eirvan%C5%9Fahlar_Devleti linkində tanış ola bilərlər.