manera.az
manera.az

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi”

📅 03.11.2018 15:20

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi”
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 8-12 noyabr tarixlərində qardaş ölkədə “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcək.

Manera.az xəbər verir ki, bununla əlaqədar həftə ərzində Daşkənddə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

Noyabrın 8-də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsinin rəsmi açılış mərasimi keçiriləcək.

İştirakçılar öncə Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün qarşısına gül və çiçəklər qoyacaqlar.

Dövlət Pedaqoji Universitetinin qarşısında “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi”nin rəsmi açılışı olacaq, “Qürurumuz - yüz illik Cümhuriyyətimiz” adlı foto, rəsm, kitab, əl işləri sərgisi, habelə milli mədəniyyətimizə dair suvenirlər, tarixi geyimlər iştirakçılara nümayiş olunacaq.

Universitetin geniş akt zalında iki xalq arasında əbədi və tarixi dostluğa həsr olunmuş, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Əzəli dostluq riştələri” adlı sənədli film iştirakçılara təqdim olunacaq.

Daha sonra Universitetin tədbirlər zalında Özbəkistanın tanınmış musiqilçilərinin iştirakı ilə Qala konsert keçiriləcəkdir. Konsertdə tanınmış Özbək musiqiçiləri Azərbaycan musiqilərini ifa edəcək, Azərbaycan milli rəqsləri təqdim olunacaq.

Noyabrın 9-da isə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Hüseyn Cavid yaradıcılığı–dünya dramaturgiyasının zirvəsidir” adlı Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir. Universitetin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın “Kaspi” qəzeti və Təhsil şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkə arasında ədəbi əlaqələr, Hüseyn Cavid yaradıcılığına dair onlarla məruzələr dinləniləcək.

Qeyd edək ki, konfransın materialları artıq Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbək dilində Daşkənddə çap olunub.

“Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” çərçivəsində Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində də bir sıra tədbirlər keçiriləcək.

Keçirilən tədbirlərin davamı olaraq Özbəkistanın çoxsaylı tarixi şəhərlərində lentə alınmış “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi klipi Daşkənddə nümayiş etdiriləcək. Klipdə iştirak etmiş peşəkar və həvəskar musiqiçilərlə görüş keçiriləcək.

Noyabrın 10-da Azərbaycanın tarixi geyimlərindən ibarət moda sərgisi iştirakçılara təqdim olunacaq. Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək Moda sərgisində geyimlərimizi Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunun gənc modelyer qızları nümayiş etdirəcəklər. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının yeni hazırladığı və bayraq gününə həsr etdiyi “Bayraq rəqs kompozisiyası”, “Nəlbəki”, “Uzundərə” və s. milli rəqslərimiz ifa olunacaq.

“Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” çərçivəsində noyabrın 12-də Özbəkistanın bir sıra aparıcı kitabxanalarına tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, ölkəmizin son illər əldə etdiyi nailiyyətlərə dair kitab kolleksiyaları, habelə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında nəşrlər, Heydər Əliyev Fondu tərəfindən çap olunmuş kitablar hədiyyə olunacaq. Özbəkistanın ən qədim kitabxanalarından olan və bu yaxınlarda 100 illik yubileyi geniş qeyd olunmuş “Turon” kitabxanası ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanacaq.

Qeyd edək ki, keçirilən tədbirlər çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanda yenicə özbək dilinə tərcümə edilərək çap olunmuş dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İskəndərnamə” əsərinin “İqbalnamə” və “Şərəfnamə”, habelə dramaturq Hüseyn Cavidin “Seçilmiş əsərləri” kitabları ictimaiyyətə təqdim ediləcək.

Noyabrın 13-də isə Azərbaycan Mədəniyyət Mərkəzində İnternetin “Youtube.com” səhifəsində istifadəyə verilmiş və ölkəmizin tarixi, mədəniyyətinə dair yüzlərlə videomaterialın öz əksini tapdığı Mərkəzin video kanalının, habelə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında istifadəyə verilən Azıərbaycana dair Özbək dilində bölmənin təqdimatı keçiriləcək. Qeyd edək ki, sözügedən bölmə “Wikipedia” könülüllüləri tərəfindən hazırlanıb.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi”nə yekun olaraq Mədəniyyət Mərkəzində “Sən yaşa Azərbaycan” adlı foto və rəsm sərgisi təqdim olunacaq, sonda Mərkəzin akt zalında möhtəşəm konsert keçiriləcək. Özbəkistan Xalq Çalğı Alətləri “SOQDİANA” Orkestrinin ifasında konsert proqramında dünya şöhrətli Azərbaycan bəstəkarlarının şedevr əsərləri ifa olunacaq. Konsert Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə, Dövlət Bayraq gününə həsr olunacaq.

MANERA.AZ


Baxış sayı - 1 147 | Yüklənmə tarixi: 03.11.2018 15:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031