“Min bir gecə” baleti Pekində - İlk dəfə
Dövlət mükafatları laureatı Fikrət Əmirovun “Min bir gecə” baleti dünya səhnələrini fəth etməkdə davam edir.
MANERA.AZ xəbər verir ki, Sankt-Peterburqdakı Mariinski Teatrı Primorski səhnəsinin (Vladivostok) balet truppası ilk dəfə Çin Xalq Respublikasının paytaxtı Pekində çıxış edəcək.
23-25 avqust tarixlərində gerçəkləşəcək qastrol səfərində truppanın bədii rəhbəri, həmyerlimiz, Rusiyanın Əməkdar artisti Eldar Əliyevin yeni quruluşunda “Min bir gecə” baletinin tamaşası nümayiş olunacaq.
Çinli balet həvəskarları tamaşaları Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyəcəklər.
Tamaşanı Azərbaycan Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edəcək. Tamaşada xor və Mariinski Teatrının Primorski səhnəsi opera truppasının solistləri Anastasiya Kikot və Samirə Qalimova, tarda solistlər – Azərbaycan Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış edəcəklər.
Əsas rolları Mariinski Teatrı Primorski səhnəsinin prima balerinaları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, premyeralarda Sergey Umanets və Viktor Mulıgin, solistlər Yuri Zinnurov, Saki Nişida, Lada Sartakova, Aleksandra Şalimova, Şizuru Kato ifa edəcəklər.
Bundan əlavə, avqustun 25-də oynanılacaq tamaşada Şəhriyar rolunu Sankt-Peterburq Mariinski Teatrının aparıcı solisti Azərbaycan Əməkdar artisti Timur Əsgərov canlandıracaq.
Qeyd edək ki, “Min bir gecə” baleti Mariinski Teatrının Primorski səhnəsi truppasının ən parlaq tamaşalarından biridir və geniş qastrol coğrafiyasına malikdir.
Xatırladaq ki, Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. “Mən istəyirəm ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin”, deyən bəstəkar Şərq melodiyalarını klassik Avropa formaları ilə uğurlu şəkildə sintez edib.
Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.