manera.az
manera.az

Göylər qarğıyanı kiritmək olmur - Şeirlər

Göylər qarğıyanı kiritmək olmur - Şeirlər
Xosrov NATİL

“... dəniz, külək və göy üzü” silsiləsindən

Torpaqsız bir bölgənin
su sərhəddi başlar Pirallahıda.
Addımbaşına hər yan sudu,
torpaq qurtarıb burda.

Burun-buruna durub
xəzri-gilavar -
dənizdə qağayılar,
sahildə arabalar.

Darıxır adamlar -
Burnunun ucu
göynüyür hərdən
taxıl zəmisindən,
zeytun bağından yana,

Dolandırıb başına
qayaları - sədləri,
göyləri şərab kimi çəkib başına
içib sərxoş olub
Xəzər -
hələ də içində su yanğısı var.

lll

Burnu da qanamadı,
Sakit-sakit ləpələndi dalğalar.
Bir dəqiqəlik sükutla
Sayğı duruşunda qaldı qayalar.
Gəmilərin fit səsi hürkütmədi quşları,
yuyuldu suitinin qum üstündə izləri.

20 yanvar gəmisi -
göyərtəsi nəmli,
Yanlarından sallanan elastik rezin şinlər,
Əsir dəniz rüzgarı,
Havayla dolur səmt bayraqcıqları.

lll

Adam ovuna çıxıb,
bu gün dənizdə qasırğa var.
Dalğa-dalğa şişir bətni,
torpağa yerikləyir hamilə dəniz,
qumların üstünə qalxır ləpələr,
ölü balıq kimi ağarır
qırmızı qərənfillər.

Bir çimdik torpaq atın
göy suların gözünə -
gözüdolusu görsün barı
Şuşanı... Zəngilanı...
işğal olunmuş bir çimdik qara torpaq
kimdə var... hanı?

lll

Söndürün bu axşam bu mayakları,
azmış gəmiləri çıxarın sudan.
Son dəfə şans verin dəli küləyə,
havalı başını qaldırsın göyə.
... Dəniz məxluquna ürəyi yandı
gözləri yaşardı sal qayaların.

lll

Sos, sos, sos...
Atam, balıqlar ölür,
Adam, balıqlar ölür.
Ölür, sürü-sürü ölür balıqlar,
Ölür, kürü-kürü ölür balıqlar,
Ölür, diri-diri ölür balıqlar,
Ölür iri gözlü balıqlar, ölür,
Ölür dirigözlü balıqlar, ölür,
O dilsiz, ağızsız balıqlar ölür.

Balıqlar ölür,
çırpınır tilovda,
çırpınır torda,
ölür Abşeronda,
ölür Nargində,
ölür Qum adasında, ölür Çilovda -
Balıqlar ölür.

Sos, sos, sos...
Adamlar, balıqlar ölür.
Dəniz daha duzlu, daha şor olur,
dəniz daha çirkli, daha mor olur,
balıqlar ölür.

Minir cin atına dənizdə xəzri,
çapdırır yenə də belədən-belə,
dişini qıcıyır,
dalğa kor olur -
balıqlar ölür.
İşıqdan yayınır, işığa düşür,
tilovdan yayınır, qarmağa düşür,
dərinə baş vurur, tuzağa düşür,
qisməti, taleyi yenə tor olur -
balıqlar ölür.

İrisi xırdanı yeyir sürüdə,
təklənir, üşənir elə kürüdə,
azalır Arazda, azalır Kürdə,
quruyur sular da,
hava gor olur,
balıqlar ölür.

Əlvida, göy qurşağı,
əlvida, gecə gözlüm,
əlvida, dibsiz dəniz,
əlvida, yaşıl yosunlar,
əlvida, planktonlar,
əlvida, bentoslar,
əlvida, albinos daşlar,
dilsiz-ağızsız başlar,
əlvida, qaraçı quşlar,
əlvida, yalançı çömçəquyruqlar,
əlvida, Su pərisi,
əlvida, qəşəng balıqlar...

lll

Durdurun balıqçı gəmilərini,
sos verin, dənizdən çıxsın hamısı,
yedək gəmisi də dayansın, dursun,
dayansın nə varsa mobil adına,
tankerlər, barjalar dayansın bir az,
üç günlə, beş günlə dünya dağılmaz.

Dəniz allahını güldürün bir az,
bənizi açılsın nərə balığın,
dərisi soyulmuş ilanbalığın,
pulları tökülmüş kefalın, berjin,
gözləri böyümüş sardinaların,
duza basdırılan zalom balığın.

Atın dəryalara balıqları siz,
xalqın bilməyi də vacib olmasın.
Qıymayın balıqlar tilova düşsün,
dənizdə torlarda bağrı yarılsın,
bir gün, bircə gün də balıq ölməsin.

lll

Bağlansın bazarı balıqçıların,
balıq satanların tükənsin varı,
balıq dükanları fasilə etsin,
bir gün bağlı qalsın balıq anbarı.

Diabet adamlar, şəkər adamlar,
dieta saxlayan bekar adamlar,
qanınız bir azca durulsun deyə
qıymayın balıqlar gəlsin süfrəyə.

Yaxşılıq eliyin, atın dəryaya,
qoyun bu yaxşılıq sizə yazılsın.
Dəniz balıqları alsın qoynuna,
iri gözlərindən öpsün doyunca.

Parlasın pulları gün işığında,
süzgəc ayaqları rəqs etsin barı.
Pulları parlasın ay işığında,
açılsın göylərə su ağızları.

lll

Mamont ağacıdı qara buludlar,
açılıb göyləri boşaltdı gecə.
Açdı qucağını tüstülü damlar,
dənizə yağışlar yağdı bu gecə.

Yağdı səhərəcən, yağdı bu gecə,
bulud kölgəsində ildırım ötdü.
Ay batdı, göylərin tağı büdrədi,
ulduzlar töküldü qara tut kimi.

İt-bata düşdü göyün şanısı,
gözü işıldadı gölməçələrin.
Qamaşdı işıqdan sınıq şüşəsi,
rəngli faraların piltəsi düşdü.

Kürt düşdü quşların quş ürəkləri,
başını bürüdü soyuqqanlılar.
Göylərin təbili susmadı, yenə
bulud çəlləklərin şəffaf suyunda
islanmaq həvəsi yoxdu Xəzərin -
... Yağdı səhərəcən yağdı bu gecə...

lll

Yerlini yerindən oynatmaq olar,
yurda ağlayanı ovutmaq olar,
yerdə ağlayanı ovutmaq olar,
göydə ağlayanı kiritmək olmur.

Bulud-bulud göz yaşları qurumur,
gün qurudur, yer yaşları qurumur,
göydən yağan yağışları qurumur,
göylər ağlayanı kiritmək olmur.

Göyün göy üzü var, ağ üzü vardı,
pəmbə buludları, bəyazı vardı,
günəşi, ayı var, ulduzu vardı,
Göyün Allahı var, tanrısı vardı.

Quru yuyur, yaşı sərir göndərir,
göz yaşını müjdə kimi göndərir,
çox bəndəni Allahından döndərir,
göylər qarğıyanı kiritmək olmur

Çilov adası, 2017Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031