manera.az
manera.az

Mənim misralarım əsirlikdədi - Xosrov Natilin şeirləri

Mənim  misralarım əsirlikdədi - Xosrov Natilin şeirləri

MANERA.AZ Xosrov Natilin şeirlərini təqdim edir:

***
Mənim yazdıqlarım işğalda qalıb -
Mənim yazdıqlarım demə ki, nədi.
Mənim şeirlərim didərgin düşüb,
Mənim misralarım əsirlikdədi.

Onda ki, çiçəklər, güllər ölürdü,
O gün ki, yamaclar güllələnirdi...
Arılar ölürdü, quşlar ölürdü,
Yamyaşıl ağaclar güllələnirdi.

Ölən küçələrin, ölən səkinin
Üstündə ləpirlər güllələnirdi
Şəhid məzarlığı dağıdılırdı
Abidə qəbirlər güllələnirdi

Girəvə düşmüşdü düşmən əlinə
Min cürə hiyləsi, min cürə fəndi.
Eyvana düşürdü topun mərmisi,
Çöldə dağılırdı küləfirəngi.

Onda ki, adamlar, onda ki, hərə
Torpaq itirməyin vayında idi.
Sağ qalmaq birinci yerdə dururdu,
Adamlar başının hayında idi.

Qəbir qazmağa da vaxt tapılmırdı,
Həyətlər, bağçalar məzarlaşırdı.
Çoxdan unutmuşdu adamlar şeri,
Güllü qafiyələr ağılaşırdı.

Şeir misra-misra dəfn olunurdu,
Şeir qan qusurdu, qan qoxuyurdu.
Yasin oxuyurdu hər gün adamlar
Əruz şikəstiydi, heca koruydu.

Adam utanırdı şeir yazmağa,
Hər gün yas yeriydi, hər yer izdiham.
Qanla yazılırdı şerin tarixi,
Qanı bahasına gəlirdi ilham.

Ağlımda yaşayan fikir, düşüncə
Hər şəhid yanında basdırılırdı.
Hələ unutmamış itkilərimi
Bir misram təzədən yandırılırdı.

Hələ qızdırmırdı günün istisi,
Hər axşam işıqlar söndürülürdü.
Hər gün sətirlərim girov düşürdü,
Hər gün şeirlərim öldürülürdü.

Mənim yazdıqlarım işğalda qaldı -
Mənim yazdıqlarım demə ki, nədi.
Mənim şeirlərim didərgin düşüb,
Mənim misralarım əsirlikdədi.


***
Adamlar qaçırdı kövşən boyunca,
adamlar qaçırdı çay qırağınca,
Adamlar qaçırdı ümid dalınca,
adamlar qaçırdı adam olmağa,
adamlar qaçırdı xoşbəxt olmağa.

Salam, ay Arazın kür uşaqları,
bəxtyar günlərin yaraşıqlıları,
bu göycə göylərin göyqurşaqları,
ulduz işıqları, gün işıqları,
dünyanın sonuncu oğul-uşaqları!..
Adamlar qaçırdı Araz boyunca,
sahillər ayrılıq astanasıydı.
Keçirdi Arazın can köynəyindən

Salam,ay evi dağılmış, yalan adamlar,
bu yalın əlinən, yalın ayaqnan,
belə ləyaqətnən, belə ləyaxnan
hara tələsirdiz xoşbəxt olmağa?

Günü göy əskiyə düyülmüş qarı,
dərd-sərdən qaməti əyilmiş qarı,
bu əyri qəddinən, boy-buxunnan
bax bu çayaşağı, bu çayyuxarı
hara tələsirdin xoşbəxt olmağa?

Budumu qaçmağın ləzzəti, tamı,
dünyanın sonuncu xoşbəxt adamı -
hara tələsirdin xoşbəxt olmağa?

Ay ömür yiyəsi, ay gün yiyəsi,
ay iman yiyəsi, ay din yiyəsi,
ay “qaçqın”, ay “köçkün” adın yiyəsi -
hara tələsirdin xoşbəxt olmağa?

Kirayə tutmuşuq yer kürəsini

Şahmarın xatirəsinə

Bura günəşi də qısqanıb deyən,
Kirayə evlərin Allahı yoxdur.
Kirayə evlərdə tez düşür axşam,
Kirayə evlərin bəxti soyuqdu.

Bu dünya quyruqdu kişilər üçün –
Mənzili, maşını, bağı-bağatı.
Mənzillə ölçülür silahın gücü,
Ölkənin, ölkəyə son bəyanatı.

Bağlı şəhərlərin çoxalıb sayı,
Sevinci kimindi. Nisdili kimin.
İndi qəzetlər də yazır bir ucdan –
Proqram nömrə 1, “Mənzil – 2000”.

Kirayə evlərdə öləziyir şam,
Çox cılız görünür işıq fonunda.
Bəxtəvər başına Bakı şəhəri,
Hamıya ev çatar əsrin sonunda.

Kirayə tutmuşuq yer kürəsini,
Başına dönürük ulu günəşin.
Ömrü, bahasına yaşayırıq biz,
Hərəmiz bir cürə kirayənişin.

Ovcumun içində buğda dənəsi

Başımız deyəsən yaman qarışıb,
Başımız bir az da plan qarışıq,
Südümüz bir az da … fılan qarışıq,
Qarışıq, bu dünya – zaman qarışıq
–Ovcumun içində buğda dənəsi.

Başımız qarışıb deyən harasa,
yuxumu danışa bilsəm Araza,
Torpağa səpilsə, işə yarasa –
Ovcumun içində buğda dənəsi…

Yalanlar özünü çox şirin salıb,
Haçandı tutmuşam, haçandan qalıb,
Bəlkə də Adəmdən-Həvvadan qalıb –
Ovcumun içində buğda dənəsi…

“Dəli qız ərini tanımır” baba,
Kimi “sağ ol alır”, kimi “mərhaba”,
Kiminin əlində sarı kəhraba –
Ovcumun içində buğda dənəsi.

İlişib kötüyə — bivec nadana,
Bir gözü qıpığa, bir kor vicdana,
Bu dünya yer tapmir bir ovuc dənə —
Ovcumun içində buğda dənəsi.

Bəlkə də haçansa əkdim, becərdim,
Bəlkə də haçansa sözüm “cücərdi”,
Hələ ki, bu dünya dözüm cücərdir –
Ovcumun içində buğda dənəsi.

Allahdam aşağı sevgilər yetim

Allahdan aşağı sevgilər yetim
Sevdalı ömürlər kəpənək kimi
Allahdan aşağı…
Sevgili ölümlər hər gün təzədi.

Allahdan aşağı Günün altında
Ümidlə boylanır sabaha sarı
Adamın özünə qanı qaynamır
Adamın özünə gücü çatmayır.
Əlləri uzanır Günəş uzaqdı
Gözünü göy çəkir Allah görünməz.

Bayatı gülləsi – qəfil təsəlli
Yaralı adamlar saç yolur hələ
Yerinə yurduna yağışlar yağır
Yağır kipriklərin kölgəsinə də

Allahdan aşağı hamı yaşayır
Allahdan aşağı … hamı öləcək.
Ölümün çarəsi yoxdu, allahım
hamının üstündə torpaq bitəcək.

Allahdan aşağı sevgilər yetim
Sevdalı ömürlər kəpənək kimi
Allahdan aşağı …
Sevgili ölümlər təzədi hər gün .

Eldar Baxışa

Sən böyük şairsən dostum qardaşım
Sən böyük şairsən sənə min alqış
Allah qəni-qəni rəhmət eləsin
allah rəhmət eləsin sənə ay Eldar Baxış

Allah rəhmət eləsin Sarı aşığa
Allah rəhmət eləsin Nazim Hikmətə
o biri dünyanı qoy allah versin
Valexo Sesar da gedib rəhmətə

Məndən böyük şair olarmı dedin
Sən azadlıq dedin yalanmı dedin
Dediyin hər sözü düzünə dedin
Gözünün içinə üzünə dedin

Niyə getmək olmur vyetnama dedin
Niyə getmək olmur parisə dedin
Niyə getmək olmur təbrizə dedin

Yarpaq yaşılını tanıyır indi
Tanıyır zairli , tanıyır çinli
Yazıq fələstinli, suriyalı da
Yaxşı tanıyırlar səni ay qardaş

Sən umudun oğlu Baxışın oğlu
Bir uzaq kəndlinin sarışın oğlu
Dinclik tərəfkeşi - barışın oğlu

Cılız şairlərin quluncu qırığ
Səni sevə bilməz ha bu şairlər
Bu xala şairlər, bibi şairlər
Naftalin şairlər -zibil şairlər

Səni sevə bilməz qoyun şairlər
Adı qulağına dəyən şairlər
Aşsüzən şairlər, ləyən şairlər

Hər həftə qəzetdə üzən şairlər
Ucuz yeməkxana, cay evlərində
Dartına dartına gəzən şairlər
Sənin yerişini yeriyə bilməz

Sən byük şairsən ay Eldar Baxış
Sən böyük şairsən dostum qardaşım
Sən böyük şairsən sənə min alqış

Keçirəm bir ömrün yarı yaşından

Keçirəm bir ömrün yarı yaşından,
Yarı baharından, yarı qışından.

Ömürdən keçirəm…
gündən keçirəm,
Küçədən keçirəm, tindən keçirəm,
Kökgədən keçirəm, gündən keçirəm,
Arazdan beş ağac gendən keçirəm,
Keçirəm bir ömrün yarı yaşından.

Ovurdu ovcunun içindən keçən,
Günü barmağının ucunda keçən,
Qonşuya pul üçün, borc üçün keçən
Keçirəm bəxtindən Əli Kərimin.
Keçirəm bir ömrün yarı yaşından.

Bir daş üstdə qalıb, bir də daş altda,
Küçə lampasının işığı altda
Gözüm pərvanənin izindən keçir.
Bəlkə də nalədən, qarğışdan keçib,
Mənimki cəhənnəm, behiştdən keçib.
Gözümu açdım ki, iş işdən keçib,

Keçirəm bir ömrün yarı yaşından…
Yarı baharından, yarı qışından…


***
Sənə çiçək almadım,
Param oldu da, olmadı da,
Çiçəklər soldu da, solmadı da.

Sənə çiçək almadım,
Bənövşə boynun əyib…
Sənə çiçək almağım,
Ağlıma da gəlməyib.

Sənə çiçək almadım,
Gəzdik çölü çəməni,
Çiçək almamağım
Yandırıb yaxır məni.

…Hər axşam gül bağında
Bir dəfə sağlığında
Sənə çiçək almadım.

Sənə çiçək almadım…
Nə qızılgül, yasəmən
Nə də sarı lalələr
"Çiçək bazarından"

Ötdü bahar mövsümü,
Qırmızı qərənfillər
Boylanır məzarından.

Bu son bahar …

Bu son bahar …
Sən bir süslü çiçək,
Bir azdan yarpaqlar düşəcək .
Başımızın üstündə bu qara sevda
Yenə gözlərini yumub tökəcək.

Yenə aramızda bir qara çətir,
Bir qara eynək,
Taleyin araya atdığı əlcək…
Sənə ğöz yaşıntək yaxınam demək.

Qəhvəyi gözlərin dumduru bulaq,
Çiçək yanağında ilıq qar izi.
…bu axşam əllərin öpülməyəcək,
Səni göz yaşımtək sevirəm demək


***
Yerlini yerindən oynatmaq olar,
yurda ağlayanı ovutmaq olar,
yerdə ağlayanı ovutmaq olar,
göydə ağlayanı kiritmək olmur.

Bulud-bulud göz yaşları qurumur,
gün qurudur, yer yaşları qurumur,
göydən yağan yağışları qurumur,
göylər ağlayanı kiritmək olmur.

Göyün göy üzü var, ağ üzü vardı,
pəmbə buludları, bəyazı vardı,
günəşi, ayı var, ulduzu vardı,
Göyün Allahı var, tanrısı vardı.

Quru yuyur, yaşı sərir göndərir,
göz yaşını müjdə kimi göndərir,
çox bəndəni Allahından döndərir,
göylər qarğıyanı kiritmək olmur

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930